İndoneziyada keçirilən konfransda Fəthullah Gülənin təhsil modeli müzakirə edildi
İndoneziyada keçirilən beynəlxalq konfransda "Gülənin təhsil modeli" müzakirə edildi. Konfransa 14 ölkədən 32 elm xadimi qatılaraq məruzə ilə çıxış etdilər.
İndoneziyanın paytaxtı Cakartada keçirilən Beynəlxalq Gülən Konfransına bir çox insan qatıldı. "Gülənin təhsil modeli" adlı konfransa ölkənin ən böyük universiteti olan İndoneziya Universiteti, İslam dünyasında böyük nüfuza malik Cakarta İslam Universiteti və bu universitetdə fəaliyyət göstərən Gülən Kürsüsü təşkilatçılıq edirdi.
Paytaxt Cakartada yerləşən Grand Melia hotelində keçirilən konfransın açılış mərasiminə İndoneziyanın yüksək səviyyəli dövlət adamları, yerli və əcnəbi alimlər, ölkədəki xarici müəssisələrin rəhbərləri - təqribən 200-ə yaxın adam qatıldı.
Çıxış edənlərdən Gülən Kürsüsünün Rəhbəri dr. Ali Ünsal İndoneziyanın böyük bir potensiala malik olduğunu və bu potensialın təhsillə üzə çıxarıla biləcəyini vurğuladı. Fəthullah Gülənin bütün insanlıq tərəfindən mənimsənilən fikirlərinin artıq dünya miqyasında bir modelə çevrildiyini deyən Ünsalın sözlərinə görə bu modeldə məqsəd din, dil, etnik, irq ayrı-seçkiliyi qoymadan müasir, əxlaqlı, çalışqan, dialoqa meyilli və sevgi ilə bəslənən bir nəsil yetişdirməkdir.
"İndoneziyanın Gülənin təhsil modelinə ehtiyacı var"
Konfransın tərtibatçı heyətinin rəhbəri Mustafa Özcan da Gülənin ömrünü bütün insanlığa həsr etmiş bir elm adamı olduğunu, onun təşviqləri sayəsində dünyanın dörd bir tərəfində açılan məktəblərdə nümunəvi təhsil verildiyini qeyd etdi. Bunların fəaliyyət göstərdiyi bölgələrdə barmaqla göstərilən, beynəlxalq səviyyədə uğurları ilə ölkələrin fəxrinə çevrilən, fərqliliyə ehtiramla yanaşan, eyni zamanda dəyərlərinə bağlı nümunəvi bir nəsil yetişdirən məktəblər olduğunu söyləyən Özcan İndoneziyada da bu məktəblərin get-gedə artacağına ümid etdiyini bildirdi.
Natiqlər arasında İndoneziyanın sabiq Təhsil Naziri prof. Yəhya Muhaimin də vardı. Muhaiminin fikrincə, Gülənin təhsil anlayışı İndoneziyanın ən çox ehtiyac duyduğu bir modeldir. Elmlə dinin bir-birinə zidd olmadığını, hər ikisinin birlikdə verilməsinin ideal yol olduğunu qeyd etdi.
Fəthullah Gülən konfransa göndərdiyi ismarıcda dəvəti aldığını, ancaq səhhət problemlərinə görə konfransda iştirak edə bilmədiyinə görə üzgün olduğunu dilə gətirirdi. Təşkilatçı heyətə, iştirakçılara və dinləyicilərə göstərdikləri səmimiyyətə görə çox təşəkkür etdiyini bildirən Gülən konfransın səmərəli keçməsi və gələcək naminə xeyirlərə vəsilə olması ilə bağlı diləklərini çatdırdı.
14 ölkədən 32 alim məqalə təqdim etdi
Konfransda 14 ölkədən 32 alim məqalə təqdim etdi. Onlar arasında prof. Leonid R. Sukianen (Rusiya), prof. Yoşiaki Sasaki (Yaponiya), prof. Rostislav Rıbakov (Rusiya), prof. Greg Barton (Avstraliya), prof. Mitsuo Nakamura (Yaponiya), prof. İsmail Albayrak (Avstraliya), prof. Çoi Vuu Von (Koreya), prof. Azmuddin İbrahim (Malayziya), prof. Julkipli Vadi (Filippin adaları) və dr. Tomas Mişel (Amerika) kimi tanınmış alimlər 20 oktyabrda Cakarta İslam Universitetində, 21 oktyabrda da İndoneziya Universitetində məruzə ilə çıxış etdilər
Hər iki universitetdə də təqdimatın açılış çıxışını rektorlar etdi. Cakarta İslam Universitetinin Rektoru prof. Komaruddin Hidayat və İndoneziya Universitetinin Rektoru prof. Gumilar Rusliva Somantri belə mühüm və böyük bir konfransa ev sahibliyi etməkdən böyük sevinc və qürur duyduqlarını ifadə etdilər.
İndoneziya mətbuatı böyük maraq göstərdi
İndoneziya mediasının da böyük maraq göstərdiyi konfransda mətbuatın suallarını cavablandıran İndoneziya Universitetinin Rektoru prof. Gumilar Rusliva Somantri, "Niyə məhz Gülən konfransı?" sualına belə cavab verdi: "Möhtərəm Gülən dünyanın hörmət etdiyi böyük intellektual şəxsiyyət olduğu kimi, eyni zamanda bir aksiyon insanıdır. Onun xarizmatik şəxsiyyəti və təşviqləri sayəsində bu gün minlərlə məktəb açılmış və hər dinə, hər dilə, hər millətə mənsub insanlara təhsil verilir. Bəli, təhsil bizim üçün ən əhəmiyyətli məsələlərin başında dayanır. İndoneziya kimi 300-dən çox millətin yaşadığı, plüralizmin hakim olduğu demokratik bir ölkədə, fikrimcə, möhtərəm Gülənin təhsil modeli təhsilimizdə olan əsas problemlərin həllində mühüm rol oynayacaq. Ümid edirəm ki, konfrans, bu mənada önəmli addımların atılmasında stimul olacaq" - dedi.
- tarixində yaradılmışdır.