Gülənin təlimindən bəhs edən kitab Belarusiyada dərs vəsaiti kimi istifadə olunacaq
Belarusiyanın tanınmış fəlsəfəçi, sosioloq, politoloq və filoloqlarından ibarət iyirmi iki nəfərlik alim heyəti "Fəthullah Gülən təliminin ictimai və fəlsəfi yönləri" adlı bir kitab qələmə aldı.
Ötən gün İstanbulda keçirilən təqdimat mərasimində iştirak edən alimlər bu əsərin Belarusiya universitetlərində dərs vəsaiti kimi istifadə ediləcəyini bildirdilər.
“Bu kitab mənim gözlərimi açdı” deyən Belarusiya Dövlət Universiteti Fəlsəfə və Humanitar Elmlər Fakültəsinin Dekanı Anatoli Rubanov Belarusiyanın son 20 ildə Türkiyəni kəşf etməyə başladığını bildirdi. Belarusiyada xristianlarla müsəlmanların birlikdə əmin-amanlıq içində yaşadığını deyən Rubanov, "Müsəlmanlar çox xoşgörülü və tolerantlı insanlardır. Belarusiyada bir nəfər çıxıb desə ki: "Müsəlmanlar təcavüzkar və aqressiv insanlardır”, buna heç kim inanmaz. Gülən bu məqamda bizə tolerantlığın qiymətini göstərir" deyə davam etdi.
Belarusiya Dövlət İncəsənət Akademiyasının rektor müavini professor Svetlana Vinokurova kitaba verilən adın heyət üçün ayrı bir məna kəsb etdiyini dedi. Professor Vinokurova: "Türk dilində “baxmaq” sözü nə mənaya gəlir bilmirəm, amma bizim dilimizdə “ilk baxışdan aşiq olmaq” mənasına gəlir. Belarusiya ziyalıları Gülənə baxar-baxmaz onun təliminə aşiq oldular. Biz hələ yolun başındayıq. Onu belə qısa vaxtda anlamaq mümkün deyil, çünki o, çox dərin bir filosof, alim və mütəfəkkirdir. Onu ancaq həmvətənlərini tanıyaraq anlayacağımızı gördük. Gülən təkcə İslamı deyil, Türk insanını da tanımağımıza vəsilə oldu. Fəthullah Gülən Türkiyə ilə Belarusiya arasında möhkəm körpülər qurdu".
Rusiya Dövlət Sosiologiya Universitetinin Dövlət, Hüquq Nəzəriyyəsi və Tarixi kafedrasının müdiri professor Marina Tenyanko kitabda yer alan hər bir məqalənin elmi araşdırmalarla əldə edilən nəticələrin anailizlərindən ibarət olduğunu qeyd etdi. Xoşgörü, tolerantlıq, qarşılıqlı sevgi və hörmətin necə gözəl nəticələr verdiyini vurğulayan Tenyanko, "Gülənin düşüncəsinə görə mədəniyyətlərin qarşılıqlı təsiri qaçılmazdır. Bu, müharibəyə də, əmin-amanlığa da zəmin hazırlaya bilər. Mənfi nəticələrə yol verməmək üçün bir-birimizi yaxşı anlamalıyıq. Dəyərlər mübadiləsi ilə mədəniyyətimizi zənginləşdirə bilərik. Bu, əməkdaşlıq üçün bir yoldur" dedi.
- tarixində yaradılmışdır.