Fəthullah Gülənin dünyası-2
Qəzetimizin ötən saylarının birində tanınmış şair Məmməd Aslanın Fəthullah Gülənlə bağlı yazılmış kitab haqqında “İman bürcü” adlı yazısı dərc olunmuşdur. Yazı çap olunandan sonra redaksiyamıza oxucularımızdan çox sayda müraciətlər daxil oldu. Onlar kitabdan bəzi hissələrin çap olunmasını xahiş edirdilər. Oxucularımızın xahişini nəzərə alaraq kitabdan parçalar dərc edirik.
“Günəş şəhəri”nin müəllifi Kampanella kimi
Gülənin düşüncəsində kainatda heç bir şey ileyi-kəlimətullah¬dan önəmli deyil. Ona görə, ileyi-kəlimətullah, yəni insanlara Allahı anlatmaq bu gün İstanbulu min dəfə fəth etməyə bərabər vəzifədir. İleyi-kəlimətullah hər şeydən əvvəl Yaradana qulluq borcu və yaradılana xidmət vəzifəsidir. “Gələcək 50-100 illə bağlı hansı planlarınız var?” sualına “Allah rizası və ileyi-kəlimətullah. Başqa heç bir şey” cavabını vermişdi.
Gülən 1996-cı ildə ABŞ-a səfər edəndə Nyu Cersidə bir türk iş adamının qonağı olmuşdu. Qonaq qaldığı mənzil Nyu Yorkla Nyu Cersini bir-birindən ayıran Hudzon çayının kənarındakı bir göydələndə yerləşirdi. Başda Dünya Ticarət Mərkəzinin əkiz qüllələri olmaqla Nyu York göydələnlərinin Hudzon çayında göz vuran işıqları möhtəşəm bir mənzərə meydana gətirirdi. Gülən bir müddət bu mənzərəni seyr etdikdən sonra üzünü yanında olanlara tutub demişdi:“Qorucuq kəndində bir iman həqiqətini iki insana anlatmağı bu şəhərin ehtişamına dəyişmərəm”.
Necə ki bir insan 70 illik qısa dünya həyatında rahat yaşamaq üçün 15 il təhsil alır. Bunun kimi də əbədi həyatı qazanmaq üçün ən etibarlı yol insanlara Allah anlatmaqdır. Həyatda böyük düşünmək mənsəb düşkünü olmaq deyil, məhz budur. Başqa sözlə desək, böyük düşünmək “Könüllərin fəthini amal bilmək, hər insana Allahı anlatmaq, Allahı çatdırmaqdır”. Heç bir iş “insanları yaxşılığa çağırıb pis əməllərdən uzaqlaşdırmaq” qədər qiymətli və müqəddəs deyildir. Bir insanın Allahı tanımasına vəsilə olmaq üzərinə günəşin doğduğu hər şeydən daha xeyirlidir”.
Bu səbəbdəndir ki, Allah bütün peyğəmbərləri yer üzünə yalnız bu vəzifəni yerinə yetirmək üçün göndərmişdir. Bəşər tarixi boyunca heç bir peyğəmbər “texnologiya peyğəmbəri”, “İntibah peyğəmbəri”, “elm peyğəmbəri” olaraq göndərilməmişdir.
Allahın insanlara ileyi-kəlimətullah vəzifəsini verməsi öz-özlü¬yündə böyük mükafatdır. Çünki dünya və axirət səadətinin əsası ileyi-kəlimətullahdır. Bu vəzifə dura-dura başqa şeylər axtarmaq, fani dünyanı (pul, şan-şöhrət və s.) ummaq həm çirkin, həm də Allaha hörmətsizlikdir. Hətta bu yolda mənəvi üstünlük belə məqsəd olmamalıdır, çünki bu işin bir sıravi fərdi olmaq “Allahın vəli qulu” olmağa çalışmaqdan daha qiymətlidir. İleyi-kəlimətullah vəzifəsi cənnətlərdən belə üstün tutulur. Bu vəzifənin əri birinin imana gəl¬məsinə vəsilə olarkən cənnət qapılarının səkkizi birdən açılsa və içəri dəvət edilsə belə, “Bir az gözləyin, bu vəzifəmi yerinə yetirim” deməlidir.
1996-1997-ci illərdə Gülən İstanbulda çətin günlərini yaşayırdı. Angioqrafiya ürək damarlarında daralmadan xəbər verirdi. Çox vaxt nəfəs almaqda çətinlik çəkir, bəzən də az qala huşunu itirirdi. Bir gün bir dostu istirahət üçün İstanbul boğazının sahillərində bir az gəzməyi təklif edir. Gülən bu təklifə belə cavab verir: “Oraya xidmət[6] etməyəmi gedəcəyik?”
“Mən xidmət edərkən ölmək istəyirəm” deyən Gülən ileyi-kəlimətullah yolunun yolçularını xarakterizə edərkən: “Adanmış (fədakar) ruhlar” ifadəsini işlədir. Gülənin dünyasında fədakar ruh İspaniya zindanlarında 27 il əzab çəkən “Günəş şəhəri”nin müəllifi italyan mütəfəkkir Tomas Kampanella (Tomasso Campanella) kimi, əlinin təri ilə dəmir barmaqlıqları çürütməli və düşüncələrindən zərrə qədər də vaz keçməməlidir.
Mikelancelo bir heykəlin yonulmasında işinə elə bağlanır ki, heykəl tamamlanınca çəkmələrini çıxaranda ayağının dərisi çəkmə ilə birlikdə gəlir. Fədakar ruh da vəzifəsinə məhz bu şəkildə bağlanmalıdır. Çünki tarixi yazanlar kiçik düşünməzlər, onların kitabında “olmaz”a yer yoxdur.
Bir insan şərəflə ucalmaq istəyirsə, varlıqların ən şərəflisi olaraq yaradılan insana xidmət etməlidir. İmana və insanlığa xidmət edən fani həyatını əbədiləşdirər və əbədi səadəti qazanar. Allahın ən sevdiyi insan Ona iman edən və insanlara faydalı olan insandır. Bu gün bəşəriyyətin baş gicəlləndirən fəlsəfi düşüncələrə, super güclərə deyil, kainatın çöhrəsini bir daha güldürəcək bu adanmış (fədakar) könüllərə ehtiyacı var.
Adanmış ruh bal küpəsinin ətrafında altı ay dolaşıb bir deşik axtaran, bir dəlik tapmayanda da küpənin bir yerini çürüdüb deşməyə çalışan qarışqa kimi olmalıdır. Oturub xəyallara inci düzməməli, gündə hətta 18 saata qədər işləməli və bu dünyada işini qurtaran kimi başqa planetlərə getmək üçün yollar axtarmalıdır.
Gülən bir gün bir neçə nəfərlə yemək yeyirdi, dostu Necdət Başaran da süfrə başında idi. Yemək əsnasında Başaran: “Xocaəfəndi doymaz” deyir. Gülən: “Necə yəni? Mən şəkər xəstəsiyəm. Nə vaxt çox yemək yediyimi görmüsünüz” deyə Başarana cavab verir. Başaran isə “Xidmətdən doymazsınız” deyincə Gülənin cavabı belə olur: “Bəli, xidmətdən doymaram. Sən bir gün Allahı anlatmaq üçün Mars planetinə getsən belə, yenə doymaram.”
Adanmış insan bütün dünyanı versələr, bir gününü də satmaz. Dünyanın sultanlığını qızıl məcməyidə ona təqdim etsələr, alıb yerə çırpar. Özünə bir arpa dənəsi qədər dəyər verməz. Kimsə şəxsinə baxıb tərəddüd etməsin deyə cənnət quşu kimi kölgəsi ilə yaşamağı seçər. Gözə görünməz və adını qənimətlərə yazdırmaz. O, yaşatma zövqü üçün yaşama zövqündən keçmiş insandır. O öz zövqlərinə zəhər qatıb qurtulmuşdur. Özünü hər kəsdən aşağı, hər kəsi özündən üstün görür. Başqalarını özündən üstün tutur. Adanmış insan, yəni ileyi-kəlimətullah aşiqi, siyasi mübahisə və əməllərdən uzaqdır. Bilir ki, Allah rizası üçün dinə xidmətin maddi qarşılığı yoxdur. Bircə şey istəməli, bircə şeyə can atmalıdır. O da Allahın rizasıdır.[7]
Nə Allahın vəkili, nə də cəhənnəmin zəbanisi
Gülən cihada insanın nəfsi ilə mübarizəsi prizmasından yanaşır. Cihad insanın bütün gücünü toplayıb, bütün əngəllərə sinə gərərək öz əsl mahiyyətinə qovuşmasıdır. Budur böyük cihad. İnsanın varlığında kin, nifrət, qürur, lovğalıq, həsəd kimi bütün zərərli hislərə cihad elan etmək çox çətin olduğundan buna “böyük cihad” deyilir. Bu mübarizə insanın “öz”ünü tapmasına qədər davam edir. Kainatda seldən, zəlzələdən, yanğından daha böyük bir bəla varsa, o da insanın qəflətə düşməsidir.
“Kiçik cihad” isə başqa insanların “öz”lərini tapmasına kömək etmək, insanlarla Allah arasında olan əngəlləri aradan qaldırmaqdır. Bu düşünüldüyü kimi, müharibə meydanında döyüşmək deyildir. Çünki cihad döyüş deyil, bir ibadətdir. Bu səbəbdən də cihad edən insan mənasına gələn “mücahid” kəlməsi əvəzinə “İslamın döyüşçüsü” sözünü işlətmək doğru deyildir. Döyüş kiçik cihadın bir formasıdır, yalnız məcburiyyət qarşısında dövlət tərəfindən düşmənə qarşı edilir və müəyyən qaydalar çərçivəsində aparılır.
Böyük cihadda qalib gələn əksər insanlar kiçik cihadda da zəfər qazanırlar. Ancaq böyük cihadda məğlub olanın kiçik cihadda qalib gəlməsinə heç kəs şahid olmamışdır. Həm böyük, həm də kiçik cihadın məqsədi “kamil insana” gedən yolu açmaqdır.
Allah yolunda canla cihad etmək təkcə döyüş meydanında ölməkdən ibarət deyildir. Allah yolunda ayağın toza batması da canla cihad etmək sayılır.
Gülənə görə, özünü bu işə həsr etmiş insanlar dövlət və ya hökumətdə bir mövqe qazanma arzusuna düşməməlidir. “Mən din üçün çalışım, Allah iqtidar versin” düşüncəsi Allahla alver etmək deməkdir. Din adına ölkəni idarə etmək iddiasında olmaq, dini siyasiləşdirib siyasi sistem kimi təqdim etmək dinə böyük xəyanətdir. İslam tarixində teokratiya, yəni Allah üçün hərəkət etdiyini söyləyən din adamları sinfinin hakimiyyəti mövcud olmamışdır. Çünki İslamda din adamlarına aid xüsusi sinif, təbəqə yoxdur və keç kim Allah üçün hərəkət etdiyini irəli sürə bilməz.
Dini siyasiləşdirmək onu əsl qayə və mahiyyətindən uzaqlaşdırmaq deməkdir. Halbuki bir şey hökmən istismar edilməlidirsə, o da axirət üçün dünya olmalıdır. İslam aləmində bəzi cərəyanlar Qərbin hərbi və texnoloji üstünlüyünə qalib gəlmə yolunu İslamı siyasiləşdirməkdə və ya siyasi bir sistem kimi qəbul etməkdə gördülər. Halbuki İslam bir din olaraq əqlən və mənən nurlanmağa əsaslanır. Din ağlın və qəlbin təmininə söykəndiyi üçün iman və ibadət ən öndə gəlir. İman və ibadətin bəhrəsi də gözəl əxlaqdır.
Gülən 31 may 2000-ci il tarixli söhbətində deyirdi: “Nə hikmətdirsə, bu gün müsəlman olanlar və ya müsəlman olduğunu yeni kəşf edənlər radikalizmə meyil edir. Siyasi və ya ictimai sahələrə yönəlirlər. Halbuki hər şey “mən”də (insanda) başlayıb “mən”də (insanda) bitir”.
Buna görə də dünyada islahat istəyənlər öncə özlərini dəyişdirməlidirlər. Əvvəlcə öz daxili dünyalarındakı nifrət, qərəz və qısqanclığı təmizləməli və xarici dünyalarını hər cür fəzilətlərlə bəzəməlidirlər ki, digər insanları daha gözəl dünyaya aparan yola yönəldə bilsinlər.
Gülənə görə, başqalarının qüsurlarına gözsüz, qulaqsız və dilsiz ola bilmək bu fəzilətlərdəndir. Birinin bir eybini örtmək ona atlas libas geydirməkdən daha xeyirlidir. Bütün insanları xoşgörü ilə qarşılamayan insan bağışlanma ləyaqətini itirmiş sayılır. Başqalarını bağışlamayanın əfv gözləməyə haqqı yoxdur. Hər kəsə yerinə görə hörmət etməyən hörmət görə bilməz. Bütün insanları sevməyən sevilməyə layiq deyildir.
Allah heç kimə insanların qüsur və günahlarını ortaya çıxarma vəzifəsini verməmişdir. Heç kim yer üzündə Allahın vəkili olmadığı kimi, yol ayrıcında durmuş nəqliyyat məmuru da deyildir. Allah bizi nə cəhənnəm zəbanisi, nə də cənnət keşikçisi etmişdir. İnsan başqalarının qüsurlarını görməmək üçün gözlərinə mil çəkməli, eşit¬məmək üçün qulaqlarına qurğuşun tökməlidir. İnsan başqasından gördüyü pislikləri kompyuterin yaddaşındakı lazımsız fayllar kimi silib atmalıdır.
- tarixində yaradılmışdır.