Elmi və mənəvi kamilliyin zirvəsinə aparan yol
Antik sivilizasiyalardan sonra bəşər tarixində ən dərin və silinməz iz bilavasitə İslam mədəniyyətinin buraxdığı inkarolunmaz həqiqətdir. Məhz bu zaman kəsiyində bəşəriyyət Şərqin yenidən elm və mədəniyyət mərkəzinə çevrilməsinə şahid oldu. Sözügedən mədəniyyətin təşəkkülündəki ən böyük xidmətin bilavasitə bəşəriyyətin ictimai və fikir tarixində əvəzsiz rol oynamış İslam dininə məxsus olması şübhəsizdir. İlk beş əsrdə yüksəliş və çiçəklənmə dövrünü yaşayan bu mədəniyyətin daşıyıcılarının elmin bütün sahələrində heyrətamiz nailiyyətlər əldə etməsi heç də təsadüfi deyildir. Sivilizasiyalar tarixində zənginliyi və çoxşaxəli olması ilə fərqlənən bu mədəniyyətin əvəzsiz xidmətlərindən biri də özündən əvvəlki elmi nailiyyətlərin, mədəni-mənəvi dəyərlərin qorunub saxlanılaraq gələcək nəsillərə ötürülməsi və inkişaf etdirilməsi oldu.
Bilavasitə müsəlman alimlərinin elmi kəşfləri sayəsində orta əsrlərdə müasir elmlərin təməli qoyuldu. Qurduğu möhtəşəm Əndəlüs mədəniyyəti ilə Avropanı valeh etmiş İslam sivilizasiyası Avropa intibahına öncüllük etdi. İngilis şәrqşünası U.M.Uottun gəldiyi “İslam Qәrbi Avropa ilә tәkcә özünün maddi-mәdәni vә texniki nailiyyәtlәrini bölüşdürmәdi, Avropada elm vә fәlsәfәnin inkişafına tәkan verməklə yanaşı, Avropanın özü haqqında da tamamilә yeni bir tәsәvvür formalaşdırdı” qənaəti bu gerçəyi bir daha təsdiq edir.
Maraqlı burasındadır ki, əsrlər keçsə də dünya sivilizasiyası tarixində parlaq səhifələr yazmış, elm və mədəniyyətə zəmin hazırlamış müsəlman elm xadimləri bu gün də zirvədəki yerlərini qoruyub saxlayırlar. Bəşəriyyətin elm xəzinəsinə İbn İshaq əl-Kindi, əl-Xarəzmi, Əbu Bəkr ər-Razi, Fərabi, əl-Biruni, İbn Sina, İbn Rüşd, İmam Qəzali, İbn Xəldun, Nəsrəddin Tusi kimi korifeylər bəxş edən İslam dünyası öz keçmişi ilə haqlı olaraq qürur hissi keçirir. Təəssüflər olsun ki, müasir nailiyyətləri ilə fəxr edən Qərbin elmi və bədii düşüncəsinin inkişafına təkan vermiş bu mədəniyyətin daşıyıcıları öz dinini fani dünya həyatına qurban verdikləri gündən etibarən səmum yelləri əsməyə başladı. Təşəbbüs əldən verildi, bir-birinin ardınca yaşanan sarsıntılar, təlatümlər və məğlubiyyətlər sonrakı nəsillərdə özünəinamın itməsinə, məyusluğa səbəb oldu. Həyatın əksər sahələrində ətalət və durğunluğun hakim kəsilməsinə gətirib çıxardı. Nəticədə, obyektiv və ya subyektiv səbəblərdən bir vaxtlar ehtişamı dillərə dastan olan İslam dünyası avropalıların təsəvvüründə geriliyin rəmzinə, onun varisləri isə əmin-amanlığın, hüzurun qəniminə, zorakılığın, terrorizmin daşıyıcılarına çevrildi.
Düzdür, İslam dünyasının mövcud vəziyyətə düşməsində Qərbin də “xidmətləri” az olmadı. Belə ki, bir zamanlar Avropa intibahına yol açmış İslam mədəniyyətinə borclu olan Qərb dünyasının bilavasitə təhriki və fəal müdaxiləsi ilə zaman-zaman gerçəkləşən səlib yürüşləri bu prosesi daha da dərinləşdirdi. İslam dünyası əsrlər boyu məkrli siyasətlərin, amansız hücumların hədəfinə çevrildi, onun təmsil etdiyi həqiqətlər qərəzli şəkildə təhrif edildi. XIX əsrin ortalarından etibarən Qərb ölkələri İslamı araşdırmağa başlasalar da, yeganə məqsəd müstəmləkə altında saxladıqları müsəlman xalqları istismar etmək üçün yollar axtarmaq idi.
Bununla belə, mövcud vəziyyətin səbəbini sadəcə Qərb dünyasının qərəzli mövqeyi ilə izah etmək məsələyə birtərəfli yanaşmaq, məsuliyyətdən boyun qaçırmaq olardı. Acı olsa da, etiraf etmək lazımdır ki, əslində bu vəziyyətə düşməyimizin əsas səbəbkarı özümüz olduq. Əvvəla, müəyyən zaman ərzində əksəriyyət etibarı ilə təmsil etdiyimiz dəyərlərin hikmətini unutmaqla, məzmundan daha çox formaya meyl etməklə paradoksal bir həyatın girdabına yuvarlandıq. Nəticədə, mənəvi böhranların, cəhalət və xurafatın hakim kəsildiyi, gerçək kimliyindən uzaqlaşmış və eqoizmin əsirinə çevrilmiş, ata-babalarının mirasını havaya sovurmuş talesizlər yığını halına gəldik. Nəfsinə məğlub olanların, dünyəvi ehtiraslara boyun əyənlərin sayının həndəsi silsilə ilə artması isə ədalət anlayışının, etimadın sarsılması ilə müşayiət olundu.Yer üzünün varisi sayılan insanın sadəcə bədəndən, onun həyatının da fizioloji tələbatların ödənilməsindən ibarət olması fikri rəvac tapdığı üçün kainat, insan və həyat arasındakı müvazinət alt-üst oldu. İnsanın sadəcə əməldə deyil, niyyətdə, düşüncədə də pozulmağa, cılızlaşmağa üz tutduğu belə dövrlərdə başqalarına faydalı olmağı özünə başlıca qayə seçmiş fəzilət sahiblərinin iztirabı getdikcə artdı.
Digər tərəfdən, malik olduğumuz uca dəyərləri layiqincə təmsil edə bilməməyimiz haqqımızda formalaşmış yanlış təsəvvürlərin dəyişməsinə imkan vermədi. Ona görə də düşdüyümüz vəziyyəti, yenidən diriliş ehtiyacını tam aydınlığı ilə dərk və onillərlə, yüzillərlə arxa çevirdiyimiz mənəvi ehtiyaclarımızı təmin etməliyik. Daha doğrusu, ilk növbədə hər birimiz özümüzdən başlamalı, mənəvi kamilliyin qeydinə qalmalıyıq. Hərislik, tənbəllik, şöhrətpərəstlik, mənəm-mənəmlik, dünyapərəstlik mərəzlərindən xilas olmalı, gözütoxluq, təşəbbüskarlıq, təvazökarlıq, fədakarlıq, elm və fəzilət, qlobal düşünmə qabiliyyəti kimi Quran perspektivli mahiyyət kəsb edərək məna köklərimizə dönməliyik.
Fərd olaraq mənəvi kamilliyə çatandan sonra dünya miqyasında İslamın bir daha ən yüksək səviyyədə və layiqincə təmsil etmək, olduğu kimi tanıtmaq vacibdir. Əsrlәr boyu İslamın ümumbəşəri mahiyyətini görmək, yaşamaq haqqını tanımaq istәmәyәnlərə onun cazibədarlığını göstərmək vəzifəsi yenə İslam dünyasının varislərinin üzərinə düşür. Bunun üçün də bəşər tarixi boyunca hər zaman olduğu kimi, bu gün də başqalarını yaşatmaq naminə nəinki həyatın zövq-səfasından, hətta hər bir insanın haqqı olan normal həyat tərzindən belə imtina etmiş fədakar şəxsiyyətlərə ehtiyac vardır. Kainatın mayasını təşkil edən insan yaradılış hikmətini unutduğu, fitnə-fəsad çıxartmaq və qan tökməklə ümumi evimizi yaşanmaz hala gətirdiyi zaman bu ehtiyac daha çox hiss olunur. Həyatın mənasını başqalarının səadətində görən müstəsna şəxsiyyətlər zərrə qədər təmənna gözləmədən mənəvi böhranın girdabına yuvarlanmış kimsələrə əl uzatmağa tələsirlər.
Belə bir təşəbbüsün tarix boyu müsəlman olduğu üçün saysız-hesabsız hücumlara məruz qalmış, son iki-üç əsrdə isə öz milli və mənəvi dəyərlərindən uzaqlaşdırılmağa çalışılmış Anadolu torpaqlarında ortaya çıxması heç də təsadüfi deyildir. Çünki belə bir ağır və şərəfli yükü ancaq yüzillər boyu İslamın qalası rolunu oynamış, onun bayrağını şərəflə daşımış, hər zaman mənsub olduğu dəyərlərə səmimi şəkildə bağlı olmuş fədakar Türk milləti öhdəsinə götürə bilərdi. Bunun da yolu Allaha yönəliş prosesinin sürətləndirilməsi, qəlb və beyin vəhdətinin əldə olunması, ilahi Kitabla kainat kitabının birlikdə dərk edilməsi ilə mümkün idi. Daha sonra dilindən, irqindən, dinindən asılı olmayaraq hər kəsə qucaq açan pluralist, sülhpərvər, könüllülük prinsipinə, fədakarlığa əsaslanan, təmənnasız xidməti başlıca məqsəd seçən sivil ictimai hərəkata çevrilən bu nəcib təşəbbüs beynəlxalq səciyyə qazandı.
Din və mədəniyyət baxımından tolerantlığı, sevgini, sosial baxımdan uzlaşmanı və dialoqu, davranış və fəaliyyət baxımından fərdlərin maariflənməsini və kamilliyə çatmasını başlıca qayə olaraq mənimsədi. Müsbət düşüncə və hərəkəti əsas alan, münaqişə tərəfdarı olmayan və təmkinli davranışa üstünlük verən, sülhsevər öncül bir ənənənin əsasını qoydu. “Mən” məfhumunun fövqünə yüksələrək “biz” mahiyyətini kəsb etdi, ən başlıcası isə, “biz” və “onlar” ayrı-seçkiliyinə son qoydu. Din, vicdan və söz azadlığı, insan haqları, hüququn aliliyi kimi ümumbəşəri dəyərləri müdafiə edən, sülhpərvər bir xidmət salnaməsi olaraq milyonların qəlbinə yol tapdı və təqdir edildi. Daim inkişafa, yeniliyə, dəyişməyə hazır olan və mütəmadi şəkildə özünü təkmilləşdirən hərəkat bəşəriyyətin qarşılaşdığı sosial, siyasi, iqtisadi və ekoloji problemlərin həllində inancın böyük rol oynadığını göz önünə sərdi. Məhz bu səbəbdən, hərəkatı qəlbən və ruhən mənimsəmiş insanlar dünyanın bir çox yerində təhsil, səhiyyə, media qurumları, dialoq, mədəniyyət mərkəzləri, iş yerləri açdılar, humanitar yardım təşkilatları təsis etdilər. Bununla da səbir və səy tələb edən yüksək keyfiyyətli, cağdaş təlim-tərbiyə sisteminin yuxarıda qeyd etdiyimiz problemlərə yeganə çarə olduğunu sübuta yetirdi. Sözügedən müəssisələr hərəkata könüllü dəstək verən insanların maddi vəsaiti hesabına quruldu və bir-birinin ardınca böyük uğurlara imza atdı. Bunun ən bariz örnəklərindən biri artıq ənənəyə çevrilmiş və bu yaxınlarda onuncusu keçirilən Beynəlxalq Türk dili olimpiadası oldu. Dünyanın 135 ölkəsindən gəlmiş 1500 məktəblinin iştirakı ilə gerçəkləşən və stadionlara sığmayan bu möhtəşəm tədbir kindən-küdurətdən usanmış bəşəriyyətin sevginin, sayğının nə qədər həsrətini çəkdiyini göstərdi. İrq, dil, din kimi ünsürlərdən ortaya çıxan müxtəlifliyin qətiyyən təfriqə səbəbi deyil, zənginlik olduğunu sübuta yetirdi. Başqa sözlə desək, müasiri və şahidi olduğumuz xidmət salnaməsinin milli sərhədlərin və millət məfhumunun fövqündə dayanan sivil bir maarif, mədəniyyət və dialoq hərəkatı olduğu anlaşıldı. Bu zənginliyin bəşəriyyətin bu günü və gələcəyi üçün necə gözəlliklər ehtiva etdiyini xatırlatdı. Orada iştirak edən məktəblilər sadəcə türk dilinə, mədəniyyətinə, adət-ənənələrinə olan sevgini deyil, həm də öz milli mədəniyyətlərini böyük şövqlə tanıtdılar. Bu da hərəkatın beynəlxalq səviyyədə qəbul olunmuş yüksək əxlaqi keyfiyyətləri, dəyərləri mənimsəməklə yanaşı, məhəlli səciyyə daşıyan ictimai, mədəni və dini dəyərlərə də hörmətlə yanaşdığını, onları mühafizəsində prinsipial mövqe nümayiş etdirdiyini bir daha göstərdi. Dini, milli mənsubiyyətin və tarixi şüurun qorunaraq, barış və ahəng içində dinc, yanaşı yaşamağın mümkünlüyünə inamın təntənəsi oldu.
Beləliklə, hər zaman görülən işlərin əsla və əsla şəxsinə aid edilməməsini, əksinə ilahi bir lütfün nəticəsi olduğunu təkrar etməkdən yorulmayan dövrümüzün böyük humanisti, filosofu, ensiklopedik biliyə malik alimi, elm və ürfan aşiqi möhtərəm Fəthullah Gülən Xocaəfəndinin irəli sürdüyü yeni insan layihəsinin təcəssümünə canlı şahid olduq. Görülən işləri səbəblər baxımından ancaq və ancaq Anadolu insanının maddi və mənəvi fədakarlığının, sevgi məktəblərinə qucaq açmış digər xalqların bəslədiyi etimadın məntiqi nəticəsi olduğunu vurğulayan Xocaəfəndi qəbul etməsə də, o məfkurə insanının rolunu etiraf etmək bizim borcumuzdur. Əgər bu müdrik şəxsiyyətin dediklərinə diqqət yetirsək, onun necə qlobal düşündüyünü asanlıqla sezmək mümkündür. Əvvəla, bizim vəzifəmiz insan olaraq dəyərli bir varlıq olduğumuzu dərk etmək və daha sonra digər varlıqlardan bu üstünlüyümüzü əməllərimizlə sübuta yetirməkdir. Kainat kitabını və ilahi kitabı birlikdə araşdırmalı, mənimsəməli və prinsiplərini həyatımızda tətbiq etməliyik. Yer üzünün varisləri olaraq, millətindən, irqindən, cinsindən, dilindən, dinindən asılı olmayaraq özümüzə arzu etdiyimizi başqaları üçün də istəməliyik. Fikirlərini qəbul etməsək də, dünyagörüşündən, əqidəsindən asılı olmayaraq hər kəsə xoşgörü ilə yanaşmalı, insana yaraşan həyatı yaşamaq üçün yollar axtarmalıyıq. Gördüyümüz işlərdə əsla və əsla təmənna ummamalı, gözləntisiz olmalıyıq. Bunun da ən qısa yolu insanın elmi və ruhi-mənəvi kamilləşməsindən keçir. Maddi-mənəvi, dünyəvi-uxrəvi heç bir təmənnası olmayan Xocaəfəndinin yaşadığı həyatın sözügedən gözəlliklərin təmsilinə ən gözəl örnək təşkil etdiyini desək, qətiyyən mübaliğə etmiş olmarıq.
İndi isə möhtərəm Xocəfəndinin müxtəlif zamanlarda verdiyi üç müsahibəni böyük məmnuniyyətlə sizlərə təqdim edirik. Bunlardan birincisi 1998-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin 80 illik yubileyi ərəfəsində “Xalq qəzeti” nin və Azərbaycan Milli Televizisiyasının əməkdaşları, tanınmış jurnalistlər Tahir Aydınoğluya və Qulu Məhərrəmliyə verdiyi müsahibədir. 18 iyun 1998-ci ildə “Xalq qəzeti”ndə dərc olunmuş həmin müsahibədə Xocaəfəndinin Azərbaycana olan böyük və təmənnasız sevgisinin şahidi olmaq mümkündür. Həmin müsahibədə həmçinin Azərbaycan dövlətçiliyinə, onun rəhbəri ümummilli lider Heydər Əliyevin böyük təcrübəsinə dərin inam bəsləməsi ilə yanaşı, ölkəmizin ən yaralı yeri Dağlıq Qarabağ problemi ilə bağlı nigarançılığını da dilə gətirməsi rəğbət doğurur.
İkinci müsahibə isə, 1911-ci ildən nəşr olunan və Qərbin ən nüfuzlu nəşrlərindən sayılan “The Muslim World” dərgisinin 2005-ci il iyul ayında işıq üzü görən “Müasir Türkiyədə İslam və Fəthullah Gülənin töhfəsi” sərlövhəli xüsusi buraxılışında oxuculara təqdim olunmuş müsahibədir. Daha çox din və dövlət əlaqələri, İslamın dövlət, demokratiya anlayışı, siyasi proseslərə münasibəti, xilafətin bərpası ehtimalı və terrorizmə baxış tərzi ətrafında cərəyan edən həmin müsahibədə Xocaəfəndinin məntiqli, məzmunlu və ətraflı cavabları əksini tapır. Nəhayət, Almaniyada türk və alman dillərində fəaliyyət göstərən “Deutsch Türkische Nachrichten” (DTN) xəbər saytına verilmiş və Mişel Meyer tərəfindən oxuculara təqdim olunan üçüncü müsahibədə son vaxtlar Avropa mediasında Könüllülər Hərəkatının siyasətə alət edilməsi cəhdlərinə Xocaəfəndinin verdiyi tutarlı cavablarla tanış olmaq mümkündür.
İnanırıq ki, hər üç müsahibə möhtərəm Fəthullah Güləni bir mütəfəkkir və alim kimi daha yaxından tanımağa vəsilə olacaqdır.
Əjdər Ağayev, Azərbaycan Təhsil Şurasının sədri, pedaqoji elmlər doktoru, professor.
- tarixində yaradılmışdır.