Yeraltı sərvətlər və məsuliyyətimiz
Sual: "Ruzinizi yerin dərinliyində axtarın" hədisi möminlərə hansı vəzifələri yükləyir?
Cavab: Allah (cəllə cəlaluhu) insanı yaradıb ona "Get, öz başına çarə qıl!" deməmişdir. Əksinə onu elə bir yerə, elə bir talimxanaya göndərmişdir ki, nəyə ehtiyacı varsa, əlinin altındadır. Lakin bütün bunların gəlib ayağımızın altına sərilməsini gözləmək doğru deyil. Çünki bu darı-hikmət olan dünyada hadisələr səbəblər çərçivəsində müvafiq cərəyan edir və biz də bu səbəblərə riayət etməklə mükəlləfik. Axirətə gəlincə, ora qüdrət diyarıdır. Orada hikmət bir addım arxada, qüdrət isə bir addım irəlidədir. Orada insanın ağlından, hətta xəyalından keçən şeylər belə önündə peyda ola bilir. Əslində Cənabi-Allah dualarımıza cavab verməklə bunun bəzi nümunələrini bizə dünyada da göstərir. Bəzən elə olur ki, duada dilədiyiniz şey tezliklə və istədiyiniz şəkildə sizə lütf edilir. Bu dualar kimi, axirətdə də ağzınızı açar-açmaz və ya bir şeyi ağılınızdan keçirər-keçirməz, dərhal gerçəkləşdiyini görəcəksiniz. Çünki orada İlahi qüdrət açıq-aşkar təcəlli edəcək.
Hələ aşkar olunmamış mədənlər və ruzilər
Cənabi-Allah Qurani-Kərimin bir çox ayəsində göylərin və yerin insanın əmrinə verildiyini bəyan edir. Ətrafımızda qol-budaq salan ağaclara, şırıl-şırıl axan çaylara, əmrimizə müntəzir dənizlərə, dənizdəki canlılara, günəşin ziyasına və s. və i. baxanda hər birinin nemətlə dolu olduğunu görürük. Yeri və dənizləri azca araşdırsaq, saysız-hesabsız nemətlərlə qarşılaşarıq. Ancaq bütün bu nemətlər bir mənada səbəblərlə təcrid edilmişdir. Yəni Allah (cəllə cəlaluhu) qüdrətinin zahirən pis görünən şeylərlə təması görünməsin deyə bütün bu nemətləri bizə pərdəli verir. Bu pərdələnmiş nemətləri əldə etmək üçün bir mənada o pərdələri “cırmaq” lazımdır. Məsələn, bir ağacdan meyvə almaq istəyirsinizsə, ilk öncə torpağa çəyirdəyi və ya tingi əkəcək, arxasınca da böyüməsi üçün münbit şərait hazırlayacaqsınız. Ona görə də Allah Rəsulu (sallallahu əleyhi və səlləm): "Ruzinizi yerin dərinliyində axtarın" (Bəyhaqi, Şuabul-iman, 2/87; Kənzul-ummal, 4/21, hədis: 9302) hədisi ilə bizi yerin dərinliklərindəki ruzi və neməti əldə etmək üçün səy göstərməyə səsləyir. Belə ki, bu gün qızıl, gümüş, mis, fosfat, uran kimi mədənlərin, neft, təbii qaz kimi enerji yataqlarının dünya iqtisadiyyatında yeri hər kəsə məlumdur. Hal-hazırda bu mədən və enerji ehtiyatları barədə müəyyən məlumatımız var. Ancaq bu hal-hazırda məlum və istifadə edilən ehtiyatlardır. Yəni insan müasir imkanlarla təhlükəsiz şəraitdə yerin dərinliyinə nə qədər nüfuz edir və haraları tədqiq edirsə, yerin altında olan ehtiyatlar haqqında da o qədər məlumata malikdir. Ancaq geoloji baxımdan elə yerlər var ki, hələ oralara insan ayağı dəyməyib. İbtidai aləti misal çəkərək izah edim. Əgər külüng vurduğunuz yerdən maqma fışqıracaqsa, cəsarət edib orada axtarış aparmazsınız.
Digər tərəfdən, bəzi canlıların mutasiya keçirməsi kimi, yer kürəsində də mütəmadi istihalə (bir haldan başqa hala keçmə) prosesi gedir. Bu istihaləni yaradan Allah (cəllə cəlaluhu) yerin altında mütəmadi olaraq yeni ruzilər də yarada bilər. Kim deyə bilər ki, bitib tükənəcəyini sandığımız şeyləri Allah təkrar yaratmayacaq? Kim bilir, bu günə qədər yer kürəsində neçə dəfə dəyişikliklər baş vermiş, neçə dəfə qütblərin yeri dəyişmiş, neçə dəfə quru dənizlərə, dənizlər də dağlara çevrilmişdir. Bu nöqteyi-nəzərdən mədənlər və enerji ehtiyatları barədə ortaya atılan iddiaların spekulyasiya və gözbağlama məqsədi daşıma ehtimalını da nəzərə almaq lazımdır. Ola bilsin ki, bununla bəzi güc mərkəzləri öz mənafeyi üçün insanları aldatmaq istəyirlər.
İnsanı ana şəfqəti ilə qucaqlayan yer kürəsi
Əsas mövzumuza qayıdaq, Cənabi-Allah Qurani-Kərimdə keçən: " Məgər Biz yeri beşik etmədikmi?!" (“Nəbə” surəsi, 78/6) ayəsi ilə yer kürəsinin əhəmiyyətini diqqətə çatdırır. Allah-Təala bu ayədə yeni dünyaya gəlmiş körpə kimi aciz və zəif olan insan oğlunu mərhəmətdən məhrum etmədiyini, yer kürəsini onun üçün ananın əlləri ilə yellənən və yeməyi başının üstündə olan beşik kimi yaratdığını bildirir. Bu qədər rahatlıq bəxş edilən və bu qədər mərhəmət göstərilən insan oğlu iradəsini ortaya qoysa, Allah-Təalanın yer üzündəki bütün nemətlərindən faydalana bilər. Ancaq mövcud imkanlar insanın gözünü kor etdiyinə görə yer kürəsində sərgilənən nemətləri tam görə bilmir. Halbuki çox ciddi bir əczü-fəqr hissi ilə, ehtiyac və iztirar əhval-ruhiyyəsi ilə ətrafa baxsa, ətrafında əvvəllər görüb sezə bilmədiyi nə qədər nemət və o nemətlərdə nə qədər dərinlik olduğunu görər.
Peyğəmbərlər kainatda mövcud nemətlərin əldə edilməsi üçün "bu nemətlərin açarını tapın, onların qapısını açın və onlardan istifadə edin" demiş, eyni zamanda Quran, Tövrat və İncil kimi ilahi kitabları göstərərək " bunlardan açar kimi istifadə edin" deyə bizə yol göstərmişdir. Yəni bizim əlimizə də yer üzünün nemətlərindən faydalanmaq üçün Qurani-Möcizül-Bəyan kimi bir açar verilmişdir. Ancaq təəssüflər olsun ki, biz bu açardan, xüsusilə, son əsrlərdə istifadə etməmiş və bu nemətlərin istifadə yollarını tapa bilməmişik. Bunun əvəzində fərqlilik mülahizəsi, zəfər sərxoşluğu, zövqu-səfa düşüncəsi, fərdi mənfəət mülahizəsi kimi iradəni iflic edən xəstəliklərə yoluxmuşuq.
Biz bunlarla özümüzü aldadanda dünyaya hakimlik arzusu, iqtisadi gücə yiyələnmə istəyi başqalarını hərəkətə gətirmişdir. Onlar da bir mədən axtaranda başqa bir maddə ilə qarşılaşmış və beləcə araşdırma, tədqiqat və təcrübə eşqi ilə təbiəti ələk-vələk edib yeni-yeni şeylər kəşf etmişlər. Nəticə etibarilə, dünyanın müxtəlif coğrafiyalarında neft ehtiyatlarını, mühüm əlvan metal yataqlarını kəşf edərək həmin yerləri ələ keçirmək üçün planlar qurmuşlar. Daha sonra bu zalım güclər Osmanlı Dövlətini parçalamaq qərarına gəlmiş və: "Osmanlını parçalasaq, hərəmiz bir yerini tutarıq. Benqazini, İraqı, İranı, Ərəbistan yarımadasını ələ keçirər və beləcə böyük bir sərvət üstündə oturan Osmanlının torpaqlarını əllərindən alıb faydalanarıq" demişlər. O dövrdə Osmanlı bu məsələni hiss edirdimi, fərqinə varırdımı və qarşısını almağa çalışırdımı, bütün bunlar araşdırılası məsələlərdir. Lakin danılmaz həqiqətdir ki, o dövrdə bizim dünyamızda düşüncə və aksiyon insanı “qəhətə çəkilmişdi” və bütün bunların qarşısını alacaq intellektual kadrlar yox idi. Qərb isə İntibah dövrünü geridə qoyub sənaye inqilabına qədəm basmışdı. Böyük inqilablardan sonra Qərb dünyanı kəşf etməyə və ciddi bir araşdırma eşqi ilə əşya və hadisələri ələk-vələk etməyə başlamışdı. Əlbəttə, bu mərhələdə qərblilər gözlənilməz yeniliklərlə də qarşılaşdılar. Gümüş axtaranda qızıl tapmış, qızıl axtaranda zəbərcədlə qarşılaşmış, zəbərcəd axtaranda da yaqutu kəşf etmişdi. Bütün bunlar onlarda yeni təşəkkül və fikirlər hasil etmişdi.
Həqiqət aşiqlərinə ehtiyacımız var
Keçmişdə olduğu kimi, hal-hazırda da dünyaya hökm etmə, sözünü keçirmə kimi zorakılıq anlayışı ilə hərəkət edənlər var və bunlar dünyanın müxtəlif bölgələrində bütün yeraltı və yerüstü sərvətləri mənimsəmək üçün qanuni, qeyri-qanuni hər vasitəyə əl atırlar. Məsələn, mütəxəssislər bildirir ki, ölkəmizin bəzi ərazilərində neft, qızıl, gümüş və s. kimi ehtiyatların olduğu təxmin edilir və həmin ərazilərdə kəşfiyyat işlərinin aparılmasına imkan verilmir. Nəticə etibarilə, iradəmizi ortaya qoyub öz sərvətimizə sahib çıxmasaq, peşmançılıq qaçılmazdır.
Xüsusilə, dövrümüzdə yemə, içmə, rahat həyat tərzi, növbənöv nəqliyyat vasitələrində istifadə olunan əşya və ləvazimatlar istehsalı ilə yanaşı, enerji yataqları önəmli faktora çevrilmişdir. Bir mənada hər şey gəlib enerjiyə çıxır. Çünki işıqlandırmadan avtomobillərə, ondan havadakı təyyarələrə qədər bir çox şey enerjidən asılıdır. Enerji bu qədər əhəmiyyət daşıdığına görə, hər yerdə bu mövzuda işlər görülür.
Bu gün bizim xalqımız da, Allahın izni və inayəti ilə, təkrar öz bölgəsində qibtə ilə, təqdirlə qarşılanan mövqeni tutmağa başladı. İndi Anadolu insanı müxtəlif coğrafiyalarda müxtəlif ölkələrlə dostluq körpüləri, ticari, iqtisadi əlaqələr qurur. Bu məqamda bizim ən çox araşdırma eşqi ilə alışıb yanan, araşdırmaları ilə həqiqəti tapmaq və bu həqiqətləri sonsuzla əlaqələndirmək əzmində olan elm adamları və həqiqət aşiqlərinə ehtiyacımız var. Naturalizm və materializm insanı ancaq müəyyən bir yerə qədər apara bilər. Bəli, bu anlayışlar insana hara qədər getməyə icazə verirsə, ancaq oraya qədər getmək olar. Çünki bu sistemlər maddənin sərhədləri ilə məhduddur. Dolayısilə tədqiqatçının araşdırmaları da məhdud olacaqdır. Lakin sonsuzluğa talib olan və "həl min məzid (daha yoxdurmu?)" deyən sizlər məsələni sonsuza qədər apara bilərsiniz. Bizim elm adamlarımız və tədqiqatçılarımız məhz bu əngin anlayışla laboratoriya və araşdırma mərkəzlərindən istifadə edərək yerin dərin qatlarına nüfuz edəcək, maqmaya qədər çatacaq, yeraltından insanlığa faydalı nə varsa tapıb çıxaracaq, yer üzünü yaxşıca “sağacaq” və hər gün yeni-yeni nailiyyətlərə imza ataraq insanımıza və insanlığa faydalı olmağa çalışacaqdır.
- tarixində yaradılmışdır.