İslamiyyətdə insana sayğı!-1
"Bizim inancımıza görə, Cənabi-Haqq hər insanın mahiyyətinə bəzi yaxşılıq nüvələri, çəyirdkləri qoymuşdur. Bu cəhətdən hər insan potensial olaraq Cənabi-Haqqın adına and içdiyi şərəfli məxluqdur. Allah-Təala Qurani-Kərimdə: And olsun ki biz, insanı çox şərəfli yaratdıq" ("İsra" surəsi, 17/70) buyurur. Başqa bir ayədə isə "Biz insanı ən gözəl biçimdə (əhsəni-təqvimdə) yaratdıq!" deyilir ("Tin" surəsi, 95/4).
Diqqət edin, ayələrdə şərəfli və gözəl biçimdə (əhsəni-təqvim) yaradıldığı ifadə edilən və adına and içilən varlıq "mömin" deyil, "insan"dır.
Deməli, hər insan potensial olaraq bu şərəf və dəyərə malikdir. Biz məhz bu dəyərli varlığa da, mənimsədiyi dəyərlərinə də hörmət edirik. Çünki bir insanı doğru qəbul etdiyi, doğruluğuna inandığı dəyərdən ayıra bilməzsiniz. O halda əgər siz bir insanın inanıb mənimsədiyi dəyərlərə hörmət göstərmir, hörmət etmirsinizsə, deməli, o insana da, o insanın insanlığına da hörmət etmirsiniz.
Xülasə olaraq, bunu rahatlıqla deyə bilərik: Siz müxatəbinizi təhqir etsəniz, onda olan təhqir duyğusunu (özünüzə qarşı) oyadarsınız, əksinə müxatəbinizin mövqeyinə hörmət göstərsəniz, onda olan ehtiram hissini (özünüzə qarşı) hərəkətə gətirmiş olarsınız.
Bu məqam Qurani-Kərimdə belə bəyan edilir: "Allahdan başqalarına tapınanları söyməyin. Yoxsa onlar da (Allaha qarşı hörmət və ehtiram) bilmədikləri üzündən Allahı düşməncəsinə söyərlər" ("Ənam" surəsi, 6/108).
Gördüyünüz kimi İlahi Kəlam – Quran açıq şəkildə insanların ilah deyib əl açdıqları, yalvarıb-yaxardıqları ikona və bütlərə belə səbb etməməyi əmr edir. "Səbb etmək" sözünün dilimizdə ilk ağıla gələn mənası "təhqir etmək, söymək"dir. Lakin bu söz xoşagəlməz, yersiz, nalayiq söz, hörmətsizlik etmək mənalarını da verir.
Buna görə də, mömin olaraq istər səmavi din, istər də din şəklində ortaya çıxan təşkilat mənsublarına nalayiq və xoşagəlməz söz deməyimiz, onlara qarşı hörmətsizlik etməyimiz qeyri-mümkündür.
Bütün bu mülahizələrə istinadən insana hörmət duyğusunu öz içimizdə daim inkişaf etdirməyə və gücləndirməyə çalışmalıyıq ki, qarşı tərəflə münasibtdə təhqiramiz davranışlara yol verməyək və daim qəlb qapılarımızın hər kəsin üzünə açıq olduğunu göstərə bilək.
Dinimizin əmri bu istiqamətdədirsə, qənaətimcə, müxatəbimiz satanist və ya zərdüşt belə olsa, onların şeytana tapınma, zülməti həqiqi güc sahibi görmə kimi təsdiqi qeyri-mümkün olan düşüncələrini kəskin şəkildə dilə gətirmək doğru deyil və bu, bir üslub xətasıdır."
Müsəlmanın vəzifəsi isə münasibətlərdə gərginliyi körükləmək deyil, qurulan əlaqələrin mütəmadiliyini təmin etməkdir. Elə isə hər kəs özünü bir sorğuya çəkməlidir. Hansı tərəfdə yer aldığına bir baxmalıdır. Baxmalıdır, çünki İslam insana hörməti əmr edir. Artıq bundan sonrası insanın şüuruna, idrakına, dünyagörüşünə aiddir...
- tarixində yaradılmışdır.