Qırğızıstanda "Sülh və Dialoq" Mövzusu Müzakirə Edildi
Qırğızıstanın Talas şəhərində "Sülh və Dialoqun Memarları" mövzulu konfrans keçirildi. Konfransda Fəthullah Gülən, Qırğız ziyalısı Törökul Aytmatov, məşhur yazıçı Çingiz Aytmatovun həyatı və əsərləri üzrə sülh və dialoq mövzuları müzakirə edildi. Konfransda Fəthullah Gülənin xoşgörü və dialoqa verdiyi əhəmiyyətdən söz açılmaqla yanaşı, Aytmatovun həyatından və qələmə aldığı əsərlərdən sülh və dialoq məzmunlu sətirlər təqdim edildi.
Dialoq Avrasiya Platforması (DAP), Qırğızıstan Mədəniyyət və İnformasiya Nazirliyi, Talas Valiliyi, Talas Dövlət Universitetinin birlikdə təşkil etdiyi konfransda çox sayda elm adamı iştirak etdi.
Talasda Atay Oqombayev adına sarayda keçirilən konfransa Qırğızıstan Mədəniyyət və İnformasiya Naziri Sadiq Şərniyaz, Talas Valisi Qoysun Kurmanaliyeva, Türkiyə Jurnalistlər və Yazarlar Vəqfinin İdarə Heyətinin sədri Harun Tokak qatıldı.
Gülən və Aytmatov kimi öndərlər öz fikirləri ilə xalqı zirvələrə aparır
Açılış çıxışını edən Mədəniyyət və İnformasiya Naziri Şərniyaz bu konfransın Talas şəhərində təşkil edilməsinin böyük əhəmiyyət daşıdığının vurğuladı. Şərniyaz Talasın "DAP"ın təsisçilərindən biri və dövrü rəhbəri olan Çingiz Aytmatovun doğulduğu yer olduğunu bildirərək "DAP"ın qloballaşan dünyada insanlararası dialoqun sürətləndirilməsi, beynəlxalq əlaqələrin inkişaf etdirilməsi istiqamətində səy göstərdiyini xatırlatdı. Sülh və dialoq mövzusunda keçirilən konfransların bu dövrdə mühüm əhəmiyyət daşıdığını bildirən nazir Şərniyaz qeyd etdi ki, xalqlar Fəthullah Gülən və Çingiz Aytmatov kimi öndər insanlarla zirvələrə ucalacaq.
Talas valisi Qoysun Kurmanaliyeva dialoq və sülh çağırışının insanlığın ən birinci vəzifəsi olduğunu ifadə etdi. Qırğızıstanda iqtidara qarşı qiyamın Talas şəhərində qalxdığını xatırladan Kurmanaliyeva sülh və dialoqa səsləyən konfransın da məhz bu şəhərdə keçirildiyini bildirərək bunun böyük məna daşıdığını dilə gətirdi. Kurmanaliyeva insanların dialoqa "bəli" deməklə yanaşı, səbirli olma və hər şeyi anlayışla qarşılama kimi müsbət cəhətləri ön plana çəkməsinin zəruri olduğunu vurğuladı.
Harun Tokak isə konfransa ev sahibliyi edən Talas şəhərinin tarixi əhəmiyyətinə diqqət çəkərək Türk dünyasının 751-ci ildə baş verən Talas döyüşü ilə İslama qovuşduğunu xatırlatdı. Türk dünyasının mədəniyyətindən danışan Tokak Talas döyüşündən sonra Türk boylarının at belində Anadoluya, Balkan və Avropa ölkələrinə qədər irəlilədiyini nəzərə çatdırdı. Məşhur qırğız dastanının baş qəhrəmanı Manasın və şöhrətli yazıçı Çingiz Aytmatovun bu torpaqlarda yetişdiyini vurğulayan Tokak Aytmatovun unudulmaqda olan Qırğız mədəniyyətini yenidən canlandırdığını qeyd etdi. Aytmatovun 5 milyon əhalisi olan Qırğızıstanı bütün dünyaya tanıtdığını bildirən Tokak: "Biz Qırğızıstanı və bu coğrafiyanı Aytmatovun roman və əsərlərindən öyrəndik" dedi. H. Tokak Çingiz Aytmatovun əsərlərində milli motivləri əsas götürdüyünü vurğuladı: "Aytmatov milli motivlərlə ümumbəşəri bir zövqün "rəsmini çəkdi" və bu zövqü bütün dünyaya qəbul etdirdi". Tokak Aytmatovun romanlarından nümunələr təqdim edərək yazıçının yeni nəslə, xalqın mədəniyyətinə və dəyərlərinə əhəmiyyət verdiyini bildirdi. Tokak "DAP" olaraq bir çox ölkələrdə "Sülh və dialoq memarları" mövzusunda konfrans təşkil etdiyini bildirərək ölkələrin bütün öndər, ziyalı və mütəfəkkirlərin sülh və dialoq çağırışları ilə çıxış etdiyini diqqətə çatdırdı.
Konfransa rəhbərlik edən Mahmud Kaşkari Barskani Şərq Universiteti Rektoru prof. Asan Ormuşev "DAP"ın həyata keçirdiyi fəaliyyətlər haqqında məlumat verdi. Proqrama qatılan Aytmatovun bacısı Roza Aytmatova qardaşı haqqındakı xatirələri bölüşdü.
Gülən xoşgörü və sülhün rəmzidir
Qırğızıstan Elmlər Akademiyası İctimai Elmlər Kafedrasının Rəhbəri prof. Askar Bedelbayev "Fəthullah Gülənin həyatında və əsərlərində xoşgörü" mövzusunda məruzə ilə çıxış etdi. Askar Bedelbayev Gülənin təşviqi ilə dünya miqyasında həyata keçirilən təhsil fəaliyyətlərinə diqqət çəkdi. Fəthullah Gülənin təşviqi ilə dünyanın bir çox ölkəsində açılan yüzlərlə məktəbin fəaliyyətləri və uğurlarından danışan Bedelbayev Güləni xoşgörü və sülhün rəmzi adlandırdı.
"Manasın səsi" Televiziyasının Baş Direktoru Temirbek Toktoqaziyev də Fəthullah Gülənin örnək insan olduğunu vurğuladı. Toktoqaziyev Gülənin ömrünü insanlara həsr etdiyini söylədi. Toktogaziyev dünyanın bir çox ölkəsində Gülənin təşviqi ilə açılan məktəblərin böyük missiya daşıdığını da qeyd etdi. Toktoqaziyev həm Fəthullah Gülənin, həm Ç. Aytmatovun yazdıqları əsərlərdə insanları insan kimi yaşamağa dəvət etdiyini söylədi.
Konfransın yekununda nazir Sadiq Şərniyaz Harun Tokak və "DAP" Baş Katibin müavini Mustafa Başqurda "Türkiyə və Qırğızıstan arasında mədəniyyət və dostluq münasibətlərinin inkişafında göstərdiyi xidmətlərə görə" mükafatını təqdim etdi. Nazir Şərniyaz Tokak və Başqurda Qırğız milli geyimi olan çəpkəni və qalpağı geydirdi. (Marat Ömürov)
- tarixində yaradılmışdır.