"Gülən Fəaliyyəti" renessans nəslini yetişdirir
Düşüncə tarixi üzrə amerikalı mütəxəssis B. Cill Karrolla görə, Fəthullah Gülənin fikirləri əsasında formalaşan Fəaliyyət yeni insan modeli yetişdirir və bu yeni insan yeni renessans nəslini meydana gətirəcək.
"Gülən yalnız Platon və ya Konfutsi ilə dialoqa girmir. Gülən bir mütəfəkkir olaraq bu dialoqu öz müsəlman çevrəsinə mənimsədir. Gülənin həyacanverici fərqli cəhəti budur: Onun sözləri bir aksiyon camaatı tərəfindən həyata tətbiq olunur," - deyir prof. B. Cill Karroll. Gülən Fəaliyyəti haqqında qələmə aldığı "Mədəniyyətlər Dialoqu: Gülənin İslam təlimi və Humanist söyləm" adlı kitabının yeni nəşrinin imza günlərinə qatılmaq üçün Türkiyəyə gələn Karroll 120 səhifəlik kiçik kitabının maraqla qarşılanmasından olduqca məmnundur. Çünki kitabını Gülənin başlatdığı dialoqun bir davamı hesab edir. Sözügedən kitabında Sarter kimi bir ateistlə Fəthullah Gülən Xocaəfəndi kimi bir mömini məsuliyyət duyğusu ətrafında dialoqa salan Karroll bunu dünyada zəruri olan dialoqun bir parçası hesab edir: "Hal-hazırda dünyada ateist də var, mömin də və biz bu planetdə birlikdə yaşamağa məcburuq. Ateist və inanan insanların birlikdə yaşaması necə mümkün olacaq? Bu səbəblə kitabı Gülənlə ateist arasında bir dialoq qurmadan bitirmək istəmədim".
Cill Karroll neçə ildir ki, Amerikanın Texas ştatının Hyuston şəhərində yerləşən Rays Universitetinin Boniuk Dini Tolerantlıq Araşdırma və Təkmilləşdirmə Mərkəzinə rəhbərlik edir. Universitetdə düşüncə tarixi üzrə dərs deyən Karroll Platon və Konfutsidən Kant və Sarterə qədər uzanan filosof silsiləsinin əxlaq fəlsəfələrinin paralellərini Gülən fəlsəfəsində tapır. Gülən Fəaliyyətinin iç tutarlılığı, insanın mahiyyətindəki sevgiyə etimad və gələcək yönümlü aksiyona adanmışlıq ona bir utopiyanın təcəssümünü, gerçəkləşməsini müşahidə etməyə imkan vermişdir. Karrollun təcrübəsi Gülən Fəaliyyətinə içəridən baxanlar üçün bir xəbərdarlıq, kənardan baxanlar üçün bir rəhbər mahiyyətini daşıyır. Karrollun Gülən Fəaliyyətindən öyrəndiyi birinci ərdəm, fəzilət səbirdir. Səbirlə cavabladı uzun və ard-arda verdiyimiz sualları.
- Gülən Fəaliyyəti ilə hansı şəraitdə tanış oldunuz? Bu, Fəaliyyəti anlamağınıza necə təsir etdi?
Bu, gözəl sualdır. O vaxtlar Rays Universitetində Dini Tolerantlıq Mərkəzinin sədri idim. Zənnimcə, elə buna görə Hyuston-Texsasdakı Türklər mənimlə maraqlandı və Türkiyə gəzintisinə dəvət etdilər. Yəni başlanğıc nöqtəmiz inanclararası dialoq idi. Bu başlanğıc nöqtəsi çərçivəsində Fəaliyyəti müşahidə etməyə başladım. Mənim üçün əsas olan Fəthullah Gülənin şəxsiyyəti deyildi. Çünki ondan heç bəhs edilmirdi. Mənim üçün əsas məsələ inanclararası dialoq idi. Sonralar da Fəaliyyəti bu aspektdə araşdırdım. Çünki hər yöndən dindar, adanmış müsəlmanlar olan bu Türklərin digər din mənsublarına bu qədər sayğılı davranmasını araşdırmaq böyük əhəmiyyət kəsb edirdi. Apardığım müşahidələrdə bu Fəaliyyətin söz və əməl birliyinə şahid oldum.
- Platonla dialoqa girənlər arasında müasir Qərb alimlərindən birini deyil, Güləni görmək sizi heyrətə gətirmədimi?
Bu, insanı həm heyrətləndirir, həm də həyəcan verir. Həyəcan verir, çünki Gülənin fikirlərində yalnız Platon və ya Konfutsi ilə girilən dialoqu görmürük. Gülən eyni zamanda bu dialoqu müsəlman anlayışına mənimsədə bilmiş mütəfəkkirdir. Konfitsunun sözlərini söyləyir, amma öz sözləri kimi səslənir. Gülən həyəcanverici fərqli bir xüsusiyyətə sahibdir. Filosof olmaq başqa, aktivist olmaq başqadır. Gülənin sözləri bir aksiyon camaat tərəfindən həyata tətbiq edilir, gerçəkləşdirilir. Bu mənada həqiqətən Qərbdə bir çatışmazlıq var. Qərbdə bu iki məqamı birləşdirən, yəni həm böyük fikirləri olan, həm də bunları həyata keçirə bilən şəxsiyyət yetişmədi. Zənnimcə, Qərb pula və materializmə daha çox yönəldi.
- Kitabınızda Gülənlə Şərqin və Qərbin böyük filosofları arasındakı dialoqun mövcudluğunu ortaya qoyursunuz. Gülənin dialoq anlayışı ilə, məsələn, Platonun dialoq anlayışı arasında fərq gördünüzmü?
Gülənin fəlsəfəsindən ilham alan insanların qurduğu Fəaliyyətin mənimsədiyi dialoq anlayışı Platondan çox Aristotelin dialoq anlayışını xatırladır. Aristotel tələbələrini dünya ilə dialoq qurmağa, rahat akademiya mühitindən çıxıb xalqın içində xalqdan öyrənməyə və bu yolla özlərini yetişdirməyə təşviq edirdi. Gülənin dialoq anlayışı da belədir. Məncə, dialoq bu mənada çox dolğun və səmərəli bir anlayışdır. Təhsilə verilən əhəmiyyət də bu dialoqun bir parçasıdır. Elə təhsilin tərifi də budur: əvvəllər tanımadığın, bilmədiyin mülahizələrlə dialoqa girmək. Burada indiyə qədər bilmədiyin, tanımadığın məfhumlarla, anlayışlarla, nəzəriyyə və dünyagörüşlərlə təmas qurmalısan. Onlarla təmasda inkişaf edir və yeni şeylər öyrənirsən. Təhsilin tərifi məhz dialoqdur. Üstəlik Gülən mənəvi dəyərlərlə elm və biliyin sintezini dialoqa əlavə edir. Əslində bu, adi dialoq anlayışı ilə eyni çərçivəyə sığmır, onun fövqündədir.
- Sizcə, bir gün bu dialoq yeni bir renessansla, yeni bir düşüncə tərzinin meydana gəlməsi ilə nəticələnəcəkmi? Ya da sualın qoyuluşunu dəyişək: bu dialoq Qərbin fikri tənəzzülünə son qoyub yeni Aristotellər nəslinin yetişməsinə zəmin hazırlaya bilər?
Məncə, bəli. Bunu hal-hazırda Gülənin "ideal insan" və ya "renessans insanı" məfhumlarında görə bilərsiniz. Bu, bizi və övladlarımızı təhsil yolu ilə yeni, ideal bəşəriyyətə aparan anlayışdır. Bəzən insana elə gəlir ki, Gülənin müxatəbi müasirləri deyil, gələcək nəsildir. Burada bir gələcək yönümlülük və inşa etdiyimiz yeni bir insanlıq anlayışı var. Bu inşa edilən insanlıq müsəlman, xristian, Türk və s. olmaqla yanaşı və kimliyindən asılı olmayaraq, qlobal düşüncəyə, cahanşümul anlayışa sahib olan insanlıqdır, başqa sözlə, renessans insanlığıdır. Bu, müxtəlif sahələrdə mahir, çoxtəbəqəli mühitlərdə özünü öz evində hiss edən, başqa insanların kimliyini (dini, milli, mədəni mənsubiyyətini) təhdid hesab etməyən, digər inanclardan narahat olmayan, zəhmətkeş bir nəsildir. Və bunun nüvələrini də hal-hazırda iş dünyasında, təhsildə, mətbuatda görürük.
- Gülənlə Sarter arasında humanist fəlsəfə çərçivəsində bir dialoq qurdunuz, bunu bəzi Sarter sevərlər də tənqid etdi. Əminəm ki, bu, Xocaəfəndinin bir çox tələbəsi onun ateist bir filosofla dialoqa salınmasına görə narahat olmuşdur. Buna necə baxırsınız?
Əvvəla, humanizm ifadəsinin müsəlmanlar arasında o qədər də xoş qarşılanmadığını bilirəm. Ona görə də kitabın əvvəlində bir neçə səhifəni bu mövzuya ayırıb humanizm anlayışını tarixilik baxımdan təqdim etməyə çalışdım. Sekulyar humanizmin, həqiqətən, çox qısa tarixi var. Təxminən bir neçə əsr. Humanizm isə iyirmi beş əsrlik anlayışdır. Sofist Protaqor, Sokrat humanist idi. Əgər əhatəli bir fəlsəfə kimi yanaşsaq, görərik ki, humanizm insanın dünyanı inşa etmək üçün kifayət qədər gücə malik olduğuna, dəyərlər sistemi inkişaf etdirə biləcəyinə inanır. Humanist dəyərlər "insan rasionalizmdən məhrumdur, iradəsiz, seçim edə bilməyən bir heyvandır" kimi fikirləri rədd edir. Allaha inanmayan humanistlərlə yanaşı, olduqca dindar humanistlər də var. Məsələn, Qəzali humanist idi. Məncə, Gülən də bir humanistdir. Dindar humanist. O deyir: "Allah bizi bu minval üzrə yaratdığı üçün yer üzündə Onun xəlifəsi olmalıyıq. Allah bizi dünyanın məsuliyyətini öhdəmizə götürmək üçün yaratdı". Sarter isə sekulyar humanistdir. Ona görə, Allah yoxdur, yəni dünyada nə baş verirsə, səbəbkar bizik. Elə isə bu məsuliyyəti də biz boynumuza götürməliyik. Bəli, onların dünyagörüşü tamamilə fərqlidir, amma nəticə olaraq hər ikisi dünyanın məsuliyyətini daşıma zərurətindən danışır.
Gülən Fəaliyyətinə mənsub insanların Gülənlə Sarterin eyni müsahibədə verilməsindən narahat olacağını bilirdim. Kitabı yazarkən və redaktorlara təhvil verdikdən sonra da redaktorlar ən çox bu bölümlə bağlı suallar verdilər. Bu suallar məni mətn üzərində daha çox işləməyə vadar etdi. Amma nəticə olaraq bunu dana bilmərik: Sarter bir ateistdir, Gülən isə mömin. Bu gün dünyada ateistlər də var, möminlər də. Və biz bu planetdə birlikdə yaşamağa məcburuq. Ateistlər və inananlar birlikdə necə yaşayacaq? Bu səbəbdən Gülənlə bir ateist arasında dialoq qurmadan kitabı bitirmək istəmədim.
- Yəni deyirsiniz ki, kitabınız böyük dialoqun bir parçasıdır.
Bəli. Elmi cəhətdən əsər əslində elə dərin bir fəlsəfi kitab deyil. Sadəcə 120 səhifədən ibarətdir. Gülənin hər bir filosofla dialoquna iyirmi səhifə ayırdım. Yəni kitab bir növ "giriş" mahiyyətini daşıyır. Kitabı yazarkən əsas fikrim burada sətirlər arasında dialoq qurmaq idi. Beləliklə, real həyatda bir ofisdə və ya bir məhəllədə qarşılaşan müsəlmanlar, xristianlar və ateistlərə dialoqun necə qurulacağını göstərmək istədim. Uşaqları eyni məktəblərə gedəcək, valideynləri bir-biri ilə həmsöhbət olacaq. Dolayısilə, "Gülən mömindir, Sarter ateist, heç bir ortaq cəhətləri yoxdur" demək zamanı deyil, elə bir imkanımız da yoxdur. Ortaq yön, cəhətlər, insanı birləşdirən dəyərlər tapmağa məcburuq, əks halda dünyamız parça-parça olar. Bu gün bəşəriyyətin elə silahları var ki, dünyanı bir anda yox edə bilər. Əvvəllər belə silahlar yox idi. Dolayısilə, bu gün fərqli insanlar arasında ortaq yönlər tapmaq üçün keçmişə nisbətən daha çox çalışmalıyıq, daha çox səy göstərməliyik. Həmin Gülən-Sarter bölümü orada olmalı idi. Çətin bölüm idi, ancaq mən buna məcbur idim.
- Bir tərəfdə məsuliyyət anlayışını mənliyin mərkəzi prinsipi hesab edən Gülən fəlsəfəsi, digər tərəfdə "mənə nə" deyən bir pop kültür partlayışı var. Gülən fəlsəfəsi bu pop kültürlə bağlı bir fikir irəli sürürmü?
"Oyanın!" - Pop kültür dünyasına çağırış bu olmalıdır. İnsanlığınızı oyadın! Yəni "Reklamlarla, hədəfli ticarətlə, musiqi ilə, sənətlə, bütün moda müsabiqələri ilə necə idarə (manipulyasiya) edildiyinizi anlayın". Bizi adi bir istehlakçıya çeviriblər. Canlı pul kisələri olmuşuq. İdarə edilirik, ancaq fərqində deyilik. Üstəlik öz kimliyimizi bu istiqamətdə formalaşdırırıq. Gülən - Dalay Lamanı və digərlərini də buraya əlavə edə bilərsiniz - bu nəsli "oyanmağa!" çağırır.
- Siz ilk dəfə Gülən Fəaliyyəti ilə tanış olanda, onun "adanmışlıq" prinsipini görəndə ağlınıza "Bu qədər yaxşı ola bilməzlər. Bu işin içində bir iş var!" kimi şübhələr gəldimi?
Bəli, məhz bu sözləri dəfələrlə təkrarlamışam: "Bu həqiqət ola bilməz, bunun içində bir iş var". Mən, əlbəttə, bir alim kimi bunu sorğu-suala çəkməli idim.
- Bu şübhəli yanaşmalara sövq edən bir faktor da materialist dünya deyilmi?
Bəli, bunda da haqlısınız. Yaşadığımız dünyada insanlar bir-birini istismar edir, cəmiyyətdə sünilik, saxtakarlıq hökm sürür. Xüsusən də, din bu istiqamətdə təhrif edilir. Təbii ki, mən də bunları araşdırdım. Fəaliyyətlə bağlı səkkiz ölkədə, qırx şəhərdə müşahidələr aparmaq imkanım oldu. Fikir və əməllərin bir-birini tamamladığına şahid oldum. Bu tutarlılıq, tamlıq fərdlər səviyyəsinə qədər təmsil olunur. Bir nəfər bu ideal uğrunda həyat yoldaşı və uşaqları ilə durub evini tərk edə bilirsə, burada tutarlılıq, söz-əməl birliyi vardır. Bu gün artıq inanıram buna. Bu həqiqətdir...
- Bəzən bəzi insanlar Fəaliyyətin içində olsa da, özlərini virtual bir aləmdə hiss edirlər. Murad Belgenin bir jurnalistə "Fəaliyyət haqqında məni narahat edən bircə şey var: Çox yaxşıdılar" dediyini xatırlayıram. Zənnimcə, bu ifadə insan təbiəti haqqında pessimist dünyagörüşlə də bağlıdır. Maraqlıdır ki, bu insanlar Qərb fəlsəfəsindən tanıdığımız "ali insan" (ari irq), Nitsşenin ifadəsi ilə "übermensch" kimi anlayışlardan xəbərdardırlar. Bəs onda Gülənin "yeni nəsli" insanlara niyə bu qədər qəribə gəlir?
Qərbdə "ali insan" nəzəriyyəsini həmişə ictimai və siyasi ideologiyalar zorla həyata keçirməyə çalışdı və nəticəsi də fəlakət oldu. Nasizm və Faşizm belə idi. Dəhşətli soyqırımlarla nəticələndi. Halbuki Gülən insanın iç dünyasının yenilənməsini təklif edir. Bu sürəc qəlbdə başlayır, siyasi partiyalarda deyil. Sözün düzü, siyasi partiyalara heç vaxt işi düşmür. Baxış tərzi belədir: "Qoyun siyasi partiyalar nə edəcəksə-etsin. Sosial, siyasi müstəvidə nə olacaqsa-olsun. Biz öz qəlbimizin müstəvisini özümüz idarə edə bilərik". Bax bu bir "ali insan"ın daxildən xaricə doğru ərdəmini və xarakterini inkişaf etdirərək öncə özünü, sonra dünyanı abad, inşa etmə metodudur. Qərb isə sosial-siyasi yollara əl atdı və itirdi.
- "Ali insan"dan danışırıq. Bu insanın ən üstün cəhəti təvazökarlıqdır, elə deyilmi?
Həqiqətən də elədir. Dialoqun ilk şərti təvazökarlıqdır. "Təvazökaram, çünki hər şeyi bilmədiyimi başdan qəbul edirəm, sənin mənə nəsə öyrədə biləcəyini qəbul edirəm". Bax bu, bir dialoqdur. İnsanlar "Niyə Gülənlə Nitşseni bu "übermensch" məsələsində dialoqa salmadın" deyə soruşa bilərlər. Həqiqətən Nitşse mənim ən çox sevdiyim filosoflardan biridir. Onun "ali insan"ı da öz-özünü yeniləyə bilən insandır. Buna, əlbəttə, kitabımda bir bölüm ayıra bilərdim. Ancaq Nitşse onsuz da çox yanlış anlaşılan bir mütəfəkkirdir. Onu on və ya iyirmi səhifə ilə izah edə bilməzdim. Amma yenə də deyə bilərəm ki, Nitşsenin "übermensh"i ilə Gülənin "altın (qızıl) nəsli" arasında bir rezonans var. Gülən də insanın öz-özünü yenidən inşa etməsindən bəhs edir. O da qəzəblənəndə qəzəbi cilovlamaqdan, hislərə qalib gəlməkdən danışır. O da bizi nifrətin deyil, sevginin, xoşgörünun və şəfqətin istiqamətləndirməsini istəyir.
- Danışarkən qeyri-ixtiyari "Gülən Hərakatı" deyirik, ancaq bildiyimizə görə, bu "Hərakat" ifadəsini düzgün saymırsınız.
Bəli, məncə, düzgün ifadə deyil.
- Bəlkə, "fikir axını" deyə bilərdik. Olmazmı?
Onun fikir axını meydana gətirməsi həqiqətdir. Ancaq düşüncədən savayı, o, yeni bir həyat tərzi, yeni bir mövcud olma yolu təklif edir. Paradiqma deyək. Bu yeni bir düşüncə və var olma paradiqmasıdır. Prof. Muhammed Çetin bu mövzuda böyük bir kitab yazdı. Kitab boyu bu mövzu ilə mübarizə aparır: "hərəkatdır, amma sizin bildiyiniz hərəkat deyil, camaatdır, amma sizin bildiyiniz camaat deyil". Yaxşı bəs mövcud sosiologiyanın dilindən istifadə etməklə ona necə tərif verəcəyik? Düzü, tam üst-üstə düşən bir kateqoriya yoxdur. Bəlkə də, bizi yeni bir anlayış ortaya çıxarmağa vadar edəcək. Hələlik bu məqamda uğurlu alternativ ortaya qoya bilməmişik
- Enes Ergene "Ənənənin müasir dövrə şahidliyi" adlı kitabında bu cəhdlərdən tamamilə əl çəkib, yeni bir sosiologiya meydana gətirmək zərurətindən danışır. Gəlin bir də Fəaliyyətin həssas yeri sayılan qadın məsələsindən danışaq. Bu, həqiqətən, kişilərin Fəaliyyətidir?
Bəli, elədir. Ancaq bu ifadəni məhdudlaşdırmaq lazımdır. Hər ümumiləşdirmə kimi bunun da sərhədləri var. Gülən lap başlanğıcdan qızların təhsil almasının vacibliyini vurğulayır. Bunun sayəsində bu gün Fəaliyyətdə çalışan qadınların professional olduğunu görürsünüz. Ali təhsillidirlər, işləyirlər. Çoxu elmlər doktorudur. Aralarında kimyaçılar, fiziklər var. Fəaliyyət bərabərlik prinsipini gerçəkləşdirir. Ancaq digər tərəfdən Fəaliyyət ailədaxili ictimai rollar məsələsində ənənəvi anlayışlara sadiqdir.
Bunu etiraf etməsəm, haqsızlıq olar. Hyustonda Fəaliyyətə mənsub bəzi kişilərin dəyişkən saatlı iş axtardığını gördüm. Xanımı işə gedirdi və onlar uşaqları məktəbdən götürüb evə gətirmək, yemək yedirmək üçün bu yola əl atırdılar. Özünə müasir və azad fikirli deyən çox amerikalı bunu eləməz.
- "Fəaliyyətin digər həssas yeri Türklüyü vurğulanmasıdır," - deyirlər. Siz kürdlərin yaşadığı şəhərləri də gəzmisiniz. Kürdlər Türkcə Olimpiadaları təşkil edən bir Fəaliyyətə hələ də maraq göstərir. Bunun necə izah etmək olar?
Urfa və Harranda oldum. Fəaliyyətə mənsub kürdlərlə tanış oldum. Məni evlərinə dəvət etdilər. Burada dolaşıq bir mövzu var. Kürdlər də bütün millətlər kimi bir millətdir və Gülənin xoşgörü anlayışı onları da cəzb edir. Fəaliyyətin bu mənada tutarlı olduğunu görürsünüz. Kürdlərin çoxluq təşkil etdiyi bölgələrdə məktəblər açırlar. Mardində Qızıltəpədə Fəaliyyətin açdığı bir məktəbin PKK və Hizbullahı necə marjinallaşdırması haqqında bir araşdırma oxumuşdum. Orada Fəaliyyətin təməl prinsiplərlə həmahəng olduğunu görürsünüz. Ancaq digər tərəfdən, həqiqətən, Güləndə bir Türkiyə qüruru var. Milliyyətçi deyə bilmərəm. Kənarda olan bir insan kimi, Gülənin Osmanlı sultanlarını idealizə etdiyini görürəm. Ölkəsini sevir. Ölkəsi ilə qürur duyur. Bu milliyyətçilik deyil. Bu, Türkiyənin köhnə əzəmətini geri qaytarıb dünyaya diz çökdürməsi deyil. Mən Güləndə özünəxas bir insan portreti görürəm. O, Türkdür və İslamiyyətin türk şərhinin mənəvi dərinliyini digər şərhlərlə müqayisədə daha uğurla qoruyur.
Bunu da unutmayaq ki, dağılan Sovet İttifaqının yerində qurulan yeni dövlətlərin əksəriyyəti türk dövləti idi. Bunlar geri qalmış dövlətlər idi. Türkiyəyə müraciət etdilər və dövlətin edə bilmədiyini Gülən Fəaliyyəti etdi. Açılan məktəblər bu ölkələrin inkişafına təkan verdi. Türkiyə bu bölgədə lider ölkədir. Yalnız siyasi deyil, eyni zamanda mədəni mənada bir mərkəz ölkədir. Bir gün Türkiyə öz bölgəsində super dövlət olacaq. Mən Amerikada yaşayıram. Amerika da super dövlətdir. Əgər belə bir dövlətdə yaşayırsınızsa, diliniz də təsirli olur. Buna mane ola bilməzsiniz. Ancaq bu, iqtidarı ələ keçirmək, dünyanı fəth etmək mənasına gəlmir.
Gülən türkiyəli olduğunu dərk edərək danışır və buna görə bir növ məsuliyyət də daşıyır. Türkiyənin bir rolu var və Gülənin yeri gələndə gəmiyə hücum haqqında, terrorizm haqqında fikir söyləməsi həm onun haqqıdır, həm də məsuliyyətidir. Çünki onun səsi hikmətin səsidir. Türkiyənin bu əhəmiyyətli rolda bilavasitə doğru rəhbərə ehtiyacı var. Gülən Türkdür, ancaq beynəlxalq bir rolu da var. Və o, hər iki rolunu da oynayır. Mən Türkiyənin bir gün super dövlət olacağına inanıram. Politoloq deyiləm, amma həqiqətən buna inanıram. (Kerim Balcı-Zeynep Yılmaz)
- tarixində yaradılmışdır.