Hər bir partiyada xalqa layiq, çox dəyərli namizədlər var
Fəthullah Gülən Xocaəfəndi böyük əks-səda doğuran müsahibənin son hissəsində “Camaat hansı partiyaya səs verəcək?” sualını cavablandırdı.
Həyatın mənasını seçkilərdən ibarət görməyi möminlərə yaraşdırmadığını söyləyən Xocaəfəndi “Bir partiyaya səsverməlisiniz” deməyi insan vicdanına təzyiq olaraq gördüyünü, təkcə bir partiyanın arxasınca gedilməsini toplumun digər kəsimlərindən təcrid olunmaq saydığını bildirdi. Xocaəfəndi: “Hər kəs ətrafına baxacaq, bələdiyyə sədrliyinə namizədləri dəyərləndirəcək. Nəticə etibarilə, bu, parlament seçkisi deyil. Namizədlər partiyadan daha mühümdür və hər partiyada xalqa layiq, çox dəyərli namizədlər var. Hər hansı bir partiyaya səs verməsəniz, günah işləmiş olmasınız”, − deyə fikirlərini bildirdi.
Seçkilərə az qaldı, “Camaat hansı partiyaya səs verəcək?” sualı ətrafında müzakirələr gedir.
Elə hey bundan danışmağı, həyatın mənasını seçimdən ibarət görməyi, düzü, möminlərə yaraşdırmıram. Şübhəsiz, ölkənin gələcəyi üçün seçkilər də mühümdür, ancaq hər şey seçkilərdən ibarət deyildir. Sizin də bir yerdə dediyiniz kimi, “əməl sandığını” bir kənara atıb, yalnız “seçki sandığı”nın dərdinə düşən insanların bu uğurda nə hala düşdüklərini, necə asanlıqla yalan danışıb iftira atdıqlarını görməmək, üzülməmək əldə deyil.
Səs vermə məsələsinə gəlinc, Fəqir (özünü qəsd edir) həmişə “Əlinizi vicdanıza qoyun, ona görə səs verin” deyib. “Mütləq bir partiyaya səs verin” deməyi insan vicdanına təzyiq olaraq gördüyüm kimi, təkcə bir partiyanın arxasınca getməyi toplumun digər kəsimlərindən təcrid olunmaq sayıram. Referendumda da mövqeyimizi bir partiyaya görə deyil, atılan demokratik addımlara görə açıq-aşkar ortaya qoymuşduq. Onun da qiymətini bilmədilər...
Bir tərəfdə səhərdən axşamadək həqarət yağdıran bir partiya sədri var. Və təəssüf ki, bu partiyanın aqil insanları səs çıxarmamağa üstünlük verirlər. İfrat partiya təəssübkeşlərini bir kənara qoysaq, AKP üzvlərinin necə üzüldüyünü xəbər alıram. Bu qədər ağır sözləri içinə sinirən varsa, yenə də gedib səs verə bilər, amma hər bir insaflı insanın ürəyini göynədən, vicdanını qanadan o sözlər, mənə elə gəlir, dostlarımızı da dərindən sarsmışdır. Hər kəs ətrafına baxacaq, bələdiyyə sədrliyinə namizədləri dəyərləndirəcək. Nəticə etibarilə bu, parlament seçkiləri deyil. Namizədlər partiyadan daha vacibdir və hər partiyada xalqa layiq, çox dəyərli namizədlər var. Hər hansı partiyaya səs verməsəniz, günah işləmiş olmazsınız.
Amerikada yaşamağınız, Türkiyəyə qayıtmamağınız haqqında bir sıra iddialar ortaya atılır. Bu haqda nə deyərdiniz?
Qayıtmağımı istəyənləri hüsnü-zənnlə qarşılmaq istəmişəm. Bundan əvvəl də qayıtmağımı istəyənlər olmuşdu. O vaxtlar da əsl niyyəti anlayırdım. Ancaq nəzakətsizlik etməməyə və möminlərə hüsnü-zənn bəsləməyə çalışmışam. Başdan bəri deyim ki, mən sadə, sıravi bir möminəm. Gözüm yuxarılarda olmayıb. Həmişə bu cür yaşamışam. Allaha bəndə olmağı heç bir məqam-mənsəbə dəyişmərəm. Cənabi-Allaha bu şəkildə qovuşmaq istərəm. Heç bir xarici qüvvə ilə əlaqəm yoxdur, ola bilməz. Xarici qüvvələrin toruna düşənlər mənfəət, iqtidar kimi dünyəvi məqam-mənsəbin dalınca qaçanlardır. Təəssüf ki, güc-qüvvə əldə edincə despotlar kimi dövləti, hakimiyyəti ələ keçirmək, hətta ömürlük mənimsəmək həvəsinə düşənlər güc və iqtidarda gözü olmayan, hətta bu cür şeylərdən uzaq gəzən, Allahın rizasını və axirəti düşünən insanları təhlükə kimi görməyə başlayırlar. Bu insanları dövlətə təhlükə kimi göstərmək istəsələr də, əslində onları özlərinin gələcək planları üçün bir əngəl olaraq görürlər.
İnkişaf etməkdə olan ölkələrdə belə insanlar söz və əməllərinə görə mühakimə olunur və bu dəlillər əsasında məhkəmədə hökm verilir. 50 ildə işlədiyim əməllər, danışdığım sözlər də xalqın və dövlətin gözü qarşısındadır. Gizli planları olan bir insan 50 ildə, heç olmasa, eyhamla, işarə ilə bunu büruzə verməli deyildimi?
Qayıdıb-qayıtmama məsələsinə gəlincə, dünən bir cür, bu gün başqa cür düşünənlərin fikirləri ilə deyil, səmimiyyətinə güvəndiyim dostlarımla məsləhətləşib qərar verərəm. Yenə təkrar edirəm, əgər qayıdası olsam, onun-bununkimi deyil, Ramiz Əfəndinin Üç Şərəfəli məsciddə imamlıq edən oğlu kimi dönərəm.
Müsibətlər gəldi-gedərdir, kimsədən inciməyin
Xeyli vaxtdır, söhbətlərinizə fasilə vermisiniz. Sizi sevən insanlar məruz qaldığınız bu qədər təzyiq və həqarətlər qarşısındaduyğu-düşüncələrinizi öyrənmək istəyir, onlara sözünüz varmı?
Başımıza gələnləri daima səbirlə qarşılamalı və pak üslubumuza əsla xələl gətirməməliyik. Bütün dövrlərdə insanlar müxtəlif çətinliklərlərlə üzləşmişdir. İmam Rəbbani, Həsən Şazəli, Mövlana Bağdadi kimi böyük şəxsiyyətlər də olmazın məşəqqətlərə məruz qalıblar. Ustad Bədiüzzamanın çəkdiyi əzab-əziyyətlər dillərdə dastandır... Onun çəkmədiyi cəfa, görmədiyi əza qalmamışdı. Biz o böyük zatların qapısında ancaq qitmir ola bilərik. Madam ki, əsl yol onların yolu, əsl üslub onların üslubudur, elə isə hər cür çətinliyə hazır olmalıyıq. İnciməmək lazımdır. Səhər-axşam Allaha yalvarmalı, “Radinə billəhi rabbən və bil İslami dinən və bi Muhammədin rasulə (sallallahu aleyhi və səlləm). (Rəbb olaraq Allahdan, din olaraq İslamdan, peyğəmbər olaraq Məhəmməddən (sallallahu aleyhi və səlləm) razıyıq.)” deməliyik. Ondan qətiyyən küsüb-inciməməli, daim riza hissi ilə oturub-durmalıyıq. Müsibətlər müvəqqətidir, gəldi-gedərdir. Dünyada sunami kimi bizi qabağına qatıb aparsa belə, əgər Allahla irtibatımıza xələl gəlməyibsə, axirətdə qazanan biz olarıq. Bu məfkurəyə könül verən insanlar bu yolda dünya mənfəətini qayə bilməmişlərsə, o biri aləmdə əbədi səltənətlərlə mükafatlandırılarlar. Hər kəs yerində möhkəm dayanmalı, mövqeyini dəyişməməlidir. “İllah da bu yol olsun!” deməməli, əsas yollar bağlansa belə, şəraitdən asılı olaraq başqa yollar tapıb mənzilə varmağa çalışmalıyıq. Bu varılası mənzil ümumbəşəri insani dəyərlərdir. O insanlar heç vaxt ümidsizliyə düşməyib, biz də düşməməliyik. Ümidimizi itirməməliyik. Akif deyir: “Yəs (ümidsizlik) eylə bir bataqlıq ki, düşsən, boğularsan / Əzminə möhkəm sarıl bax nə olarsan...” Yaşayanlar daima ümidlə yaşar, ümidsizlər ruhunu, vicdanını bağlar”. Allahın izni və inayəti ilə, bu qara buludların çəkilib gedəcəyinə inanırıq. Ümidimiz həmişə bu olub.
İndiyədək məruz qaldığımız şeyləri sizdə söylədiniz. Hələ hərbi xidmətə geməməmişdim, 27 May çevrilişi oldu, o vaxt təzyiqlə üzləşdim. 12 Martda da təzyiqlər əskik olmadı. 12 Sentyabrda 6 il təqib olundum. Mərhum Turqut Özal iqtidara gələndən sonra mövqeyini ortaya qoydu, yaxamdan əl çəkdilər. Bu təzyiq və təqiblər sonrakı illərdə də davam etdi. Həccə getdim-gəldim. Yenə yoluma əngəl çıxardılar. Yenə Dövlət Təhlükəsizliyi Məhkəməsində ifadəmi aldılar. 28 Fevraldan sonra Prokuror Nuh Mete Yüksəlin barəmdə açdığı məhkəmə işi neçə il çəkdi. Orada pislik, rəzillik, alçaqlıqla qarşılaşdım, burada Nyu Cersinin Baş Prokurorundan hörmət gördüm. Məni çöl qapıda qarşıladı. Əhvalım pozulmasın deyə oturmağa kömək etdi. Gedib öz stəkanını yudu, su doldurub qabağıma qoydu. “İfadə verəcəksiniz, dodağınız quruyar”, − dedi. Burada bu hörməti gördüm. Bu insan bizi tanımır, bilmir... Sonra dedik: “Bəlkə, bu alicənablığına görə bir hədiyyə verək?” Vasitəçilik edən Kamal bəy sağdır. Hədiyyəni verəndə “Mən məhkəmə işinə baxdığım insanın hədiyyəsini qəbul edə bilmərəm”, − dedi. Bəli, “Bu insanlar, bu dövlət o qədər mənfi hallara baxmayaraq, hələ də ayaq üstədirsə, demək, bu hüquq fəlsəfəsi, bu hüquq anlayışı sayəsindədir. Dünyanın hegemon dövlətidir”, dedim.
Bəli, bunu da qeyd edim. Hərbi xidmətdə də vəz verdiyimə görə həbsə girmişəm. Məni himayə edən bir komandir vardı. Vəz verməyə icazə verir, özü də gəlib-gedirdi. O ayrılanda məni qucaqlayıb ağladı. “Mən gedəndən sonra sənə pislik edərlər”, − dedi. Dediyi kimi də çıxdı. Həbsxanaya atdılar, bir müddət yatdım. Dəfələrlə təzyiqlərə, təhriklərə, həqarətlərə, təhdidlərə məruz qaldım. Ancaq indi çəkidiklərim əvvəliklərin yüzdə biri də deyil. O ədəbsiz sözlər, o ifadələr, o bəyanlar... İnsanın söz, söhbət, rəftar, davranışlarına əks edənlər əslində onun xarakterindən xəbər verir. Heç kimə heç nə deyən deyilik, vəssalam.
Yeni konstitusiya şərtdir
Türkiyə çətin dövrdən keçir. Bəzən insanlar bu qarışıqlıqdan ümidsizliyə düşürlər. Sizcə,Türkiyənin bu vəziyyətdə çıxış yolu nədir?
Əvvəla qeyd edim ki, belə dövrlərdə Cənabi-Mövlaya pənah aparmaq, Ona yalvarmaq, Ona sığınmaq lazımdır. Aqibətindən qorxmayanın aqibətində qorx! Öz aqibətindən arxayın yaşayıb başqalarının imanından şübhə edənlər böyük bir mənəvi təhlükə ilə üz-üzə qalar. Həzrət Ömər aqibətindən nigarandı. Günahlarına, savablarına baxar, “Başabaş gəlsə, sevinərəm”, − deyərdi. Biz də, xüsusən, bu axırzamanda aqibətimizdən qorxmalı, “Tut əlimdən, Allahım! Tutmasan, həlak olaram" deyib, Onun rəhmət və inayətinə sığınmalıyıq. Fərd kimi, xalqın da pənahgahı iman və təvəkküldür. Bu pənahgaha sığınmayan, Allah eləməsin, eqosunun, mənəm-mənəmlik hissinin altında qalıb əzilə bilər.
Bu, məsələnin bir tərəfi. Digər tərəfi: bu ölkənin hazırkı əngəlləri aradan qaldırmaq üçün yeni ab-havaya ehtiyac var. Əsas hüquq və azadlıqlara təminat verən bir konstitusiyanın hazırlanması şərtdir. Belə bir konstitusiyanın qəbul edilməsi üçün, zənnimcə, xalqın tələbi artmalı, səlahiyyətli şəxs və qurumlar əlindən gələni əsirgəməməlidirlər. Təəssüf ki, demokratik hüquq dövlətinin normaları pozulmuşdur. Bir çox ziyalı da bu aspektdə fikirlərini səsləndirdilər. Özündən, öz milli dəyərlərindən və xalqından uzaqlaşan Türkiyə dünyadan da fərsəx-fərsəx uzaqlaşmış olar.
Bu gün fərd və toplumların mənafeyi dövlətin mənafeyindən üstün tutulur. Heç bir layihəni yuxarıdan təzyiq göstərməklə, zorla həyata keçirmək mümkün deyil. Ta əsrin əvvəlində Bədiüzzaman: “Mədənilərə iqna ilə (inandırmaqla, sözlə) üstün gəlmək olar, icbarla (zorla) deyil”, − demişdi. Bu baxımdan topluma edilən təzyiqlərin ömrü uzun olmaz. Hadisələrə səbirlə, təmkinlə, fərasətlə, sayıqlıq və bəsirətlə yanaşmalıyıq. Siz məsələyə təmkinlə və ciddiyyətlə yanaşsanız, hədisələrə səbir və təvəkküllə sinə gərsəniz, haqq gec-tez öz yerini tapacaqdır. Hətta o gün bəzi insanlar etdiyi qeybətdən, atdığı iftiradan xəcalət çəkib utananda siz: “Bu gün qınaq günü deyil!” deyəcək, onlara da qucaq açacaq, işlədikləri günahlarını üzünə vurmayacaqsınız. Tarix boyu həmişə belə olub. İnsanlar uzaqlaşanda siz də əks istiqamətə baş götürüb getsəniz, aradakı məsafə iki qat artar, bir gün birlik və bərabərliyə ehtiyac duyanda səhv etdiyinizi anlarsınız. Onda iş-işdən keçmiş olar. “Bu da keçər, ya Hu!” deyib yolumuza davam etməkdən, sürətimizi artırmaqdan başqa bir şey düşünməməliyik. Acizanə qənaətim budur.
Müsbət hərəkət haqsızlığa susmaq deyildir
Bəziləri Camaatın hazırkı mövqeyinin Bədiüzzamanın “müsbət hərəkət” fəlsəfəsinə zidd olduğunu söyləyir?
Həzrət Ustad əsərlərində bu məsələdən bəhs edərkən onun şərtlərini də söyləmişdir: “İlahi rizaya müvafiq hərəkət etmək, iman və Quran yolunda xidmət etmək, Allahın işinə qarışmamaq, aşayişi qorumaq, səbir və şükür etmək”. Müsbət hərəkət haqsızlığa susmaq deyildir. Bədiüzzaman zülmə, haqsızlığa və qanunsuzluğa – hakimiyyət tərəfindənn edilsə belə – susmamış, iftiralara dərhal cavab vermiş və məhkəmələrdə saatlarla özünü müdafiə etmişdir. “Lahiqələr”də bunun bir çöx nümunəsi var.
Bu yolun könüllü yolçuları indiyədək hücumlara cavab olaraq özlərini qorumaqdan, iftiralara aydınlıq gətirməkdən, “Hüququn aililiyinə və məhkəmələrin işinə müdaxilə edilməsin!” deməkdən başqa nə edib? Hizmətə yaxın media qurumları barəsində məhkəmə işi açılmış və ictimaiyyətdə müzakirəsi gedən “yolsuzluq” iddialarını xalqa çatırmaqdan savayı nə iş görüb. “Yolsuzluq” iddialarına bir-bir cavab vermək və onları təkzib etmək əvəzinə, neçə aydır, məsum insanlara dəlilsiz-sübutsuz, insafsızca həqarət edir və iftiralar atırlar.
Ya Cameəni (Camaatı) heç anlamayıblar, ya da qərəzlə iftira atırlar
Qırx ildən çox yanınızda qaldığını deyən bəzi insanlar haqqınızda bəzi ifadələr işlətdilər. “Məsih”, “Mehdi”, “Allahla danışdı”, “Kainatın imamı” kimi sözlər söylədilər. Bu haqda nə düşünürsünüz?
Mehdi və Məsih məsələsi tarix boyu İslam aləmini məşğul etmişdir. Məsələnin elmi subutu və mahiyyəti ayrı bir mövzudur. Tarix boyunca bu mövzunun lehinə və əleyhinə fikir söyləyən bir çox insan olmuşdur. Ancaq bu məsələdən həmişə sui-istifadə edilmişdir. Bir vaxtlar bəzi insanlar Ustad Bədiüzzaman haqda da buna oxşar iddia və iftiralar ortaya atmışdı. Onun “mehdilik” və “məsihlik” mövzuları ilə əlaqədar izahlarına “istinad” edib haşa “Özünü Mehdi və Məsih zənn edir” demişdilər.
Halbuki, yanımda həmişə onlarla tələbə olub, onlar bu kimi iddiaları zəlalət və küfr saydığımı yaxşı bilirlər. Dəfələrlə “Mənim anamı da, atamı da hamı tanıyır. Sadə müsəlmanlıq bizə niyə bəs eləməsin ki?!” dediyimi də eşidiblər. Nə yetişdiyim mühitdə, nə də başqa bir yerdə ağıllı-başlı bir adamın özünü bu cür məqam, mövqe və səviyyədə sandığını görməmişəm. Üstəlik bu cür ittihamları həmişə ən çirkin həqarətdən daha ağır hesab etmişəm. Bu iftiraları dilə gətirənlər bu milləti təhqir etdiklərini anlamırlar.
İttihamlara Mövlananın sözləri ilə cavab verəcəyəm: Nə mehdilik, nə məsihlik, nə də başqa bir dərəcəm var, adi bir bəndəyəm. “Mən nə qədər canımda can var, Quranın bəndəsiyəm, Həzrət Məhəmmədin (sallallahu aleyhi vəsəlləm) ayağının tozuyam. Kim haqqımda başqa bir şey danışarsa, ondan da bezaram, sözlərindən də...”
Digər cəfəngiyata gəlincə... Bu ifiraları necə cəsarət edib dilə gətirirlər ?! Bu sözləri deyənlər əslində mənim bu məsələyə qarşı həssas olduğumu bilirlər. Quran açıq-aydın deyir: “Allah bəşər övladı ilə ancaq vəhylə, yaxud pərdə arxasından danışar. Və ya bir elçi göndərər ki, o da Allahın izni ilə (göndərildiyi kimsəyə) Onun istədiyini vəhy edər.” (“Şura”, 42/51). Azacıq dini bilik belə kifayət edir ki, Zati-Üluhiyyət haqda danışanda ədəbini biləsən. Biz Allahın adı çəkiləndə mum kimi əriyən, içi sızlayan, ürəyi atlanan bir mədəniyyətin övladlarıyıq. Fəqir (özünü nəzərdə tutur) belə bir mühitdən çıxıb. Nə orada, nə də başqa bir yerdə belə bir iddiası olan bircə adam da tapa bilməzsiniz.
“Kainatın imamı” kimi iddialara əhəmiyyət verməyə belə dəyməz. Əhli-insaf belə lal olub. Hizmət haqda uydurma iyerarxiya cızırlar, halbuki altmış-yetmiş illik həyatımda nə belə bir şey görmüşəm, nə də ağlımdan və xəyalımdan keçib. Gör ağıl və ruh necə çirklənib? Uydurma sxemlər çəkməklə bu Hizmətə könül verən milyonlarla insanın ağlını, məntiqini ələ salırlar.
Belə bir iyerarxik sistemdən və müəyyən məqamlardan danışanlar ya bu Camaatı heç anlamayıblar, ya da qərəzlə ifitira atırlar. Həzrət Ustadın sözü ilə desək: “Məsləyimizin (yol) düsturu üxuvvətdir (qardaşlıq). Ata-övlad, şeyx-mürid münasibəti deyil. Bizim aramızdakı münasibət həqiqi qardaşlıqdır. Olsa-olsa bir ustadlıq araya girər”. Tanıyanlar da bilir ki, mən dərs dediyim tələbəyə belə müzakirə yoldaşı kimi baxmış, özümü onların “xoca”sı saymamışam.
Füruat İslamda orta məktəb səviyyəsində bir bilikdir
“Hicaba füruat dediyinizi və bu məsələyə əhəmiyyət vermədiyinizi” mitinq meydanlarında səsləndirirlər. Bu haqda nə deyərdinz?
İslam dinində inanc və əməllə bağlı mükəlləfiyyətlər iki hissəyə bölünür: “üsul” və “füru”. Etiqada aid olanlar “üsul”a, əməl, davranış, müamilə ilə bağlı məsələlər isə “füru”ya daxil edilir. Əmələ aid hökmlər etiqadi məsələlərdən sonra gəlir və üsula istinad edilir. Dolayısilə, hicab da əməli mükəlləfiyyətdir, yəni füruatdır. Unundulmamalıdır ki, hicabın füruat olması haqda İslam üləması həmfikirdir. Ola bilsin ki, bəzi jurnalistlər xəbər və müsahibə üslubunda bu incə məqama diqqət yetirməyiblər. Ancaq bunu ilahiyyatçılar və Diyanətin nümayəndələri yaxşı bilir. Çünki üsul və füru istilahının mənasını və fərqini bilməyən adama icazət verməzlər. Bu, əslində, çox dərin bilik də deyil. Klassik İslam ədəbiyyatında orta məktəb səviyyəsində bir bilikdir. Başdan bəri bu məsələni dilə gətirib adımı hallandıranların sözügedən istilahların mənasından xəbərsiz olduğunu sanmıram. Həmişə əleyhimə qərəzli şəkildə təbliğat aparılıb. Üstəlik mən “füruat” dedim, qəzetlər “təfərrüat” şəklində verdilər. Bilən bilir, təfərrüat və fürüat sözləri istilahda eyni mənaya gəlsələr də, “təfərrüat” dilimizdə “əhəmiyyətsiz”, “təfsilat”” mənalarına gəlir. Buna nə ad vermək olar?!
Digər tərəfdən hicabın fürüat olması o demək deyil ki, fərz deyil. Hicab fərzdir. Buna oxşar bir çox fərz olan füru hökmlər vardır. Əgər iddia edildiyi kimi, haşa, hicabı əhəmiyyətsiz saysaydım, 2006-cı ildə Baş Nazirə yazdığım məktubda bu məsələni tezliklə həll etməyə çağırmazdım. Maraqlanan mediada çıxan bu məktubu tapıb oxuya bilər.
“Fitnə salmayın!” söyləyənlər mitinq meydanlarında deyilənlərə də bir baxsınlar
Bəzi ilahiyyatçılar da Camaatın ülul-əmrə (ölkə rəhbərinə, idarəçilərə − tərc.) üsyan etdiyini, seçkilərlə iqtidara gələn bir hökümətə qarşı çıxdığını iddia edirlər. Bu iddialarla əlaqədar nə deyirsiniz?
Ülul-əmrə itaət idarəçilərin xətalarını görüb susmaq və haqqı müdafiə etməmək mənasına gəlmir. “Əmri-bil məruf, nəhyi-anil münkəri” (İnsanları yaxşı əməllərə çağırıb, pis əməllərdən çəkindirmək) təkcə sadə xalq kütləsinə deyil, hamıya aiddir.
Siyasət ictihad sahəsinə daxildir, nə üsul, nə də əqaid məsələsidir. İctihadi sahədə fikir ayrılıqlarının olması son dərəcə təbii haldır. Hər bir hizmət qrupu, hətta bir hizmətdə olanlar belə, eyni cür düşünməyə və birlikdə hərəkət etməyə məcbur deyildir. Demokratik bir sistemə gəlincə, əgər siz fərqli düşüncənizi dilə gətirə bilmirsinizsə, demək, orada demokratiyanın minimum səviyyəsi də yoxdur. Dini məfhumlardan sui-istifadə edərək insanlara təzyiq göstərmək dəhşətli siyasi və hüquqi problemlər doğura bilər.
Get-gedə demokratiyadan uzaqlaşan siyasətə bir də İslami don geydirib xalqa təzyiq göstərirlər. Dövlət idarəçiləri vəziyyəti elə həddə gətiriblər ki, elə bil əqidə müharibəsi və səfərbərliyi var. Məsələniməhv etmə hərəkatı və mütəşəkkil bir təkfir və sapdırma kampanyası səviyyəsinə çatdırdılar.
“Fitnə salmayın!” söyləyənlər eyni məsləhəti iqtidara və meydanlarda həqarətlər yağdıranlara da verməli deyillərmi? Əks halda, tənqid, nəsihət, tövsiyə bir yana qalsın, hətta bir eyham belə vurmayan insanların sözləri –bu gün asan bir işə çevilən – Camaata hücumdan başqa bir məna ifadə etməz.
- tarixində yaradılmışdır.