Böhran və gərilim
Dünyanı başdan-başa qəsvətli buludlar bürüdü. Hər tərəfə elə qaranlıq çöküb ki, göz-gözü görmür... Hər gün yeni bir böhran var üfüqümüzdə... Hər gün təzə bir xəbər alırıq qiyamətdən... Ümid və düşüncələrimizin üstünə çökən qorxunc röyalar və kabuslar dünyamızı qulyabanilər ölkəsinə çevirdi.
On doqquzuncu əsrin son rübündən bu günədək davam edən böhranlar zənciri, xüsusən ən sonuncu halqası ilə hər şeyi, hətta bütün müqəddəs dəyərləri udmağa hazırlaşan qorxunc bir girdaba çevrildi. Yaxşını pislə, müfsidi islahçı ilə birgə udan qorxunc bir girdab!.. Girdab hər şeydən əvvəl ona dayəlik edən suyu udub onunla qidalandığı kimi, bir əsrə yaxın davam edən bu böhran da ilk növbədə onu köksündə bəsləyən materializmi udacaqdır.
Bəli, dünəndən bu günə bütün böhranlar materializmin qoynunda və onun himayəsində boy atıb inkişaf etdi. Qəribədir ki, illər boyu bunu bağrında "bir güli-rəna" kimi bəsləyib böyüdənlər bu günədək onu səbəblərdən təcrid olunmuş vəziyyətdə götürdülər. Kaş tarix boyu ona şərait hazırlayanlar nəticə olaraq belə bir "epidemi"ya ilə üzləşəcəyini əvvəldən hiss edəydilər!.. Əfsuslar olsun! Özünü kor-koranə maddiyyat cəhənnəminə atan və orada əbədi qalmaq “əzm”ində olan bu səfil ruhlar hələ də iradəsizdir, hələ də hissizdir və hələ də ümidsiz həsrət içindədir!..
Bəli, dünən məna və ruhu "metafizika" adı ilə sandığa atıb bir kənara qoyan bu bayağı fikirli materialistlər bu gün də eyni axmaq hal və hərəkətləri ilə bir-birinə düşmən etdiyi millətlərin münaqişələri qarşısında müqavimətsiz, vahimə içində və taqətsizdir. Nə güvənib bel bağladıqları tağutlar, nə də hüzur və səadətin yeganə vəsiləsi saydıqları maddə (maddiyyat) onlara istədiyini verə və qəlblərini doyura bilmir. Bütün bu baş verənlərdən sonra inadkarlıq göstərib yenə də "maddə"yə sığal çəkiləcəksə, biz:
"Pozulmuşdur, düzəlməz, gəlsə də Mehdi;
Bu mülkün əmri-islahı Cənabi-Haqqa qalmışdır" (E )
deyib gözləməli olacağıq. Lakin görəsən, millətlər hər tərəfi istila edən bu qədər “vəba”, bu qədər “taun”a qarşı müqavimət göstərib varlığını davam etdirə biləcəkmi? "Bəli" demək olduqca çətindir. Cəmiyyət hər gün min başlı bir əjdaha ilə boğuşsun, hər gün onun minlərlə zərərverici qayda-qanunu gəmirsin, küçələri həramilər zəbt etsin, yuvalar əxlaqsızlıqla dəlik-deşik edilsin, sonra da bu hala salınmış kütlədən müqavimət gözlənilsin – bu, qətiyyən qeyri-mümkündür!..
Lakin illərlə qüruru tapdalanan, isməti çeynənilən məğdur (məzlum) millətlərin silkələnib özünə gəlməsi, dirçəlib tarixi yerini tutması və ruhi-mənəvi harayla bütün iblis yuvalarını darmadağın etməsi də ehtimal daxilindədir. Və bizə görə, məğdur millətlər və cəmiyyətlər gec-tez bunu edəcəklər. Çünki: "Bəşər əsir olmaq istəmədiyi kimi muzdur olmaq da istəmir". Üstəlik istismar edilməyi, heç istəmir!.. Bəli, bu gün "Dövlət və millətlərarası müharibələri təbəqələrarası müharibə əvəz edirsə, bu yalnız və yalnız uca varlıq olan bəşər övladının istismara qarşı gərilimindən qaynaqlanır.
Əsrlərdən bəri müstəmləkəçilərin sağa-sola çəkib aldatmaq istədiyi millətlər artıq qapılarını bütün yad düşüncələrin üzünə bağlamış, özünü və mənliyini qorumaq uğrunda ciddi gərilim keçirir. Əşyanın təbiətinə, ruh və iradənin prinsiplərinə söykənən və üxrəvi işığın aydınlığında insan vicdanından ilham alan belə bir gərilimə mane olmağa heç kəsin gücü çatmayacaq.
Üstəlik hegemon dövlətlərin bir-birini satıb bir-birinin sirrini faş etdiyi və illərlə göz dikdikləri orta şərqin inkişaf etməkdə olan ölkələri və xüsusən də, bu bölgənin brilyantı olan Türkiyənin gözü açıldığı bir dövrdə, əsla!..
İllərlə düşüncədə, fikirdə, əxlaqda müxtəlif ictimai eroziyalara məruz qalmış, digər ölkələrə nisbətən daha çox xəyanət görmüş bu ölkə tarixi və milli mədəniyyəti ilə daha çox sarsıntı keçirdiyinə görə, "metafizik" gərilimin mərkəzi kimidir. Daha sonra Türküstan, Özbəkistan və orta şərqin inkişaf etməkdə olan ölkələrindən Misir gəlir. Bir əsrə yaxın zülm, xəyanət və haqsızlıq altında daim inləyən bu bölgə yaxın gələcəkdə poladlaşan ruhu ilə bu məzəlləti ona rəva görənlərin qarşısına çıxıb onlarla haqq-hesab çəkəcəkdir. Yaxşı olar ki, bu bölgənin millətləri, xüsusilə, onların taleli idarəçiləri bu durumu yaxşı dəyərləndirsin, baş verməsi mümkün olan bir partlayış və üsyanın dağıntı və külləri altında qalmasınlar...
Baş verməsi mütləq olan belə bir dirçəliş keçən əsrin bütün böhranlarına baxmayaraq, gözəl sonluqla nəticələnəcək. Deyə bilərik ki, bəşər iyirminci əsrə mədə və bağırsağın əsiri kimi girsə də, önümüzdəki əsrə qəlbi, ruhu və mürüvvəti ilə qədəm qoymağa hazırlaşır.
Bu isə uzun çəkən fətrətdən sonra bu məzlumlar ölkəsinin yenidən dirilişi və "intibah"ı deməkdir. Kim bilir, bəlkə, onda batmaqda olan dünyanın digər ölkələrinə əl tutmaq fürsəti olacaq. Belə bir fürsətin ələ düşməsi çox əhəmiyyətlidir. Çünki neçə müddətdir bu bölgənin insanına göz açmağa imkan verməyən millətlərə yenidən bir mərdlik, igidlik dərsi vermək həm gələcək dünyaya fərqli baxış, həm də fəlsəfi tarixi yenidən gözdən keçirmə baxımından olduqca əhəmiyyətlidir.
Kaş, o gün dost vəfalı, düşmən də insaflı ola!..
(Gərilim – istənilən nəticə əldə olunmadıqda və ya bir hədəfə yönəlmiş fəaliyyət maneələrlə qarşılaşdıqda meydana gələn coşqulu bir hal)
- tarixində yaradılmışdır.