Ərzurumda ikinci gün-Qorucuq kəndi…

İyul yayın cırhacır isti ayı olmasına baxmayaraq, ikinci yarısından yağışlar başlayır. Gecələr sərin düşür, yağışlar yağır, səhər açılanda isə buludlar Palantökən dağının arxasına çəkilir, günəş çıxır, isti düşür. Ərzurumdakı ikinci günümüz belə bir gözəl yay səhəri ilə açıldı. Səhər obaşdandan saf Ərzurum havasını ciyərə çəkərkən, Habab bəyin “bir azdan Qorucuq kəndində gedəcəyik” xəbəri ilə gəlməsi əhvalımızı lap durultdu.

Qorucuğa qədər yolda…

Biz Ərzurum-Qorucuq yoluna çıxanda artıq günəş xeyli qalxmış, əməlli-başlı isti düşmüşdü. Ərzurumdan Qorucuğa iyirmi beş kilometr məsafə var, yollar xeyli rahat olduğu üçün yol-hərəkət qaydalarını qorumaq şərti ilə yarım saata kəndə çatmaq olur. Bu yarım saatlıq yolu gedərkən bu ərazilərin biz tərəflərə nə qədər bənzədiyini düşünürdüm. Yol kənarlarında sərnişinlərin dincəlməsi, su içməsi üçün tikilmiş bulaqlar, yol boyu uzanıb gedən kiçik dağ silsiləsi… Xüsusən, təbiətin mənzərəsi biz tərəflərin yayına daha çox oxşayır. Yazın ilk günlərində boy vermiş ot-ələfin yayın istisi ilə yanıb sarışın rəng alması, alçaq təpə silsilələrinin haralara qədərsə uzanıb getməsi, düpbədüz uzanıb gedən torpaq sahələri, arabir gözə dəyən yaşıllıqlar…mənə daha çox aran rayonlarımızın təbiətini xatırladırdı. Bu düşüncələrlə Qorucuğa çatdıq.

… Qorucuq…

Elə bizim kəndlərdə olduğu kimi, Qorucuqda da küçə adları olmadığı üçün yadımda qalmayan dar küçələrlə ötüb, illər əvvəl balaca Fəthullahın doğulduğu evə çatdıq. Bu məqama qədər mənə elə gəlirdi ki, qarşımızda torpaq kərpicdən tikilmiş balaca, qapısı cırıltı ilə açılan, taxta pəncərələrindən zorla işıq düşən bir daxmaya daxil olacağıq. Qopub tökülmüş divarlarında balaca Fəthullahın, Ramiz mollanın, Gülən soyunun xatirələrini saxlayan izlərə, əşyalara rast gələcəm. Bu izlərə, bu əşyalara baxa-baxa Anadolunun bu sadə ailəsinin gün-güzaranını, yaşadıqları şirinli-acılı günləri təsəvvür edəcək, hətta indi zərbi-məsələ çevrilmiş deyimlərini eşidəcəyəm. Amma…tikinti gedən balaca bir meydançaya çatdıq, maşından düşər-düşməz təccübümü sezən Habab bəy: “Ev çox köhnə olduğu üçün söküb yerində yenisini tikməyə başlamışıq. Hec olmasa gələn qonaqlar bir-iki gün qalıb, dincələ bilsinlər” – dedi. Deyilənə görə, indi tikinti gedən bu ərazidə bir neçə ay əvvəl balaca bir daxma olub. Ətrafa göz gəzdirirəm, bir az aralıda yenicə tikilmiş məscid, tikintiyə lap yaxın yerdə isə ötən əsrdən qalmış balaca bir daxma var. Habab bəy deyir ki, bu daxmada əvvəlcə Gülən ailəsi yaşayıb, sonra bundan bir az geniş daxma tikərək ora köçüblər, bura isə mal tövləsinə çevrilib. Gəzişdiyim bu balaca həyətdə ailənin keçmişini təsəvvürümdə canlandırmaq üçün onun öz dilindən səsləndirdiyi cümlələri fikrimdən keçirirəm.

…Ahlatdan Qorucuğa qədər…

Əcdadının Ahlatdan gəldiyini deyir. Ahlat haqqında qısa tarixi məlumat: Xalq arasında yayılmış bir əfsanəyə görə, Van gölünün sahilində hökm sürən Urartu kralı Lat medlərin hücumuna davam gətirə bilməyib məğlub olur və ağır yaralanır. Atasının başını dizinə qoyan hökmdarın qızı "ah!" çəkərək inci-inci göz yaşları tökür. Qızın "Ah! Lat, Ah! Lat" deyə ucalan fəryadı medlərin şəhərə girməsinə qədər davam edir, hökmdar dünyasını dəyişir. Lakin düşmən fəryad edən qızın hara yoxa çıxdığını müəyyənləşdirə bilmir. Beləliklə, şəhərin adı Ahlat qalır. Şifahi xalq ədəbiyyatında əfsanələşmiş bu hadisənin nə qədər real olduğunu heç kim bilmir. Amma dini ədəbiyyatda bölgənin "Hilat" adlandırılması başqa tarixi hadislərdən xəbər verir. Miladdan əvvəl 3 mininci illərdə Hilatos adlı bir sərkərdə tərəfindən qurulmuş şəhər onun adı ilə adlandırılır və müasir dilimizdə “yabanı armud” mənasını verir. Bizans qaynaqlarında şəhərin adı Khlat şəklində tələffüz edilmişdir. Türkiyə tarixində Ahlatın tarixi miladdan əvvəl 1500-cü ilə qədər uzanır. Asurluların bir bəyliyi olan şəhər daha sonra Urartunun hakimiyyəti altına keçir. İndiki adını da o dövrdə götürür. Şəhərin ən köhnə sakinləri olan urartulular bura "Halads", ərəblər "Hilat", iranlı və türklər isə "Yabanı armud" demişlər. Roma imperiyasının ikiyə parçalanmasından sonra Bizansa daxil olan şəhər miladi 641-ci ildə İslam ordularının fəth etməsinə qədər Bizans nəzarətində qaldı. Bu məkan təbii gözəllikləri baxımından tarixin hər dövründə müxtəlif sivilizasiyaların mərkəzi olmuşdur. Şəhərin nə vaxt və kimlər tərəfindən salınması dəqiq bilinmir. Elmi araşdırmalar Van gölü hövzəsi ilə birlikdə şəhərin ilk sakinlərinin hurrilər olduğunu göstərir. Dilləri türkcənin də daxil olduğu Ural-Altay dil qrupuna aid olan hurrilərin mərkəzinin m. ö. 2000-ci illərdə Van gölü ətrafı olması bilinir. Yabanı armud hurrilərdən sonra m. ö. 1500-ci illərdə Asar dövlətinin bir uc bəyliyinə çevrilmiş və Asar hökmdarı Salmanassar (m. ö. 1274-1245) dövründə Urartulular onların bölgədəki nüfuzunu qıraraq m. ö. 900-cü illərdə Yabanı armudu hakimiyyət altına almışlar. Formalaşmış bir mədəniyyəti mənimsəyən və paytaxtı Tuşpa (bu günki Van) olan Urartu dövləti, təxminən 300 il boyunca Van gölü hövzəsində hakim olmuşdur. Ancaq özünəməxsus mədəniyyət və arxitektura üslubu ilə yanaşı suvarma əkinçiliyə əhəmiyyət verən Urartu Krallığının nüfuzu Asar kralı I. Salmanassar (m. ö. 1274-1245) və oğlu Tukulti-Ninurta (m. ö. 1244-1208) tərəfindən təşkil edilən yağma səfərləri və Asurlularla m. ö. 742-də başverən Kommagen döyüşü nəticəsində sarsılmışdır. Beləcə, Ahlatla bağlı tarixi məlumatlar zənciri xeyli uzundur. İndi isə gələk türklərin bu bölgəyə gəlməyinə. Miladi 217-ci ildə Ahlat Türkistandan gəlmiş mamık və ev adlı türk tayfalarının bəylik mərkəzi olmuşdur. 395-ci ildə isə hun türkləri Ahlat və ətraf ərazilərə köç edir. Miladi 550-660-ci illərdə Ahlat bölgəsində xəzər türkləri məskunlaşır. Mövzunu özünün (F.Gülənin) həsas həyat hekayəsi ilə davam etdirək: “Necə ki, şərqdə Malazgird bir başlanğıc və müqəddimədir... Səlcuqlular Malazgirdi fəth etdikdən sonra ayaqlarını yerə basır və illərdir yenə bir Türk yurdu olan Anadolunu istismar edən köhnə Bizansla hesablaşırlar. Elə cənub-şərqdən gəlmiş Türk boyları üçün də Ahlat eyni vəziyyətdədir. Ahlat şərqdən Anadoluya açılan bir qapıdır və şərqə deyil, daha çox Anadoluya aiddir”.

- Əcdadınızın belə bir diyarı tərk edib Ərzuruma gəlməsinin səbəbi nədir?

- Bizim sülalə bir namus məsələsi üzündən qarşı tərəflə silahlı qarşıdurmaya girir. Xəlil babamın bacısı qaçırılır. Vuruşma əsnasında qarşı tərəfdən biri ölür və dövlət məsələyə müdaxilə edir. Xəlil babam günahkar hesab edilməsə də, sürgünə göndərilir. Əvvəl Hasankaledə, sonra da Qorucuq kəndində məskunlaşır. Buna baxmayaraq, o, həmişə Ahlata qayıtmaq arzusu ilə yaşamışdır. Ona görə də, Ahlatdakı mal-mülkünə toxunmamış, Qorucuğa yalnız daşına bilən malları ilə gəlmişdi. Ancaq geri dönmək nəsib olmur.

..Qorucuqlu günlər...

Qorucuq həyatından bəzi məqamlar. Fəthullah Gülənin doğum haqqında şəhadətnaməsindəki rəsmi qeydiyyata görə 27 aprel 1941-ci ildə Ərzurumun Həsənqala (Pasinlər) ilçəsinin Qorucuq kəndində dünyaya gəlib. 1945-ci ildə – 4 yaşında anasından Quranı öyrənməyə başlayıb və qısa zamanda xətm edib.  "Mənim ilk Quran müəllimim anamdır. Anamın dediyinə görə, dörd yaşımda mənə Quranı oxumağı öyrədib. Bir ay içində də xətm elədiyimi deyir. Mən xətm eləməyimi xatırlamıram. Ancaq bu münasibətlə bütün kəndə yemək verdilər. Bir nəfər də mənə "Sənin toyundur” – dedi. Mən utandım, ağladım". 

1946-cı il. İbtidai təhsilə başladı. "O zamanlar kəndimizdə orta məktəb yox idi. Hal-hazırda mövcud olan məscidə bitişik mədrəsəni sinif kimi istifadə edirdilər. Gündüz uşaqlara, gecə də yaşlı kişi və qadınlara oxuyub-yazmaq öyrədirdilər. Pəncərədən o yaşlı insanların halını seyr edib gülərdim. Mənə onların halı çox qəribə gəlirdi. Yaşım çatmadığına görə məni birinci il məktəbə qəbul etmədilər. Məktəbə gedəndə yenə də yaşım az idi, lakin məktəbə getməyə davam etdim. İki və ya üç il məktəbə getdim."

1949-cu il. Atasının Alvar kəndinə imam təyin edilməsi və ailənin oraya köçməsi təhsilini yarımçıq qoydu və daha sonra qiyabi şəkildə tamamladı."İki il yarım təhsil aldıqdan sonra məktəbdən ayrıldım. Atam imam olaraq Alvara getdiyinə görə biz də ailəvi ora köçdük və mən bir daha məktəbə getmədim. Bir dəfə Qorucuğa gəlmişdim. Bir müəllimə məni gördü və "səni dördüncü sinfə keçirdim" – dedi, lakin bunun bir faydası olmadı. Məktəbə getmədim. İbtidai məktəbi Ərzurumda sonradan qiyabi imtahan verib bitirdim."

1951-ci il. Atası Ramiz əfəndidən ərəb dili dərsləri aldı və hafizliyini tamamladı. "Ev işlərindən və mal-qaraya baxmaqdan vaxt tapdıqca əzbərləyirdim. Buna baxmayaraq, yaxşı çalışanda bir gündə yarım cüz əzbərləyə bilirdim. Yazda isə heç vaxtım olmurdu. Həmin qış hafizliyimi tamamladım”.

Xronoloji ardıcıllığı burada dayandırıram. Çünki 1951-ci ildən sonra on yaşlı Fəthullah mükəmməl təhsil almaq üçün Qorucuqdan ayrılır...

Doğma kəndi haqqında belə deyir: ”Qorucuq bu gün də 70-80 evlik bir kənddir. Bu evlərin ən az əllisi bizimlə qohumdur. Kənd indi baxımsızdır, köhnə, xoş və zümrüd yaşılı kənddən bu gün əsər-əlamət qalmayıb. Bağrında bir qüdsi əmanət kimi saxladığı böyüklərin məzarları istisna edilsə, kəndə köhnə ruh saflığı və iman həyəcanı da yaddır,” – balaca kəndin dar yolları ilə gəzişərkən böyük insanın “Kiçik dünyam”da dediyi bu cümlələr gözümün önündə canlanır.

Qorucuq kəndi haqqında qısa məlumat: Ərzurumun Pasinlər ilçəsinin (Türkiyədə inzibatı bölgü vahidi) ən kiçik kəndidir. Kəndin neçənci ildə salınması haqqında tarixi mənbələrdə dəqiq məlumat olmasa da, adının etimologiyası barədə belə deyilir: kənd salınanda heç bir su mənbəyi olmayıb ona görə də Qurucuq-“susuz yer” adlandırlmışdır, sonralar bu ad el dilində Qorucuq şəklinə düşüb.

Kəndin kimsəsiz küçələrində addımlarkən özüm də bunun şahidi oluram. Yerli su mənbələri olmadığı üçün kənd əhalisi ildən-ilə azalır, adam hərdənbir gözə dəyir. O da heyvan otaran, iş dalınca gedən...

Kəndin yerləşdiyi bölgənin iqlim tipi kəskin kontenentaldır, qışı çox şaxtalı, suyuq, yayı çox isti keçir. Amma özünəməxsus maddi mədəniyyət nümunələrinə malikdir, mətbəxində su börəyi, sarma, kadayıf sarması, kadayıf dolması, mantı, tatar böreyi, cılbıra kimi yeməklər var. İnfrasturuktur baxımdan vəziyyət o qədər də ağır deyil: ilköyrətim (ibtidai) məktəbi, içməli su şəbəkəsi, səhiyyə məntəqəsi var. Elektirik şəbəkəsi və telefon rabitəsi də çəkilib. Kəndin ərazisindən dəmiryolu keçir, Ərzurumdan kəndə gələn yola asfalt örtüyü salınıb. 

Babası Şamil ağanın dilindən eşitdiyi bir əhvalat: ”İkinci Dünya müharibəsindən əvvəl çox şiddətli bir zəlzələ olmuşdu. Kənddə uçmayan bina qalmamışdı. Hər kəs xırman yerində yatır, evlərinə gedə bilmirdi. Halbuki, qış gəlib çatmış və qar başlamışdı. Bir gün mən də xırmana gedirdim. Qarşıma Məmməd Əfəndi çıxdı. Məndən "Şamil Ağa! Hara gedirsən?" deyə soruşdu. "Xırmana" deyə cavab verdim. "Get evində yat! Heç nədən narahat olma, əgər bu kənddə bir dənə daş düşsə gətirib onu mənim başıma çaxarsan" – dedi. "Niyə?" dedim. Mənə bunları söylədi: "Bu gecə kəndə Fəxri-Kainat Rəsulullah gəldi. Raşid xəlifələr də yanında idi. Hz. Əlinin əlində bir neçə paya vardı. Mən dərhal qaçıb hüzurlarına vardım. Rəsulullah üzünü mənə tutub:

-Molla Məhəmməd! Bu kənd sənindir? deyə soruşdu. Mən də "Bəli, ya Rəsulallah! Mənimdi"- dedim. Fəxri-Kainat Hz.Əliyə dönüb: "Ya Əli! Bu kəndə də bir paya çax, bir daha silkələnməsin!" – dedi. O da əlindəki payalardan birini düzənliyə vurdu…".

…o, belə doğulmuşdu…

Elə bu məqamda təsəvvürümdə yazmaqda olduğum kitabda balaca Fəthullahın doğum günü necə təsvir etməyi xatırladım: ”Ərzurum çoxdan qışa əlvida desə də, hələ baharın ilıq nəfəsi bu yerlərə gəlib çatmamışdı. Dağların ətəklərində topa-topa donub qalmış qar şırımları adamın canına ılıq üşütmə salan yaz soyuğu buranın baharın gəlişindən sonrakı mənzərəsi idi. Elə bil ömrünü başa vurmuş qış qorxunc olmasa da, yaza gücünü göstərirdi. Aprelin son günləri olsa da, bu fəsillərarası mübarizə insanlara qalın qış paltarlarını çıxarıb dərindən nəfəs almağa imkan verməmişdi. Elə buna görə də Qorucuqluların həyatında ciddi dəyişiklik yox idi. Əsas məşğuliyyəti əkin-biçin olan kənd əhalisi bir himə bənd idi ki, tarlaya-düzə tökülüb torpaqdan iki əlli yapışsın. Darıxmışdılar yazın can isidən havasına, kotanın altını üstünə çevirdiyi torpaqdan gələn rahatladıcı qoxu üçün! Hələlik, düzlərdə yavaş-yavaş cücərən yaz otları kəndlilərə təsəlli verirdi, lap az qalıb deyə. Ahıllar deyirlər ki, Ərzurumun hər qışı belə olur, yaman sərt keçir, odur ki, yazın gəlişi təqvimdəki kimi olmur, ən azı bir ay gecikir. Bu il qış daha sərt keçmişdi, kəndlilər yaydan toplayıb yığdığı azuqəni tamam qurtarmışdılar. Təknənin dibində un lap az qalmışdı. Camaatda narahatlığı artıran təkcə keçim sıxıntısı deyildi, bir tərəfdən də qara xəbərlər gəlməyə başlamışdı. Deyirdilər ki, hökumət yaz gələn kimi vergilərə yenidən baxacaq, kimdə birdən artıq kotan varsa alıb başqalarına verəcək. Hitler Almaniyasının Fransanı tutması və Türkiyənin çıxılmaz vəziyyətdə qalması ilə ölkədə belə bir şayə yayılmışdı. İnönü yaxınlarda ümumi səfərbərlik elan edəcək və Almaniya tərəfdən müharibəyə qoşulacaq. Belə xəbərlər təkcə şəhər əhalisini deyil, kənd camaatını daha narahat edirdi: kəndlinin nəyinə lazımdır, müharibə, filan? Onunku əkib-becərməkdir, məhsulun bol olması kəndlinin ömrünü uzadır.

Aprelin 27-si idi. Kəndin imamı Ramiz xoca bütün bu danışılanları saf-çürük edib ikindi namazına hazırlaşırdı. Məscidin artırmasına söykənib ürəyində Uca Yaradanla həsbi-hal edirdi. Elə bu vaxt gözü kəndin ayağından qaça-qaça gələn bir dəstə uşağa sataşdı. Allah eləməmiş, yoxsa qara xəbər var? Yoxsa təzə müharibə başlayıb? – deyə həyəcanlandı narahatlıqla mızıldandı. Bir neçə dəqiqədən sonra narahatlığa son qoyuldu.

Xanımı altıncı körpəyə hamilə idi, doqquzuncu aya yetişmişdi. Uşaqlar bir anda məscidin həyətinə doluşub sevinclə qışqırışdılar: Xocam, müştuluq! Muştuluq, oğlun oldu!

Çoxdan idi bu kəndə şad xəbər gəlmirdi. Uzun qış gecələrində bir-birinin damına yığılan kəndlilər bir şad xəbərin həsrətini çox çəkmişdilər. Odur ki, Ramiz xocanın övladının dünyaya gəlməsi lap göydəndüşmə olmuşdu. Həyəcanla evinə tələsəndə qapısının kandarına qədər kənd camaatının nə qədər təbriklərini eşitmişdi: “Xocam, Allah yarıyanlardan eləsin, Allah xeyirli tale qismət eləsin”... Sonuncu xeyir dua sevinclə bərabər evinə qədər onun təsəvvürlərində cövlan etmişdi: ”Xeyirli insan, xeyirli övlad olsun...” Axı, bu zamanədə hər şeyin olduğu kimi övladın da xeyirlisini tapmaq çətin məsələ idi. Hər kəs elə bil məsciddən soyumuşdu, hamı sabah, yatsı namazını evdə isti sobanın qırağında qılmağa üstünlük verirdi, hər kəs övladına şəxsi mənfəət hissini aşılamağa başlamışdı, əvvəlki xeyir-bərəkət qalmamışdı artıq kənddə...

Bu fikirləri sevinc hisləri ilə qarışdırıb beynində çək-çevir edən Ramiz xoca qapısının kandarına çatanda içində qəribə bir ümid boy verdi...içindən gələn səs ona: ”Bu xeyirli övlad olacaq inşaallah, təkcə sənə yox, bütün millətinə,” deyirdi. Bu inamın səsini ruhu ilə duyarkən yeni doğulmuş körpənin adı gəldi ağlına....

Səhəri gün kənd əhli danışırdı ki, Ramiz xoca yeni doğulmuş oğluna Fəthullah adını qoyub. Hələlik, bura qədər. Anadolunun bu kiçik kəndində 1941-ci ilin aprelindən sonra baş vermiş hadisələri qismət olsa, kitabdan oxuyacaqsınız.

..ilk məktəbi...

Qorucuğun köhnə küçələri ilə addımlayıb doğulduğu evdə o qədərdə uzaq olmayan oxuduğu məktəbə çatırıq. Burada da təmir gedir. Bir neçə otaqdan ibarət balaca bir binadır. Bizi Möhtərəm Fəthullah Gülənin kənddə yaşayan əmisi oğlu Necdət Gülən qarşılayır. Görkəmcə bir-birinə bənzəsələr də, Necdət bəydə ona başqa oxşar məqamlar tapa bilmirəm. Əvvəlcə, bizə ibtidai məktəbin ilk 3 sinfini oxuduğu məktəbi tanıtdı, burada birinci, ikinci və üçüncü sinifə qədər oxuyub. Dediyinə görə, məktəb 43-cü ildə tikilmişdi. Necdət bəy deyir ki, otaqlar çatmadığı üçün 4-cü, 5-ci sinif uşaqları da bir yerdə oxuyurmuşlar. Məktəbin əslində 3 otağı var; biri direktorun, digər ikisi də sinif otaqları olub. Necdət Gülən: ”Fəthullah xoca burada 3-cü sinifə qədər oxuyub, atası Alvar kəndinə imam təyin olunanda ailəsini də özü ilə ora aparıb. Təhsilini orada davam etdirməyə başlasa da, sırf dini təhsilə yönəlib. Alvar və Pasinlərin arası 7-8 km-dir. Hər gün təcvid-qiraət dərsləri almaq üçün bu yolu gedib-gəlir. 10 yaşına qədər belə davam edir. 11 yaşında da Ərzurumda mədrəsə həyatına başlayır. 17-18 yaşlarında vəz verməyə çıxmışdı, mən də kiçik idim. Bizim evdə qaldığı üçün xatırlayıram. Sonralar da qohum-əqrəbaya baş çəkərkən 15-20 dəqiqə birlikdə olurduq. Hər dəfə çoxlu qonaqlarla gəlirdi. Mən onu tanıyanda 18-19 yaşlarında idi. Aramızda 12 yaş fərq vardı, səhv xatırlamıramsa 4-5 yaşında uşaq idim. Bəzən bizim evdə qalardı. Suallar verərdik. Artıq onun 17-19 yaşlarında olduğu vaxtlar idi. Görüşlər çox qısa olurdu. Bizə baş çəkməyə gələndə bir ayran və ya bir qəhvə içər “Sağ olun” – deyib gedərdi. Gələndə də evdən  kənarda olardı, evə çox da girməzdi, söhbət edər, xütbə verərdi”. Sonuncu dəfə nə vaxt olub Qorucuqda? deyə soruşuram. Necdət bəy bir az yaddaşını qurdalayandan sonra cavab verir: ”1995-ci ildə.. burada bir qonaq evi var, öz yaxın dostaları ilə – 100 nəfərlə qonaq qaldılar. Onlar nə qədər gizli gəlib-getmək istəsələr də, eşidən hər kəs – dost-tanış qonşu kəndlərdən bura axışmağa başladı. Xocaəfəndi saat 9-10 arası kəndə gəlmişdi. Bu qonaq evi ancaq 100 nəfər tuturdu. Biz heç gələnləri yerləşdirməmiş Qarsdan, Ərzincandan onu sevənlər axışıb gəldilər. İnsanlar həyətdə növbə gözləyirdilər ki, onunla görüşsünlər. Düz gecə saat 3-ün yarısına qədər belə davam etdi. Sonra da səhər namazının vaxtı girdi. Namaz  hazırlıqları görüldü, namaz qılındı. Namazdan sonra yenə saat 6.30-a qədər söhbət davam etdi.Sonra 8.30-09.00 arası səhər yeməyi yeyildi. Saat beşə qədər yenə dəstə-dəstə insanlarla görüşdü. Amma həyətdə insanların sayı heç azalmırdı, elə hey yeniləri gəlirdi. Avqust ayı idi, pəncərələr açıq olduğu üçün Xocaəfəndini soyuqladı. Ərzuruma apardılar, 2-3 gün orda müalicə olundu, ondan sonra da heç kəndə gəlmədi”. Necdət bəy Qorucuqdan da danışdı: ”Kənddə 60 ev var, təxminən 400-450 insan yaşayır. Uzun müddətdir, evlərin sayı heç artmayıb. Amma əhalinin sayında bir az artım olub. Əvvəllər, köçənlər çox olurdu, 1995-ci ildən sonra köç dayandı”. Necdət Gülənlə söhbətimiz davam edir: ”Kənddə Xocaəfəndinin sinif yoldaşlarından biri qalıb, o, bizə danışıb ki, oyun oynayanda həmişə  çavuş kimi bizi idarə edərdi, uşaqlıqdan onda insanlara ideya vermək, yol göstərmək xüsusiyyətləri vardı”. N.Gülən: ”Ramiz xocadan eşitmişik: mənim böyük qardaşlarımdan biri təzə nişanlanmışdı, uzaq kəndlərdən birindən. Orada bizimlə yeni qohum olan adam nəslimizi, soyumuzu soruşdu. “Kimsiniz, haradan gəlmisiniz, türksünüzmü, kürtzünüzmü” –dedi. Cavab belə olub ki, “Bizim əslimiz ərəbdir. Amma Qafqaz tərəfinə keçiblər. Qafqazdan sonra Orta Asiyada yerləşiblər. Sonra babamız Ahlatdan bura köçüb. Orada nə isə bir narazılıq çıxıb. Oradakı torpağı satıb bura gəliblər, 17-ci əsrdə”. Necdət bəylə məktəbin yanından keçən yolun kənarındayıq. Yolu göstərib bunları deyir: ”Bu yol köhnə ipək yoludur, qərbi şərqə bağlayırdı. Buradan dəvə karvanları keçərdi. Kənarlarında indiki dillə desək, çox saylı otellər olub. Eşitdiyimizə görə, karvansaralar qurulduqdan sonra burada 60-70 m dərinliyində bir quyu qazıblar, kəndin adı da ondan meydana gəlib – Quyucuq.. sonradan dildə dəyişib olub Qorucuq.Yayda buralar susuz olur”.

Əziz oxucu, xatırladım ki, bu yazı 2007-ci ilin iyulunda Qorucuq kəndində gördüklərimin, eşitdiklərimin ifadəsidir. Aradan ötən müddət ərzində Anadolunun o kiçik kəndi  Qorucuqda çox şey dəyişib. Fəthullah Gülənin doğulduğu bu daxmanı böyüdüb qonaq evinə, oxuduğu məktəbi əsaslı təmir edib kitabxanaya çevirdilər. Bu barədə məlumatı sonralar – 2009-cu ilin avqustunda yazar Şəmsinur Özdəmirin yazdığı “Qorucuq kəndi övladlarını gəzləyir” sərlövhəli yazıdan götürdüm. Yazıda ev və məktəbin təmirdən sonrakı şəkilləri verilmiş və həssas xatirələr yer almışdı. Yazıdan bəzi məqamlar: ”İpək yolunun üstündə yerləşdiyi üçün qonaq-qaralı olurdu Qorucuq. 1925-ci ildə kəndin bir əziz qonağı oldu. Bədiüzzaman Səid Nursi Vanda Ərək dağında inzivada olduğu vaxtda hökumətin təzyiqi ilə yerini tərk edərək, şərq tərəfə üz tutur. Karvan Qurucuqda iki gün fasilə verdiyi üçün Bədiüzzaman də bir xan otağında qonaq edilir. Bu ziyarətin şahidi, o vaxt 27 yaşı olan mərhum Hacı Munir deyir: "Gələnləri tanımırdıq, eşitmişdik ki, bu karvan Qərbi Anadoluya tərəf gedir. Karvanda şeyxlər, seyidlərlə yanaşı Bədiüzzaman Həzrətləri də vardı. Özü incə, narın boylu, cantaraq səsli idi. Gözləri qaynar bulaq kimi parıldayırdı. Saqqalı yox idi, başında fəs vardı. Kəndimizdə iki gün qaldılar, əvvəlcə onu ziyarət etməyə çəkinirdik. Amma sonra karvanın başında duran yüzbaşı: “Gəlin, bu zatı ziyarət edin. Bu zatın Türkiyədə tayı-bərabəri yoxdur. Ləqəbi Bədiüzzamandır, ismi Səid Nursidir” – dedi. O vaxt mübarək Ramazan ayı idi...".

Fəthullah Gülənə ibtidai məktəbdə dərs demiş Belma Özbaturun 1996-cı ildə “Zaman” qəzetinə danışdığı xatirələrdən:” Qarlı bir gündə gəldik kəndə. Məni gətirən dayım: ”Sən burada qala bilməyəcəksən,” – dedi. Ancaq mən qalmaqda israr edincə xalam mənimlə qalmağa qərar verdi. Kənd camaatı məni sayğı və sevgi ilə qarşıladılar. Onlar mənə tez-tez “Müəllimə, sən bizə əmanətsən, sənə gələn bizə gəlsin” deyirdilər. Bu minvalla Qorucuqda üç il çalışdım. Oradan ayrılmaq mənim üçün çox çətin oldu”.

Hələlik bu qədər. Növbəti yazımızda Gülən ailəsinin kövrək xatirələrindən bəhs edəcəyik. Hörmətli Fəthullah Gülənin Ərzurumun Dadaşköy kəndində yaşayan qardaşı, tanınmış telejurnalist Kamal Gülənin atası Seyfullah Gülən indiyə kimi heç kimə danışmadığı bizimlə bölüşəcək.

{widgetkit=46}
Pin It
  • tarixində yaradılmışdır.
Copyright © 2024 Fəthullah Gülən Veb Saytı. Bütün hüquqları qorunur.
fgulen.com tanınmış türk alim və mütəfəkkiri Fəthullah Gülənin rəsmi saytıdır. Bu ünvan fgulen.com saytına məxsusdur.