İslamafobiyanın padzəhəri - Hizmət hərəkatı

İslamafobiyanın padzəhəri - Hizmət hərəkatı

Fəthullah Gülən Xocaəfəndinin yüksək elmi savadı həm şərqdə, həm də qərbdə mübahisəsiz təqdir edilir. Haqqında onlarca elmi məqalə və kitab yazılıb. Bu günlərdə Almaniyada “Fəthullah Gülən və Hizmət insanı modeli (Der “Mensch des Dienstes” bei Fethullah Gülen)” adlı kitab işıq üzü görüb. Almaniyanın Tübingen Universitetinin əməkdaşı Muhammed M. Aqdağın qələmə aldığı və “Peter Lanq” nəşriyyatında çapdan çıxan kitabda Xocaəfəndinin düşüncə dünyasına ətraflı yer verilib. Kitab Hizmət hərəkatı ilə əlaqəli bir çox mühüm məlumatları ehtiva edir. Başda Türkiyə və Avropa ölkələri olmaqla səkkiz il boyunca dünyanın müxtəlif ölkələrində Hizmətin fəaliyyətlərini araşdıran Aqdağla Hizmət hərəkatı və son vaxtlar baş verən hadisələrlə bağlı söhbət etdik.

Belə bir araşdırma aparmağa necə qərar verdiniz?

Universitetdən məzun olduqdan sonra magistratura təhsilimi Almaniyada davam etdirməyi qərara aldım. Buna görə də Tübingen Universitetində doktoranturaya başladım. Almanların təsəvvüfə və Türkiyəyə olan marağı mənim diqqətimi çəkdi. Belə ki, iki əsrdən çoxdur təsəvvüflə maraqlanan çoxlu Alman aliminin olduğundan xəbərdardım. Düşünürdüm ki, görəsən, bu sahədə yenilik ortaya qoya bilərəm? Bunun üçün, təhsil sahəsində gördüyü işlərə görə Avropada haqqında çox bəhs edilən Hizmət hərəkatı və Fəthullah Gülən Xocaəfəndini, xüsusilə təsəvvüf baxımdan araşdırmağı qərara aldım. Müxtəlif elmi metodlarla, əsasən sosyologiyanın metodlarından istifadə edərək həm Almaniyada, həm də digər ölkələrdə müşahidə və araşdırma apardım. Kitabımda da Xocaəfəndinin təsəvvüfün təməl məfhumu sayılan “insanı-kamil” anlayışına necə yanaşdığını, müasir dövrdə yeni insan modelini - “Hizmət insanı”nı necə xarakterizə etdiyini və bunun Hizmət hərəkatında necə təcəssüm etdirildiyini araşdırdım.

Xocaəfəndinin ortaya qoyduğu “hizmət insanı” modelini necə tərif edərdiniz?

Fəthullah Gülən Xocaəfəndi hər şeydən əvvəl insanı əsəs götürən bir düşüncə formalaşdırıb. “Hizmət insanı” anlayışını ərsəyə gətirəndə həm Hizmət, həm də insan qavramını ayrı-ayrılıqda mənalandırır. Əsasını dindən götürərək müasir anlayışla yenidən sintez edir. Məsələn, təsəvvüfdə Hizmət məfhumu var. Ancaq bu, dərgahda (təkyədə) görülən işlər, yaxud oradakı bəzi vəzifələri yerinə yetirilməsi ilə məhdudlaşdırılmışdı. Bu, hətta, bir dəvişin dərgaha qəbul edilməsi üçün müəyyən edilmiş təlim müddəti – yəni, müəyyən bir təlim dövrü, xidmət dövrü – səviyyəsinə qədər salınmışdı.

Xocaəfəndi bu “hizmət” anlayışına Quran və Sünnə çərçivəsində yenidən nəzər yetirib mərkəzi mövqeyə çəkir. Səid Nursinin işlətdiyi bu məfhumu hərəkata ad olaraq verir. Bunu da qeyd edim ki, Xocaəfəndi Quran və Sünnəyə yaxından bələddir. Lakin onun xüsusilə bu yönü, siyasi polemikaların kölgəsində qalır. Düşünürəm ki, Xocaəfəndi bir din alimi kimi lazımi şəkildə tanınmır. Mən bu qənaətdəyəm ki, Xocaəfəndini dini yönləri ilə tanımayanlar, onu həqiqi mənada tanımış sayılmır.

Fəthullah Gülən Xocaəfəndi ilə görüşdünüzmü?

Özü ilə görüşməsək kitab natamam olardı. Uzun müddət Hərəkatın fəaliyyətləri ilə maraqlanıb haqqında çoxlu kitab oxumuşdum. Görüşmək üçün təklif etdim. Səhhəti ilə əlaqədar görüşümüz bir az gec baş tutdu. Ona tədqiqatımdan bəhs etdim. Bəzi mövzularla bağlı görüşlərini öyrənmək istəyirdim. Suallarımı çox səmimi şəkildə cavablandırdı. Qərbdə və Şərqdə olan təsəvvüf anlayışının fərqliliyinə diqqət çəkdi. Bundan başqa, Xocaəfəndini uzun müddətdir tanıyan Hizmət hərəkatının rəhbər nümayəndələri ilə, hərəkatın müxtəlif ölkələrdəki təmsilçiləri ilə və bu mövzuda elmi araşdırma aparmış tədqiqatçılarla görüşmək imkanı əldə etdim.

Bu günlərdə Hizmət hərəkatı haqqında “qanunsuz qruplaşma”, “təşkilat”, “xunta”, “dövlətə parallel quruluş” kimi bənzətmələr olur. Tədqiqat zamanı bu fikirləri təsdiq edən bir faktla qarşılaşdınızmı?

Türkiyədə cümhuriyyət dövründə fərd və dövlət əlaqələrində, xüsusilə sosioloji baxımdan bəzi məfhumlar ortaya çıxdı. Məncə, “qanunsuz qruplaşma”, “təşkilat”, “güruh” və oxşar bəzi sözlər müəyyən təbəqələri xarakterizə edib sinifləndirməyin nəticəsidir. Ancaq, Hizməti bu sözlərlə xarakterizə edənlərin hərəkatı lazımi səviyyədə tanımadığını düşünürəm. Ya tanımırlar, ya da bu sözləri məqsədyönlü şəkildə istifadə edirlər. Çünki bunlar köhnə jarqonlardır və Türkiyədə dövlətin son əlli ildir hadisələrə göstərdiyi reaksiyanın təzahürüdür.

Lakin qeyd etmək istəyirəm ki, bu mübahisələr elmi müzakirə deyil. Çünki bu cür təhqiramiz sözlərin, ittihamedici ifadələrin heç bir elmi əsası yoxdur. Belə ki, Hizmət hərəkatı haqqında araşdırma aparan Aqai, Hermansen və İbah kimi nüfuzlu qərb tədqiqatçıları hərəkatı bu sözlərlə xarakterizə etməyi düzgün hesab etmir. Mən də tədqiqat zamanı hərəkatı bu cür səciyyələndirəcək heç bir faktla qarşılşmadım.

Hizmət hərəkatının hüquq-mühafizə orqanları və məhkəmə sistemi kimi dövlətin strateji qurumlarına adam yerləşdirdiyi iddia edilir. Bu haqda nə deyirsiniz?

Bu iddialar yeni səsləndirilmir. Hizmət əleyhdarlarının bu mövzuda mahiyyət etibarilə bir-birinə bənzər onlarla kitabı mövcuddur. Lakin ortaya atılan iddialarla əlaqəli tutarlı dəlilləri yoxdur və çox vaxt məhkəmələrdə qaldırılan iddialar dəlil çatışmazlığı səbəbindən etibarsız sayılıb. Digər tərəfdən polis təşkilatında, ya da dövlətin digər müəsisələrində Xocaəfəndinin fikirlərindən təsirlənən insanların olması çox təbiidir. Nəticədə, dövrümüzün ən təsirli fikir adamlarından birindən söhbət gedir. Amma bu, o insanların qruplaşma yaratdığı, ya da təşkilat qurduğu mənasına gəlmir. Onsuz da Hizmət hərəkatı gizli bir təşkilat deyil. Dünyanın müxtəlif ölkələrində fərqli din və mədəniyyətə mənsub olan insanların Xocaəfəndinin düşüncələrindən təsirləndiyi kimi, ölkəmizdə də müxtəlif sahələrdə çalışan bir çox təbəqədən insanlar ola bilər. Ancaq təşkilati bağlılıq o tərəfə dursun, heç çoxu bir-birini tanımır. Məsələn, Polis təşkilatında Mövlananın fikirlərini mənimsəyən və onun “Məsnəvi”sini oxuyan polislərə “Mövlana şəbəkəsi” deyə bilrsiniz? Yaxud Almaniyada Habermasın kitablarını oxuyub ondan təsirlənən dövlət məmurları “Habermanscı” sayıla bilərmi? Əlbəttə ki, yox! Digər tərəfdən həm İslam hüququnda, həm də müasir hüquq anlayışında belə bir qayda var: ittihamçı iddiasını sübut etməyə, müttəhim də and içməyə borcludur. Ona görə də sübuta yetirilməmiş bütün iddialar həm elmi, həm də hüquqi sarıdan əsassızdır.

Avropalı alimlər Gülən və Hizmət hərəkatı haqqında nə düşünür?

Hizmət hərəkatı Avropada nisbətən yeni bir anlayış olsa da, Xocaəfəndi və onun fikirlərini tanımaq istəyənlərin sayının günü-gündən artığını deyə bilərəm. Avropada mövcud olan mənfi müsəlman imicini təsirsiz hala gətirən Xocaəfəndinin müsəlman kimliyindən güzəştə getmədən meydana gətirdiyi fikir axını və həyat tərzi var. Xocaəfəndi bir mənada, günümüzdə həqiqi müsəlman kimliyini yenidən formalaşdırır və Avropadakı mənfi müsəlman anlayışına alternativ imic təqdim edir. Bu da Avropada geniş yayılmış islamafobiyaya padzəhər ola bilər. Bu fəaliyyətlərin İslamın mənfi imicinin aradan qaldırılmasında rolu çox böyükdür. Avropada mötədil düşüncəyə malik insanlar bunu görür və Hizmət hərəkatına yerli və beynəlxalq müstəvidə etibarlı bir tərəfdaş kimi baxır. Bunu hərəkatın Avropada sürətli şəkildə yayılmasından da başa düşmək olur.

Türkiyədə hökümət hazırlıq kurslarını bağlamaq istəyir. Hizmət hərəkatının Avropada da tədris mərkəzləri varmı? Avropalıların bu qurumlara münasibəti necədir?

Türkiyədə hazırlıq kursları ilə bağlı müzakirələrin getdiyi ərəfələrdə Almaniyada hazırılıq mərkəzlərinin olmaması ilə bağlı yanlış məlumatlar yayıldı. Halbuki, hazırlıq kursları (repetitorluq) Avropada mühüm sektordur. Universitetə qəbul olunana qədər abuturiyentlərin bu təhsil ocaqlarına ehtiyacı olur. Məsələn Almaniyada, xüsusilə, “abitur” (attestat qiyməti) qiymətini yüksəltmək istəyən çoxlu sayda abuturiyent hazırlıq kurslarının dinləyicisi olur. Bunlar, Almaniyada çox köklü qurumlardır. Bunun kimi “etüd mərkəzləri (dərs oxuma salonları)” də orta məktəb şagirdlərinin istifadəsindədir. Bunlar da məktəblilərin bilik səviyyəsinin artırılması üçün kurslar təşkil edirlər.

Hizmət Almaniyada 1990-cı illərin əvvəllərində çoxlu sayda “etüd mərkəzləri” açdı. Bu mərkəzlərdə əsasən miqrant uşaqlara dərslərin mənimsədilməsində kömək edilirdi. Bununla yanaşı, yerli uşaqlara da dərs keçilirdi. Bu kurslar fəaliyyət göstərdiyi müddət ərzində böyük uğur əldə etdi. Qazanılan uğurlar özəl məktəblərə etimad doğurdu. Ştutqartda fəaliyyət göstərən “BİL məktəbləri” buna nümunədir.

Belə başa düşdüm ki, buradakı tədris ocaqlarının bağlanmasından söhhbət getmir?

Əksinə, dövət yeni tədris mərkəzlərinin açılması üçün təşviq edir. Çünki bu qurumların təhsil sahəsində dövlətə çox faydası olur. Mən səkkiz il müddətində apardığım müşahidə və tədqiqatlar zamanı Fransa, Hollandiya, Danimarka kimi Avropanın müxtəlif ölkələrində də bunun şahidi oldum.

Gülən Hərəkatının siyasətə qarışması haqda məlumatlar yayılır. Bu haqda nə düşünürsünüz?

Hizmət hərəkatına yönələn tənqidlər kitabımın birinci hissəsində geniş yer verdiyim mövzulardandır. Hərəkatın siyasətə baxışı ta əvvəldən məlumdur. Bütün siyasi partiyalarla eyni məsafədə durduqlarını və siyasi partiya qurmaq fikirlərinin olmadığını dəfələrlə səsləndiriblər. Digər tərəfdən, xüsusən AKP-nin iqtidarı dövründə hökumətin bəzi layihələrində iştirak etdiyinin şahidi oluruq. Bu da cəmiyyətdə Hizmətin hökumətlə birlikdə hərəkət etməsi kimi anlaşıldı. Ancaq, son hadisələr göstərdi ki AKP və Hizmət hərəkatı arasında heç bir siyasi yaxınlıq yoxdur. Əksinə, çox böyük təzadlara rast gəlirik. Bunda sosyal hərəkatla siyasi hərəkatın arasındakı müxtəlifliyin də böyük rolu var. Hizmət hərəkatına hər təbəqədən, hər anlayışdan, hər düşüncədən insanların daxil olması mümkün olsa da, siyasi partiyalarda cəmiyyətin müəyyən bir təbəqəsi əsas götürülür. Belə ki, hərəkatlarda müxtəlif siyasi partiyaları dəstəkləyən, fərqli dillərdə danışan, ayrı-ayrı inanclara mənsub insanlara rast gəlirik. Partiya anlayışının mərkəzində lider dayanır, Hizmət hərəkatı isə məhəlli əsaslı, məşvərətlə idarə olunan sosial hərəkatdır. Siyasətdə bəzən qütübləşdirici üsluba meyl edilsə də, Hizmət hərəkatı mütəmadi olaraq uzlaşdırıcı və konstruktiv mövqedən çıxış edir.

Avropalılar Hizmətin bu mövqeyini necə qiymətləndirir?

Hizmətin siyasi bir ambissiyasının olmaması Avropada Hərəkatın rəğbətlə qarşılanmasında böyük rol oynayır. Lakin axır vaxtlar Ədalət və İnkişaf partiyası (AKP) ilə yaxınlığı avropalılar tərəfindən tənqidlə qarşılanmışdı. Buna görə deyə bilərik ki, Türkiyədə baş verən son hadisələr qarşısında Hizmətin tutduğu mövqe Avropada rəğbətlə qarşılandı. Çünki Hizmət sivil hərəkat kimi tanınır. Sivil hərəkatın dövlətlə, iqtidarla yaxın münasibət qurmasını Avropa dövlətləri birmənalı qarşılamır.

Deyilənə görə, Hizmət hərəkatı tənqidi fikirləri qəbul etmir. Bu haqda nə deyirsiniz?

Fəthullah Gülən müasir dövrümüzdə Türkiyənin yetişdirdiyi və dünyaya tanıda bildiyi nadir mütəfəkkirlərindən biridir. Milyonlara insana təsir etmə gücünə malik bir din alimidir. Belə bir insanın tədqiq və tənqid edilməsi qaçılmazdır. Düşünmürəm ki, Fəthullah Gülən Xocaəfəndi buna qarşı çıxsın. Hətta həyatı ilə yaxından maraqlansanız, onun axır qırx ildə bəzi düşüncələrində müəyyən dəyişikliklərin meydana gəldiyini də görə bilərsiniz. Yəni, yeniliyə meyilli insandır. Digər tərəfdən Hərəkatda qadınların mərkəzi mövqedə olmaması, ikinci sırada qalması tez-tez tənqid olunana məsələlərdən biridir ki, mən də bu fikirlərlə razılaşıram. Lakin bu demək deyil ki, cəmiyyətdən təcrid etmək, iblis kimi qələmə vermək olar. Əsas odur ki, səsləndirilən tənqidlər konstruktiv olsun. Çünki söhbət böyük bir kütlənin rəğbət göstərdiyi bir fenomendən gedir. Bu da milyonlarla insanın hüququ deməkdir. Əhməd Qurucan və Hərəkatın digər yazarlarının dediyi kimi, Hizmət hərəkatı tənqidlərdən əsla narahat olmur, əksinə konstruktiv tənqidlərin tərəftarıdır.

Pin It
  • tarixində yaradılmışdır.
Copyright © 2024 Fəthullah Gülən Veb Saytı. Bütün hüquqları qorunur.
fgulen.com tanınmış türk alim və mütəfəkkiri Fəthullah Gülənin rəsmi saytıdır. Bu ünvan fgulen.com saytına məxsusdur.