Qəflət və ülfətlə qolu-qanadı qırılmamış dua
Sual: Dua edərkən ülfət və ünsiyyət əngəlini aşmaq üçün nə tövsiyə edərdiniz?
Cavab: Dua etmək istəyən bir insanın ilahi hüzurda olduğunu dərk edərək əllərini qaldırması, istəklərini şüurlu surətdə dilə gətirməsi, lüzumsuz söz və əməllərdən uzaq olması çox vacibdir. Çünki Allah Rəsulu (sallallahu aleyhi və səlləm) bir hədisi-şərifində: “Bir qəlb ki, nə dediyini bilmir, ağızdan çıxan sözlərdən bixəbər döyünür, Allah o qəlbin duasını qəbul etməz” (əl-Hakim, “əl-Müstədrək, I/670) buyuraraq qəflət içində və şüursuzcasına edilən duaların Allah qatında məqbul olmadığına dair xəbərdarlıq edir. Bu baxımdan ülfət və ünsiyyətin (dəyərlərin və ibadətlərin adiləşməsi) duanın təravət və həlavətinə (dadına, ləzzətinə, şirinliyinə) xələl yetirməməsi və ağızdan çıxan sözlərin qiymətdən düşməməsi üçün əvvəla dində duanın yerini və əhəmiyyətini yaxşı bilmək lazımdır.
Dua – ibadətin onurğa sütunudur
İnsanlığın İftixarı Peyğəmbərimiz (sallallahu aleyhi və səlləm) buyurur: “Dua ibadətin onurğa sütunudur, ruhudur” (Tirmizi, “Dəavat”, II). Onurğa sütunu orqanizm üçün həyati əhəmiyyət daşıyır, onda meydana gələn bir nasazlıq insanın iflic olub yatağa düşməsinə, hətta bəzən ölməsinə səbəb olur. Bunun kimi, dua da Allah-taala ilə bəndə arasındakı irtibatı qoruyub saxlayan onurğa sütununa bənzəyir. İnsan Allaha həqiqi bəndə olub-olmadığını ancaq dua ilə ortaya qoyur.
Dua bir mənada bəndənin istəklərini səbəblərin fövqündə, birbaşa Cənabi-Allaha çatdırmasıdır. Bu da həqiqi tövhid şüuruna yiyələnmək üçün çox vacibdir. Çünki insan Allaha üz tutub əllərini açan zaman artıq onunla Allah arasında heç bir səbəb pərdəsi qalmır. Səbəblər Cənabi-Allahın izzət və əzəmətinin önünə çəkilmiş bir pərdədir. İnsan dua ilə bu pərdələri keçərək birbaşa Əziz və Cəbbar olan Həzrəti Allahın qapısını döyür, diləyini birbaşa Ondan diləyir və beləcə, xalis tövhid şüurunu əldə etmiş olur.
Səbəbləri geridə qoyub ilahi hüzurda olduğunu dərk edərək dua edən mömin dilindən tökülən bütün sözlərin ürəkdən gəlməsinə, ağızdan çıxan hər bir kəlmənin qəlbdən süzülməsinə diqqət etməlidir. Başqa sözlə, o, könüllə dil arasında təzad olmasına imkan verməməlidir. Dilin söylədiyini qəlb təfəkkür etməlidir. Məsələn, “Allahım, nə olar, məni rizvana qovuşdur və rizanla sərəfraz eylə!” deyəndə ürəyi bu sözlərin mənasına uyğun döyünməlidir. Əgər onlar arasında ziddiyyət varsa, yəni dil başqa şeydən danışır, qəlb başqa şey düşünürsə, hansına cavab veriləcəyini kəsdirmək olmur. Buna görə də bəndə Allahın hüzuruna çıxanda dualist kimi hərəkət etməkdən çəkinməli və dillə qəlb arasında dilemmaya yol verməməlidir. Əslində insan təkcə duada deyil, digər ibadətlərdə də şüurlu hərəkət etməlidir. Məsələn, namaz qılarkən qəlbindəki niyyəti hərəkətlərinə nəqş eləməli və bu ibadəti mümkün qədər qəlbi əmələ çevirməlidir. Çünki Onun dərgahında işlənən əməllərin qiyməti qəlbdəki izanla yəqinin və Allaha bağlılığın nə dərəcədə büruzə verilməsindən asılıdır.
İman və dua
Əslində, bu cür dərin şüura sahib olmaq hər məsələ kimi, duada da ilk növbədə Allaha həqiqi inamdan asılıdır. Bir insan Allaha nə qədər inanırsa, elədiyi duanın dərinliyi və keyfiyyəti də o qədər olur. İmanı və yəqini zəif olan bir insanın qəlbi ilə dili heç vaxt bir-biri ilə həmahəng olmaz. Bu baxımdan bir insanın sözləri səmimi qəlbdən deyilsə, duanın həyəcanını könlündə duymursa, demək, iman, yəqin və mərifətdə nöqsan var. Üstəlik, bir insan küfr sellərinə biganə gözlərlə baxırsa, insanların zəlalətini və Allaha asiliyini görüb ürəyi narahat olmursa, onların imana gəlməsi məsələsinə heç olmasa ailə qurmaq və ya övlad sahibi olmaq qədər əhəmiyyət vermirsə, əllərini qaldırıb “Allahım! Nə olar, İslamiyyət yer üzündə bütün insanların qəlbinə yol tapsın! Lazım gəlsə, canımı al, amma insanlar imana gəlsin!” demirsə, demək, bir mənada onun imanında nöqsan var. Belə bir insanın ilk öncə iman əsaslarını ciddi gözdən keçirməsinə ehtiyacı var.
Düzü, hamımızın buna ehtiyacı var. Biz fərqinə varsaq da, varmasaq da, Həzrəti Pirin sözləri ilə desək, təəssüflər olsun ki, bu gün dəqiq fənlər və fəlsəfədən irəli gələn zəlalət və küfr insanları fəsada sürükləyir (Bax: Bədiüzzaman, “Məktubat” səh. 20 (“Birinci məktub”)), işlənən hər bir günah, hər bir şübhə və tərəddüd qəlb və ruhu yaralayır (Bax: Bədiüzzaman, “Ləmalar” səh. 9 (“İkinci ləma)). Nifaq (münafiqlik), cəhalət və ənaniyyət (eqoizm) çağında təhqiq (təhqiqi iman) yerlə yeksan olmuşdur, təqlid isə (təqlidi iman) get-gedə gücünü itirir. Bəli, keçmişdə insanlar bir mənəvi rəhbərə tabe olur, onun elədiyini edir və beləcə heç olmasa onları təqlid edərək iman dairəsinə girib özlərini (imanlarını) qoruyurdular. Təəssüf ki, bu gün əksəriyyətin belə bir imkanı yoxdur.
Əslində, insan vicdanın səsinə qulaq versə, ətrafda baş verən hadisələrin çöhrəsinə nəzər yetirsə, onları düzgün anlasa, hər şeydə Onu duyar, hiss edər və Cənab Şəhabəddin kimi “Varsan, İlahi! Yenə varsan, yenə varsan! Ağlımda, xəyalımda, hislərimdə daim varsan!” deyər. Xilqət aynalarında Onun camalını müşahidə edən insan bəzən ağacı qucaqlayıb öpər, otlara sarılar, üz-gözünü torpağa sürtər, bəzən də Onun Nur isminin tutqun kölgəsi olan Günəşə tamaşa edər və beləcə, divanələr kimi ömür sürər. Bu cür həyat yaşayaraq ehsan şüurunu əldə edər, hər davranışında, hər addımında Onu düşünər, Onun rizasını diləyər. Ancaq bu cür yəqinə yiyələnməklə əlləri qaldıranda ülfət və ünsiyyətin öhdəsindən gəlmək, səbəblər əngəlini aşmaq, ehsan şüuru ilə Cənabi-Allaha yalvarıb-yaxarmaq mümkündür.
Qəlbin cuşa gəlməsi və titrəyişlərin səsi
Bəli, ehsan şüuru ilə hüzur, hüdu və xüşu içində dua etmək çox vacibdir. Belə ki, insan yüksək mənəvi əhval-ruhiyyə ilə Allaha yönəlməli və dua edərkən ehtizaza gəlməlidir. Mən Həzrəti Pirin tələbələri Tahiri Mutlu və Əhməd Feyzi ağabəyləri görmüşəm. Onlar dua edərkən daxili həyacanlarını kəlmələrin qəlibinə tökür, bir mənada qıvranır və ehtizaza gəlirdilər. Əslində, onlar Ustaddan öyrəndiklərini eləyirdilər.
Burada diqqətinizi bir məsələyə çəkmək istəyirəm.Təəssüf ki, biz doğru-dürüst namaz qılan, səmimi dua edən, ürəkdən Cənabi-Allaha yönələn insaları nə təkyədə, nə mədrəsədə, nə də camedə görüşük. Bizə bu yolda bələdçilik edən, gözümüzü açan, həqiqətin nurlu çöhrəsini göstərən rəhbərimiz olmayıb. Ümmi (məc. oxuma-yazma bilməyən) idik, ümmi olaraq da qalmışq. Seyid Qütb bu cür mövzular açılanda acınacaqlı halımızı “Biz müsəlmanıq?” sualı ilə dilə gətirərdi.
Ancaq buna baxmayaraq həqiqi imana nail olmağı gözünüzdə çox böyütməyin və mümkünsüz sanmayın. Siz bir bunun dərdini çəkin və iztirabla Ona yönəlin, görün “onda Mövlam neylər, neylərsə gözəl eylər” və gözləmədiyiniz halda sizə neçə-neçə nicat qapıları açar.
Elə isə gəlin qəlbimizin yumşalması, ibadətlərin ruhumuza inşirah verməsi və sarılmaz bir imanın könlümüzdə kök salması üçün gecələri qalxaq, dört rükət hacət namazı qılaq, arxasınca da: “Allahım! Bu gecə mənə ehsan şüurunu bəxş eylə. Səndən nə kəramət, nə ikram, nə də bir başqa şey istəyirəm. Yeganə istəyim Sənə qəlbən bağlı olmaqdır. Qoy Səni ananda hər şey gözümdən silinib getsin. Sənin mərifətinlə doyum və ömrümü də bu mərifətlə başa vurum!” deyə dua edək. Duada ağzımızdan çıxan hər bir kəlmənin şüurlu olub-olmadığına diqqət yetirək. Gecələri israrla Allahdan bunu diləyək. Bir gecə, iki gecə, üç gecə... qalxaq, dəlicəsinə Allaha yalvaraq. Mən töhmətsayağı şəkildə “Aranızda ömründə bir həftə üst-üstə gecələri qalxaraq hacət namazı qılıb arxasınca da Allahdan mərifət, məhəbbət və eşqü-iştiyaq diləyən varmı?” sualını vermək istəmirəm. Çünki çox az adam tapılar ki, bu suala müsbət cavab versin. Bu da bizim bu məsələyə nə qədət əhəmiyyət verdiyimizi göstərir. Ancaq unutmayaq ki, “Bir şey istəyən bəndə istəyində səmimi olar və bunun üçün cidd-cəhd göstərərsə, diləyini əldə edər”.
Bəzən Kəbə, Ərafat, Müzdəlifə və Minaya həcc ibadətini yerinə yetirməyə gələn insanlara baxır və uzaqdan-uzağa bu şüura malik insanları axtarıram. Onların arasında Allaha dəlicəsinə dua edən insanların olub-olmadığına baxıram. Əgər orada min insan səmimi şəkildə əl açsa və bu cür ülvi diləklər Cənabi-Allaha yüksəlsə, çoxluğun dilindən yüksələn belə bir dua heç vaxt cavabsız qalmaz. Hətta inanıram ki, əgər orada olan üç milyon insan əllərini qaldırsa və “Allahım, bu yeri dəyişdir!” desə, üstündə gəzdikləri yer birdən-birə dəyişər və başqa bir aləmə çevrilər. Heyhat! İslam aləmi bugünkü qədər dərbədər və pərişan, bu qədər pərən-pərən olmamışdır. Demək ki, insanlar bu fəlakətlərin, bu zillətin mahiyyətini istənilən səviyyədə duymurlar. Əgər duysaydılar, heç olmasa bir dua ilə nicat axtarardılar. İnsanlar iztirab çəkmədikləri kimi, küfrün vurduğu zərbələrdən də narahat olmurlar. Bu səbəbdən bir olub birlikdə dua etməyi ehtiyac bilmirlər.
Yekun olaraq qeyd edim ki, insanın bir anda bu iztirabı duyması mümkün olmasa da, özünü buna məcbur etməli, bundan ötrü cidd-cəhd göstərməlidir. Əllərini açanda “İstəsən, ver, istəməsən, vermə!” düşüncəsi ilə dua etmək Allaha qarşı ədəbsizlikdir. Halbuki insan dua edəndə dilənçi kimi “İstəyirəm Allahım, qurbanın olum, istəyirəm! Rica edirəm, Allahım! Məni öldür, amma diləyimə çatdır!” deməlidir. Bəli, möminin gözü daim yüksəklərdə olmalıdır və diləklərini ürəkdən istəməlidir ki, Cənabi-Allah da duasını cavabsız qoymasın. Çünki nə qədər təvəccöh və etsən, o qədər təvəccöh və nəzər görərsən.
- tarixində yaradılmışdır.