Fəthullah Gülənin dünyası-1
Ötən sayımızda Faruq Mərcanın "Fəthullah Gülən" adlı əsərindən "Gülüstan sarayından dəstək" mövzusunu vermişdik. Redaksiyamıza gələn çoxsaylı zəngləri və mövzuya hədsiz marağı nəzərə alaraq bu sayımızda da həmin kitabdan "Fəthullah Gülənin dünyası" fəslinin bir hissəsini əziz oxucularımızın mütaliəsinə təqdim edirik
İngilis professorun sualları
İngiltərədən professor Simon Robinson da Güləni ziyarət edir. 2007-ci ilin noyabrında Gülənlə görüşmək üçün Pensilvaniyaya gələn professor Robinson İngiltərə Lids (Leeds) Universitetinin idarəçilərindən olub "Qlobal etika" fənnini tədris edirdi.
2007-ci il noyabrın 17-də Gülənin qaldığı evdə ikinci mərtəbənin salonunda birgə şam edirlər. İngiltərəli professorun Gülənə ilk suallarından biri belə olur: "Məktəb açmaq ideyası nə vaxt və necə ortaya çıxdı?" Bu suala Gülən: "Birdən-birə baş vermədi, müəyyən zaman içində oldu. Onsuz da, yataqxanalar var idi. Sonra da bu məktəblər açıldı", – cavabını verir.
Söhbət əsnasında professor Robinson Güləndən bir məsələni də soruşur: "Bu hərəkatda yorğunluq meydana gələrsə, nə baş verər?" Gülən sualı belə cavablandırır: "Burada bir vacib məqam var. Doymaq bilmədən müntəzəm şəkildə formatı dəyişdirərək iş görmək. Biz özümüzü bu işə adamış insanlarıq. Bu məfkurə uğrunda mümkün olsa, hətta cənnətdə də səy göstərmək lazımdır".
Yeməyin sonunda professor Robinson Gülənə "Universitet olaraq sizə "fəxri doktor" ünvanı vermək istəyirik" deyir. Gülən təşəkkür edib nəzakətlə "xeyr" cavabını verir. Sağollaşıb yola düşən Robinson Güləndən bərk təsirlənmişdi. Onu müşayiət edən İhsan Yılmaza: "Bu insanın ətrafında bir aura var", – deyir. Aura bir insanın ətrafını bürüyən işıq haləsi deməkdir.
Bu işin tarixini yazanlar yanılacaqlar
2006-cı ildə politologiya sahəsində professor Luis Kantori (Louis Cantori) də Güləni ziyarət edir. Amerikalı professor Kantori söhbət əsnasında konfranslarda da səsləndirilən "Gülən hərəkatı" ifadəsini tez-tez işlədincə Gülən etiraz edir:
"Bu hərəkatın mənim adımla anılmasına razı deyiləm. Gülən hərəkatı adlı bir şey yoxdur. Ortada bir dərd var. Bu dərdin iztirabını duyanlar bir dava, bir məfkurə ətrafında birləşmişlər. Əgər bu hərəkata illah da, bir ad qoymaq istəyirsinizsə, o halda belə deyə bilərsiniz: Yüksək insani dəyərlər ətrafında toplanan insanların hərəkatı. Bu hərəkatın üç əsas xüsusiyyəti var. Birincisi, bu hərəkata dəstək verən insanlar maddi və mənəvi heç bir şey ummazlar. İkincisi, insanmərkəzli hərəkatdır və fəlsəfəsinin təməlində bir yəhudinin cənazəsi aparılarkən "o da bir insandır" deyib ayağa qalxan İslam Peyğəmbəri Həzrəti Məhəmmədin insan anlayışı dayanır. Üçüncüsü, bu hərəkata könül verənlər öhdələrinə götürdükləri vəzifəni yarımçıq qoymaz, axıracan yerinə yetirərlər".
O, 2001-ci ildən etibarən ABŞ-da, İngiltərədə və Hollandiyada keçirilən "Gülən hərəkatı" adlı konfranslara göndərdiyi ismarıclarda həmişə bir məqamı diqqətə çatdırır: "Hərəkatda böyük rol oynadığımı söyləyə bilmərəm. Düşünürəm ki, bu hərəkatın mənsubları yaxşı niyyətlərinin göstəricisi olaraq mənə də öz aralarında bir yer veriblər. Bir çox insanın iştirakı ilə həyata keçirilən bu fəaliyyətləri bir adamın adına yazmaq olmaz".
Dünyanın müxtəlif ölkələrində "Gülən hərəkatı" adı ilə keçirilən çoxlu sayda konfrans və toplantılar haqqında "Allah canımı alsın, məndən bəhs edən bu şeyləri görməyim" deyən Gülənin bu qədər təvazökarlığını müasir həyat anlayışı ilə başa düşmək çox çətindir. Gülən 1980-ci illərin sonunda – hələ onda ölkə xaricində bircə lisey də açılmamışdı – deyirdi: "Gələcəkdə bu işin tarixini yazanlar "Bu insanlar bu cür qardaş idilər" deyəcəklər, "Belə fədakar insanlardı", "Belə böyük insanlardı" deyəcəklər. Ancaq hamısı yanılacaq. Deməyəcəklər ki, "Bu işi Allah etdi"." Bu fikirlər də həmin dövrə aiddir:
"Gələcəkdə bu işin tarixini yazanlar onu bəzilərinin dahiliyində və fərasətində axtaracaqlar. Hələ indidən haray çəkib elan edirəm ki, bununla böyük bir xəta etmiş olacaqlar. Əgər gələcəkdə bu dövrün tarixini yazanlar məsələnin əsl mahiyyətini bilsələr, onu ilahi lütflərin leysan kimi yağdığı dövr adlandıracaqlar."
Həsən Əli Ucalın Atatürkə cavabı
Gülən bütün əlverişsiz şəraitlərə baxmayaraq, bu gedişatın yalnız Allahın qüdrəti ilə mümkün olduğunu düşünür. O elə bir qüdrətdir ki, diləsə, bir qarışqa fil xortumunu qoparar. Ona görə də dünya miqyasında Allahın izni ilə gerçəkləşən bu fəaliyyətlər haqqında "Necə olur ki, belə böyük bir layihə baş tutur" sualını ortaya atanlar bu işin əsl sahibi olan Allahı görməyənlərdir.
Gülən İngiltərə Lids Universitetindən professor Robinsonla yanaşı, ABŞ-ın ən nüfuzlu universitetlərindən Corctaun Universitetinin rektoru Con Dicoyanın (Jhon Degioia) da "fəxri doktorluq" təklifini qəbul etməmişdi. Bu günədək heç bir fəxri doktorluq təklifini qəbul etməyən Gülənin cavabı həmişə eyni olub: "Məzarda mələklər məndən "Doktorluq dərəcən varmı?" deyə soruşmayacaq". Dicoya Corctaun Universitetində tanınmış simaların iştirakı ilə keçirilən seminara Güləni də dəvət etmiş, ancaq müsbət cavab ala bilməmişdi.
Gülən 1995-ci ilin sonlarında doğma Qorucuq kəndində Ərzurum millət vəkili İsmayıl Kösə (İsmail Köse) ilə söhbət edərkən belə demişdi: "Keçmiş günlərdəki kimi gizlənib ömrümün qalan hissəsini keçirmək üçün bir mağara axtarıram".
1998-ci ildə fransız jurnalist Nikol Popa verdiyi müsahibədə isə deyirdi: "Davranışlarımla və ya rəftarımla insanların təsir altına salmışamsa, heç də haqqım olmayan möhtərəmlik ünvanını və ya liderlik mövqeyini qəsb etmişəmsə, onda Allahdan da, insanlardan da üzr istəyirəm... "Allah adım-sanım eşidilmədən canımı alsın" deyə gəncliyimdən bu günə qədər dua edirəm. Əgər Rəbbim mənə xidmət etdirəcəksə, xidmət etdirsin. Amma mən o xidmətin torpaq altından bir çiçək, bir gül kimi başını qaldırıb görünməsini belə nəfsimin adına pay ayırmaq qorxusu ilə görmək istəmirəm. Rəbbimlə münasibətim bunu tələb edir. Hər kəs bunu anlamaya bilər. Onu anlamaq üçün Allaha dərindən inanmaq lazımdır".
Gülənə görə, ali dəyərləri qayə seçən bir insanın ilk işi özünü "sıfırlamaq" (heç bilmək) olmalıdır: "İnsanlardan nəfəri (sıravi, sadə insan), rəqəmlərdən sıfırı sevirəm... Sıfır çox gözəldir. Nöqtə ondan da gözəldir. İnsan özünü məhz belə görməlidir. Hər gün özünü bir neçə dəfə sıfırlamalıdır... İnsanın özünü silib bir kənara qoymaması düşüncənin fəlakətidir. Özünü silə bilməyən, heç saymayan Allahı tapa bilməz. Allahı tapa bilmək üçün özünü silməlisən. Dabbağın dərini yerdən-yerə vurması kimi sən də özünü yerdən-yerə vuracaqsan. Özünü yox saydığın an varlıqda önəmli bir addım atmış olarsan... Qəlbən bəyəndiyim insan iddiasız insandır".
Gülən söhbətlərində Atatürk dövrünün təhsil nazirlərindən Həsən Əli Ucalı (Hasan Ali Yücel) iki məsələyə görə tez-tez xatırlayır. Bunlardan biri Həsən Əli Ucalla Atatürk arasında olmuş dialoqdur. 2007-ci il noyabrın 25-də Gülən söhbətində – mən də oradaydım – bu dialoqu danışdı: "Atatürk Həsən Əli Ucaldan "Həsən Əli, sonsuz nədir, sıfır nədir?" soruşur, Həsən Əli Ucal isə "Paşam, sonsuz sizsiniz, sıfır da mənəm" cavabını verir. İnsan Allah qarşısında ən azından belə söyləməlidir. Allah sonsuzdur, sən sıfırsan... Allaha aid şeyləri bir kənara qoyub, Allaha hesab ver, bax gör səndə sənə aid nəsə qalırmı? Heç bir şey..." Gülənin fikrincə, insan "mən sıfıram" deyəndə belə özünü latın əlifbasının sıfırı kimi deyil, Osmanlıcadakı kiçik nöqtə – sıfır kimi görməlidir. Əsas məsələ sıfırın qiymətsizliyi ilə Sonsuzun (Allahın) dəyərini anlamaqdır. Çünki yer üzündə olan bütün qum dənələri və xırda çay daşlarının hər biri bir sıfır olsa və bunların sol tərəfinə ən böyük bir rəqəm gəlsə, ortaya çıxan bu müdhiş rəqəm belə Sonsuzluq qarşısında heç bir şey ifadə etmir. Trilyon illərlə ömrü olan qalaktikalar belə əzəl və əbəd qarşısında sıfırdır.
Özünü nəsə hesab etmək, yəni qürur insan təbiətində dərin bir boşluqdur. Böyüklüyün ən aydın əlaməti daima təvazökar olmaqdır. Qısa boylular ayaq barmaqlarının ucunda dikələrək uzun görünməyə çalışır. Uzun boylular isə görünməmək üçün ikiqat olurlar. İnsan hay-küyün deyil, elmin insanı olmalıdır. Hay-küylü olmaq, özünü hər fürsətdə göstərmək kiçiklik əlamətidir.
"Mən etdim, mən bacardım. Mənim bilik və gücüm sayəsində bu iş baş tutdu" demək özünü Allahın yerinə qoyub "mən yaratdım" deyən Firon və Nəmrudun düşüncə tərzidir. Bunlar şeytani mırıltılardır və Allaha şərik qoşmaqdır. İnsan başqası ilə rəqabətə girə bilər, amma Allahla rəqabət etmək hörmətsizlikdir. Əgər bir insan bu uğurları öz şəxsi ilə əlaqələndirirsə, onun ürəyinin "şuntlama" əməliyyatına ehtiyacı var.
Gülən 23 noyabr 2001-ci ildə tarixli söhbətində deyir: "Bu bir vəsiyyətdir. Nə qədər əlinizdən gəlir, ətrafınızdakı insanları xudbinlikdən, eqoizmdən uzaqlaşdırmağa çalışın. Əgər bir gün o ideal, utopiyalarda təsəvvür edilən nəsil gələcəksə, o, təkəbbürdən uzaq, "mən" davasından vaz keçmiş, eqoizmi tərk etmiş, tövhidi qəbul etmiş nəsil olacaqdır".
Gülən: "Bu gün insanı eqoizmə sövq edən elə ünsürlər var ki, heç Allahı nəzərə alan yoxdur. Bu dövr eqoizm dövrüdür", – deyir. Onun fikrincə, halbuki insan Allahın verdiyi ən kiçik nemətlərə müqabil səmazənlər kimi başı gicəllənərək coşub-daşmalı və bu neməti bəxş edənin Allah olduğunu unutmamalıdır. Ancaq "mən" düşüncəsi insanın içində bir oğru kimidir, bunları insana unutdurur.
2007-ci il noyabrın 23-də Avstraliya universitetlərinin birində Fəthullah Gülən kürsüsünün açılış mərasimi keçirilirdi. Gülən universitetin açılış mərasimə dəvət məktubunu alanda üzünü tələbələrinə tutub deyir:
"Bilsəniz, orda-burda adımın çəkilməsi məni necə narahat edir, mənə göstərilən iltifatlara görə Rəbbimdən nə qədər utanıram... Görəsən, mən bu iltifat və tərifləra layiqəmmi? O dünyada bunlara layiq olub-olmadığımı soruşsalar, nə cavab verərəm?.. Bu son vaxtlarda, Allahın canımı almasını o qədər arzulayır və ölümü o qədər istəyirəm ki, kəlmələrlə ifadə edə bilmirəm. Burada adımı çəkirlər, orada tərif düzürlər... Bu, çox təhlükəlidir... Bəzi mənbələrdə Münkər və Nəkir adlı mələklərin haqqında təriflər yağdırılan və "elə yaxşı idi, belə dəyərli idi" deyilən insanları: "De görək, sən, həqiqətən də, onların söylədiyi kimi idin?" deyib sorğu-suala çəkməsindən, sonra da tərifə layiq olmayanların cəzalandırmasından bəhs edilir. Əsl mömin Allah rizası üçün dünyada qalmalı, Allah üçün yaşamalı, Allah üçün oturmalı, Allah üçün durmalı və hər şeyi Allah üçün etməlidir. Təriflənəndə də həyatdan "istefa etməli" və belə deməlidir: Rəbbim, "istefa ərizəmi" verirəm. Sənin işinə qarışa bilmərəm, amma həyata gücüm çatmır, çiynimə mənə aid olmayan şeylər yükləyirlər, hər gün yüklərim daha da ağırlaşır... İnsan yalnız bu duyğu sayəsində burada Allah üçün ola bilər. Allah üçün var olan da şeytan üçün olmaz. Şeytan üçün olmaq hər fürsətdə özündən bəhs etdirmə şəklində təzahür edər. Şeytanın oyuncağına çevrilən insan adının dünyada dillərə dastan olmasını, qəhrəmanlaşmasını istəyər... Məhz belə təhlükəli mərhələyə girmədən Allaha getməyi (ölməyi) arzu etmək sədaqətdən qaynaqlanır..."
- tarixində yaradılmışdır.