“Xalq üçün çalışmaq Haqq üçün çalışmaqdır”
Əziz oxucular! Artıq neçə həftədir ki, qəzetimiz tanınmış Türk-İslam mütəfəkkiri M.Fəthullah Gülənin işıqlı fikirlərini, dünyanın dört tərəfinə səpilən bu düşüncələrin bərəkətli meyvələrini – təhsil müəssisələrini, dialoq fəaliyyətlərini, xeyriyyə qurumlarını sizlərə tanıtmağa çalışırıq. Görkəmli mütəfəkkirin fikirləri artıq dünyanın ən tanınmış ali təhsil müəssisələrində müzakirə olunur, ali məktəblərdə araşdırılır. Artıq əcnəbi alimləri də bu nəhəng hərəkatı yaxından öyrənir, ümumbəşəri dəyərlərə söykənən bu gözəllikləri öz ölkələrində tətbiq etmək üçün yollar axtarırlar. Bu sayımızda da tanınmış Banqladeş alimi professor Maymul Ahsansa Xanın müsahibəsi əsasında hazırlanmış yazını sizlərə təqdim edirik.
Gülənin fikirləri ilə on il əvvəl bir kitab vasitəsilə tanış oldum. Kitabın adını unutmuşam. İlk təəssüratım o oldu ki, qarşılaşdığım fikirlər klassik İslam anlayışından fərqli idi, yəni fərqli yanaşma tərzi vardı. Bildiyiniz kimi, 11 Sentyabr hadisələrindən sonra nə olurdusa, müsəlmanları günahlandırırdılar. Təəssüf ki, Qərb dünyasında intellektual boşluğu doldurası bir insan da yox idi. Qərbin “Niyə terrorizmin əleyhinə deyilsiniz?”, “Niyə müasir dövrün tələblərinə cavab verən bir Quran təfsiriniz yoxdur?”, “Niyə gənclərinizin fundamentalist olmasına imkan verirsiniz?” kimi sualları qarşısında ya susur, ya da qaneedici cavab verə bilmirdik. Bu suallara yeni İslami yanaşma tərzi ilə qaneedici cavablar verən yeganə şəxs Fəthullah Gülən Xocaəfəndi idi.
Əksər kitablarını oxuduğum halda, Xocaəfəndi ilə şəxsi tanışlığım yoxdur. Amerikada təhsilimi davam etdirdiyim vaxtlarda və ya məscidlərə baş çəkəndə bir çox türklə tanış olmuşdum. Bir şey diqqətimi çəkmişdi: orada müsəlman millətlər arasında türklər fərqlənirdi. Bəziləri islami dəyərlərə yad, kobud insanlardı. Bəziləri isə çox nəzakətli, xeyirxah, dini dəyərlərə həssas yanaşan insanlardı – bu, mənim çox diqqətimi çəkmişdi. Səbəbini araşdırdım, qarşıma Fəthullah Gülən çıxdı. Bir alim olaraq axtardığım suallara qaneedici cavablar verən şəxsiyyət idi Fəthullah Gülən.
Fəthullah Gülənin simasında fikirlərini qarşı tərəfə zorla qəbul etdirmək üçün deyil, əksinə sırf qarşı tərəfin yaxşılığı üçün irəli sürən bir insanı gördüm. O, hər şeyə fitri yönündən yanaşdığı üçün İslamın da fitri bir din, yəni insan yaradılışına ən uyğun bir din olduğunu çox yaxşı dərk edib. Ən sadə nümunə ilə versək, əgər siz yaxşı işlər görsəniz, yaxşı nəticələr əldə edərsiniz və ya pis işlər görsəniz, pis nəticələrlə üzləşərsiniz. Və ya: əgər siz hazırkı vəziyyətinizi dəyişdirmək üçün səy göstərməsəniz, bu durum heç vaxt yaxşılığa doğru getməyəcək. Bu baxımdan, onun fikirləri bir tərəfdən çox praqmatik və realistdir, digər tərəfdən isə ümumbəşəri dəyərlərə söykənir. İrq, cins, din və millətə görə dəyişməyən çox güclü əxlaqi dəyərlərə malik bir sistemdən danışıram. Yəni o, ənənəvi dini və ya milli liderdən daha üstün bir şəxsiyyətdir. Məni heyran edən bir məsələ də onun digər böyük şəxsiyyətlər kimi bir çox üstün xüsusiyyətləri özündə birləşdirməsidir.
Gülən modernizm və dindarlıq anlayışlarının mahiyyətini tam açıqlayır. Hətta bu istilahlara yeni mənalar da əlavə edir. Yəni dindarlığı - əksəriyyət kimi, - təkcə ibadətdən ibarət və ya müasirliyi sırf geyim-kecim, yemə-içmə tərzi kimi görmür. Onun dindarlıq anlayışı bunların fövqündə dayanır. Çünki bu iki termində daha dərin məfhumlar var ki, biri də həyat fəlsəfəsidir. Və ya onun kitablarında yazdığı kimi desək, bu anlayışlara əsaslanaraq ətraf mühitə zərər verməmək, ailə və ya qonşuluq dəyərlərinə sadiq qalmaq, ölkənin siyasi ab-havasını bulandırmamaq, başqalarının iqtisadi fəaliyyətlərini təhlükəyə atmamaq, təkcə torpağa deyil, üzərində bitən bir bitkiyə belə zərər verməmək - bu qədər həssas və diqqətli olmaq...
Bir fərd olaraq hər birimizin həyatda məsuliyyətləri var və bu qısa ömürdə vaxtımız da, imkanlarımız da məhduddur. Halbuki o, bütün həyatını insanlığa həsr etmişdir. Evlənməməyinə də bu aspektdən yanaşmaq olar. İnsanlığa daha çox vaxt ayırmaq üçün... Və bunun kimi bir çox xüsusiyyətini sadalamaq olar. Bütün həyatını bəşəriyyətin xoşbəxt gələcəyinin planlarını qurmaqla, bu işlə məşğul olmaqla, bu yolda çalışıb-çabalamaqla keçirən bir insan... Belə bir məqamda insanların sizi qəbul etməsi çox mühümdür. Çünki elə ali həqiqətlər var ki, insanlar qəbul etmədiyi üçün dəyəri üzə çıxmamış və həyata keçməmişdir. İctimai fəallıq məhz bu məqamda işə başlayır. İctimai fəallıq xalq naminə, bir iş görmək üçün insanın içindəki mənəvi həyəcandır. Bu həyəcanı hiss etməyənlər ya heç bu işlərin bir tərəfindən yapışmır ya da bir yerdə “yoruldum” bəhanəsi ilə bir kənara çəkilirlər. “Əlimdən gələn budur” və ya “Əvəzini görmürəm” deyə kənara çəkilirlər. Gülən isə bütün həyatını, vaxtını, gücünü və istedadını təmənnasız bu yola fəda etmişdir. Budur Qərb dünyasının “məhdud” fədakarlıq anlayışına müqabil Gülənin “hüdudsuz” fədakarlığı! Yəni bir insanın bu qısa, məhdud hayatda əlindən gələni mükəmməl şəkildə ortaya qoyması.
Gülən bir türk olaraq “Gəlin təkcə xalqımızı maarifləndirməklə məşğul olaq”, “Hər şeyi millətimiz üçün səfərbər edək” və ya “Maddi rifahımızı yüksəldək” deyə bilərdi. Amma o, “Bu gözəl xidməti hər yerə aparın”, “Bütün dünya sizi gözləyir”, “Sərhədləri aşın”, “Yeni şeylər ortaya qoyun” və “İnsanlara əl uzatmaq üçün yollar axtarın” deyərək nə qədər geniş düşündüyünü, nə qədər böyük ürəyə malik olduğunu göstərmişdir. Türkiyənin, Avropanın və Asiyanın sərhədlərini aşdı. Ona görə, dünya birdir, insanlıq birdir və biz də onun bir parçasıyıq. Və bütün bu “bir”lər ahəng içində olmalıdır. Əgər İslamiyyəti fitri bir din kimi götürsəniz, əslində hər şeyin ahəng içində olmasının zəruriliyini dərk edərsiniz. Qarşıdurma və münaqişələrə ancaq bu anlayış son qoya bilər. Və ancaq bu yolla dünyada sevgi və tolerantlıq hakim ola bilər.
Kənardan baxanda, insana elə gəlir ki, sanki bu fəaliyyətlərin hamısı bir təsadüfdür və əslində Türk xalqı bir mütəfəkkir gözləyirdi, məhz buna görə də Xocaəfəndinin fikirlərini mənimsədi. Məsələyə başqa cür yanaşanda isə, belə qiymətləndirmək olar: Əgər Xocaəfəndi bu işləri görmək əzmi ilə irəli atılmasaydı, bu işlərə namizəd olmasaydı, böyük bir boşluğu doldurması və bu işləri görməsi mümkün deyildi. Məsələn, Qərbdə çox mühüm işlər görür, orada onların İslamla bağlı suallarına onların öz “dilində” cavab verir. Onu tanımamışdan əvvəl bir əsər tapmırdım ki, oxuyub faydalanım və getdiyim konfranslarda verilən sualları cavablandırım. Amma indi dərhal ondan misal verirəm: Fəthullah Gülən adlı bir insan var, dialoq fəaliyyətləri ilə məşğul olur və bunu İslamın bir tələbi kimi həyata keçirir. Təhsilin əhəmiyyətinə inanır, “xalq üçün çalışmaq Haqq üçün çalışmaqdır” deyir. Gülən, əslində, Türk xalqı üçün böyük bir fürsətdir. Bir başqa məsələ də Gülənin həyatı ilə fikirlərinin bu vaxta qədər ziddiyyət təşkil etməməsidir. Həmçinin İslamiyyəti əhatəli şəkildə həyata əks etdirməyi bacarmışdır. Bəlkə də, sırf buna görə, onun fədakarlığı bəzilərinin düşündüyü kimi asan iş deyil. Əslində bu, Allaha inam ətrafında böyük bir fədakarlığın böyük bir idealla birləşməsidir. Onu haqsız olaraq radikallıqda və fikirlərini zorla mənimsətməkdə ittiham edənləri onun kitablarını bir daha oxumağa, araşdırmağa çağırıram. Onlar da görəcəklər ki, əslində hər bir türk və müsəlman onunla fəxr etməlidir.
Könüllülər hərakatı ilə necə tanış oldum? Kaliforniya Univesitetində işləyəndə türkiyəli tələbələrlə tanış oldum və onları evə yeməyə dəvət etdim. Yeməkdə bütün insanlara əl uzatmaq üçün bir dərnək qurmağı düşündüklərini danışıb bu işdə məndən kömək istədilər. Onları protestant, müsəlman, yəhudi dostlarımla tanış etdim. Daha sonra Sakramento şəhərində müxtəlif din və mədəniyyətlərə mənsub insanların iştirtakı ilə uğurlu bir toplantı keçirdilər. Banqladeşə qayıdanda niyə hərəkatın Banqladeşdəki nümayəndələri ilə təmas qurmadığımı soruşanlar oldu. Mən “Əminsiniz ki, Banqladeşdə belə bir fəaliyyət var?” - dedim. “Hə” cavabını verdilər. Mən də geri qayıdanda həmin dostlarla tanış oldum.
Banqladeşdə açılan Türk məktəblərinin ölkə üçün bir nemət olduğunu düşünürəm. Bu gün böyük uğurlar qazanırlar. Ümid edirəm ki, digər Türk məktəbləri də onlardan geri qalmayacaq. Banqladeş ərazisi kiçik, əhalisi çox, imkanları zəif bir ölkədir. Xüsusilə, Prezident və Baş Nazirinizin uğurlu fəaliyyətləri nəticəsində ölkəmizdə Türkiyənin mövqeyi iqtisadi və siyasi müstəvidə sürətlə güclənməkdədir. Ölkəmiz siyasi cəhətdən get-gedə sabitləşən, ələlxüsus da, referendumdan sonra daha da demokratikləşən Türkiyənin əhəmiyyətini aydın qavramağa başlamışdır. Demokratik seçkilərin keçirilməsi və nəticənin bütün ictimaiyyət tərəfindən qəbul edilməsi toplumun demokratiyanı mənimsəməsinə gözəl bir nümunədir.
- tarixində yaradılmışdır.