Ərzurumda altıncı gün

Vəfasızlıq etməmək üçün ərzurumlu Enes bəyin adını mütləq çəkməliyəm. Anadolunun bu qədim şəhərində qızıl ticarəti ilə məşğul olan Enes bəyin həyatı, məncə, bizim kimi çoxlarına nümunə ola bilər. Şəhərdə bir neçə qızıl mağazasına sahib olan Enes bəy günün çox hissəsini Allah rızası yolunda çalışır. Xəstələri yoluxur, ibadətini axsadanları diqqətdən kənarda qoymur, söhbət halqalarını genişləndirmək üçün özünü oda-közə vurur. Əsas qayğılarından biri də Ərzuruma gələn qonaqları yaxşıca gəzdirmək, onlara hər cür kömək etmək və onlarda bu mənəvi yüklü şəhər haqqında tam dolğun təssürat oyatmaqdır.

Ərzurumdakı beşinci gündə bizə ağsaqqal Vəli Vəlioğlu ilə görüşməyi təklif etdi və onun təşəbbüsü ilə Vəli xoca ilə elə onun mağazasında günün ikinci yarısı görüşdük. Yaşının ahıl çağlarına baxmayaraq, Vəli xoca suallarımın cavabını düşünmədən verir, bu mövzuda danışmaqdan əziyyət çəkmədiyini nümayiş etdirirdi. Beləliklə, canlı tarix olan bu mənəviyyat insanının bizə danışdıqlarından bəzi məqamlar.

Vəli Vəlioğlu: Mən Ərzurumun Solğunlu kəndində dunyaya gəlmişəm, 6-7 yaşımda dayım məni dini təhsil almaq üçün şəhərə gətirdi və o vaxtdan burada qaldım. 1952-55-ci illərdə hərbi xidmətdə oldum, daha sonra yenə də dini təhsilimə davam etdim.

Fəthullah xocanın şeyxi Alvarlı Məhəmməd Lütfi əfəndi, onun atası da Hüseyin əfəndi olub. Hüseyin əfəndi Mirhəmzə Seyid Nigari həzrətlərindən dərs almış, daha sonra da Bitlisə gələrək orada Piri-Kufrəvi həzrətlərinə tələbə olmuşdur 40 gün sonra pir ona xilafət vermişdir. Müridlər arasında "ərzurumlu gəlib 40 gündə xilafət aldı" şəklində söhbətlər yayılmışdı. Piri-Kufrəvi həzrətləri əhli-qəlb bir zat olduğu üçün həqiqəti kəsfən bilmiş və demişdir ki, Hüseyin əfəndi onsuz da alacağını alacağı yerdən alıb, mənim yanıma da kamalından gəlmişdi. Fəthullah xocanın Seyid Nigari ilə belə bir bağlılığı var.

...onun ata-anasını yaxşı tanıyıram...

Atası Ramiz əfəndinin cox dindar, əli öpülüb duası alınacaq bir zat olduğuna mən şəxsən şahid olmuşam. Alvar kəndinin imamı idi, çox ədəbli insan idi. Balaca Fəthullah dünyaya gəlməmişdən əvvəl Qorucuqda Mehmet əfəndi adlı bir zat vardı. Bir gün Alvar imamı onu ziyarətə gələndə kəndə çatmadan atdan enir. "Əfəndim, atdan niyə düşürsüz?" - deyə soruşanda "Mehmet əfəndiyə yaxınlaşdıq, at belində onunla salamlaşmaqdan həya edirəm" - deyə cavab verir.

... Fəthullah xoca ilə çox gənc yaşlarından...

bir yerdə olduq. Hələ Kurşunlu mədrəsəsində qalarkən onunla mənim otaqlarım divar-divara qonşu idi. O, məndən yaşca kiçik idi. Alvar imamının söhbətlərində çox olmuş atası da Alvar imamının müridi idi, buna görə də onunla daha çox görüşmüş, onun fəzilətindən çox bəhrələnmişdi. Uşaqlıqdan heç yerində durmazdı, çox hərəkətli, fəal idi. Mədrəsədə oxuduğu illərdə bütün tələbə yoldaşları ilə çox gözəl rəftar edirdi, yüksək əxlaqa sahib ailə mühitində böyümüşdü. Atası da, anası da ədəb və mərifəti ilə nadir insanlardan idi.

Risaleyi-Nur Ərzuruma ilk dəfə 1955-ci ildə gəlmişdi. Mənim də bu ilk fəaliyyətlərdə bir az iştirakım olmuşdu. Nur dərsləri ilk dəfə bizim oxuduğumuz mədrəsədə keçirilməyə başlandı. Həmin ilin qışında Ərzurumda Risaleyi-Nurun altı tələbəsi vardı. Ondan sonra yavaş-yavaş say artmağa başladı. Yaddaşım məni aldatmırsa, Fəthullah Gülən Nurlarla 1955-ci ildən sonra tanış oldu. Amma ilk dəfə hansı kitabı oxuduğunu bilmirəm. Lakin hələ gənc yaşlarında Risaleyi-Nurları tam təfərrüatı ilə hərtərəfli oxuyub əxz edən zatlardan biridir.

...Kurşunlu mədrəsəsində...

Sevimli xocalarımızın əhatəsində olarkən elə zənn edərdik ki, Ərşi-Əlada yaşayırıq, çox şirin, mənəvi bir həyatmız vardı. Düzdü, sosial vəziyyət ağır idi, mədrəsəni qızdırmaq üçün kömür tapmaq mümkün deyildi, sobamızı uşaqların kəndlərdən gətirdikləri odun-ocaqla qızdırırdıq. Elektirikin adını çəkməyə dəyməzdi. Hər işimizi bir sobanın üstündə görürdük, amma həyat elə şirin idi ki... mənəvi bir zövqü vardı. Ərzurumda on dörd mədrəsə vardı, axşamlar lampaları yandırır və bütün tələblər ciddi-cəhdlə dərs üzərində çalışırdılar. Bu vəziyyət bəzən, xüsusən də Ramazan aylarında səhərə qədər davam edərdi.

Bununla bağlı bir xatirəmi danışım. Bir dəfə üç tələbə yatsı namazını qıldıq, sobanın kömürü israf olmasın deyə manqala atıb çay dəmlədik. Qərara gəldik ki, çay dəmlənsin, sonra bugünkü dərsimizi müzakirə edək. Xəbərimiz olmadan müzakirə başladı, nə başladı, bir də gördük ki, azan oxunur. Mənəvi zövq bizə yuxunu, çayı unutdurmuşdu. Oranın belə bir mənəvi həyatı vardı. Zahirən çiləli, məşəqqətli görünən o tələbəlik həyatını bu mənəvi zövq unutdururdu. Fəthullah xoca belə bir mənəvi ab-havada təhsil alıb, yetişirdi.

Bir ara mədrəsələri ağır şəraitinə görə bağlamaq istədilər. Tələbələr "biz buradan razıyıq" deyib mane oldular. Üç böyük xocaya qovuşduq: Solaqzadə Müfti əfəndi, Sadiq əfəndi, birdə Hacı Faruq əfəndi. Onların feyzindən dolayı biz heç bir sıxıntının fərqində deyildik. Belə bir məqamda Fəthullah Gülən də bu mənəvi həyatı paylaşdığımız insanlardan biri idi. O günlərdə Fəthullah xoca da daxil olmaqla bütün tələbələrin yeganə qayəsi vardı - elmi bütün incəliklərinə qədər öyrənmək idi. Fəthullah xoca ilə 1967-68-ci illərdə birlikdə Həcc ziyarətində olduq. Dayım xəttat Hacı Mustafa əfəndinin evində qaldıq orada. Mədineyi-Münəvvərədə günləri birlikdə keçirdik. O zaman mən anladım ki, o oxuduğu, qazandığı elm etibarilə müəllimindən də üstündür. Yəni, ona bir vəhbi elm verilmişdi, bunu Mədinədə anladım. Boyük müəssisələrdən böyük professorlar çıxdı, amma onlar Fəthullah xocanın danışma, mövzunu izah etmə səviyyəsinə çata bilmirlər. Fasiləsiz, saatlarla nitq söyləməyi, elmi mövzuları asanlıqal çözməyi bacarır.Onun etdiklərini edən başqa bir adam göstərmək də mümkün deyil. Bunlardan aydın olur ki, onun elmi kəsbi deyil, vəhbi elmdir.

...Fəthullah xocanın Türkiyəyə qayıtmasını...

çoxları kimi mən də istəyirəm. Çünki, o, bizim - onu sevənlərin mənəvi rəhbəridir.

Ərzurumdakı mənəvi ab-havalı günlərimiz davam edir. Növbəti görüşümüzdə təkcə Ərzurumda yox, bütün Türkiyədə sevilən möhtərəm Mehmet Kırkıncı əfəndinin qonağı olacağıq.

{widgetkit=51}
Pin It
  • tarixində yaradılmışdır.
Copyright © 2024 Fəthullah Gülən Veb Saytı. Bütün hüquqları qorunur.
fgulen.com tanınmış türk alim və mütəfəkkiri Fəthullah Gülənin rəsmi saytıdır. Bu ünvan fgulen.com saytına məxsusdur.