Səmimi olun, kifayətdir...
Arif Akpınar bəyin yazıb göndərdiyi bir xatirəni olduğu kimi sizlərə təqdim edirəm:
1993-cü il idi... Haray salmışdılar ki, bu il Qurban kəsilən heyvanların dərisini ancaq THK toplamalıdır. Həmin günlərdə vəqfimiz məktəb inşaatına başlamağı planlaşdırırdı, amma heç cür ərazi tapa bilmirdi. Baxdığı yerlərə də imkanı çatmırdı.
Dostlar iki-üç nəfərlik dəstə şəklində heyvan dərisini yığmağa çıxırlar. Həsən həkimlə bir ədəbiyyat müəllimi maşına minib Ağsu Dərəsinin kənarındakı məhəllələri gəzməyə başlayırlar. Günortaya qədər gəzirlər, amma yayılan xəbərə görə xalq dəri vermək istəmir.
“Bəlkə verən olar” ümidi ilə maşını başqa yerə - Dərəli ilçəsinə sürurlər. Ancaq ordan da əliboş qayıdırlar. Şəhərə gəlib məhəllələri bir də gəzməyə başlayırlar. Sağa-sola baş vursalar da bir nəticə əldə edə bilmirlər! Yorğun düşürlər, içməyə su axtarırlar.
Evin qabağındakı ağaca heyvanı asıb dərisini soyan bir nəfəri görürlər. Birini kəsib, o birisi də kəsilməyi gözləyir. Yanında da bir bidon su... Dostlar ona yaxınlaşır məramlarını bildirirlər. Səliqəli geyimli, qalstuklu bu insanları görən adam əvvəlcə onları yaxşı qarşılayır. Hansısa bir vəqfin adından gəldiklərini eşidəndə isə üzunu çevirib: “Mən başqasına söz vermişəm”, -deyir.
"Sudan içə bilərik?” deyən dostumuza üzünü çevirmədən “Buyurun, için”, - deyir. Dostlar bu adamın heyvanın dərisini soymada çətinlik çəkdiyini görüb yerdəki bıçaqları götürərək kömək etmək istəsələr də, köməkdən imtina edir. “Yaxşı əmican, dəri-zad istəmirik. Suyu içdik, icazə ver kömək edək, görürük ki, çətinlik çəkirsən”, deyərək dostlar bir neçə dəqiqəyə heyvanı soyurlar. Adam məəttəl qalır: “Siz kimsiniz belə qalstuqlu-zadlı, qəssab kimisiniz, maşaallah!”, deyir.
“Mən ədəbiyyat müəllimiyəm”, - deyən dostumuza inanmır: “Bayram günü müəllimin dəri ilə nə işi var?” Sənədini görəndə, təəccüblənir. O birinə: “Siz də müəllimsiniz?” – deyir.
“Xeyr, mən Dərəli ilçəsinin dövlət xəstəxanasının baş həkimiyəm”, - cavabını eşidən adam əlini havada yelləyib: “Yaxşı görək, mənimlə zarafat edirsiniz!” – deyir. Həkimin sənədini görəndə ağzı açıq qalır.
“Biri həkim, biri müəllim, bayramı evində ailəsi ilə keçirmək əvəzinə burda dəri yığır. Bu necə olan işdir! Bu vəqf hardadır belə, bir danışın görək”, - deyir.
Onu vəqfə dəvət edirlər. Görüb tanış olandan sonra həmin adam olur vəqfin İlyas əmisi. Başda dəri verməyən İlyas əmi, bir gün torpaq sahəsini vəqfə bağışlayır. Qurban kəsilən həmin o yerdə indi bir məktəb ucalıb.
- tarixində yaradılmışdır.