Gücün çılğınlığı və referendum fürsəti
Sual: 1) Sentyabrın 12-də keçirilməsi planlaşdırılan referendumu daha çox 12 Sentyabr Çevrilişinin baiskarları ilə hesablaşma kimi dəyərləndirilir. 12 Sentyabr Çevrilişi hansı zehniyyətin “məhsulu”dur və Türkiyəyə hansı zərərləri olmuşdur?
- Heç bir məntiqi əsası və xalqa faydası olmayan 12 Sentyabr, 12 Mart və 27 May çevrilişləri millətin gözünü qorxudub iqtidarı ələ keçirmə və şəxsi səltənəti davam etdirmə mahiyyət və məqsədini daşıyırdı. Bəzi adamlar gəmilərini üzdürmək üçün qan sellərinə ehtiyac hiss etmiş, bu xalqın övladlarını “sağçı”, “solçu” adlı cəbhələrə bölüb bir-bir ilə vuruşdurmuş, axıtdığı qan, irin və göz yaşından istifadə edərək əsarətini qurmuşdu. (00:57)
- Gücün və qüvvənin genində ədalətsizlik və natarazlıq var. Haqqın əlində, məntiq və mühakimənin rəhbərliyində olan güc müəyyən məsələlərin həllində potensial qüvvə hesab olunsa da, hiss mehvərli təcavüzkar düşüncənin əlində həmişə təxribata alət olmuşdur. Gücün də yaradılması hikmətsiz olmasa da, gücü əldə rəhbər tutaraq müəyyən məsələləri həll etməyə çalışanlar ağıl, məntiq, mühakimə və hətta dühaya belə müraciət etmirlər. Əfsuslar olsun ki, 27 May, 12 Mart, 12 Sentyabr çevrilişləri dövründə ölkəmizdə haqq, məntiq və mühakimə gücün çılğınlığına məğlub olmuş, əsarət altına düşmüşdür. (03:08)
- Gücün geninə xas pozuqluq, natarazlıq, demək olar ki, bütün təmsilçilərinə ağalıq və zalimlik, haqq səsini boğma hissini aşılayır. Dolayısilə, gücün azğınlığı və çılğınlığı ilə haqq və hüquqları tapdalama, istismar etmə yalnız bir təbəqəyə xas xüsusiyyət deyildir. Bəzən siyasi iqtidarı möhkəmlənənlər də heç kimi dinləməməyə başlayır və “Ancaq mən deyən olmalıdır” zehniyyəti ilə hərəkət edirlər. Bundan əlavə, idarəçilərin sanki, müşavirlər, katiblər, yaxın dairələr tərəfindən “mühasirəyə” alınar və xalqın səsi, harayı mərkəzə gedib çatmır. Beləliklə, dünən hər kəsə ehtiram göstərənlər bir az güclənən kimi heç kimi tanımır, öz bildikləri kimi hərəkət edir və bütün gözəl fəaliyyətlərin özlərinə aid edilməsini istəyirlər. (06:09)
- 27 Mayda on minlərlə insan zülmə məruz qaldı; dövlət rəhbərlərindən millət vəkillərinə, partiyanın rayon təşkilatları təmsilçilərinə qədər yüzlərlə, minlərlə insan eyni vaxtda həbs edildi. Həbs olunanlar itaətkar davrandılar, belə demək düzgünsə, quzu kimi gəldilər. Düzü, bu qədər itaətkarlığın, ac qurda boyun əyməyin nə qədər doğru olduğunu bilmirəm?!. Lakin bəzi insanların bir nəzakət əxlaqı vardı, nəzakət onlar üçün namus idi, onu güzəştə getməzdilər. Belə ki, başda oturan zat haqsız mühakimələrdə “Rəis bəy, hakim bəy” ifadələrini əskik etmədi, alicənablıq göstərdi. Bu onun alicənablığından qaynaqlanırdı; lakin ac qurda itaət onun iştahasını açar, sonra da qayıdıb sizdən dişinin kirəsini istəyər. Hər-halda bu fani dünyadan bərk-bərk yapışan, ali məfkurəsi olmayan və əlindəki imkanları itirməkdən qorxan insanların qarşısında bir az mətanətli, dik dayansa idilər, - başqası olsa, belə deyərdi - o yaramazların hamısı rədd olub gedərdi. (10:33)
- Bütün çevrilişlər kimi 12 Sentyabr da belə bədbəxt bir zehniyyətin əməli idi. Belə ki, kitab oxumaq üçün bir evə toplaşan insanlar belə həbs edilib aylarla zindanlarda süründürüldü. Hətta bəzi insanlar Allah Təalanın Qüddus isminin təcəllilərindən bəhs edən bir risaləni oxuduğuna görə illərlə həbsə məhkum edildi. (12:30)
- O gün o qanlı çevrilişlərin baiskarları və bu vətən övladını düşmən qütblərə bölüb qan tökənlərlə bu gün PKK-ya dəstək verən, silah və narkotik ticarətində istifadə edən və məqsədlərini həyata keçirmək üçün onu (PKK-nı) orada sağalmaz yara və bir problem kimi canlı saxlayanlar eyni insanlar, məntiq də eyni məntiqdir.(16:12)
- 12 Mart dövründə həbsxanada qalarkən həm millətçilərdən, həm də “sol”dan cavan, cəngavər yoldaşlarım oldu. Onların da oturub söhbət ediləsi insanlar olduğunu gördüm. Eyni silah və güllə ilə bir-birini öldürən hər iki qütbün əksər tərəfdarları (millətçilər və solçuların) o qədər səmimi, o qədər saf və təmiz idi ki, onların qəlbinə Allaha bağlılıq hissini və Peyğəmbər sevgisini aşılasan, səhabə kimi səmimi insanlar olardılar.. onlar məfkurədə təmənnasız insanlardı. Ancaq bu təmiz vətən övladını cəbhələrə bölüb illərlə bir-birinə qırdırdılar. (17:00)
- Orada elə mənzərələrə şahid oldum ki... Bir solçu vardı Nədim adlı. Ona amansız işgəncə vermiş, ayağının altından sümüyünü çıxarmışdılar. O igid dəliqanlı yeriyəndə ürəyim sızlayırdı, qəlbim qan olurdu. (18:15)
- 27 May çevrilişi təkcə iqtidarı yerlə-yeksan eləmədi; zərbə eyni zamanda Türkiyədə bütün müsbət fəaliyyətlərə dəydi. Əsgərdən universitet müəlliminə qədər bir çox təmiz və namuslu insanlar təqaüdə göndərildi. Beləliklə, ölkənin “çadırının” bütün iplərini qopardılar, orta dirək yıxıldı və ölkə çökdü. Xalq elə belini dikəltmək istəyirdi ki, 12 Mart çevrilişi bir kabus kimi çökdü məmləkətin üstünə. Vəfalı və səmimi xalqımız bir daha ayağa qalxmağa çalışırdı ki, bu dəfə də 12 Sentyabr hadisəsi bir külüng kimi başına endi. Sonra isə 28 Fevral... Bunlar suyun üzünə vuran, üzə çıxan hadisələrdir. Məsələnin o biri tərəfində Talat Aydemir hadisəsi kimi fiasqo ilə nəticələnən təşəbbüslərin sayı-hesabı yoxdur. Bu baxımdan, bütün bu hadisələrdə məqsəd təkcə iqtidarı hakimiyyətdən salmaq deyildir; bu, gücün çılğınlığı ilə başı gicəllənən bəzi insanların bir ölkəni tamamilə batırmaq məhv etmək bahasına da olsa, öz səltənətini qorumaq uğrunda apardığı mübarizədir. (19:55)
Sual: 2) İndiyə qədər bütün seçkilərdə “Bütün partiyalarla eyni məsafədə” olmaq prinsipinə riayət etdik. Ancaq referendumda ya “bəli”, ya da “xeyr” deməliyik, bunların tərəfdarları da hamıya məlumdur. Ölkəmizin gələcəyi naminə “bəli” demək istəsək də, bir partiyanın tərəfdarı kimi görünməkdən ehtiyat edirik. Bu mövzuda nə buyurursunuz? (23:55)
- Əfsuslar olsun, Avropa Birliyinə namizəd olan və Orta Şərqdə yeni açılımlar həyata keçirən ölkəmizin tələbatına uyğun Konsitusiya dəyişikliklərini gerçəkləşdirmək mümkün olmadı. Ancaq bütün lazımi dəyişiklikləri gerçəkləşdirmək mümkün olmasa da və buna görə “əfsuslar olsun” desək də, zülmün və məhkumiyyətin qarşısını müəyyən qədər də olsa almağa imkan verən bir-iki maddənin dəyişdirilməsi belə çox əhəmiyyətlidir. (24:25)
- Nəinki qadın-kişi, ailə-uşaq, dünyanın dörd tərəfinə yayılan insanlardan, hətta imkan olsa məzarda yatanları belə qaldırıb onlardan Referendumda “bəli” səsini almaq lazımdır. Məzarda yatanlar belə ayağa qalxsın. Mənə elə gəlir, durarlar da... məncə, ruhları qaça-qaça gələr. Çünki bu, demokratiya yolunda mühüm addımdır. (25:48)
- Ola bilsin ki, bəzi siyasətçilər referendumdan öz mənafeyinə uyğun istifadə etmək istəyir. Ancaq mən bu məsələnin millətə faydalı olub-olmamasına baxıram. Bu baxımdan referendumu siyasi bir hadisə kimi deyil, millətə verəcəyi faydalar baxımından dəyərləndirmək lazımdır. (26:54)
- Referendumu yalnız 12 Sentyabr çevrilişinin çirkabını təmizləmə və baiskarlardan intiqam alma kimi təqdim etmək doğru deyil. Bununla çevriliş baiskarlarından intiqam alınacağını düşünmək doğru deyil; mömin intiqam dalınca düşməz. O dəyişiklik paketinin içində millətimizin gələcəyi üçün əhəmiyyətli maddələr var; bu baxımdan dəstəkləmək, bu niyyətlə də “bəli” demək lazımdır. (27:33)
- Biz hələ də hər bir partiya ilə eyni məsafədəyik. Heç kimə “filan partiyaya girin, mitinqlərə qatılın, küçə-bayırda onları alqışlayın” demədik. Məsafəli olmaq millətin gələcəyi üçün faydalı olan məsələlərdə bəzi insanlara səs verməyimizə mane deyildir. Bu millət kimliyindən asılı olmayaraq, gözəl işlər görən hər kəsi dəstəkləmişdir; əslində dəstəklənən şəxs və ya partiya deyil, icraatdır, əməllərdir. “Şeytandan Allaha sığındığım kimi siyasətdən də Allaha sığınıram” səviyyəsində siyasətlə məsafə saxlayan və dünyəvi işlərdən uzaq dayanan Həzrəti Bədiüzzaman yeri gələndə səs vermiş, üstəlik “filan yerə səs verdim” demişdir. Bəli, biz bütün partiyalara qarşı eyni məsafəni saxlamalıyıq, ancaq məsafəli olmaq başqa, Türkiyənin gələcəyi üçün müsbət fəaliyyətlərə səs vermək başqa məsələdir. (28:35)
Sual: 3) İddialara görə, 12 Sentyabr çevrilişinin lideri Kənan Evren haqqında din dərslərinin orta məktəblərdə məcburi fənn olmasında göstərdiyi səylərə görə “cənnətlik” demiş və bununla çevrilişi dəstəkləmişsiniz. Bu məsələnin həqiqətini açıqlaya bilərsinizmi? (31:35)
- İstər bu fəaliyyət üçün, istər sizin üçün, istər müsəlmanlıq və istərsə də ölkəmizin gələcəyi naminə gözəl işlər görən hər kəsi (kim olur-olsun) təqdir edir, xeyirlə yad edirəm. Mərhum Turqut Özalın həyata keçirdiyi gözəl işləri görməməzliyə vura bilmərəm. “Bülənt Ecevit bəyin yeri Cənnət olsun” deyirəm, sözdən anlayanlar bunun nə demək olduğunu bilirlər. (32:00)
- Həzrəti Ustad deyir ki, “Hər bir möminin hər sifəti (xüsusiyyəti) mömin (möminə xas) olmadığı kimi, hər bir kafirin hər sifəti də kafir deyildir”. Yanlış anlaşılmasın mən kimsəyə kafir demək istəmirəm. 12 Sentyabr şərdir, pislikdir, ancaq bu çevrilişə rəhbərlik edən və pislik edən bir insanın da yaxşı cəhətləri ola bilər; mən gözəl saydığım bir işi təqdir etdim. (33:38)
- Kənan Evren orta məktəblərdə seçmə din və əxlaq dərslərini məcburi fənnə çevirdiyinə görə, bir müsahibədə dedim ki, “Əgər bunu ürəkdən, səmimi edibsə, Allah buna görə onu əfv edər”. Bu gün də bu və ya digər partiyaya mənsub insanlar ölkəmizin gələcəyi naminə müsbət şeylər söyləsə, gözəl işlər görsə, onlara da Firdovsi kimi, bir dastan yazaram. Bu, haqqın xatirinə görədir, haqqın xatiri isə alidir. (33:56)
- tarixində yaradılmışdır.