Təsəlli dolu bəyan zümzüməsi: "Yusuf" surəsi
Sual: Rəvayətlərə görə, səhabələrin bir tərəfdən ən yaxın qohumların amansız düşmənçiliyi ilə üzləşdiyi, digər tərəfdən Quranın əmr və qadağalarına layiqincə əməl etmə yanğısı ilə qıvrıldığı, məsuliyyətin ağırlığından "preslən"diyi bir dövrdə "Yusuf" surəsi nazil olmuşdur. Bu nöqteyi-nəzərdən təsəlli qaynağı kimi "Yusuf" surəsi haqqında mütaliələrinizi bizimlə bölüşə bilərsinizmi?
Cavab: Qənaətimcə, suala müqəddimə seçdiyiniz məqamlar çox əhəmiyyətlidir, çünki Məkkə dövründə İki Cahan Günəşi, Nəbilər Sərvəri Peyğəmbərimiz (sallallahu əleyhi və səlləm) və səhabeyi-kiram ən yaxın qohumlarından ağır təzyiq və zülm görmüşdü. Məsələn, Peyğəmbərimiz (əleyhissalatu vəssalam) bir tərəfdən mülhid və kafirlərin hiylə, təcavüz və hücumlarına məruz qalır, digər tərəfdən də yenicə müsəlman olmuş, ancaq İslamı tam mənimsəməmiş insanların anlayışsızlığı, kobud və nəzakətsiz davranışları ilə üzləşirdi. Rəsuli-Əkrəm (əleyhissalatu vəssalam) Məkkədə gördüyü zülmü Hz. Aişə anamıza bir cümlə ilə belə ifadə etmişdi : "Qövmündən çox çəkdim, ey Aişə!" (Buhârî, Bed'ü'l-halk 7)Ancaq buna baxmayaraq, "preslənmə" təbirini varlığın qayəsi, kainatın iftixarı O Qaməti-Bala (s.ə.s.) haqqında işlətmək olarmı, istifadə edilsə, düzgün olarmı-olmazmı bilmirəm. Əgər doğru deyilsə, bu sözü O Zat haqqında istifadə etməkdən Allaha sığınırıq. Çünki O (əleyhissalatu vəssalam), heç vaxt yolundan dönmədi, daima dimdik, mətanətlə dayandı. Bəli, O, Allahın əmrlərini təmsil edərkən zərrə qədər nöqsana yol vermədi, onları layiqincə yerinə yetirdi. Bu baxımdan rahatlıqla deyə bilərik ki, "preslənmə" yalnız Onun ayağının altından gəlib keçdi.
Səhabələrin Quran əmrlərinə münasibəti
Digər tərəfdən sualınızda da qeyd etdiyiniz kimi, səhabeyi-kiram Quran və Sünnədə buyurulan əmrləri "Görəsən, ən gözəl şəkildə necə yerinə yetirə bilərəm?" deyib hər cür çətinliyə rəğmən səy və qeyrət göstərirdilər. Məhz bu idi səhabə camaatının müstəsna xüsusiyyəti! Məsələn,
وَإِنْ تُبْدُوا مَا فِي أَنْفُسِكُمْ أَوْ تُخْفُوهُ يُحَاسِبْكُمْ بِهِ اللهُ فَيَغْفِرُ لِمَنْ يَشَاءُيَا أَيُّهَا الَّذِينَ آمَنُوا اتَّقُوا اللهَ حَقَّ تُقَاتِهِ
"Ey iman gətirənlər! Allahdan layiqincə qorxun. Yalnız müsəlman olduğunuz halda (müsəlman kimi) ölün!" ("Ali İmran" surəsi, 3/102.) ayeyi-kərimə nazil olanda səhabə çar-naçar qalmışdı. Belə ki, gecə-gündüz ibadət etməkdən əl, diz və alınları qabar bağlamışdı. Bir qədər sonra Cənabi-Risalətpənahına (sallallahu əleyhi və səlləm) üz tutdular, bu dözülməz halı ərz etmək üçün. Mən burada onların məsələni Rəsulullaha ərz edərkən işlətdiyi incə və ehtiram dolu üslubu sizə çatdıra bilmərəm. Lakin görünür, onlar hallarını elə yumşaq, elə gözəl şəkildə dilə gətirdilər ki, Cənabi-Haqq da doğruluğunu isbat edən bu insanlara ümid və müjdə dolu
فَاتَّقُوا اللهَ مَا اسْتَطَعْتُمْ
"Allahdan (Allahın əzabından) bacardığınız qədər qorxun" ("Təğabun" surəsi, 64/16) ayəsini nazil etdi.
"Bəqərə" surəsinin:
وَإِنْ تُبْدُوا مَا فِي أَنْفُسِكُمْ أَوْ تُخْفُوهُ يُحَاسِبْكُمْ بِهِ اللهُ فَيَغْفِرُ لِمَنْ يَشَاءُ وَيُعَذِّبُ مَنْ يَشَاءُ
"Siz ürəyinizdə olanı zahirə çıxarsanız da, çıxarmasanız da, Allah ona müvafiq sizinlə haqq-hesab çəkər" ayəsi nazil olanda da buna bənzər vəziyyət yaşanmışdı. Cənabi-Haqq bu ayədə onların xəyalı kirlədən, təsəvvürü bulandıran, ağılı yolundan edən, - əzm və cəhdlərə sirayət etməsə, hərəkət və davranışlara çevrilməsə belə, - yəni əməllərə dönməsə də, bir mənada əmələ dönmə istiqamətində təkan rolunu oynayan nalayiq təxəyyül və təsəvvürə görə hesaba çəkiləcəyini ifadə edirdi. Hər şeyi çox yaxşı sezən, çox yaxşı anlayan və çox yaxşı dəyərləndirməyi bacaran səhabeyi-kirama görə bu ayə nazil olarkən onların çəkdiyi iztirab göydən yerə düşməkdən daha ağır olmuşdu. Alınlar döyənək, dizlər qabar olmağa başlamışdı və yenə "marafon"da qalib gəlmək üçün hər şey ortaya qoyulmuşdu... Bəli, onlar Allaha səmimi və içdən yönəlişlə bu yola sadiq olduqlarını bir daha isbat etmişdilər. Əshab bu sınaqdan uğurla çıxandan sonra Haqq-Təala da "Bəqərə" surəsinin son iki ayəsini nazil edərək əslinə toxunmadan məsələni dəyişdirdi.
Ləzzətlə içilən çayın hesabı
Düzü, insan üsulid-din və kəlam metodologiyasına görə, içindən keçirdiyi şeylərə görə məsuliyyət daşımır. Yəni obyektiv mükəlləfiyyət baxımından insan dili ilə söyləməz, gözü ilə ixtiyari günah işləməz, əl, ayaq, dil, dodaq kimi orqanları ilə qələt qarışdırmazsa, ağlından keçənlər günah deyildir. Bu bizim kimi avam insanlara aiddir. Xəvassın anlayışına görə isə subyektiv mükəlləfiyyət baxımından çirkin bir şeyin xəyaldan keçməsi belə tövbə və istiğfar tələb edir. Məsələn, çay içirsiniz. Şəkərlə limonlu çayı içmək xoşunuza gəldi və bundan ləzzət aldınız. Bu zaman dərhal "Əgər Rəbbimin bunda muradı yoxsa..." deyib özünüzü sorğu-suala çəkmir, subyektiv ictihadınıza görə, bu xoşagəlməz hala görə istiğfar etmirsinizsə, deməli, məqamınıza layiq ola bilmirsiniz. Deyək ki, insanlar gəlib sizə dedi ki: "Əlhəmdulillah, dünyanın dörd bir tərəfində böyük bir fütuhat və açılım var. Bu fəaliyyətdə hər kəsin səy və cəhdi olsa da, təməlində sizin tövsiyələriniz dayanır". Əgər siz bu məsələnin ruh və könül dünyanızda törədəcəyi böyük fəsadlara qarşı bir kənara çəkilib əlli dəfə "Əstağfirullah, ya Rəbbi! Əstağfirullah, ya Rəbbi!" demirsinizsə, Ona qarşı vəfasızlıq edirsiniz.
Məqamlarına görə böyük şəxslərin Allahla (cəllə cəlaluhu) irtibatı bu mehvərdə olmuşdur. Bəli, onlar hətta xəyallarına dəyib keçən qığılcımlara görə tir-tir əsmiş, tövbə və istiğfar etmişlər. Bir daha xatırladım ki, bunlar subyektiv mükəlləfiyyət çərçivəsində müzakirə ediləsi mövzulardır.
Səhabə ayələrə qarşı bu dərəcədə həssas idi. Onlar vəzifənin ağırlığına görə, ilahi əmrləri heç vaxt ikrahla qarşılamamış, bezməmiş, usanmamışdılar. Amma vəziyyət dözülməz səviyyəyə çatıb canı qırtlağa gətirəndə məsələni Peyğəmbərimizə bildirmişdilər. Biz nümunə kimi bir neçə ayə versək də, əslində səhabələr bir çox ayənin nazil olması ilə bu cür iztirab çəkmişdilər. Onlar Quranın hər bir ayəsini elə dəyərləndirirdi ki, sanki, onlara nazil olurdu. Məsələlərə Müqtədayi-Küll, Rəhbəri-Əkməlin ənginlik və dərinliyindən yanaşır və O Misilsiz Rəhbər necə hərəkət edir, necə davranırsa, onlar da elə olmağa çalışırdılar. Çünki bir insan dəlicəsinə sevərsə, geyim-keçimi ilə sevdiyinə bənzəməyə çalışar. Hətta imkan tapsa, estetik əməliyyatla zahirən də olsa, pərəstiş etdiyi insana bənzəmək istər. Səhabeyi-kiram da ibadətü-taətdə Həbibi-Kibriyaya (sallallahu əleyhi və səlləm) bənzəmək üçün var-gücü ilə çalışırdı. Ancaq bəzən bu onlara çox ağır, çox çətin gəlirdi. Məhz belə günlərin birində Rəsuli-Əkrəmin (sallallahu əleyhi və səlləm) hüzuruna varıb təsəlli tapmaq üçün bir qissə danışmasını istəmişdilər. Onların bu istəyi İlahi murada müvafiq düşüncə Allah Təala "Yusuf" surəsini nazil etdi.
Ən gözəl qissə və hüsnü-aqibət
"Yusuf" surəsi Həzrəti Yusuf və onun möhtərəm, mükərrəm və mübəccəl atası Hz. Yaqub (ala nəbiyyina və aleyhimessalatü vəssalam) haqqındadır. Hz. Yusufun çəkdiyi məşəqqətlərdən, Haqqın inayəti ilə bu çətinliklərin sinə gərməsindən, ona bəxş edilən ilahi lütf və ehsandan bəhs edilir. Kiçikkən qardaşlarının Hz. Yusufa qarşı yol etdiyi bəzi xətalardan danışılır. Hərçənd o xətalar bizim xətaların yanında dəryada damladır. Uşaqlıqda Hz. Yusufun qardaşları haqqında "Peyğəmbər övladı bunları necə edə bilər?" kimi düşüncələrim vardı. Ancaq o gündən bu günə, bəlkə də, əlli dəfə "Əstağfirullah, ya Rəbbi" demişəm. Çünki peyğəmbər övladı olduqlarına görə, onların da peyğəmbər olma ehtimalı var.
Bəli, Hz. Yusuf (ala nəbiyyina və əleyhissalatu vəssalam) quyuya atılsa da, əzab-əziyyətə düçar olsa da, quyu onu xəzinədarın evinə aparan bir dəhlizə çevriləcəkdi. Bir karvan onu quyudan çıxarıb kölə kimi satanda daxili gözəlliyini tamamlayan zahiri gözəllik insanları özünə cəlb etmişdi. Hamı onu almaq istəyirdi. Ancaq onu satın alan Misir dövlətinin xəzinədarı oldu. Hz. Yusuf burada da bir sınağa çəkilmiş və zindana atılmışdı. Ancaq bu çətinliklər onu sarayda hər kəsin qibtə etdiyi bir məqama yüksəltmişdi. Bundan başqa Cənabi-Haqq onun şəxsində peyğəmbərlik anlayışını, belə demək mümkünsə, peyğəmbərlik fəlsəfəsini Qiptilər, ehramlar dünyasına aparmışdı.
Diqqətlə baxanda görürük ki, Hz. Yusufun həyatında bir qapı bağlanan kimi dərhal başqası açılır. Bəli, zahirən o böyük peyğəmbərin üzünə qapılar bağlananda, Quranda həmin qapını aralayan elə ifadələrə şahid olursunuz ki... qulağınıza qapıların cırıltısı gəlir. Bu sureyi-cəlilədə müəyyən çətinlik və məşəqqətlərdən sonra elm və hikmətin təmsilçisi Hz. Yusufun timsalında peyğəmbərlik ruhunun Misirdə intişar tapdığını.. həmçinin bəzi çətinliklərdən sonra Hz. Yaqubun peyğəmbərlər içində uca məqama yüksəldiyini.. Hz. Yusufun qardaşlarının
تَاللهِ لَقَدْ آثَرَكَ اللهُ عَلَيْنَا وَإِنْ كُنَّا لَخَاطِئِينَ
"Allaha and olsun ki, Allah səni bizdən üstün etmişdir. Biz isə (sənin barəndə), sözsüz ki, günah etmişik!" ("Yusuf" surəsi, 12/91) ifadələri ilə etdiyi etirafı və bu etirafla öz üfüqlərində kamilliyə çatmasını... və s. hikmətləri müşahidə edirsiniz. Bütün bunlar insana hüzur və inşirah bəxş edir. Quran əzəldən gəlib əbədiyyətə getdiyinə görə, necə ki bu surə Əsri-Səadətdə yaşayan insanın qəlbinə inşirah verir, bu gün də möminlərin qəlbində bir bəyan zümzüməsi kimi axır və qiyamətə qədər də axacaq. Dolayısilə, qissə hekayə tərzində danışılsa da, surəyə mücərrəd bir hekayə kimi baxılmamalıdır. O, bir çox insanın başına gələn sərgüzəştdən danışan, bir ailə ətrafında cərəyan edən, insanlara dərs verən, elmi, hikmətli bir sureyi-cəlileyi-kərimeyi-mübəccələdir.
Mövzunun daha aydın olması üçün sizə sufi məclisində baş verən bir hadisədən danışım. Cənabi-Haqq mənə məhabətli,[1] məxafəli[2] bəzi Haqq dostlarının məclisində - çox şey anlaya, istifadə edə bilməsəm də - olmaq imkanı bəxş etdi. Zənnimcə, sizə belə imkan verilsəydi, mənim kimi olmaz, onlardan daha çox yararlanardınız. Bəli, onlar məxafə və məhabət timsalı idi. Çox ciddi idilər - ciddi danışır və ciddi yaşayırdılar. Onların dilindən çıxan sözlər insanın qəlbini yerindən oynadır, ürəyini ağzına gətirirdi. Dolayısilə, bu məclislərdə söhbət zamanı elə anlar olurdu ki, insanın (İlahi həqiqətlər, Haqq-hesab və s. qarşısında) nəfəsi daralırdı. O böyüklər belə anlarda bir az ara verib azca lətifə və yumorla oradakılara nəfəs aldırar, onların ürəyinə su səpərdi. Deyək ki, çox ağır bir məsələdən danışılır. Dinləyicilərin sıxıldığını görən kimi dərhal gözəl bir mənqibə danışar, bir təbəssümlə onlara rahat nəfəs aldırardı. Bəlkə, siz də bu kimi hadisələrlə qarşılaşmışsınız.
Bununla tam üst-üstə düşməsə də, belə hikmətli, elm mehvərli surənin bir mənada Allahın əmrlərinə iman etmiş, Ona yönəlmiş, ayələri qavramış, mənimsəmiş səhabeyi-kiramı rahatlatmaq üçün nazil olduğunu deyə bilərik. Çünki bu sureyi-cəlilədə kədər və inşirah dolu hadisələr bir-birini izləmiş, gedişat gözəl aqibət və zəfərlə tamamlanmış, nəticələnmişdir. Bəli, surənin sonunda Allah adının Misir üfüqlərində ucalması, Hz. Yusufun müəyyən mövqeyə gəlməsi, atasına qovuşması... bu hadisələr keçmişdə olan bütün ağrılı-acılı günləri unutdurur. Həzrəti Piri Muğan, Şəmi Tabanın ifadələri ilə desək; əziyyət getmiş, ləzzəti qalmış. O çətin imtahanlar yalnız mübəccəl, mükərrəm bir xatirə kimi yaddaşlara həkk olunmuşdur.
Xülasə, "Yusuf" surəsi bir tərəfdən uzun bir sərgüzəşt içində elm və hikmət mehvəri ətrafında bir çox dərs və ibrəti ehtiva edir. Digər tərəfdən də min bir bəla və müsibətlə üzləşən çağdaş möminlər üçün bir ümid və inşirah qaynağı kimi qəlblərimizə su səpir.
[1] Ehtiramla qarışıq qorxu, vüqar, əzəmət
[2] Qorxu, xövf
- tarixində yaradılmışdır.