Dinin bəlası üç zümrə
“Üləmayi-su” nə deməkdir və bu kəlmə ilə nəzərdə tutulan insanlar hansı xüsusiyyətlərə malikdir? Bir hədisi-şərifdə:
آفَةُ الدِّینِ ثَلاَثَةٌ: فَقِیهٌ فَاجِرٌ وَاِمَامٌ جَائِرٌ وَمُجْتَهِدٌ جَاهِلٌ
buyurulur. Hədisdə “facir fəqeh”in adının ilk sırada çəkilməsinin hikmətini və sözügedən üç zümrənin bir-biri ilə əlaqəsini izah edə bilərsiniz?
Pis əməllərdən əl çəkməyən alimlər
- “Üləmayi-su” pis əməllərdən əl çəkməyən, günahla oturub-duran alimlər deməkdir. Vəzifəsi hər işi xeyirxahlıq və yaxşılıq müstəvisində götürmək, yaxşılıqla yoğurmaq, daima halalın ardınca getmək və halal yaşamaq olsa da, Allah-Təalanın lütf etdiyi bilikdən sui-istifadə edən və ya düzgün istifadə etməyən elm əhlinə “üləmayi-su” deyilir.
- Cənabi-Allahın insana lütf etdiyi zahiri və batini duyğular, üzvlər və mövhibələrdən (İlahi ərməğan) – üləmanın sözləri ilə desək – “mə xuliqə ləh”ə, yaradılış məqsədinə müvafiq surətdə istifadə etmək lazımdır. Həzrəti Ustad “Kiçik sözlər” adlı risaləsində göz, qulaq kimi orqanların mahiyyətini vurğulayır və buna bənzər üzvlərdən yaradılış hikmətinə uyğun istifadə edilməsinin vacibliyini söyləyir. Mömin Xaliqin ona verdiyi hər bir əmanəti, Onun adına və izin verdiyi sahədə istifadə etməlidir. Elm də məhz bu əmanətlər qəbilindəndir.
- Bu məsələ hər kəsə aiddir, lakin idarəçi və rəhbər mövqeyində dayanan insanların vəzifədən sui-istifadə hallarına yol verməsi çox pis nəticələrə gətirib çıxarır ki, buna bais olanlara da “üləmayi-su” deyilir. Biliyinə əməl edən insan yüksək zirvələrə ucala bilər. Bu baxımdan “Alimlər peyğəmbərlərin varisləridir!” Ancaq Sədinin “Gülüstan”da yazdığı kimi, alim biliyinə əməl edən insanlara deyilir. Əgər bir insan kitabları əzbərdən bilir, ancaq bildiklərinə əməl etmirsə, onun qazancı ancaq beyin yorğunluğu, qəlb yorğunluğu və vicdan yorğunluğu olar! Bildiklərini əməli həyatda ortaya qoymayan və yaşamayan bir insan – Sədinin sözləri ilə desək – cahildir.
- Yaxşı əməllər alimləri uca məqamlara yüksəltdiyi kimi, pis əməllər də əsfəli-safilinə yuvarlayır. Çünki nə qədər adam o alimlərin sözləri ilə oturub durur, onların hərəkət və davranışlarından nümunə götürür. Neçə-neçə insan onların əməllərinə, hal-hərəkətlərinə, dini həyatlarına, mövqelərinə, fikirlərinə, dini baxışlarına, ciddilik və ya qeyri-ciddiliklərinə baxıb hərəkət edir. O alimlərin həyatı insanların qəlb və ruh dünyasını formalaşdırır. Adi bir insanın yoldan sapması, mənən korşalması, büdrəyib yıxılması təkcə özünə aid bir məsələdir. Ancaq bir məscid imamının, bir müəzzinin, bir müftinin, bir diyanət işləri rəisinin, yaxud da bir dövlət başçısının vəbalı onun təsir dairəsi qədərdir. Belə insan yoldan sapmaqla – Allah göstərməsin – bir milləti aldadır, bir bölgənin xalqını aldadır, bir qəsəbənin vətəndaşlarını aldadır, bir kəndin sakinlərini, bir məscidin camaatını aldadır. Bunu bir insanın şəxsi günahı, vəbalı, sui-istifadəsi ilə bir tutmaq olmaz. “Alimi-su”nun vəbalı daha böyükdür!
Din bəlası üç zümrə
- Sözügedən hədisi-şərifdə zümrələr yuxarıda bəhs edilən həqiqətə müvafiq ardıcıllıqla verilmişdir. Rəsuli-Əkrəm Peyğəmbərimiz (sallallahu aleyhi vəsəlləm) buyurmuşdur:
- “Üç zümrə var ki din üçün fəlakət deməkdir: fəqihi-facir (günahkar fəqih), imami-cair (zalım idarəçi), müctəhidi-cahil (öz bildiyi kimi ibadət edən cahil)”.
- 1. Din üçün bəla, müsibət və Allahın ən böyük afəti hesab olunan üç zümrənin başında “fəqihi-facir” dayanır. Bu insan Kitabla, Sünnə ilə, fiqhlə məşğul olsa da, yolunda sabitqədəm deyildir, üzr istəyirəm, rüşvət alır, oğurluq edir, millətin malını mənimsəyir, halal-harama baxmadan, bir mənada ürəyi istəyən kimi yaşayır. Belə bir fəqihin ardıcılları da onun kimi yaşayır. Məsələn, bir teoloq: “Filan şey qadağan deyil!” desə, camaat heç boş dayanar? “Azacıq bir şey oğurlamaqla nə olacaq?” filan deyirsə, millət “Lap yaxşı, bizə də oğurluq yolu açıldı” deməzmi? “Azacıq rüşvətdən nə olar?!” filan desə, hər işin başı rüşvət olmazmı? Bütün millət yolunu azmazmı? Bu günahlar şəxsi günaha tən deyildir.
- Belə insanlar bir mənada şeytandan daha betərdir. Çünki şeytan soldan yaxınlaşır, pis əməlləri təlqin edir, insana təzyiq göstərməyə çalışır. Ancaq bunu cübbəli, sarıqlı bir imam, bir teoloq edirsə, bir mənada xalqı da bu səhv yola çəkmiş, o yola çağırmış, sövq etmiş olar, Allah eləməsin. Ona görə də facir bir fəqih, alim kimi görünən bir adam xalqı fəsada sürükləyənlərin başında dayanır. Bu insan bir mənada onların sərkarı (başçı), pişuvası (rəisi), pişdarıdır (rəhbər). Belələri Cəhənnəmə yoldan azdırdığı insanların qabağında gedəcək... Və yol boyu xəcalət çəkəcək... İnsanlığın İftixarı da hidayətinə vəsilə olduğu, doğru yolu göstərdiyi nurəfşan camaatın başında olacaq. Siratdan keçəndə Cəhənnəm altdan səslənəcək: “Tez keçin, odumu söndürürsünüz!” Bəli, insanları doğru yola səsləyənlər də belə olacaq.
- 2. İkinci sırada zülm edən zalımın adı çəkilir. “Heç kimə zülm etmə, kimsənin canına qıyma, heç kimə əziyyət etmə. Əksinə hər kəsi təqdir et, hamıya yaxşılıq et!” Bu, sufilərin neçə əsrdən bəri elədiyi nəsihətlərdir. Həmçinin bir hədisdə də: “Yeddi zümrə var ki, kölgənin olmadığı, sərinləmə imkanının tamamən yox edildiyi bir vaxtda − ağacın deyil, Cənnətin deyil, Firdövsün deyil – Ərşin kölgəsinə sığınacaqdır”, − buyurulur. Bu yeddi zümrənin birincisi kimdir? “İmamül-adilun”un adı çəkilir. Sözügedən hədisdə də onun əksi “cair imam”ın adı keçir. Xalqa zülm edən, əzab-əziyyət verən, insanları mənən istismar edən, ağrı-acı verən, haqsızlıq edən, iftira atan, başqalarını qaralayan formal dövlət başçıları! Ədalətli idarəçilər isə Ərşin altında kölgələnəcək.
- Bir tərəfdə zirvələrdə pərvaz edən, ənbiyayi-izamın arxasında yerini alan imami-adil. Arpa qədər haram loğma yeməyən, bir kəlmə yalan danışmayan, bir kəlmə iftira atmayan, heç kimi rəncidə etməyən, kimsənin şərəf və heysiyyətini tapdalamayan, ələlxüsus da, 10-15 milyonluq bir camaatı hədəfə çevirərək, barəsində kafirin belə ağzına almadığı ədəbsiz sözləri deməyən insan... Bu kimi sözləri deyən imami-cair, deməyən isə imami-adil olur.
- Məsələn, bu Hərəkat bütün dünyada təxminən 15-20 milyon insan tərəfindən təqdir edilir. Bu insanlara “paralel” demək, “sülük” demək küfrə tən bir günahdır. Bu sözləri deyən adamın o insanlarla bir-bir halallaşmadan Cənnətə getməsi mümkünsüzdür, əlli dəfə İstanbulu fəth etsə belə mümkünsüzdür. Onsuz Allah onlara bu qədər şeyi lütf etməz də. İmami-adil olub zirvələrə yüksəlmək imkanı ola-ola imami-cairliyi seçib əsfəli-safilin çuxuruna düşmək bir insan üçün nə qədər acınacaqlı haldır.
- 3. Üçüncü yerdə “müctəhidi-cahil” gəlir. Müasir dövrdə belələrinin sayı çoxdur. Biri durub: “Əşşi nəyinizə lazımdır, bu Əbu Hənəfi, İmam Malik, Şafei, Hənbəli...” deyir. Biri hədisi inkar edib: “Təkcə Quran” deyir. Halbuki Peyğəmbərimiz (sallallahu aleyhi və səlləm) hədisləri ilə müsəlmanlığın Qurani-Kərimdə əksini tapan əsas prinsiplərinə aydınlıq gətirmişdir. Bu səbəbdən Kitabla yanaşı, Sünnə də əsasdır. Üsuliddin üləması deyir: “İzah, açıqlama, hər şeyi yerli-yerinə qoyma baxımından Sünnənin Qurana deyil, Quranın Sünnəyə daha çox ehtiyacı vardır”. Budur üsuliddin üləmasının məsələ ilə əlaqədar fikri. Quran nazil olmuş, İnsanlığın İftixarı da qövli-sünnəsi ilə (sözləri ilə), feili-sünnəsi ilə (əməlləri ilə), əhvali-nəbəvisi ilə (hərəkət və davranışları ilə), təmsilati-nəbəvisi ilə (əməlləri ilə) onun ən mükəmməl şərhini vermiş və hər şeyi öz yerinə oturtmuşdur.
- Cahil müctəhidin Kitabdan, Sünnədən başı çıxmaz, amma ictihad edər. Müasir dövrdə çoxlu müctəhid var. Zənnimcə, bu sahənin hər bir mütəxəssisi ilk öncə Kütubi-Sittəni xətm etməlidir. And olsun ki, özünü xoca, müctəhid sayanlar bu kitabları, ələlxüsus da, şərhləri ilə birlikdə oxumamışdır. Hətta hədisçilər belə, bu əsərləri ətraflı şəkildə başdan ayağadək mütaliə etməyib. Halbuki, “Kütubi-sittə”dən başqa kitablar da var, Əhməd ibn Hənbəlin “Müsnəd”i, İmam Malikin “Muvatta”sı var, zəvaidə (Hədis qaynaqlarını tamamlayan kitablar) dair əsərlər var. Darakutnilər var, Hakimin “Müstədrək”i kimi əsərlər var. Bir insanın bütün bu hədisləri gözdən keçirmədən Quranın incəliklərini düzgün anlaması mümkün deyildir. İctihaddan dəm vuran sözügedən insanlar, əslində öz cahilliklərini aləmə car çəkirlər. Təfsir, hədis, fiqh və ya kəlam üzrə özünü mütəxəssis sananlar Kitab, Sünnə və Fiqhin bütün külliyatını müzakirəli şəkildə gözdən keçirməyiblərsə, Qitmir (özünü nəzərdə tutur) belələrinə cahilliyindən bixəbər cahillər gözü ilə baxar.
- O insanlar səhərdən axşamadək bu işlə məşğul olurdular. Məsələn, böyük şəxsiyyət Əbu Hənifə!.. Sözü hüccət olan İmam Rəbbani həzrətləri: “Allah Rəsulunun yoluna hərtərəfli əməl edən Əbu Hənifədir”, − deyir. Bunu sən, mən demir... Bizi görsəydilər, “Bunlar əsl cahillərdir!” deyərdilər. Həzrət Əbu Hənifə hər bir məsələni tələbələri ilə müzakirə edirdi. Onun dərslərində ən az 500 adam iştirak edərdi. Onlardan cəmi 3-4 nəfəri tanıyırıq: İmam Əbu Yusif, İmam Məhəmməd, İmam Züfər, İbn Mübarək... Həzrət Əbu Hənifə onlarla məsələləri müzakirə edirdi, bəzən tələbələri bir şey deyir, o isə başqa şey deyirdi. Yenə də son qərarı vermir, xeyli düşünürdü. “Ya İmam, Quranda bu məsələ haqqında bir yerdə belə deyilir. Sünnədə belə deyilir. Bu fərqli yanaşmaları birlikdə mütaliə edəndə ortaya hansı nəticə çıxır?” deyirdilər. Tələbələr öz fikirlərini irəli sürsələr də, o, səhərədək Qurani-Kərimi başdan-sonadək bir də oxuyurdu. Elə olurdu ki, tələbələrinə: “Yusifim, Məhəmməd Şeybanim! Siz haqlısınız. Sizin fikriniz doğru imiş”, − deyirdi. Fiqh kitablarında Əbu Hənifənin tələbələri ilə müzakirədən sonra fikrini dəyişdirdiyi və tələbələrin fitvasını qəbul etdiyi yerlər var.
- Onlar dərin (kamal sahibi) olmaqla yanaşı, haqpərəst insanlardı. Dərin və duru idilər. Baxanda dayaz görünsələr də, əslində ümmanlar kimi dərin idilər. Onlar duru dəryalar kimi dupduru olduqlarına görə, dayaz görünürdülər. Həm də haqpərəst idilər, Haqqın xatirini hər şeydən üstün bilirdilər. Müctəhidi-əllam idilər onlar. Bu məsələ dayaz insanların işi deyil.
- Bu aspektdən Məhəmməd ümmətini fəsada sürükləyən, mənəviyyatını pozan insanları ardıcıllıqla düzəndə “fəqihi-facir” ən başda dayanır. Onun ardınca xalqa zülm edən, əziyyət verən, onları incidən, haqsızlığı haqsızlıq saymayan, zülmünü məharət kimi görən, zülmkarlıqda belə, özünü haqlı bilən “imami-cair” gəlir. Kəndin bələdiyyə sədrindən tutmuş dövlət başçısına qədər bütün idarəçilərə dini istilahda “imam” deyilir. İmami-cairdən sonra milləti məhv edən “cahil müctəhid”lər gəlir.
Allahım, elmimi artır, amma Səndən uzaqlaşdıran bir elmi də vermə mənə!
- Cənabi-Allah Rəsuli-Əkrəm Peyğəmbərimizə (sallallahu aleyhi və səlləm) əmr edir: “Ey mənim şanlı Nəbim! Vəhy ilə sərəfraz olan Nəbim! Həbibi-Zişanım! De ki: “Rəbbim elmimi artır!”” (“Taha” surəsi, 20/114) Elm, bir mənada, imanda dərinləşmə (kamilləşmə), İslamda dərinləşmə, irşadda dərinləşmə, insanlara sahili-səlamətə (qurtuluş sahili) çıxarma, hidayət yolunu göstərmə vəsiləsidir. “Rəbbim elmimi artır!” duası da bir mənada, bəndənin Allahdan yuxarıda sıralanan məziyyətləri artırmasını diləməsidir. Məsələni Həzrəti Piri-Muğanın “Həl min məzid” anlayışı ilə əlaqələndirsək, bu, dərin dəryalara dalmaq, o mərcanlara çatmaq və insanlar üçün inci-mərcan toplamaq deməkdir.
- Hədisi-şərifdə: “Allahım! Faydası olmayan elmdən Sənə sığınıram”, − deyə dua edilir. Bu, “Allahım, mənə elm vermə!” demək deyildir. Burada əsas məsələ faydasız elmi istəməməkdir ki, bununla insan nə şəxsi həyatını səliqə-səhmana sala bilmiş, nə də başqalarına faydalı olmuşdur. Müsəlmanlığı təqlidlə yaşamaq faydasız elm yiyəsi olmaqdan yaxşıdır.
- Lövhələrdəki hikmətli kəlamlardan bir də budur: “Allahım, bir müvəffəqiyyət məni Səndən uzaqlaşdıracaqsa, onu mənə nəsib etmə!” Yəni “İstəyirsənsə, məni uğursuzluğa düçar et, təki Səndən uzaqlaşdıran müvəffəqiyyət vermə”. Bunu bu şəkildə də demək olar: “Allahım! Bir elm ki, bizi Səndən uzaqlaşdıracaq, onu bizə vermə. Təqlidi müsəlmanlıq, cahilcə müsəlmanlıq ondan yaxşıdır”.
- tarixində yaradılmışdır.