Ümumun savabını qazanmağın şərtləri
Sual: Bədiüzzaman Həzrətləri müştərək şəkildə həyata keçirilən üxrəvi iş və əməllərdən qazanılan savabın o iş və əməllərdə iştirak edən hər bir fərdin əməl dəftərinə olduğu kimi yazılacağını buyurur və bu məsələyə böyük əhəmiyyət verir. Bu mükafat və müjdəyə nail olmaq üçün hansı şərtlərə əməl etmək lazımdır, izah edə bilərsiniz?
Cavab: Həzrəti Pir Risaleyi-Nur külliyatının müxtəlif bölümlərində “iştiraki-əməli-üxrəviyyə” (üxrəvi əməllərdə iştirak) məsələsini təfərrüatlı şəkildə ortaya qoymuş, imana və Qurana xidmət halqasında yer alan hər bir şəxsin ümumi heyətin qazandığı savablara şərik olduğunu buyurmuşdur. (Bax: “Lemalar”, s. 206 Yirmi Birinci Lema, Dördüncü düstur; Kastamonu Lahikası s.67). Bildiyim qədər, Həzrəti Ustaddan əvvəl bu məsələ nə təsəvvüf, nə təfsir, nə də digər İslami əsərlərdə bu dərəcədə aydın və təfərrüatlı şəkildə izah edilməmişdir. Keçmiş böyük şəxsiyyətlər bəzi məqamlara üstüörtülü toxunsalar da, Ustadın bu məsələ ilə əlaqədar yanaşması olduqca konkret və aydındır.
Həqiqətdə onun yanaşması nurani metafizik aləmin lətafətinə (nuraniliyinə) çox uyğun gəlir. Çünki nurani şeylər olduğu kimi əks olunur. Məsələn, divarları güzgü olan bir otağın lampası bütün aynalarda olduğu kimi əks edilir. Eynilə bunun kimi, axirətə aid nurani işlərin savabları bölünmədən, olduğu kimi həmin işdə iştirak edən hər bir şəxsin əməl dəfrətinə yazılır. Bu, ilahi fəzldir.
Quran və sünnə əsaslı yanaşma
Əminliklə demək olar ki, Həzrəti Pirin bu görüşü Quran və sünnənin əsas düsturlarından süzülüb gələn bir yanaşmadır. Çünki Qurani-Möcüzül-Bəyan və Sünneyi-Səhihəyə baxanda bir çox yerdə Cənabi-Allahın insanlara müvəffəqiyyət lütf etməsinin vifaq və ittifaqdan asılı olduğunu, birlik və həmrəylik ruhu ilə həyata keçirilən əməllərə bambaşqa bərəkət və mükafat vəd etdiyini görmək olur. Məsələn, Qurani-Kərimin “Hamılıqla Allahın ipinə möhkəm sarılın və ayrılmayın! Allahın sizə verdiyi nemətini xatırlayın ki, siz bir-birinizə düşmən ikən O, sizin qəlblərinizi (İslam ilə) birləşdirdi və Onun neməti sayəsində bir-birinizlə qardaş oldunuz. Siz oddan olan bir uçurumun kənarında ikən O sizi oradan xilas etdi. Allah Öz ayələrini sizin üçün bu şəkildə açıqlayır ki, haqq yola yönəlmiş olasınız!” (“Ali-İmran” surəsi, 3/103) “Və onların qəlblərini (ülfətlə, dostluqla) birləşdirdi. Əgər sən yer üzündə nə varsa, hamısını xərcləsəydin belə, yenə də onların qəlblərini birləşdirə bilməzdin. Lakin Allah onları birləşdirdi, çünki O, yenilməz qüvvət sahibi, hikmət sahibidir” (“Ənfal” surəsi, 8/63) məallı ayəsi bu məqamı diqqətə çatdırır, bir mənada ümuma aid zəfər, hakimiyyət və müvəffəqiyyətin müsəlmanların vifaq və ittifaqından asılı olduğunu göstərir.
Dünya işlərində müştərək şəkildə hərəkət etmək böyük müvəffəqiyyətlərə vəsilə olur. Məsələyə Həzrəti Ustadın çəkdiyi misal aspektindən baxaq: on nəfərin hərəsi bir iynə düzəldərsə, gündə ancaq üç iynə hazırlamaq olar. “Təşriki-məsayi (birlikdə işləmə)” və “təqsimi-əməl (iş bölgüsü)” düsturuna əməl edib iynənin istehsalında əsas olan ocağı alışdırma, dəmiri gətirmə, dəlik açma və itiləmə kimi işlərin hərəsi bir adama tapşırılsa, gündə üç yüz iynə hazırlamaq mümkündür. Yenə Ustad həzrətləri bir misalda buyurur ki, dörd-beş nəfərdən biri lampa, biri neft, biri piltə, biri şüşə, biri də kibrit gətirib lampanı alışdırsa, hər biri onun işığından – nə əskik, nə artıq – eyni dərəcədə faydalanar. İş bölgüsünün dünya işlərini bu dərəcədə asanlaşdırdığını və bərəkətləndirdiyini görən insan şəriklik düsturunun şəffaf və nurani olan üxrəvi işlərə feyz və bərəkət qatacağını da daha yaxşı anlayacaqdır.
Məsələyə bu aspektdən baxanda belə bir nəticəyə gəlmək mümküdür: bu gün Cənabi-Allahın inayət və lütfü ilə dünyanın dörd tərəfində və ictimai həyatın hər təbəqəsində həyata keçirilən faydalı fəaliyyətlərdən hasil olan bütün savablar “iştiraki-əməli-üxrəviyyə” düsturu sayəsində bu yolun hər bir yolçusunun əməl dəftərinə olduğu kimi yazılacaqdır. Yəni bu geniş halqaya daxil olan hər bir fərd milyonlarla insanın səylərinin savabından alacaqdır. Savablar hamısının əməl dəftərinə yazılacaqdır. Demək, bir insan bu cür külli bir mükafatı buraxıb şəxsi mülahizələrindən bərk-bərk yapışırsa, mənəm-mənəmlik hissinin altında əzilərək “Mən özüm bacararam!” deyirsə, özünü bu böyük mükafatdan məhrum etmiş olur. Çünki insan nə qədər bacarıqlı, istedadlı olsa da, əlli dahinin qabiliyyətinə sahib olsa da, təkbaşına nə dünyada bəşəriyyət üçün faydalı və uzunömürlü bir iş görə bilər, nə də axirətdə bu cür böyük mükafata nail ola bilər.
Əməlin mayası ixlasdır
Həzrəti Pirin məsələ ilə bağlı izahlarına bir bütöv şəkildə baxanda bu cür külli üxrəvi qazancın özünə xas bəzi şərtlərinin olduğunu görürük. O halda öz-özümüzə bu sualı verməliyik: arxa durmağa, sahib çıxmağa çalışdığımız bu Hərəkatda birlikdə hansı addımları atmalı və bir-birimizlə necə qaynayıb-qarışmalıyıq ki, sözügedən mükafata nail olaq? Həzrəti Pir bu mükafata nail olmaq üçün birinci “sirri-ixlasla iştirak (ixlasla iştirak etmək)” şərtini qoyur.
İxlas bir əməli sırf Allah buyurduğu, əmr etdiyi üçün işləmək, nəticəsini Allaha həvalə etmək, mükafatı da axirətdə istəməkdir. Bu baxımdan axirətə aid görülən hər işdə və işlənən hər əməldə ixlası özünə rəhbər bilən insanların nəzərində əsas məsələ bu xeyirxah işləri filankəsin görməsi deyil, bu işlərin məhz həyata keçirilməsidir. Başqa sözlə, əsas məsələ bəzən ürəyi bir döyünən dərdli adamların neytək inildəyib insanları məst etməsi, bəzən də gur səda ilə haqq və həqiqəti hayqırması, insanları ehtizaza gətirməsi və beləcə onların Cənabi-Allahı tanımasına vəsilə olmalarıdır. Madam məqsəd budur, kim həyata keçirir keçirsin, hər kəs buna özünün qazandığı müvəffəqiyyət kimi sevinməlidir. Ustad həzrətləri bir tələbəsinə “Filankəsin xətti sənin xəttindən daha gözəldir” dediyini və tələbəsinin də buna sevindiyini söyləyir. Hətta Ustad həzrətləri tələbənin qəlbindən keçənləri sezdiyini və onun ürəyinin də eyni hislərlərlə döyündüyünü deyir. (Bax: Barla Lahikası, s.119). Bu hadisə “sirri-ixlasla iştirak”a çox gözəl bir nümunədir.
Həzrəti Pir bu məsələni ağır bir xəzinəni daşımağa və muhafizə etməyə bənzətmiş və bildirmişdir ki, bu dəfinəni çiynində daşıyanlar məfkurə yoldaşlarının onlara köməyə gəlməsinə sevinməli və şad olmalıdır. Bəli, bu xəzinənin bir ucundan mən, bir ucundan sən, bir ucundan o tutacaq və heç kim hansı ucdan tutduğuna düşünməyəcək. Hamı payına düşən işi layiqincə yerinə yetirəcək, nə kiminləsə rəqabətə girəcək, nə də kiminləsə münaqişə edəcəkdir.
Bir insanın həqiqi ixlası əldə etməsi isə öz “rəng”indən imtina edib heyətin “rəng”ini alması və din qardaşlarının məziyyətləri ilə fəxr etməsi ilə mümkündür. İman və Quran yoluna könül verən bir insan ad-san, şan-şöhrətdən imtina edib çox vacib bir vəzifəni öhdəsinə götürdüyünü əsla unutmamalıdır. Bu baxımdan tutduğu yolun şüurunda olan bir insana “Filan işi sən görmüsən, filan fəaliyyəti sən həyata keçirmisən” desələr, bu cavabı eşidərlər: “Xatırlamıram. Mən belə düşünmürəm. Qardaşlar çalışdılar, əziyyət çəkdilər. Mən də onlarla birlikdə idim”. Ustad həzrətlərinin çatdırmaq istədiyi “sirri-ixlasla iştirak”ın meyarı məhz budur.
Əsl qardaşlıq və həmrəylik ruhu
Ustad həzrətlərinin diqqətə çatdırdığı “iştiraki-əməli-üxrəviyyə”dən faydalanmağın ikinci şərti isə “sirri-üxuvvətlə təsanüd”dür. Üxuvvət qardaşlıq deməkdir. Bir yerdə qardaşlıq varsa, orada həmrəylik də var. Belə ki, Peyğəmbərimiz (sallallahu aleyhi və səlləm) möminlər arsındakı qardaşlıq münasibətini bədənin orqanlarına bənzətmişdir. Bir orqanın xəstələnməsi digər orqanlara təsir edir. Bir vücudun orqanlarını xatırladan möminlər öz aralarında o qədər səmimi və ciddi üxuvvət bağı qurmalıdırlar ki, bir yerdə bir problem çıxanda hamısı bundan mütəəssir olsun, iztirab çəksin (Bax: Buxari, “Ədəb” 274 Müslim, “Birr” 66). Bəli, ömrünü haqq yoluna həsr edən insanlar dağılmamaq üçün qübbədəki daşlar kimi əl-ələ verməli, bir-birinə arxa çıxmalı, dəstək olmalı və bir insanın belə haqq yoldan çıxmasına imkan verməməlidirlər. Əgər bu anlayışla hərəkət edib yumruq kimi bir olsalar, eyni düşüncəni daşısalar, həqiqi birlik və həmrəyliyi təmin etsələr, milyonların savabı hər birinin əməl dəftərinə yazılar.
Müştərək ağılla ahəng içində hərəkət etmək
Bu məsələnin üçüncü şərti isə “sirri-ittihadla təşrikül-məsayi”dir. Yəni görüləsi işlərin, fəaliyyətlərin və vəzifələrin birlik və həmrəylik ruhu ilə bölüşdürülməsidir. Başqa sözlə desək, tək hərəkət etməmək, birgə iş görmək, birlikdə çalışmaq və bunu adət halına gətirməkdir. Buna görə də bir işə başlayanda əvvəla iş bölgüsü aparılmalıdır. Hamı əlindən gəldiyi qədər hansı işə qabiliyyəti çatırsa, onu görməlidir.
Bu üç şərti yerinə yetirdikdən sonra baş-başa verib məsələləri müştərək ağıla həvalə etsəniz, Allahın izni və inayəti ilə fərdi ağılın düşdüyü xətaya düşməzsiniz. Çünki on ağılın bir məsələ haqqında yanlış qərar verməsi ehtimal hesablarına görə milyonda birdir. 20 ağılda isə iki milyonda bir ehtimaldır.
Bu baxımdan məsələləri kollektiv şüurla həll etmək çox vacibdir. Belə ki, insan dahiyanə fikirləri olsa belə, ümumi heyətə aid məsələlər haqqında tək başına qərar verməməlidir. Bəşər tarixi boyu tək başına hərəkət edən, tək başına qərar verən bircə nəfər də tanımıram ki, uzunömürlü bir müvəffəqiyyət ortaya qoysun. Bəli, nə Sezar, nə Napoleon, nə Hitler, nə Mussolini, nə də sonrakı tiranlar uzun müddət müəzəffər ola bilməmişdir. Başlanğıcda saman çöpünün alovu kimi parlamış, ancaq çox keçmədən sönmüş və öz əlləri ilə qurduqları dünyaların dağıntıları altında qalmışlar. Kollektiv şüurdan faydalanan həqiqi liderlər isə məsələlərin həll yollarını məşvərətdə taparaq uğurlar qazanmış, gördükləri işlərlə xalqın gələcəyini abad etmişlər.
Xülasə, həm dünyada, həm də axirətdə iştiraki-əməli-üxrəviyyənin savabını qazanmaq üçün dumduru bir niyyət və səmimiyyət, qardaşlıq və həmrəylik ruhu ilə birlikdə müştərək ağıl və kollektiv şüur lazımdır.
- tarixində yaradılmışdır.