Güləni dinləyərkən
Möhtərəm Fəthullah Güləni qarşısında oturaraq dinləyirəm. Hörmətli Gülən illərdir dinin əsası, Quran əxlaqı ilə çağdaş müsəlmanlara nümunəvi bir təmsil qabiliyyəti qazanmaq üçün çırpınır.
Dünyada və Türkiyədə demokratiyadan geriyə yol olmadığını 1994-cü ildə Gazeteciler ve Yazarlar Vəqfinin İstanbuldakı təqdimat toplantısında dilə gətirəndə bu sözləri çox diqqət çəkmişdi. Bir müsəlman fikir öndəri demokratiyaya ilk dəfə belə bir izah gətirmişdi. Təbii, buna şübhə ilə baxanlar, tənqid edənlər də oldu. Bu sözləri deyərkən nə qədər səmimi idi? Təqiyəmi edirdi?
Aradan 15 il keçdi. Hörmətli Gülənin məsləhəti ilə təhsil və dialoq fəaliyyətləri dünyanın hər yerinə yayıldı. Budur gələn həftə 115 ölkənin gəncləri Türk Dili Olimpiadasında yarışacaq. Yeni nəsil başqa rəng, dil, inanc və mədəniyyətdən olmalarına baxmayaraq, qardaş kimi, sevgi ilə, xoşgörü ilə bir yerə toplanır.
Hörmətli Gülən demokratiya barədə dindar insanların üfüqünü açdı. Dindar insanlar əvvəllər demokratiya mövzusuna əhəmiyyətli bir məsələ kimi baxmırdılar. Müsəlman ölkələrə baxsaq, İslam hərəkatlarının çoxu əks reaksiyalı hərəkatlardır. Hörmətli Gülən isə özümüz kimi qalaraq, öz dəyərlərimizlə dirçələrək dünya ilə inteqrasiyanı təklif edir. Bunun ilk şərti isə, Türkiyəni və dünyanı düzgün şərh etməkdir. İkinci şərti də müxtəlifliyin qabardığı, dərinləşdiyi bir dünyada yaşayırıq. Bu müxtəliflik ya münaqişəyə səbəb ediləcək, ya da zənginlik kimi görüləcək. Hörmətli Gülən bunu zənginlik olaraq görülməsini, ona tolerant yanaşılmasını, sülh adına məqbul yollarla zəmin hazırlanmasını tövsiyə edir.
Yollar – fikir və söz, din və vicdan azadlığının inkişafı, plüralizm, hər kəsin qanun qarşısında bərabərliyi, ədalətli gəlir bölgüsünün təmin edilməsi və şəffaflıq... Ortaq məxrəcimiz isə yüksək demokratiya idi. Daha insani, daha mənalı bir demokratiya...
Bu yolda müsəlmanın vəzifəsi nədir? Hörmətli Gülənin bu suala mənim diqqətimi çəkən iki cavabı var: Bir dialoqsuz heç nə etmək olmaz. Çünki dialoq aradakı uçurumu keçməkdir. Dialoq hər kəsin mövqeyinə hörmətlə yanaşmaqdır... Kim öz mövqeyinə hörmət istəyirsə, başqalarının mövqeyinə də hörmət etmək məcburiyyətindədir. İkinci, iş dialoqla bitmir, dialoqdan sonra əsas məsələ paylaşmaqdır. Dindar insanlar əgər dialoqun əhəmiyyətinə inanır, paylaşmağı qəbul edir, ümumbəşəri insani dəyərləri ortaq məxrəc qəbul edirsə, ediləsi bir şey var: "Sevərəm yaradılmışı Yaradandan ötrü" deyərək hər kəsə sevgi ilə qucaq açmaq, könüllərə girmək, könülləri fəth etmək... Bu asan yol deyil. Bu yolda özünü aşmaq var. Fədakarlıq var. Yalnız insana məxsus olan bir fəzilət başqaları üçün yaşamaq var... Hörmətli Gülənin təklif etdiyi yol budur. Nümunəsi özündən olan bir hərəkatla təmsilin gücünü ortaya qoymaq, insanı insanlıq dərəcəsinə ucaltmaq...
Keçən bazar günü ikindi namazdan sonra Hörmətli Gülənin qarşısında oturarkən qəlbim ondan ilk dəfə eşitdiklərimlə bir daha yuyundu. Hörmətli Gülən: "Həzrəti Əlinin yumşaqlığı Mövlanadan qat-qat üstündür" deyirdi. "Lənət etməyin, qarğış etməyin" deyirdi. Ardınca dedikləri məni sarsıtdı: "Qarğış etmək səviyyəli insanın işi deyil, insanın səviyyəsini aşağı salar..." O danışdıqca ruhumun da yuyunduğunu hiss etdim. Belə deyirdi:
"Allahım Sən onlara hidayət ver. Onlardan pis əməl etmə duyğusunu al və qəlblərini yaxşılıqla, gözəlliklə doldur. Sən daha yaxşı bilərsən..." Bizə dönüb sözünə davam etdi:
"Sizi tanımayanlar qorxuya, vahiməyə qapılıb günahlandırırlar. İnsaflı deyillər. Yer üzünə meteorit düşsə, “bunların ucbatından” deyirlər. Anacaq buna baxmayaraq, bizə mülayimlik, yumşaqlıq, şəfqət yaraşır. Bu isə peyğəmbəranə davranışdır. Madam ki, biz də onların yolundayıq, bu yoldan ayrılmayaq. Həqiqi fütuhat könüllərin fəthidir. Güclə edilən fəthlərin sonu var, lakin könüllərin fəthi daimidir".
Nə yaxşı ki, söhbəti-cananın mənbəyinə gəlmişəm...
- tarixində yaradılmışdır.