GYV-nin Hizmət Hərəkatı haqda ortaya atılan iddialara dair açıqlamaları

GYV-nin Hizmət Hərəkatı haqda ortaya atılan iddialara dair açıqlamaları

Son vaxtlar başda sosial mediada olmaqla, Hizmət Hərəkatını qaralama və əsassız məlumatlar yayaraq ictimaiyyəti yanlış məlumatlandırma kampaniyaları başlanmışdır. Hərçənd bir iddianı ortaya atan onu isbatlamağa borclu olsa da, bu kimi həqiqətdən uzaq iddiaları dilə gətirənlər “belə şeylərin sübutu olmaz” düşüncəsi ilə öz bildiklərini oxumaqda davam edir və görünür, bundan əl çəkəsi də deyillər. Ona görə də GYV olaraq bu cür iddialara cavab verməyi zəruri saydıq. Bu iddia və qaralamalara müxtəlif vaxtlarda və yerlərdə cavab verilmiş olsa da, ictimaiyyətin şəffaf şəkildə məlumatlandırılması prinsipinə sadiq qalaraq belə açıqlama verməyi özümüzə borc bilirik.

1-ci iddia: ““Gəzi parkı” aksiyalarının arxasında Hizmət Hərəkatı dayanmışdı”

Sözügedən mövzu ilə əlaqədar istər Fəthullah Gülən Xocaəfəndinin açıqlamaları, istərsə Hizmət Hərəkatının ümumi mövqeyi bu iddianın tutarsızlığını açıq-aşkar ortaya qoyur.

Hizmət Hərəkatı demokratiyaya hörmət əlaməti olaraq insanların zorakılığa yol vermədən, dinc yollarla etiraz etmə hüququnun əleyhinə deyildir. Ancaq Hizmət bu kimi etiraz aksiyalarının sui-istifadəyə əlverişli zəmin hazırladığına görə ona (Hizmətə) könül vermiş insanları bu kimi fəaliyyətlərə qatılmağa təşviq etmir.

Ətraf mühitin mühafizəsi məqsədilə başlayan bu aksiyalara dinc şəraitdə keçdiyi ilk günlərdə hökümətə yaxın dairələr də daxil olmaqla, hər təbəqədən insanlar qatılmışdı. Hizmətə rəğbət bəsləyən bəzi adamların ətraf mühitə qayğı niyyəti və şəxsi qərarı ilə ilk günlərdə aksiyalara müsbət münasibət bildirməsi Hizmət Hərəkatının bu hadisələrlə bağlı gizli planları olduğu mənasına gəlmir.

Belə ki, GYV-nin Fəxri Sədri möhtərəm Fəthullah Gülən “çapulcu (qarətçi, soyğunçu)” ifadəsinə etiraz etdiyi söhbətində məsum tələblərlə başlayan aksiyaların daha sonra bəzi bədxah qüvvələr tərəfindən istismar edildiyini və bəzi beynəlxalq media qurumlarının da bu hadisələrdən sui-istifadə edərək mənfi imic oyatmaqla məşğul olduğunu vurğulamışdır. (http://fgulen.com/tr/abd-sohbetleri/herkul-nagme/14418-fethullah-gulen-323-nagme-taksim-gezi-parki-hadiseleri-ve-problemlerin-temeli)

Cəmiyyətin hər təbəqəsindən bir çox insan ətraf mühitə qayğı ilə yanaşılmasına haqq qazandırmış və ilk günlərdə aksiya iştirakçılarına qarşı görülən sərt tədbirlərə etirazlarını bildirmişlər. Cənab Prezident Abdullah Gülün “Seçki hər şey demək deyildir”, Baş Nazirin Vəkili Bülənt Arıncın “Üzr istəyirik”, Mədəniyyət Naziri Ömər Çeliyin “Məsələni anladıq”, Təhsil Naziri Nabi Avçının “Bütün müxalifəti birləşdirdik”, Avropa Birliyi üzrə Nazir Egemən Bağışın Nyu York Tayms qəzetində dərc olunan yazısında işlətdiyi “Gəzi parkı aksiyaları plüralizm və demokratiyanın təzahürüdür” kimi ifadələr və ən sonda AKP millət vəkili professor İdris Balın Gəzi parkı hadisələri haqqında hazırladığı hesabatda “Hökümət Gəzi parkı hadisələrində strateji xəta elədi” təsbiti Hizmətin bu məsələyə yanaşmasından heç də fərqli deyildir.

Baş Nazir Ərdoğan da aksiyalara cavab olaraq Qazlıçeşmədə keçirdiyi etiraz mitinqindən sonra Türk Dili Olimpiyadalarının yekun mərasiminə qatılmış və çıxışında Hizmət Hərakatını təqdir etmişdir. Vəzifəsi etibarilə hər cür kəşfiyyat imkanlarına malik olan Baş Nazir Gəzi parkı hadisələrinin arxasında Hizmətin dayandığını düşünsəydi, şübhəsiz ki, çıxışında hərəkatı tərifləməzdi.

2-ci iddia: “Hizmətə yaxın vəkil və hakimlər Gəzi parkı aksiya iştirakçılarına həbs cəzası verməyib”

Bütün vəkillər və hakimlər dövlət işçisi olub Hakimlər və Vəkillər Ali Qurumunun (HSYK) nəzarəti və tabeçiliyindədir. Əgər vəzifələrinin icrasında nöqsana yol veriblərsə, buna cavabdehlik Ədliyyə Nazirliyinə və HSYK-yə aiddir.

Qaldı ki son vaxtlar mediada tez-tez dərc olunan xəbər və yazılar sayəsində artıq bütün cəmiyyət də bilir ki, Hizmətə yaxın olduğu iddia edilən məhkəmə üzvləri onsuz da sözügedən qurumlardan “təmizlənmişdir”.

Üstəlik çoxdandır, həbs-qətiimkan tədbirlərinə etiraz edən təbəqlərin indi durub “məhkəmə niyə həbs etmir” deyə şikayət etməsi də öz-özlüyündə böyük bir ziddiyyətdir.

Yaxın keçmişdə Ergenekon məhkəməsinin qeyri-qanuni olduğunu göstərmək üçün əlindən gələni əsirgəməyən bəzi kəsimlərin ortaya atdığı “Camaatpərəst məhkəmə” ittihamının indi başqa dairələr tərəfindən gündəmə gətirilməsi və onlara heç bir etiraz edilməməsi olduqca düşündürücüdür.

3-cü iddia: “Hizmətlə əlqəsi olan polislər aksiya iştirakçılarının çadırlarını yandıraraq və sərt müdaxilə edərək etirazları körükləyib”

Hüquq-mühafizə orqanları dövlət işçiləri olub Daxili İşlər Nazirliyinin nəzarəti və tabeçiliyi altındadır. Hökumətin tabeçiliyində olan hüquq-mühafizə orqanlarının məsuliyyətini rəsmi statusu olmayan Hizmət Hərəkatının üstünə yıxmaq məntiqsizlikdir.

Necə ki, sonradan məlum oldu ki, hadisələrin başlandığı ilk gündən bəri bütün təlimatlar hökumət tərəfindən verilib, çadırları da bələdiyyə polisi yandırıb.

Həmçinin Baş Nazir cənab Ərdoğan da hüquq-mühafizə orqanlarına özünün təlimat verdiyini bildirmiş, bu orqanlara dəstək verdiyini açıqlamış və nəhayət, aksiyalar zamanı asayişin qorunmasında göstərdikləri yüksək xidmədə görə onları mükafatlandırmışdır.

4-cü iddia: “Camaat Misirdəki çevrilişə etiraz etmir.”

Türkiyədə baş verən hər çevrilişdə böyük zərbə alan bir hərəkatın çevrilişlərin əleyhinə olmaması mümkünsüzdür. Açıq-aydın görünür ki, bu iddianı ortaya atanlar ictimaiyyətdə Hizmət Hərəkatının etibarına xələl gətirmək istəyir. Çevriliş təhlükəsini daima aktual saxlayan Hizmət Hərəkatının çevrilişlərə müsbət yanaşması qeyri-mümkündür.

Bu səbəbdən bir daha təkrar edirik ki, Misirin seçilmiş qanuni prezidenti Mursinin hakimiyyətdən uzaqlaşdırılması bir dövlət çevrilişidir və heç bir vəchlə qəbul edilə bilməz.

Fəthullah Gülən Xocaəfəndi söhbətlərin birində Misirdə baş verən hadisələr haqqında fikrini bildirmiş və açıq şəkildə: “Demokratiyaya bir daha zərbə vuruldu,” ‒ demişdir (http://www.fgulen.com/az/xitabet/herkul-negme/36262-352-ci-negme-misirde-cevrilis-ve-ramazanda-tovbe). Xocaəfəndi söhbətində Misir Prezidenti Mursinin hakimiyyətə gəlişindən bir il keçməmiş “səhv elədi” düşüncəsi ilə Türkiyədəki 27 may 1960, 12 mart 1971, 12 sentyabr 1980-ci il çevrilişlərə bənzər bir çevrilişlə vəzifəsindən uzaqlaşdırılmasının tarixə qara ləkə kimi düşəcəyini aydın şəkildə vurğulamışdır.

Hizmət Hərəkatına yaxın media qurumlarının heç biri prinsip olaraq çevrilişə müsbət baxmadığı kimi, bütün veriliş və xəbərlərində də çevrilişin əleyhinə konkret mövqe sərgiləmişdir. Sözügedən media qurumları bəzi Avropa siyasətçilərinin Misirdə baş verən çevrilişə qeyri-prinsipial mövqeyini də açıq-aşkar tənqid etmişdir.

5. İddia: "Alternativ iqtidara gedən yol Pensilvanyada keçir. İqtidara alternativ güc axtaranlar gedib Gülənlə görüşür"

Cəmiyyətin hər təbəqəsindən hörmət görən bir sivil fikir öndərini ziyarət etməyi alternativ iqtidar axtarışı kimi xarakterizə etmək və belə bir imic formalaşdırmağa çalışmaq səhvdir, yalandır.

Ömrü boyu cəmiyyətin bütün təbəqələri ilə diyaloqa hazır olan və qapısını hər kəsin üzünə açan möhtərəm Gülənin onunla görüşmək istəyənlərə - səhhəti imkan vermək şərti ilə - etiraz etməsi inandığı dəyərlərə ziddir. Belə ki, cəmiyyətin müxtəlif təbəqələrindən bir çox tanınmış şəxs möhtərəm Güləni ziyarət etdiyi kimi, bir çox hökümət adamı da onunla dəfələrlə görüşmüşdür.

Qaldı ki, möhtərəm Gülənin insanlarla qurduğu əlqalərə sırf siyasət aspektindən baxmaq və bu əlaqələrə məhdudiyyət qoymağa çalışmaq son dərəcədə yanlışdır.

Yaxın vaxta qədər Xocaəfəndinin Türkiyədə yaşamasını belə gözü götürməyən insanlar vardı. Görünür ki, buna onu qürbətdə ziyarət edənlərin paxıllığını çəkənlər də əlavə olunub. Unutmayaq ki, azad bir insanın demokratik hüquqlarına zidd bu ədəbsiz münasibət onu təcrid etmə cəhdi kimi qəbul edilməkdədir.

6-cı iddia: “Hizmət bürokratiya vasitəsilə təsir gücünü artırıb hakimiyyətə şərik olmaq istəyir”

Demokratik sivil toplum hərəkatı olan Hizmət hərəkatını iqtidara təsir etmək və hakimiyyətə şərik olmaqda ittiham etmək, açığını deyək ki, əbəs bir işlə məşğul olmaqdır.

Demokratik sistemlərdə seçki ilə gələn iqtidarlar hakimiyyətdən ancaq seçimlə gedir. Bununla birgə, vətəndaşların və cəmiyyətdə tanınmış simaların müxtəlif mövzularla əlaqədar tənqid və tövsiyələrini dilə gətirməsi dövlət idarəsinə qarışmaq sayılmamalıdır.

Seçki ilə hakimiyyətə gələn qanuni iqtidarların gördüyü işlərə ictimai nəzarət Türkiyənin üzv olmağa çalışdığı Avropa Birliyi normaları çərçivəsində plüraslist demokratiyanın ən təbii tələbatıdır. Cəmiyyət bu hüquqlarını, hətta məsuliyyətini QHT-lər, müxalifət partiyaları və azad KİV vasitəsilə həyata keçirir.

Qeyri-dövlət təşkilatlarının, yaxud müxtəlif sivil cəmiyyətlərin tənqid və tövsiyələrini iqtidar dərdinə düşmək kimi xarakterizə etmək, onlara “siyasətə qarışma”, “Hakimiyyət fikrin varsa, partiya qur”, ya da “seçkiləri gözlə” demək qəbuledilməzdir və demokratik sistemin ruhu, norması və dəyərləri ilə üst-üst düşmür

Digər bir tərəfdən, cəmiyyətin bütün təbəqələrindən çoxlu sayda insanın Hizmət Hərəkatının prinsiplərini və ideallarını müxtəlif səviyyələrdə mənimsəməsi təbii hadisədir. Bunun kimi, demokratik bir ölkədə sırf qanuni vətəndaşlıq hüquqlarından istifadə edərək ləyaqət prinsipi çərçivəsində dövlət qulluğuna düzələn Hizmət könüllülərinin olması normal haldır. Dünyagörüşündən və həyat tərzindən asılı olmayaraq hər bir vətəndaşın cari qanunlar çərçivəsində dövlət qulluğuna girməsinin “dövləti ələ keçirmək”, “dövlət idarələrinə sızmaq”, “hakimiyyətdə güclü mövqe tutmaq”, yaxud “paralel hakimiyyət qurmaq” kimi təqdim olunmasını xoş niyyətlə izah etmək mümkün deyildir. Həm də bu cür ifadələr “köhnə Türkiyə”yə aid baxışları xatırladır.

Əlbəttə, bürokratlar seçilmiş iqtidarın və tabeçiliyində olduqları şəxslərin (qanuni) əmrlərinə tabe olmalı və yalnız onlardan əmr almalıdır. Buna görə də vəzifə səlahiyyətlərini pozmaqda və idarəçilərin əmrlərinə əməl etməməkdə ittiham edilən bürokratlar varsa, sübut və dəlillər əsasında hüquqi çərçivədə istintaqa cəlb edilməli və məhkəməyə həvalə olunmalıdır.

Ancaq keçmişdə də, bu gün də olduğu kimi, “hakimiyyətdə güclü mövqe tutmaq” və ”iqtidara şərik olmaq” kimi iftiralarda məqsəd müəyyən ictimai təbəqəyə mənsub insanları dövlət vəzifələrindən uzaqlaşdırmaqdırsa, bu, hüquq və demokratiyanın prinsiplərinə ziddir. Xalqın iradəsi ilə seçilən hökumətin vəzifə bölgüsünə əlbəttə hörmət edilməlidir. Ancaq gəzən iddialara görə insanları Hizmət Hərəkatının mənsubu bilərək təqib etmək – insanları izləmək konstitusional cinayət sayılır – və sonra da vəzifədən uzaqlaşdırmaq anti-demokratik addımdır.

7-ci iddia: “Hizmət Kürt məsələsinin həll olunması prosesinin əleyhinədir”

Möhtərəm Gülən bu proseslə əlaqədar: “Sülh xeyirdir, xeyir sülhdədir” (a href="http://fgulen.com/tr/abd-sohbetleri/herkul-nagme/33858-fethullah-gulen-195-nagme-sulh-hayirdir-hayir-sulhtadir" target="_blank">http://fgulen.com/tr/abd-sohbetleri/herkul-nagme/33858-fethullah-gulen-195-nagme-sulh-hayirdir-hayir-sulhtadir) deyərək öz fikrini açıq və konkret şəkildə bildirmişdir. F. Gülənin fikir və tövsiyələri ilə həyata keçirilən Hizmət Hərəkatına gəlincə isə, hərəkat bu prosesi başladığı ilk gündən bəri dəstəkləməkdədir.

Möhtərəm Gülənin həm kürd məsələsinin həlli yolunda görülən tədbirlərdən çox-çox əvvəl, həm də bu proses başlayanda dilə gətirdiyi fikirlər konkret və aydındır, üstəlik hökümətin Kürd məsələsinin həllində bugünədək izlədiyi yoldan çox qabaqdadır. Bunu müxtəlif söhbətlərdə və ən son Ərbildə dərc olunan Rudav qəzetinə verdiyi müsahibədə də açıq şəkildə ortaya qoymuşdur. (a href="http://fgulen.com/az/metbuat/xeberler/36073-insan-huquq-ve-azadliqlari-danisiqlar-movzusu-ola-bilmez" target="_blank">http://fgulen.com/az/metbuat/xeberler/36073-insan-huquq-ve-azadliqlari-danisiqlar-movzusu-ola-bilmez) Sözügedən müsahibədə Gülən konkret şəkildə qeyd etmişdir ki, ana dilində təhsil almaq insanın haqqıdır və onu siyasi sövdələşmə obyektinə çevirmək olmaz.

Digər tərəfdən, sözügedən məsələnin həlli ilə bağlı verdiyi səmimi tövsiyə və xəbərdarlıqları Kürd probleminin həllinin əleyhinəymiş kimi görmək və göstərmək qəbuledilməzdir. Əksinə bu prosesin daha səmərəli nəticələr verməsinə dəstək kimi qiymətləndirmək lazımdır.

GYV Kürd probleminin həlli ilə əlaqədar Diyarbəkir və Ərbil də daxil olmaqla bir çox şəhərlərdə seminar keçirmişdir. Artıq 20 ildir ki, İraq Kürdistanında Hizmət könüllülərin açdığı məktəblər kürd dilində təhsil verməkdədir. Türkiyənin ilk qanuni və özəl Kürd dilli televiziya kanalı da məhz Hizmət Hərəkatına bağlı könüllülər tərəfindən açılmışdır.

Hizmət Hərəkatının konkret mövqeyi göz qabağında ola-ola “hökümət qətiyyətlə dəstəklədiyi KCK məhkəmələrinin acığını Hərəkatdan çıxır” kimi təhrif olunmuş məlumatlarla cəmiyyətdə yanlış imic formalaşdırmaq böyük haqsızlıqdır.

8-ci iddia: “Hizmət 7 fevralda Baş Naziri həbs edəcəkdi”

Bu açıq-aşkar böhtanı ağlı və vicdanı olan heç bir kəs qəbul etməz. Buna baxmayaraq bədxah qüvvələr hüquqi cəhətdən əsassız, məntiqi baxımdan tutarsız, hüquq sistemimizdə icra ehtimalı sıfıra bərabər olan bu axmaq ssenarini “palçıq at, izi qalsın” zehniyyəti ilə israrla davam etdirir və açıq-aşkar Hizmət Hərəkatına böhtan atırlar.

Hərəkata bu iftiraları atanlar indiyə qədər heç bir ağlayatan, məntiqli, qaneedici bir izah gətirə bilmədi ki, Baş Naziri həbs etməklə Hizmət nə qazanacaq və düz 9 ay əvvəl keçirilən seçkilərdə yeni konstitusiya üçün canla-başla çalışan bir hərəkat niyə birdən-birə belə bir işə əl atsın.

Ölkədə gedən demokratik prosesləri təqdir edən, gizli təşkilatların və əlaqələrin ifşa olunmasını dəstəkləyən, bu səbəbdən də “Ergenekon” istintaqına və məhkəməsinə dəstək verən Hərəkata yaxın bəzi media orqanlarının KCK-MİT istintaqına da sözügedən proseslə əlaqədar müsbət baxması Hərəkatın Baş Nazirə qarşı gizli plana malik olduğu iddiasına dəlil-sübüt sayılmamalıdır.

Danılmaz bir həqiqətdir ki, vəkil bir kənara dursun, Baş Prokurorun belə Baş Naziri və nazirləri məhkəməyə cəlb etmək hüququ yoxdur. Elə isə “Baş Nazir həbs olunacaqdı” iddiası cəfəng bir iftiradan başqa bir şey deyil.

Hizmət Hərəkatına bağlı insanlar AKP-nin hüquqşünas millət vəkilləri və idarəçilərinin bu məkrli iftiraların davam etməsinə göz yummalarının səbəbini heç cür anlamır və buna görə onlardan inciyir.

9-cu iddia: “Hizmət seçkilərdə bəzi partiya və şəxslərlə əməkdaşlıq edəcək”

Hizmət Hərəkatı bugünədək heç bir partiya ilə əməkdaşlıq etmədiyi kimi, bundan sonra da heç bir partiya, yaxud da şəxslərlə əməkdaşlıq etməyəcək.

Hizmət Hərəkatı partiya siyasətinin fövqündə dayanır və hər cür siyasi görüşlü insanları birləşdirir. Dolayısilə, hər hansı bir partiya ilə əməkdaşlıq onun prinsiplərinə ziddir.

Hizmət Hərəkatı siyasi partiyalarla əməkdaşlıq etmir, eyni zamanda demokratiya, plüralizm, insan hüquqları, din azadlığı, ədalət kimi əsas prinsiplərə uyğun gələn siyasəti və icraatları hansı partiya edir etsin dəstəkləyir, çünki o, heç bir partiyanın tərəfdarı deyildir. Bunu təkcə demokratik hüquq deyil, eyni zamanda ölkəyə və gələcək nəsillərə aid məsuliyyət tələb edir. Əsas prinsiplərə zidd hallarda hərəkat, yenə də hər hansı bir partiyaya tərəfdar olmadığı üçün, siyasi icraatları tənqid etməkdən, yaxud tövsiyə verməkdən çəkinmir. Bu, ölkənin mənafeyini güdən, prinsipial və siyasi partiyaların fövqündə dayanan bir yanaşmadır.

10-cu iddia: “Baş Nazirin otağına dinləmə cihazını Hizmətə yaxın qüvvələr qoyub”

Buradan aşkar görünür ki, Hizmət Hərəkatı dövlət daxilində qurumlararası mübarizəyə qurban vermək istəyirlər. “Baş Naziri dinləmək” kimi ağ yalanlarla Hərəkatın etibarına xələl gətirmə cəhdləri qəbulolunmazdır.

Açıq-aşkar cinayət sayılan belə bir iddiaya qarşı lazımi tədbirlərin görülməməsi və hələ də məhkəmə yolu ilə buna bir aydınlık gətirilməməsi düşündürücüdür. Hizmət Hərəkatını ittihamlarla gözdən salmağa hesablanmış bu iddia və yazıları qınayırıq. Baiskarların tapılıb ortaya çıxarılması yerinə ortada bəzi yalan və ittihamların gəzməsi yenə məkrli planların qurulduğunu ağıla gətirir.

Məsələyə hərtərəfli aydınlıq gətirmək, bu işi təşkil edənləri qısa vaxtda tapıb onlara layiqli cəza vermək hökümətin və məhkəmənin işidir.

11-ci iddia: “Fəthullah Gülən niyə Türkiyəyə qayıtmır? ABŞ-da olduğu üçün ABŞ-ın təsiri altındadır”

Bu, açıq-aşkar təhqir və iftiradır. Onsuz bu iftiranı dilə gətirənlərin əksəriyyəti eyni şeyləri keçmişdə də, Xocaəfəndi Türkiyədə yaşayanda da səsləndirmişdilər.

Bu iddia və iftiraları dilə gətirənlərin əksəriyyəti eyni zamanda ABŞ-ın bütün dünyaya hakim olduğunu müdafiə edirlər. Belə çıxır ki, Möhtərəm Gülən Türkiyəyə geri dönsə belə, - onların düşüncəsinə görə - bu təsirdən yaxa qurtara bilməz. Onsuz da bu zehniyyətin sahibləri bu cür iftiraları ömrü boyu ABŞ-a ayağını basmamış insanlara da atırlar, özü də dəlilsiz-sübutsuz. Hətta AKP yeni qurulan vaxtlarda ona da ABŞ-ın layihəsi deyənlər var idi.

Möhtərəm Gülən Türkiyəyə niyə geri dönmədiyinə dair dəfələrlə açıqlamalar vermişdir. Dönərsə, “bəzi qüvvələrin bundan sui-istifadə edərək demokratik nailiyyətlərə zərər vurmasından narahat olduğunu” dilə gətirmiş, bu səbəbdən də “Türkiyəyə qayıtmağı çox istəsəm də, narahatlığım keçənə qədər dönməyi düşünmürəm”, ‒ demişdir.

Üstəlik Türkiyədə gündəmin sürətli dəyişməsi və medianın ona göstərdiyi böyük maraq və “hücma" dair fikirlərini açıq şəkildə bildirmişdir: “Fərqi yoxdur, Türkiyəyə nə vaxt gəlsəm, keçmişdə tufan qoparanlar, böhtan atanlar, edam fərmanı verənlər yenə eyni şeyə əl atacaqlar. Düşünürəm ki, bu yaşdan sonra bu kimi şeyləri hiss edərək yaşamaq mənim üçün çətin olar”. Onsuz da Gülən başqa bir ölkədə yaşasaydı, ortada bundan 10 qat çox yalan gəzərdi.

Yuxarıdakı iddiaların bəzilərini gündəmə gətirən və yazan insanların “bir vəkil üç polislə Hizməti terror təşkilatı kimi göstərib axırına çıxarıq” kimi bədxah niyyətlərini dilə gətirməsi, həmçinin hazırlıq kurslarının bağlanması fikrini “camaata həddini bildirilməsi” kimi ortaya atması və bəzi şəxslərin “Hizmətə bağlı olduğuna görə” dövlət işlərindən “təmizləndiyini” dilə gətirməsi, təəssüf ki, dərin dövlətin müdaxiləsini və post modern çevriliş dövrünün planlarını xatırlatmaqdadır.

Hizmət Hərəkatının həyata keçirdiyi bütün fəaliyyətlər hüquq və konstitusiya çərçivəsindədir. Millətimizin fədakarlığı ilə açılan və böyük nailiyyətlərə imza atan bu qurumlara qarşı ortaya atılan “həddini bildirmək üçün bağlamaq” iddiasını ağıl və vicdan sahibi insanların qəbul etməsi mümkünsüzdür.

Yekun olaraq, insanlığa xidmət eşqi ilə yola çıxan, fədakar könüllülərdən meydana gələn və fəaliyyət göstərdiyi 150-yə yaxın ölkədə istər yerli rəsmilər, istərsə yerli xalqlar tərəfindən böyük rəğbətlə qarşılanan Hizmət Hərəkatı bu günədək heç bir yerdə hüquq, demokratiya və insan hüquqlarının əleyhinə olmamışdır, ola bilməz də. İnsan olan yerdə xətalar da var, buna görə də Hizmət Hərəkatı xətalarının göstərilməsinə və konstruktiv tənqidə etiraz etmir, hətta bunu dilə gətirənlərə səmimi təşəkkürünü bildirir. Ancaq yalan və qərəzli məlumatlar yayaraq qaralama kampaniyaları başladanlara biganə qalmaq mümkün deyildir.

Qeyd edək ki, bu açıqlamanın məqsədi konstruktiv tənqidlərin qarşısını almaq deyil, əksinə daha əlverişli bir müzakirə zəmini hazırlamaqdır.

İctimaiyyətə ehtiramla çatdırılır.

Pin It
  • tarixində yaradılmışdır.
Copyright © 2024 Fəthullah Gülən Veb Saytı. Bütün hüquqları qorunur.
fgulen.com tanınmış türk alim və mütəfəkkiri Fəthullah Gülənin rəsmi saytıdır. Bu ünvan fgulen.com saytına məxsusdur.