Nəhayət, müsəlmanların Qərbə münasibətinə həqiqi bir baxış
Amerikanın görkəmli İslam alimlərindən professor dr. Con L. Esposito (Corctaun Universiteti, Vaşinqton) və dünyada məşhur "Gallup" təşkilatının "İslam Tədqiqat Mərkəzi"nin direktoru Daliya Moqahed böyük bir tədqiqat işinə imza atdılar. Əlli min nəfər arasında aparılan anketin nəticələri müsəlmanların Qərblə əlaqəli fikirləri haqqında konkret məlumat verdi. Əksəriyyəti müsəlman olan 35 ölkədə altı il boyunca aparılan tədqiqat kitab halında satışa buraxıldı. Kitabın adı: "Who speaks for Islam? What a billion müslims really think"dir (İslam adına kim danışar? Bir milyard müsəlman həqiqətən nə düşünür?)
Kitab 11 sentyabrdan sonra Qərb aləminin qarşısında duran "Müsəlmanlar niyə bizə nifrət edir?" kimi bəzi suallara cavab mahiyyətini daşıyır. Çünki son illərdə, ümumiyyətlə, müsəlmanların düşüncəsi deyil, bəzi radikal qrupların ifadələri ictimaiyyətə təbliğ edildi və İslama qarşı mənfi imic yaradıldı. Bu tədqiqat müsəlmanların əksəriyyətinin həqiqi dünyagörüşünü dünya ictimaiyyətinə təqdim edilən yalnış məlumatların əksinə, açıq-aydın ortaya qoyur. Neçə vaxtdır, elə qərəzlərlə, mənfi niyyətlərlə və səhv məlumatlandırmalarla cəmiyyətlər yönləndirildi ki, ancaq belə bir tədqiqatla bunların yalnışlığı vurğulanıb, yenidən dialoq zəminləri meydana gətirilə bilərdi. Çünki müsəlmanların əksəriyyəti heç bir zaman şiddəti, terroru təsdiq etmədi, ona tərəf çıxmadı. Amma buna baxmayaraq, müsəlmanları amansızcasına dünya ictimaiyyətinə yadlaşdırdılar. Heyrət və dəhşət içində ona atılan böhtanlara səbir etdi.
Nələr edilmədi ki! Dünyanın bir küncündə şəxsiyyəti naməlun bir nəfərin və ya qrupun etdiyi bir səhv müsəlman kimliyi ilə ümumiləşdirilərək mərhəmətsizcəsinə İslama və müsəlmanlara aid edildi. İnsanlar şübhə altında qoyuldu. Almaniya kimi ölkələrdə əcnəbilərə qarşı düşmənçilik alovlandırıldı və xalqlar arasında ideologiya və səhv məlumatlardan divarlar hörüldü.
Bəlkə, buna görə Con L. Esposito, "Türk İslamı və Dünyəvi Dövlət: Gülən Hərəkatı" (Syracuse Üniversity Press 2003) adlı kitab yazdı. Çünki Xoca Əfəndi terroru və şiddəti lənətləyən gur bir səslə dünya ictimaiyyətinə mövqeyini nümayiş etdirmişdi. 11 sentyabrdan sonra Qərbdə: "Nə üçün müsəlmanlar terroru açıqca lənətləmirlər" tənqidini edərkən, Xoca Əfəndi "Müsəlman terrorist, terrorist də həqiqi müsəlman ola bilməz", -deyə qəti və aydın bir şəkildə mövqeyini nümayiş etdirmişdi. Esposito bu mövqeyi və İslamın bu şərhini bütün dünyanın tanıması adına Gülənin fikirlərinə dəyər verdiyini yuxarıdakı əsəri ilə göstərmişdi.
Espositonun Gülən Hərəkatını analiz etdiyi kitabı ilə bu yeni tədqiqatı arasında müəyyən paralelliklər görmək mümkündür. Qərb aləminin müsəlmanlara qarşı olan səhv mövqeyi açıq-aydın ortada idi. Müsəlmanlara böyük haqsızlıqlar edildi. Onların düşüncə və hissiyyatı görməməzliyə vuruldu. Espositonun bu böyük araşdırması bir çox yönü ilə əhəmiyyət kəsb edir. Misal üçün; İranda sorğu aparılan insanların səksən beş faizi, İndoneziyada doxsan faizi, Səudiyyə Ərəbistanında isə altmış bir faizi kişi və qadın bərabərliyinin tərəfdarıdır.
Yenə 10-a yaxın İslam ölkəsində müsəlmanların çoxu: "Qərbin ən çox nəyinə dəyər verirsiniz?" sualını: "Texnikada inkişaf, fikir azadlığı, dinin rahat yaşanması və parlamentli demokratiya", -deyə cavablandırır. Tədqiqat müsəlmanların almanlarla əlaqədar düşüncələrini, hörmətsizlik, elmi və texnoloji inkişaf, təcavüzkarlıq və əxlaqi korlanma şəklində ortaya qoyur. Esposito Qərbə duyulan nifrətin əsas mənbəyini çox gözəl yekunlaşdırmışdır: "Müsəlmanlar bizə deyil, etdiklərimizə nifrət edir." Bu qənaəti də çox maraqlı və əhəmiyyətlidir: "Müsəlmanlar, ümumiyyətlə, Qərb demokratiyasına və fərdi azadlıqlara dəyər verirlər, lakin Qərbin sosial quruluşunun özlərinə tətbiq edilməsini istəmirlər. Müsəlmanlar Amerikanın istiqamətləndirdiyi və müəyyən etdiyi demokratiya modelini deyil, özlərinin də təyinedici rolda olmalarını istəyirlər. Nə sekulyarizmi, nə də teokratiyanı mənimsəyirlər. Müsəlmanların əksəriyyəti dinin təməl dəyərləri ilə birlikdə demokratik bir sistem istəyirlər."
Bu təsbit Xoca Əfəndinin demokratiya ilə əlaqədar düşüncələri ilə necə də üst-üstə düşür: "Kamil və hər şəxs tərəfindən mənimsənmiş bir demokratiyadan bəhs etmənin mümkün olmadığı və demokratiyanın hələ bir inkişaf mərhələsini yaşadığı belə bir dövrdə İslamın demokratiyaya qata biləcəyi zənginlik də mütləq düşünülməlidir. Əbədi bir Zatın təvəccöhündən və əbədiyyətdən başqa heç bir şeylə razı salınması mümkün olmayan insan oğlunun mənəvi ehtiyaclarına da cavab verə biləcək bir demokratiyanın inkişaf etdirilməsi məsələsi də mütaliə və müzakirə edilməlidir. İstəsəniz siz belə bir anlayışa "məna yönlü demokratiya" da deyə bilərsiniz. Yəni, insan haqq və azadlıqlarına hörməti ehtiva edən, din və vicdan azadlığını güdən, eyni zamanda insanların inandıqları kimi yaşamalarına da mühit hazırlayan bir demokratiya... İnsanların əbədiyyətlə əlaqəli istəklərini yerinə yetirmək mövzusunda onlara köməkçi olan demokratiya... İnsanın maddi-mənəvi bütün ehtiyaclarını nəzərə alan və onun bütün ehtiyaclarını təmin etməyi hədəf seçən kamil demokratiya... Məhz demokratiyanı bu cür inkişaf etdirib insaniləşdirmənin yolları axtarılmalıdır. Təəssüf ki, insanlıq hələ bu üfüqə çatmayıb. Nə Qərbdə, nə Şərqdə, nə Amerikada, nə də Uzaq Şərqdə hələ belə bir demokratiyadan danışmaq mümkün deyil."
- tarixində yaradılmışdır.