Gülən Hərəkəti demokratiyanın təməl qurumlarını gücləndirir
Bochum Universitetində "Avropa Nəzdində Gülən Hərəkəti - Şimali Ren Vesfalya Əyalətinə Baxış" adlı konfrans keçirildi. İki günlük konfransda Fəthullah Gülən Xocaəfəndinin təhsil, dialoq, modernizm və dini həyatla bağlı fikirləri müxtəlif mədəniyyətlərə mənsub alimlər tərəfindən müzakirə edildi.
Bochum Universitetində keçirilən "Avropa Nəzdində Gülən Hərəkəti - Şimali Ren Vesfalya Əyalətinə Baxış" adlı konfransda Fəthullah Gülən Xocaəfəndi və Könüllülər Hərəkəti müzakirə edildi. Sosioloqların, filosofların, ilahiyyatçıların, KİV nümayəndələrinin iştirak etdiyi konfransda Fəthullah Gülən və demokratiya, müasir toplumda din, dialoq, təhsil, qeyri-hökümət təşkilatları, qadın haqları və s. müasir məsələlər ətrafında müzakirələr aparıldı.
Konfransda çıxış edən İslam elmləri üzrə prof. Bülent Uçar Gülən Hərəkətinin "siyasətin təməl demokratik qurumlarını gücləndirdiyini" söylədi. Osnabrück Universitetinin nəzdində fəaliyyət göstərən Mədəniyyətlərarası İslam Araşdırmaları Mərkəzinin Müdiri B. Uçar belə dedi: "Son illərdə hərəkət siyasi və dini mövzularda fikirlərini dəqiqləşdirərək sağlam mövqe nümayiş etdirməyə başladı". Uçar Fəaliyyətin gözlənilməz şəkildə açıq-aydın və dəqiq olaraq demokratik dəyərlərlə bağlı müsbət mövqe ortaya qoyduğunu bildirərək, "Hərəkət siyasətin demokratik təməl quruluşunu, vətəndaş cəmiyyəti və qlobal təhsil müəssisələrini möhkəmləndirir," - dedi.
Məşhur alman islamşünas alim Bielefeld Universitetində çalışan prof. İna Vunn Gülənin Nursi ənənəsinə əsasən müasir cəmiyyətdə dinin və mənəvi dəyərlərin əhəmiyyətini vurğuladığını bildirərək "Gülən bu zəruriliyi siyasi bir modellə əlaqələndirmir. Dini-ictimai bir hərəkətin mənəvi öndəri kimi fəaliyyətinin mərkəzinə təhsili qoyan Gülən Qərblə uzlaşan təhsilə üstünlük verir," - dedi.
Almaniyadakı "Gülən Məktəbləri" inqilabi inkişafdır
Konfransın ikinci günü ŞRV-də (Şimali Ren Vesfalya) həyata keçirilən təhsil fəaliyyətlərindən danışıldı. Duisburg Essen Universitetindən prof. Ursula Boos-Nünnig İmmiqrant uşaqlarının təhsil səviyyəsinin hələ də pis olduğunu bildirərək belə dedi: "Məktəbə gedən uşaqların sayı azdır. Türk uşaqlarına təhsildə haqsızlıq edilir. Almaniya təhsil sistemi immiqrantlara bərabərhüquqlu təhsil hüququ vermir. Buna görə də, immiqrantlar təhsil problemini özləri həll etməyə başladılar. Uşaq bağçası daxil olmaqla, məktəblər açmağa başladılar. Təhsil problemi həll olunmadığı üçün immiqrantların məktəb açmasına müsbət baxıram. Bu bir inqilabi inkişafdır, ancaq Almaniya ictimaiyyəti bunu hələ tam qəbul edə bilmir. İmmiqrant qruplarını araşdırıram. Müsəlman immiqrantlar bu qurumalara sahib çıxır və dəstəkləyir. Təəssüf ki, bu fədakarlığı Xristianlarda görə bilmirik. Gülən məktəblərində bu fərq var: uşaqlarla bütün gün maraqlanırlar. Qabiliyyətləri istiqamətində dəstəkləyib motivasiya edirlər.
Məhz buna görə onların dövlət məktəblərindən daha müvəffəqiyyətli olacağına şübhəm yoxdur. Bu məktəblərdə din dərsi verilmir, etika dərsi verilir. Məktəblər özünü daha yaxşı tanıtmalı və cəmiyyətə təhsil metodlarını, müvəffəqiyyətin səbəbini daha aydın şəkildə izah etməlidir,". İmmiqrantların təhsil problemləri üzrə mütəxəssis prof. Boos-Nünnig məktəb heyətinə fəaliyyətləri haqqında müstəqil bir elmi qurumun araşdırma aparmasını təklif etdi.
"Sivil Toplum Təşkilatlarının Sosio-Kültürəl həyat üçün əhəmiyyəti" adlı bir məruzə ilə çıxış edən Köln Universitetinin əməkdaşı prof. Volf Ditriç Bukov Gülən Hərəkətinin Qərbdə onlarla nümunəsi olan "normal bir sivil toplum hərəkəti" olduğunu bildirərək "Sivil toplum düşüncəsinin əsasını insan haqları ətrafında müzakirələr, dövlətin totalitarlığına qarşı ictimai plüralizm və mətbuatın meydana gəlməsində mühüm rol oynayan müasir ictimai faktorlar təşkil edir," - dedi. Bukov Gülən Hərəkətinin bu sahələrdə "aktual problemləri əsas götürərək" layihələr həyata keçirdiyini qeyd etdi. Fransa Amiens Universitesindən prof. Marc Hieronimus Gülənin təkamül nəzəriyyəsi və ateizm haqqında fikirlərinin onun digər sahələrə aid düşüncələrinin anlaşılmasına mane olduğunu ifadə edərək, "Mən inancsız insanam, ancaq Gülənin bir çox fikirləri ilə Qərb mütəfəkkirlərinin fikirləri arasında ortaq cəhətin olduğunu görürəm". Sevgi, tolerantlıq, təhsil, dil, media və yoxsulluq problemləri haqqında
Gülənlə Avropalı mütəfəkkirlərin fikirləri arasındakı bənzərliyə diqqət çəkən Hieronimus, "Fridrix Engelsin fəhlələrin yoxsulluğu haqqındakı analizləri ilə Gülənin kəndlilər haqqında analizləri bir-birinə bənzəyir," - dedi.
Qadın mövzusunun Almaniyada fəaliyyət göstərən İslami qurumların gələcəyini müəyyən edən "əsas kriteriya" olacağını bildirən "Die Zeit" qəzetinin əməkdaşı Martin Spievak, "Hərəkətin təhsil fəaliyyətləri haqqında araşdırma apararkən həmsöhbətlərim həmişə kişilər oldu," - dedi. Gülən hərəkətinin media fəaliyyətləri haqqında fikir söyləyən prof. Daniel Müller Almanca "Fontäne" jurnalının altı sayda dərc olunan mövzuları analiz edərək, "İşlənən mövzularda inteqrasiyadan çox dinlərarası dialoq var. Ən çox isə dinlə təbii elmlərin bir-biri ilə təzad təşkil etmədiyini isbat edən yazılardır. Mətnlərin hər şeyin Yaradanla əlaqələndirməsi ilə bitməsi insanı bir az narahat edir. Sözügedən jurnalı əsas götürərək "Avropadakı ifrat qloballığı qəbul etməkdə çətinlik çəkirlər," - deyə öz fikrini bildirdi.
M. Fəthullah Gülən Xocaəfəndinin fikirləri, təhsil və dialoq fəaliyyətləri, təkamül nəzəriyyəsi və ateizm kimi mövzuların müzakirə edildiyi iki günlük konfransın təşkilatçıları Dortmund Mədəniyyətlərarası Dialoq Dərnəyi (İDİZ), Köln "IKULT" və Düsseldorf "Rumi-Forumun" idi. Konfransda çıxış edən 23 alimdən yalnız altısı müsəlman idi. Təqribən 300 dinləyici arasında çox sayda elm adamı, dövlət xadimi, alim və dərnək idarəçilərinin iştirakı diqqət çəkdi.
Prof. Bekim Agai (Həllə Universiteti): On minlərlə insan bu hərəkətdə fəaliyyət göstərir, təhsil müəssisələrinə gəlib gedirlər. Bu hərəkət yalnız immiqrantlara xidmət etmir. Almaniyada yaşayan hər kəsə qapıları açıqdır. Almaniyada fəaliyyət göstərən təhsil müəssisələri digər təhsil müəssisələri kimi qanuna uyğun qurulub. Əcnəbi gənclərin əksəriyyəti orta məktəbə gedə bilmir. Bu hərəkət orta məktəbə gedən uşaqların sayını artırmağa çalışır. Mərkəzi Türkiyə olan bu hərəkət siyasətlə məşğul olmur. Dini insanların şəxsi məsələsi kimi görür. Bu düşüncəyə əsaslanaraq insanların bir araya gəlməsini təmin edir. Gülən Hərəkəti müsbət və məhsuldar hərəkətdir. Cəmiyyətin rifahı və sosial sülhün bərqərar olması üçün çalışır.
Prof. Bülent Uçar (Osnabrück Universiteti): Gülən haqqında müxtəlif fikirlər dilə gətirilmişdir. Gülən müasir müsəlmandır, əqli-səlimliyin sədasıdır. Gülənə ifrat mühafizəkarlarla ifrat liberal modernist anlayışların ortasında mötədil bir yolu təmsil edir.
Prof. İna Vunn (Bielefeld Universiteti): Gülən təhsilə üstünlük verərək bir maarifçilik fəaliyyəti başlatdı. Bunu cəmiyyətin tələblərinə uyğun həyata keçirir. Beləcə Gülənin ətrafında insanlar toplaşdı. 1990-cı ildən sonra təhsil müəssisələri ilə ölkə xaricinə çıxan Gülən anlayışının mərkəzində insana verdiyi dəyər durur. Gülən "insan səhvini görməli və bunu düzəltməyə hazır olmalıdır" deyir. Ancaq bu yolla insan yaxşı, xeyirxah və müsbət hərəkət edə bilər. Gülənin uğurunun əsas səbəblərindən biri dediklərini yaşayaraq nümunə olmasıdır.
Ercan Karakoyun (FİD Berlin): Gülən, Peyğəmbərin həyatını nümunə götürən sadə bir müsəlmandır. Özü demokrat olsa da, siyasətdə gözü yoxdur. Onun üçün əsas olan insanların dialoq və sülhdür. Gülən İslamı müasirliklə birləşdirərək yaşamağın mümkünlüyünü iddia edir və müsbət hərəkətlə problemlərin həll olunacağını söyləyir.
Sevdanur Özcan (İDİZ): Gülənə görə, ailə cəmiyyətin ən vacib ünsürüdür. Bu ailədə anaya böyük iş düşür. Qadının vəzifəsi yalnız analıq deyil, o, ictimai fəaliyyət də göstərə bilər. Gülən qadın-kişi arasındakı fərqləri əsas götürərək onların ailədə fərqli vəzifələr daşıdığını söyləyir. Onların hüquqi cəhətdən bərabər olduğunu vurğuladığı kimi, qadına qarşı zorakılığı və onun iradəsi olmadan haqqında qərar verilməsini rədd edir. Ailə sağlamdırsa, cəmiyyət sağlamdır, sağlam deyilsə, cəmiyyət də sağlam deyil. Problem insanla başlayır və insanla bitir. İnsandan qaynaqlanan problemlərin həlli isə ancaq təhsillə mümkündür. (Süleyman Bağ)
- tarixində yaradılmışdır.