Riya virusu və saleh əməl

Sual: Saleh əməl, saleh iş görməyə çalışarkən qeyri-ixtiyari insanın içindən "başqaları da görsün, başqaları da eşitsin," kimi hislərin keçməsi həmin əməllərdən hasil olan savabı tamamilə hədər edərmi? Belə hallarda insan gizli şirkə düşərmi?

Cavab: Sualınızın mövzusu ciddi mənada həssaslıq tələb edir. Çünki incə bir niyyət, başqa sözlə, niyyətin dəqiq müəyyənləşdirilib-müəyyənləşdirilməməsi əməlin mahiyyətini dəyişdirə - gözəli çirkinə, "tayyib"i "xəbis"ə çevirə bilər. Lakin bu həssaslıq və incəlik tələb edən məsələdə doğru və tarazlı bir dünyagörüşünə malik olmaq üçün əvvəla mükəlləfiyyət mövzusu ilə bağlı əhəmiyyətli bir xüsusu vurğulamaq istəyirəm.

İmanın tələbini yerinə yetirmək borcumuzdur

İnanan insan inancı nəyi tələb edirsə, onu yerinə yetirmək mükəlləfiyyətini və məsuliyyətini daşıyır. Bəli, mömin nəyə və necə inanır, hansı gözəlliklərə könül verir və necə düşünürsə, onları öz hərəkət və davranışlarında əks etdirməlidir. Məsələn, Allah-Təala ilə sağlam münasibəti, Rəsuli-Əkrəmə (s.ə.s.) möhkəm bağlılığı olan və bunu təbiətən mənimsəyən bir insan, qəlbən mənimsədiyi bu inanc əsaslarını digər maddi-mənəvi üzvləri ilə də ortaya qoymalı və həyatın hər anında bu imanın tələbini yerinə yetirməlidir. Bu məqsədlə o, ibadətlərini kamil şəkildə yerinə yetirməli, namazlarını layiqincə əda etməlidir. Əlbəttə, bütün bunları "filan kəs görsün, filan kəs eşitsin," deyə deyil, sırf Allahın (c.c.) əmrini yerinə yetirib Onun rizasına qovuşmaq üçün etməlidir.

Başqa cür desək, bir möminin əlindən gəldiyi qədər imana, İslama, Qurana xas gözəllikləri sərgiləməsi və dininə-dəyanətinə aid bu gözəllikləri, harada olursa-olsun, başqalarından gizlətməməsi təbiidir. Bu məsələdə nadir istisnalar da var. Məsələn, Allaha, Peyğəmbərimizə bağlılığı, inandığı dəyərlərə sədaqəti mükəmməl olan bir insanın öz daxili dünyasına xas o gözəllikləri nümayiş etdirməsi əksəriyyətin hüququna zərər verəcəksə, həmin şəxs mövcud şəraiti nəzərə alaraq digərləri kimi hərəkət etməyə bilər. Bu məsələdə ürəyi şam kimi ərisə də, vicdanən əzilsə də, mənəvi haqq və həzlərdən keçib mövqeyi nəyi tələb edirsə, ona uyğun hərəkət edə bilər. Lakin bir daha xatırladım ki bu, ümumi deyil, istisna haldır.

Buna bənzər istisna hallar xaricində bizim istər xristian, yəhudi aləmində, istər dinə oxşar qurumların fəaliyyət göstərdiyi başqa bir yerdə, istər dini inancın olmadığı hər hansı bir yerdə inancımızı və o inancın tələb etdiyi qulluğu açıq şəkildə yerinə yetirməyimiz əsasdır və bunda da heç bir üzr keçərli deyil. Çünki biz Allah-Təalaya qulluq borcumuzu yerinə yetiririk. Bu borcu yerinə yetirərkən başqaları o əməlləri görə bilər. Lakin unutmamaq lazımdır ki, insanlar orada olsa da, olmasa da, biz bu vəzifəni yerinə yetirəcəkdik.

Xülasə, möminin imanın tələbini hər zaman və hər yerdə təmsil edib nümayiş etdirməsində heç bir mane yoxdur. Əksinə bu, onun borcudur. Mövzunun bir tərəfini bu məsələ təşkil edir.

Bəşəri boşluq və zəflərimiz (mənəvi boşluq)

Digər tərəfdən saleh əməl yolunda gedərkən qəlbimiz həmişə ixlasa zidd təhlükələr qarşısında titrəməlidir. Duyğu və düşüncəmizi təmiz saxlamaq, qəlbimizin saflığını qorumaq üçün də daim səy göstərməliyik. Bu məqsədlə gündə, bəlkə, yüz dəfə: "Allahım! Hislərimizə, xəyal və təsəvvürlərimizə "filankəs görsün, filankəs alqışlasın" kimi fikirlər girməsin. Nə olar! Bizi bir an belə ixlasdan ayırma!" deyə dua edib Allah-Təalaya sığınmalıyıq. Çünki biz insanıq. Müxtəlif zəf və boşluqlarımız var. İçimizdəki bu boşluqlar şeytanın rahat girib-çıxdığı yerlərdir. Şeytan bu mənfəz və boşluqlardan könlümüzə qəlbimizin saflığını, niyyətimizin xalisliyini bulandıran şeylər axıda bilər, axıdıb qəlb və ruhumuzu yaralaya bilər.

Bunu da ifadə edim ki, bir insan şeytanın tələsinə və vəsvəsəsinə qarşı oyaq, diqqətli, əzmkar və qərarlı olsa, (Allahın izni ilə) şeytanın hücumlarına məğlub olmasa, həm vəzifəsini yerinə yetirər, həm də əməl dəftərinə (niyyətinin xalisliyinə görə) böyük savablar yazdırar. Bəli, insan onun xəyal və təsəvvür dünyasına şığıyan və onu sarsıtmaq istəyən bu kimi fırtınalara mətanətlə sinə gərə bilirsə, o, mütləq savabını alar. Bəlkə, birə on, bəlkə, birə yüz, bəlkə də, birə yeddi yüz - mütləq bu cəhd və səyin mükafatını alar.

Münafiqanə davranışlar: riya və süma

Bəşəri boşluq və zəflərdən qaynaqlanan, insanın qəlb və ruh həyatını məhv edən riya (göztəriş üçün edilən əməl), süma (eşitdirmək üçün edilən əməl) kimi mənəvi xəstəliklər özünü müxtəlif şəkillərdə büruzə verir. Bəzən birbaşa sırf başqaları görsün, başqaları eşitsin deyə edilən əməllər vardır. Bu, açıq-aşkar nifaq vəsfidir. Bəzən isə əməlin keyfiyyətini yüksək, dərin göstərmək və görülən işlə insanların təqdirini qazanmaq istəyi də ola bilər.

Münafiqlərin ayaqlarını sürüyə-sürüyə, əsnəyə-əsnəyə namaza gəlmələri ilə bağlı Qurani-Kərimdə təsvir olunan bu mənzərə birinciyə misal ola bilər. Ayədə belə buyurulur:

إِنَّ الْمُنَافِقِينَ يُخَادِعُونَ اللَّهَ وَهُوَ خَادِعُهُمْ وَإِذَا قَامُوا إِلَى الصَّلَاةِ قَامُوا كُسَالَى يُرَاءُونَ النَّاسَ وَلَا يَذْكُرُونَ اللَّهَ إِلَّا قَلِيلًا

"Münafiqlər Allahı aldatmağa çalışırlar. Halbuki əslində (Allah) onları aldadır. Onlar namaza durduqları zaman (yerlərindən) tənbəlliklə (könülsüz) qalxar, özlərini (yalandan) xalqa göstərər və Allahı olduqca az yad edərlər" ("Nisa" surəsi, 4/142). Peyğəmbər zamanında müsəlmanların hakim olduğu dövrdə münafiqlər ya qənimətdən pay almaq üçün, ya da hər hansı mənafe xatirinə namaz qılırdılar. Buna görə də məscidə istəksiz gəlir, namazı könülsüz qılıb tez-tələsik məsciddən getməyə çalışardılar. Göründüyü kimi münafiqlər namaz dərdində deyildilər, onların dərdi sadəcə belə görünmək, özlərini belə göstərməkdi. Bunlar digər ibadətlərə də şamil olunur. Məsələn, Allahı zikir etmə dərdi olmayan, saatlarla oturub laqqırtı vuran bir insan sırf özünü nümayiş etdirmək məqsədi ilə əlinə təsbeh götürüb birdən-birə zikir edirsə, o da yuxarıda təsvir olunan çərçivəyə daxildir.

Bir zərrə kir təmizi kirlədə bilər

Bəzən də insan əməli sırf başqalarına göstərib eşitdirmək üçün deyil, əməlin keyfiyyətini dərin göstərmək üçün edə bilər. Məsələn, bir insan tək olduğu yerdə namaz qılarkən tədili-ərkana ( Namazı onun bütün rüknləri, əsaslarını layiqincə yerinə yetirərək qılmaq. Məsələn: "Səcdəni sükunətlə yerinə yetirmək və iki səcdə arasında "Sübhanallah" deyəcək qədər oturmaq. Qiyamda və rükudan sonrakı qiyamda namazın bütün dualarını diqqətlə oxumaq. Namazın hər rüknünü yerinə yetirmək, tələsik qılmamaq.) riayət etmədən onu başdansovdu edir. Bir dəfə də: "سُبْحَانَ رَبـّـِـيَ الْعَظِيمِ "Sübhanə Rabbiyəl Azim (Uca Rəbbimi tənzih və təqdis edirəm!)" deyib-demədiyi anlaşılmır, rükuya getməklə qalxması bir olur; rükudan qalxanda da tam doğrulmadan dərhal səcdəyə gedir. Səcdəsi də rükudan seçilmir. Halbuki bəzi füqəha (fiqh alimləri) ən az üç dəfə hər hərfin haqqını verərək (həm tələffüz, həm də mənasına diqqət edərək) "سُبْحَانَ رَبـّـِـيَ اْلأَعْلَى Sübhanə Rabbiyəl Ala (Uca Rəbbimi tənzih və təqdis edirəm!)" deyənə qədər səcdədə qalmağı səcdənin səhih olması üçün vacib heasb edir. Tək olanda bu şəkildə - üzr istəyirəm - "süb.. süb.." deyə rüku və səcdəni başdansovdu edən bir insan başqalarının yanında diqqətli, etina ilə namaz qılırmış kimi özünü göstərməyə çalışırsa, hədisin ifdəsi ilə bu şəxsdə "gizli şirk"ə səbəb olan davranış var. Bəli, belə davranışlara şirk qarışar. Çünki burada Allah və Onun rizası deyil, əksinə başqalarının xoşnudluğu nəzərə alınmışdır. Halbuki zahirə əks olunan dərinlik qəlbdə də varsa, dəyərlidir. Yoxdursa, insanın özünü bəyəndirmək üçün dərin görünməyə çalışması çox təhlükəli şeydir və - Allah qorusun, - bu şəxs mömin də olsa, bu davranış əməl dəftərinə şirk (günahı) kimi yazılar.

Halbuki müsəlmanlıq insanları şirkdən qurtarmaq üçün gələn ilahi qanunlar məcmuəsidir. Bir daha xatırladım ki, Allah (c.c.) Allah olduğu üçün məbud, məhbub, məqsud və mətlubdur, ibadət edildiyi üçün deyil. Dolayısilə, bütün mülahizələrin Ona aid edilərək ibadət edilməsi və bu qulluq vəzifəsində heç nəyin Ona ortaq qoşulmaması Onun haqqı, bizim də vəzifəmizdir. Bu vəzifəni yerinə yetirərkən başqa mülahizələri bu işə qarışdırmaq həmin əməli kirlətməkdir.

Xülasə, sualınızın cavabını insanların müxtəlif hal və vəziyyətlərində görmək mümkündür. Bütün ibadət və xidmətlərdə yalnız və yalnız Allahın rizasını və xoşnudluğunu nəzərə almaq, hər cür şəraitdə qulluq borcunu layiqincə yerinə yetirməyə səy göstərmək, hətta "Görəsən, ixlasa zidd düşüncələrlə qulluğumu kirlətdimmi?" fikri ilə tir-tir titrəmək mömin olaraq hamımızın qayəsi olmalıdır. Allahın rizasını qoyub başqalarına şirin görünmək, "maşallah, bərəkallah" deyə alqış ummaq isə, şübhəsiz ki, möminə yaraşmayan, şirk qoxan çirkin bir haldır.

Allah üçün görülən hər iş Quranın ifadəsi ilə desək, "tayyib" olmalıdır. "Tayyib" olanın içinə "xəbis" olanın zərrəsini belə qarışdırmamaq lazımdır. Çünki o bir zərrə kir təmiz olanın da kirlənməsinə, bəlkə də, xarab olub çürüməsinə səbəb olar. Bu isə nəfs və şeytanı sevindirməkdən başqa bir şey deyil. Möminin məqsədi isə onları deyil, Allahı məmnun etmək olmalıdır.

Qurani-Kərim inananlara əməlləri Allaha, Rəsuluna və möminlərə təqdim etmə mülahizəsi ilə etməyi əmr edir. Əməllərdə möminləri nəzərə alma məsələsini necə başa düşməliyik?

Bu mövzu ilə bağlı "Tövbə" surəsində iki ayə var. Bu ayələr iki ardıcıl səhifdə verilir. Birincisi:

وَسَيَرَى اللَّهُ عَمَلَكُمْ وَرَسُولُهُ ثُمَّ تُرَدُّونَ إِلَى عَالِمِ الْغَيْبِ وَالشَّهَادَةِ فَيُنَبِّئُكُمْ بِمَا كُنْتُمْ تَعْمَلُونَ

"(Bundan belə) əməlinizi Allah da görəcək, Onun Peyğəmbəri də. Sonra qeybi və aşkarı bilənin (Allahın) hüzuruna qaytarılacaqsınız, O da sizə nə etdiklərinizi xəbər verəcəkdir!" ("Tövbə" surəsi, 9/94) şəklindədir. Sizin bəhs etdiyiniz ayə isə növbəti səhifədə gəlir:

وَقُلِ اعْمَلُوا فَسَيَرَى اللَّهُ عَمَلَكُمْ وَرَسُولُهُ وَالْمُؤْمِنُونَ وَسَتُرَدُّونَ إِلَى عَالِمِ الْغَيْبِ وَالشَّهَادَةِ فَيُنَبِّئُكُمْ بِمَا كُنْتُمْ تَعْمَلُونَ

De: "(Ey insanlar, ey tövbəkarlar! İstədiyinizi) edin. Allah, Onun Peyğəmbəri və möminlər əməllərinizi görəcəklər. Siz qeybi və aşkarı bilən Allahın hüzuruna qaytarılacaqsınız, O da sizə nə etdiklərinizi xəbər verəcəkdir!" ("Tövbə" surəsi, 9/105). Gördüyünüz kimi ikinci ayədə "möminlər" əlavə edilmişdir.

Bu ayələr həm imkanı olduğu halda Allah Rəsulu ilə cihada getməyən, həm müxtəlif bəhanələr uyduran münafiqləri, həm də cihada getmək istəsə də, müxtəlif səbəblərlə buna müvəffəq ola bilməyən, lakin bundan peşmançılıq duyub tövbə edən möminləri nəzərdə tutur. Dolayısilə, bu ayələrdə birincilər təhdid, ikincilər isə o vaxtdan sonrakı saleh əməllər üçün təşviq edilir. Əlbəttə, ayələrin ilk növbədə onları nəzərdə tutması bizə nəsə demir demək deyildir.

Nəticə etibarilə hər iki ayə də inananları "ehsan" və "etqan" üfüqünə çağırır. Bildiyiniz kimi "ehsan" Allahı görürmüş kimi qulluq etməkdir. Biz Onu görməsək də, O, bizi görür. "Etqan" da əməli saleh, yəni qüsursuz yerinə yetirməyə deyilir. Əslində etqan bir mənada vicdanda ehsan şüurunun mütləq nəticəsidir. Bu, qətiyyən başqaları görsün və bəyənsin mənasına gəlmir. Əksinə "Siz əməllərinizi Allahın, Rəsulunun və möminlərin təftişinə ərz edirmiş kimi xalis və düzgün edin ki, Allah, Rəsulu və möminlər istər bu dünyada, istər axirətdə bu əməlləri görəndə təqdir etsinlər" mənası vardır. Yəni Allah və Rəsulu sizin əməllərinizdən məmnun olduğu kimi, möminlər də bu əməlləri görəndə: "Maşallah, min bərakallah, namazı, orucu, zəkatı, təvazökarlığı ilə necə xalis qul imiş!" deyə sizi təqdir etsinlər.

Bəli, orada sən yoxsan, əməlin var. Elə isə qoy ortaya nöqsansız, qüsursuz saleh əməllərini. Özün də bir kənara çəkil. Allah və Rəsulu bəyəndiyi kimi inanan qullar da bəyənsinlər bu əməlləri və "Allaha qulluq bax belə olar," desinlər. Yoxsa insanlara bəyəndirmək məqsədi ilə misi qızıl kimi göstərməyə çalışma. Təbii ki, Allah rizası üçün gördüyün işləri qızıl, gümüş dəyərində etməyə çalışmalısan. Çünki o biri dünyada qızıla, gümüşə dəyər verilir, ancaq misi qızıl kimi göstərməkdən çəkin. Çünki sən bir misin üstünə "Rəşad" möhürünü bassan da, o yenə də misdir. Bəli, nəinki "Rəşad" möhürü o misin üstünə "Fateh", "Səlahəddin", "Abdulhəmid" möhürü də vursan, o yenə misdir ki, misdir!

Pin It
  • tarixində yaradılmışdır.
Copyright © 2024 Fəthullah Gülən Veb Saytı. Bütün hüquqları qorunur.
fgulen.com tanınmış türk alim və mütəfəkkiri Fəthullah Gülənin rəsmi saytıdır. Bu ünvan fgulen.com saytına məxsusdur.