Türkiyənin əriyən demokratiyası
Türkiyənin son bir neçə ildə düşdüyü vəziyyətə baxanda çox məyus oluram. Türkiyə yaxın vaxtlara qədər güclər ayrılığına, qadın və kişi hüquqlarının bərabərliyinə, ümumbəşəri insan hüquqlarına, hüququn aliliyinə, qeyri-müsəlman və kürd vətəndaşlarının hüquqlarına riayət edən demokratik bir yol tutmuşdu, Avropa Birliyinə (AB) layiq bir namizəd kimi müsəlman ölkələrinin qibtə etdiyi bir ölkə idi. İktidar partiyası AKP-nin bu müsbət prosesi tərsinə çevirməsi, QHT, KİV və məhkəmə sisteminin müstəqil fəaliyyətinə aman verməməsi və sərbəst iqtisadi mühitə zərbə vurması ilə bu tarixi fürsət əldən çıxmış oldu.
Görünür, hazırkı hökumət seçkilərdə qazandığı qələbəni əldə bayraq tutaraq mütləq hakimiyyət iddiasındadır. Ancaq seçkidə əldə edilən qalibiyyət konstitusiyaya zidd addımlar atmağa və ya müxalifləri susdurmağa haqq qazandıra bilməz, üstəlik hökumət kapitalizminə və mediasına söykənərək. AKP-nin liderləri onlara ünvanlanan hər bir demokratik tənqidi dövlətə hücum kimi göstərirlər. Tənqidi fikir səsləndirən insanı düşmən, hətta daha da dəhşətlisi, xain elan edib ölkəni totalitar rejimə sürükləyirlər.
Bu təzyiqlərin son qurbanı müstəqil media qurumlarının əməkdaşları, idarəçiləri və redaktorlarıdır. Yaxın keçmişdə məhkəmə sistemində və qanunlarda dəyişikliklər edərək sözügedən şəxslərin həbs olunmasına və məhkəmədə mühakimə edilməsinə hüquqi zəmin hazırladılar. Dekabr ayında ölkənin ən baxımlı kanallarından birinin direktoru həbs edilmişdir və hələ də dəmir barmaqlıqlar arxasındadır.
Rüşvət və korrupsiya istintaqını aparan dövlət məmurları da sırf öz vəzifələrini yerinə yetirdiklərinə görə haqsız təyinatlarla başqa yerlərə göndərildi və ya həbs edildi. Müstəqil məhkəmə hakimiyyəti, QHT-lər və KİV həmişə hökumətin, səlahiyyətinə aid olmayan sahələrə müdaxiləsinin qarşısını almağa çalışmışdır. Bu haqsız addımlar iqtidar partiyasının ona qarşı çıxan hər kəsi böhtanlarla, qanunsuz təzyiqlərlə, hətta əsassız ittihamlarla hədəfə qoyacağına dair təəssürat oyadır.
Türkiyə hökuməti nəinki Qərb dünyasını özündən uzaqlaşdırır, üstəlik Yaxın Şərqdə nüfuzuna da xələl gətirir. Türkiyənin bu bölgəyə müsbət təsiri təkcə onun iqtisadi vəziyyətindən deyil, demokratik sistemin düzgün işləməsindən də asılıdır.
İnsanları izləmək qeyri-tolerantlığın əlamətidir
Hüququn aliliyinə və şəxsi azadlıqlara riayət demokratiyanın məhək daşı olduğu kimi, həm də Allahın bizə bəxş etdiyi əsas islami dəyərlərdəndir. Heç bir siyasi, ya da dini liderin bunu insanların əlindən almaq səlahiyyəti yoxdur. Bəzi ilahiyyatçıların iqtidar partiyasının zülmünə və bulaşdığı cinayətlərə dini don geyindirməyə çalışması, bəzilərinin də hadisələrə səs çıxarmaması insanda təəssüf hissi doğurur. Dini şüar və rəmzlərlə çıxış edən, ancaq dinin əsas prinsiplərini pozan şəxslərin ilahiyyatçılardan dəstək görməyə layiq deyillər.
Zülmə münasibət bildirmək demokratik haqq, vətəndaşlıq vəzifəsi və inanan insanlar üçün dini bir borcdur. Qurani-Kərim insanlara ədalətsizlik qarşısında susmamağı əmr edir: “Ey iman gətirənlər! Haqqın tərəfində olun, ədalətdən möhkəm yapışın və hər işdə adil olun! Bu hökmünüz və şahidliyiniz sizin özünüzün, ata-ananızın, yaxın qohumlarınızın əleyhinə olsa belə, Allah üçün şahidlik edən insanlar olun!” (“Nisa” surəsi, 4/135)
“Hizmət” və ya “cameə” kimi tanınan və milyonlarla mənsubu və sevəni olan bir Hərəkatın əlli ildir, üzvü olduğuma görə özümü xoşbəxt sayıram. Hərəkatın könüllüləri öz həyatını dinlərarası dialoqa, xalqa xidmət etməyə və humanitar yardım işlərinə həsr edən, insanların həyatını dəyişdirən təhsili əlçatan edən Türkiyə vətəndaşlarıdır. Bu Hərəkatın könüllüləri 150-dən çox ölkədə sayı minə çatan, dünyəvi və müasir təhsil verən məktəblər, hazırlıq kursları, ali məktəblər, xəstəxanalar və humanitar yardım təşkilatları qurmuşdur. Könüllülər arasında müəllim, jurnalist, iş adamları və sadə vətəndaşlar var.
İqtidar partiyasının Hizmət könüllürlərini təzyiq altında saxlamaq üçün ortaya atdığı ittihamlar hökümətin öz avtoritar rejimini haqlı göstərmək məqsədinə xidmət edir. Hizmət könüllüləri indiyədək nə bir siyasi partiya qurmuş, nə də bir siyasi məqsəd daşımışdır. Onlar bu Hərəkata kənar təsirlərlə deyil, öz istəkləri ilə qoşulmuşlar.
Ömrümün əlli ildən çoxunu sülh, qarşılıqlı hörmət və digərqəmlik kimi dəyərləri təbliğ etməklə keçirmişəm. Həmişə təhsil, xalqa xidmət və dinlərarası dialoqu təşviq etmişəm. Mən həqiqi xoşbəxtliyi başqalarının xoşbəxtliyində və insanlara xidmət edərək Allahın rizasını qazanamaqda görürəm. Əgər məndə bir təsir gücü görürlərsə, bunu daim fəzilətli insanların yetişməsinə zəmin hazırlayan təhsil və humanitar layihələrin təşviqinə sərf etmişəm. Mənim heç vaxt siyasi məqsədim olmayıb.
Mən də daxil bir çox Hizmət könüllüləri başda 2005-ci ildə başlayan AB-yə üzvlük müzakirələri olmaqla, iqtidarın bir çox siyasi addımlarını dəstəkləmişik. Bügünkü tənqidlərimiz kimi, odövrkü dəstəyimiz də prinsiplərə və dəyərlərə əsaslanırdı. Cəmiyyəti dərindən sarsıdan hökümətin siyasi addımları haqqında fikirlərimizi dilə gətirmək bizim haqqımız və vəzifəmizdir. Təəssüf ki, qanunsuzuqlara və avtoritarlığa dair demokratik yolla dilə gətirdiyimiz fikirlərimiz bizi “cadı ovu (cadugar ovu)”nun qurbanına çevirdi. Hizmət könüllüləri ilə birlikdə mən də nifrətin, media vasitəsilə qaralama kampaniyalarının və məhkəmənin haqsız hücumlarına məruz qaldım.
Hizmət könüllüləri bütün sahələrdə olduğu kimi, dövlət müəssisələrində və özəl sektorda da çalışır. Ökənin vətəndaşı olan bu şəxslər qanunlara, çalışdıqları müəssisələrin nizamnamələrinə və əsas əxlaq prinsiplərinə əməl etdikləri halda konstitutiv hüquqlardan məhrum edilmələri və Hizmət ideallarına bəslədikləri məhəbbətə görə ayrı-seçkiliyə məruz qalmaları qəbuledilməzdir. Cəmiyyətin hər hansı bir kəsimini izləmək və onu təhlükə kimi görmək qeyri-toleratlığın əlamətidir.
Təzyiqlərin qurbanı təkcə biz deyilik
Zənn etməyin ki, AKP-nin qurbanı təkcə bizik. Sülhsevər ətraf mühit mühafizəçiləri, kürdlər, ələvilər, qeyri-müsəlmanlar və iqtidar partiyası ilə birlikdə hərəkət etməyən bəzi sünni müsəlman qruplar da bu siyasətin qurbanıdır. Güclər ayrılığı prinsipinə tam əməl edilməyən bir ölkədə heç bir şəxsin, ya da qurumun hökumətin qəzəbinə tuş gəlməyəcəyinə əmin olması mümkün deyil. Dini inancları nə olur-olsun vətəndaşlar ümumbəşəri insan hüquq və azadlıqları ətrafında bir araya gələ bilər, gəlməlidir və bu hüquqları pozanlara demokratik yollarla etirazını bildirməlidir.
Türkiyədə hal-hazırda demokratiya və insan hüquqları, demək olar ki, işləmir. Ölkə idarəçilərinin hazırkı avtoritar addımlara son qoyması üçün ümidlə dua edirəm. Keçmişdə Türk xalqı seçkilərlə iqtidara gələn, ancaq demokratiyadan uzaqlaşan idarəçiləri qəbul etməmişdir. Ümid edirəm ki, xalqımız ölkənin gələcəyini qorumaq naminə hüquqi və demokratik haqlarından bir daha istifadə edəcəkdir.
Bu məqalə 3 fevral 2015-ci ildə “New York Times” qəzetində dərc dilmişdir.
- tarixində yaradılmışdır.