Axirətə baxan göz və gözəl görmənin meyarı

Fəthullah Gülən: Bam teli: Axirətə baxan göz və gözəl görmənin meyarı

Çay süfrəsində həqiqət damlaları: Sol göz dünyaya, sağ göz axirətə baxır!..

  • Gözümüzü aqibətdən ayırmasaq, yolda çəkdiyimiz məşəqqət həzzə dönər. Dağlar-dərələr aşarkən: "Eybi yox, irəlidə Firdövs var, Rizvan var!.." deyə biliriksə, məşəqqətli və iztirablı yollar zövqü-ləzzət yoluna dönər. Bu şüur isə ancaq iman, mərifət və məhəbbətin kamilləşməsi ilə formalaşır. (00:38)
  • İnsan bir gözü ilə dünyaya baxanda, o biri gözünü axirətdən çəkməməlidir. Sadullah bəy "Qızımı ərə verə bilmədim.. oğulumu evləndirə bilmədim" deyə-deyə can verən, öləndən sonra sol gözü heç cür bağlanmayan bir xəstədən danışanda demişdi ki: "Sol göz dünyaya, sağ göz axirətə baxır. Tuli-əməllə işlərinin yarıda qaldığını düşündüyündən öləndə sol gözü açıq getdi". (03:27)
  • Allah Rəsulu (sallallahu əleyhi və səlləm) buyurur:

    مَا ليوَمَا لِلدُّنْيَا مَا أَنَا فيِ الدُّنْيَا إِلاَّ كَرَاكِبٍ اِسْتَظَلَّ تَحْتَ شَجَرَةٍ ثُمَّ رَاحَ فَتَرَكَهَا
    “Mənim dünya ilə nə işim var? Mən bir ağacın altında müvəqqəti dincələn, sonra da yoluna davam edən bir yolçu kimiyəm.” (06:38)

  • Dünyaya ibrət gözü ilə baxmaq əsasdır. Rəsuli-Əkrəm Peyğəmbərimiz (sallallahu əleyhi və səlləm) bəzi cahiliyyə adətlərinin qarşısını almaq üçün qəbiristanlıqlara baş çəkməyi qadağan etmişdi. Ancaq sonra "Mən sizə qəbir ziyarətini qadağan etmişdim. Artıq ziyarət edə bilərsiniz. Çünki qəbir ziyarəti dünyaya bağlılığı azaldır, axirəti xatırladır", buyuraraq qəbir ziyarətini təşviq etmişdir. Çünki insanı tuli-əməldən qurtaran ən təsirli nəsihət qəbirlərdir. (07:50)
  • Qəbir daşlarına həkk edilmiş ibrətli misralardan biri də belədir:

    Çeşmi-ibrətlə nəzər et, dünya bir müsafirxanədir,
    Bir muqim adəm tapılmaz, nə əcib kaşanədir,
    Bir kəfəndir aqibət sərmayəsi şahü-gəda,
    Bəs, buna məğrur olan Məcnun deyil, ya nədir?

    (09:49)
  • Alvarlı Efe həzrətləri deyir ki:

    Zair olun qəbiristanı,
    Yüz minlərlə əmvat yatır,
    Möminlərin nuristanı,
    İman ilə mərdan yatır.

    M. Akif deyir:

    Baxma qəbiristanın ancaq sahəyi-mədhuşuna,
    Dayan bir qədər qulaq ver naleyi-xamuşuna.

    (10:43)
  • Bir Haqq Dostu belə səslənir: "Ey günah yüküylə yıxıla-dura yol gedən insan. Cənabi- Allahın mərhəmətindən ümidini kəsmə. O çox raufdur (çox şəfqətli və mərhəmətlidir)! Zinhar azuqəsiz də yola çıxma, çünki yol çox qorxunc, yaman məxufdur!" (11:46)
  • Bir döyüşdən sonra Nəbilər Sərvəri (əleyhissalatu vəssalam) qadının itirdiyi övladını təlaş içində axtardığını gördü. Qadın qarşısına çıxan hər uşağı bağrına basır, qoxlayır, sonra buraxırdı. Xeyli axtardıqdan sonra nəhayət övladını tapdı, qolunu boynuna doladı. Dəfələrlə öpdü, qoxuladı, sinəsinə sıxdı. Allah Rəsulu bu mənzərəni görəndə gözləri doldu. Hıçqıra-hıçqıra ağlayaraq yanındakılara həmin qadını göstərib "Qadını görürsüz?", - deyə soruşdu. Səhabə: "Bəli, Ya Rəsulallah!" - dedi. Allah Rəsulu: "Bu qadın övladını Cəhənnəmə atarmı?" - dedi. Səhabə: "Xeyr, ya Rəsulallah!". Bunu eşidən İki Cahan Sərvərinin dilindən hikmət dolu bu kəlamlar töküldü: "Allah bu qadından daha mərhəmətli, daha şəfqətlidir". (12:30)
  • Allah yolunda sərf edilən sərvət insanı Cənnətə aparan bir vəsilədir. Odur ki, sol gözlə dünyaya baxanda sağ gözünü axirətdən ayırmamalıdır. (15:47)
  • Qurani-Kərim bir çox ayəsində dünyanı arzulayanlardan, axirət nemətlərini istəyənlərdən və həm dünya, həm də axirətin xeyr-bərəkətindən faydalanmağa çalışanlardan bəhs edir. Belə ki, bir ayədə də buyurur:

    فَمِنَ النَّاسِ مَنْ يَقُولُ رَبَّنَا آتِنَا فِي الدُّنْيَا وَمَا لَهُ فِي الآخِرَةِ مِنْ خَلاَقٍ وَمِنْهُمْ مَنْ يَقُولُ رَبَّنَا آتِنَا فِي الدُّنْيَا حَسَنَةً وَفِي اْلآخِرَةِ حَسَنَةً وَقِنَا عَذَابَ النَّارِ أُولَـئِكَ لَهُمْ نَصِيبٌ مِمَّا كَسَبُواْ وَاللّهُ سَرِيعُ الْحِسَابِ
    Bəziləri “Ey Rəbbimiz, bizə nə verəcəksənsə, elə bu dünyada ver!” - deyirlər. Belə şəxslərin axirətdə heç bir payı yoxdur! Bəziləri isə: “Ey Rəbbimiz, bizə dünyada da, axirətdə də gözəl nemətlər ver, bizi Cəhənnəm əzabından qoru!” ‒ deyirlər. Belə şəxslərin qazandıqlarına (qazandıqları əməllərinə) görə (axirətdə) mükafat gözləyir. Allah tezliklə haqq-hesab çəkəndir! (“Bəqərə” surəsi, 2/200-202)

    (18:15)
  • Həzrəti Mövlana söz ustadı olması ilə, zamanı qabaqlaması ilə və əngin düşüncəsi ilə deyil, qulluğu ilə öyünür, Rəbbinə qul olması ilə öyünür:

    مَنْ بَنْدَه شُدَمْ بَنْدَه شُدَمْ بَنْدَه شُدَمْ   مَنْ بَنْدَه بَخِدْمَتِ تُوسَرْ اَفْكَنْدَه شُدَمْ
    هَرْ بَنْدَه كِه آزَادْ شَوَدْ شَادْ شَـوَدْ   مَنْ شَـادْ اَزْ آنَمْ كِه تُرَا بَنْدَه شُـدَمْ


    Qul oldum, qul oldum, qul oldum! Mən Sənin xidmətində ikiqat oldum. Qullar azad olanda şad olur, mən Sənə qul olmaqdan şad oldum.

    (20:30)

Sual: Buyurulur ki, "Həqiqi mömin nə nikbin, nə də bədbindir, o, həqiqətbindir". Dövrün reallıqları, bizim, ölkəmizin, müsəlmanların və insanlığın problemlərini də nəzərə alanda həqiqətbinlik anlayışını necə anlamalıyıq ki, nə ifrat optimist olaq, nə də tamamən pessimizmə qapılaq? (23:03)

  • Bədbinlik hər şeyə mənfi yöndən yanaşmaq, hadisələri qaranlıq görmək və nəticə etibarilə ümidsizliyə düşməkdir. Nikbinlik isə hadisələrə müsbət yöndən yanaşmaq, bəzən çirkin şeyləri də gözəl görməyi bacarmaq deməkdir. İnsan bu hisdən tamamilə qurtula bilməz. Çünki Həzrəti Pir demiş, gözəl görən gözəl düşünər, gözəl düşünən həyatından ləzzət alar. (23:32)
  • Yaxşılarla yanaşı pislər də olur. Bülbülün nəğmə qoşduğu qızılgülün belə gövdəsi tikanlarla örtülmüşdür. Naili deyir: "Gül xarə düşdü, sinəfikar oldu əndəlib / Bir xarə baxdı bir gülə, zar oldu əndəlib - (Gül tikanın üstünə düşdü, Bülbülün bağrı qan oldu / Bülbül bir gülə bir tikana baxdı, oradaca fəryad etdi.)" (25:48)
  • "Qəddi-yarə kimisi arar dedi, kimi əlif / Cümlənin məqsudu bir, amma rəvayət müxtəlif." (Mühibbi) Arar gözəl görünüşlü, amma tikanlı bir ağacdır, ona yaxınlaşmaq hünər istəyir. Şair sevgilisini arara bənzədərək beləcə onun iffətinə də işarə edir. (26:30)
  • Mömin bir tərəfdən reallıqları görüb həddən artıq narahatlıq keçirməli, iztirab çəkməli, digər tərəfdən də çiyninə düşən vəzifələrin çoxluğundan Haqqa sığınaraq, səy göstərərək, hikmətə ram olaraq, sarsılmadan, ümidsizliyə düşmədən, eşqü-şövqlə işini görməlidir. Bəli, işini görməli, reallıqları düzgün anlamalı, insanın zəif cəhətlərini nəzərə almalı, şəraitə görə hərəkət etməli və Allahın izni-inayətiylə iradəsini ortaya qoyaraq öhdəsinə düşən vəzifəni yerinə yetirməyə çalışmalıdır. (28:33)
  • Həqiqətbin insan səbəbləri görməməzlik etməz, üstəlik səbəblərə riayəti Müsəbbibül-əsbab olan Allaha hörmətin bir nişanəsi sayar. Həzrəti Pir Risalələrdə bir tərəfdən səbəblərə qüsursuz riayətin əhəmiyyətini diqqətə çatdırmış, digər tərəfdən də insanları səbəblər pərdəsini aralayaraq Müsəbbibül-əsbaba yönəlməyə və Ona üz tutmağa səsləmişdir. Məsələn, səbəblərin hikməti ilə bağlı buyurmuşdur: "İzzət və əzəmət istər ki, səbəblər qüdrətə pərdədar olsun ağılın nəzərində. Tövhid və əhədiyyət istər ki, səbəblər əllərini çəksin həqiqi müəssirdən". Bir başqa yerdə də Allahın qüdrətinin (zahirən) çirkin şeylərlə əlaqəsi görünməsin deyə səbəblərin pərdə edilməsinə diqqət çəkmişdir. Demək ki, səbəblər həqiqi müəssir deyil. Onlar Cənabi-Allahın əsmasının neçə-neçə pərdələrdən süzülmüş cilvəsinin cilvəsidir. Odur ki, səbəblərə Onun xatirinə dəyər vermək lazımdır, onları tamamilə dəyərsiz saymaq cəbrilik (insan iradəsini inkar edən məzhəb) olar. Ancaq hər şeyin səbəblərdən asılı olduğuna inanan insan da fərqinə varmadan Müsəbbibül-əsbabdan qafil olar. (32:22)
  • İztirar və iztirab bəzən böyük bir təkanverici qüvvəyə çevrilir. Beləcə son bir neçə əsrdə gördüyümüz zülm, xəyanət və əsarətlər bizə belimizi dikəltmə yolları öyrətdi. Bəli, bu son bir-iki əsr millətimizi ayaq altına atıb əzmişdir.. o da bu ağır vəziyyətdə buna təmrinlərlə qalxmağın, dikəlməyin və var olmağın yollarını öyrənmişdir. (36:02)
  • Yaxşı işləyən sistem özü ilə korluq gətirir, buna "sistem korluğu" da demək olar. Mükəmməllik də arxayınçılığa gətirib çıxarır. Buna görə də indiki “üçüncü” dünya ölkələri məsələlərə daha çox alternativ irəli sürə, hərtərəfli düşünə bilirlər. Tarixdə böyük mədəniyyətlərin əksəriyyətinin köçəri xalqlar tərəfindən qurulması əsasən bu faktordan qaynaqlanır. (38:00)
  • Biz insanlıq və vətənimiz naminə etdiklərimizi kafi görmədikcə, "Yetər!" demədikcə ilahi təcəlli də "yetər" deməz. "Yetər" sözü bizdən çıxsa, göylərdən də "yetər" deyərlər. "Yetər" deməyək!.. (39:13)
  • Pin It
    • tarixində yaradılmışdır.
    Copyright © 2024 Fəthullah Gülən Veb Saytı. Bütün hüquqları qorunur.
    fgulen.com tanınmış türk alim və mütəfəkkiri Fəthullah Gülənin rəsmi saytıdır. Bu ünvan fgulen.com saytına məxsusdur.