Doğruluq, sədaqət və iş həyatındakı dürüst insanları

Fəthullah Gülən: Doğruluq, sədaqət və iş həyatındakı dürüst insanları

  • Peyğəmbərlər (ala seyyidinə və əleyhimüssalam) xüsusilə doğruluq (sidq), etibarlılıq, təbliğ, fətanət və ismət-iffət kimi üstün xüsusiyyətlərə malikdirlər. Peyğəmbər yolunun yolçuları da bu uca əxlaqa yiyələnməli və bu gözəl xüsusiyyətləri layiqincə təmsil etməlidirlər.
  • Peyğəmbərlərə xas olan xüsusiyyətlərdən biri də bütün qüsurlardan xalilikdir. Peyğəmbərlər məsum, iffətli, doğru, etibarlı və fərasət sahibi olduqları kimi, bütün qüsurlardan da uzaqdırlar. Onların məruz qaldığı xəstəliklər də Allahın göndərdiyi müvəqqəti sınaqdır. Onlar öz qövmlərində və ətrafındakı insanlarda ikrah hissi oyatmayan, görənlərə Allahı xatırladan, etibar və qibtə edilən insanlardı. Həzrət Cabir deyir ki: “Bir gün məsciddə oturmuşduq, ayın düz on dördü idi. Ay da başımızın üstündə par-par parıldayırdı. Bu vaxt Rəsuli-Əkrəm (s.a.s.) məscidə daxil oldu. Bir aya baxdım, bir də Ona (s.a.s.), and olsun ki, Allah Rəsulunun üzü aydan daha parlaqdı”.
  • Sidq deyəndə adətən doğru danışmaq və haqqı söyləmək kimi xüsusiyyətlər ağıla gəlir. Amma əslinə qalanda sidq doğru sözlə yanaşı, dürüst davranışı da ehtiva edən, hər cür uydurma bəyan və hərəkətlərdən uzaq durmaqla səsləşən geniş bir istilahdır. Bu istilah insanın batini-zahiri, gizli-aşkar bütün hal və hərəkətlərində eyni istiqamətdə olması, həqiqətə zidd olan hər şeylə əlaqəsini kəsib həyatını doğruluq çərçivəsində planlaması mənalarını da ehtiva edir. Nur Müəllifi: “Müseyləməni əsfəli-səfilinə düşürən kizb (yalan) olduğu kimi, Məhəmmədül-Əmin əleyhissalti vəssələmi əlayi-illiyinə yüksəldən də sidq və doğruluqdur”deyir.
  • Doğruluq və sədaqətdə zirvədə dayanan – xəyal, təsəvvür, duyğu, düşüncə, hətta mimikalarına qədər bütün hal və hərəkətləri bu istiqamətdə olan haqq ərləri “sadiq” ünvanı ilə yad edilir. Söz və əməli bir olan bu etibarlı insanlar çox səmimi, olduqca xalis və sadiqdirlər. Rəsuli-Əkrəm Peyğəmbərimiz (s.a.s.) sadiqlərin sadiqidir. Onun (s.a.s.) gətirdiyi hər şeyi təsdiqdə kamil mərtəbəyə çatan, ileyi-kəlimətullahı həyatının qayəsi bilən Həzrət Əbu Bəkir (radiyallahu anh) siddiqi-əkbərdir. Sadiqlərin sadiqi olan Peyğəmbərimizin zövcəsi, Siddiqi-əkbərin qızı Həzrət Ayişeyi-Siddiqə anamız da sidq və sədaqəti ilə tanınırdı.
  • İnsana sədaqət yaraşır görsə də ikrah, doğruların köməkdarıdır Həzrət Allah!
  • Həyatını Allaha həsr edənlərin ən bariz xüsusiyyətlərindən biri də sədaqətdir. Sədaqət söz və davranışları ilə yanaşı duyğu, düşüncə, təsəvvür və niyyətlərdə də doğru olmaq, haqq və həqiqətə ürəkdən bağlı qalmaq, dostlara qarşı daima vəfa hisləri dolu olmaq, heç bir halda xəyanət və üzüdönüklük etməmək, könül bağları ilə bağlandığı yerlərdən ayrılmamaq, riya, sünilik, maddi-mənəvi mənfəət kimi pisliklərdən arınaraq xalis niyyətlə Allahın yolunu tutmaq kimi mənaların hamısını ehtiva edən ali bir kəlimədir. Doğruluğu söz və davranışlarında xarakterinin ayrılmaz parçasına çevirən, insanlarla münasibətlərində həmişə dürüst davranan, gündəlik danışıqlardan zarafatlara, dost məclislərindəki söhbətlərindən tutmuş haqqı təbliğ üçün etdiyi söhbətlərə qədər, iqtisadi-ticarəti münasibətlərindən tutmuş iş həyatındakı rəftarına qədər hər bir söz və davranışlarında dürüstlükdən ayrılmayan və həmişə vəfalı olan, sözünə əməl edən və etimad mücəssəməsi olan insanlara “sadiq” deyilir.
  • Bir məsələ doğru deyilsə, o İstanbulun fəthi kimi böyük bir zəfər olsa belə, ayağının ucu ilə itələməli və “lazım deyil” deyilməlidir
  • Mən bütün bunları həyatını amalına həsr etmiş insanlara deyirəm, başqaları məni maraqlandırmır. Əgər sözümə qulaq asırlarsa qardaşlarıma, dostlarıma, gündə beş vaxt namazda “Allahım! Qardaş, dost, tərəfdar, bizi sevən kim varsa hamısını əhya elə!” deyə dua etdiyim insanlara deyirəm. Ömrünü bu məfkurəyə həsr edən insanlar özünü sorğu-suala çəkəndə şayəd zərrə qədər şübhəli bir şeylə qarşılaşsalar... İstanbulu, Belqradı fəth etsələr, yeraltı yollar çəksələr, dənizləri aşıb okeanın o tayına keçsələr, mümkünsüzü mümkün qılsalar, göylərə yol açsalar... Mərrixdə, Ütariddə, Zühəldə saraylar tiksələr... bütün bunlara nail olsalar, sonra neyronlarını bir-bir yoxlasalar, baxsalar... şayəd birinə mənəm-mənəmlik hissi, təqdir arzusu bulaşıbsa, indiyədək gördüyü hər nailiyyətdən imtina etməli və beləcə sədaqətini, Allaha bağlılığını ortaya qoymalıdırlar. Kimlərinsə, hansı formadasa bəzi səlahiyyətlərdən öz manefeyi üçün istifadə etməsi və özünə görə fitvalar “icad” etməsi həyatını haqq-həqiqətin əhyasına həsr edən insanları aldatmamalıdır. Bu kimi şeylər şeytanların təsvilatıdır (pis şeyi gözəl göstərməsidir) və bunlardan qorunmaq üçün qala içində qalalar tikmək lazımdır.
  • Əgər kimlərisə aldatsaq, fərqinə varmadan dinin sinəsində yara açarıq. Bir yerə sərmayə qoyuruq, iş adamıyıq, müqavilələrə qol çəkirik, bəzilərinə haqq və həqiqəti təbliğ edirik. Bəziləri bizi öz nəzərlərində yüksək tutub, haqqımızda yaxşı şeylər fikirləşirlər. Bu vaxt biz əgər şəxsi həyatımızda sadiq/doğru olmasaq, doğruluqdan uzaqlaşsaq, heç fərqinə varmadan qarşı tərəfin düşüncəsində, anlayışında, baxışında və dində yara açmış olarıq. “Bu din də natamam dindir”, “Bu dində də boşluqlar var” deyərlər. Bu mənada sözügedən məsələlər hüquqi-ammə (ümumun hüququ) kimidir. Özünü Allah yoluna həsr etmiş insanlar sadə həyat yaşamalı və Əbu Zərr Qifari kimi bir yerdə kəfənsiz ölməlidir. Əsl məsələ kəfənsiz ölməyə hazır olmaqdır.
  • Allah sizə fəaliyyətlərinizi 140 ölkədə həyata keçirmə imkanını verib. Bu imkandan yaxşı istifadə edib Allahın əmr etdiyi kimi, doğruluqdan ayrılmasanız, fikirlərinizlə söz, hərəkət, davranışlarınız bir-birini tamamladığına və hər bir işdə doğruluğa sadiq qaldığınıza görə insanlar sizə qibtə etməyə başlayar, sizə utopik bir dünyanın sakinləri gözü ilə baxar və “Kaş biz də o dünyaya gedəydik!” deyərlər. Ancaq Allah eləməsin, bir nöqsana, haqsızlığa, yalana yol versəniz, xalq sizin haqda: “Demək, bunların dinə söykənən sistemində bir nöqsan var” deyər və dinə nifrət edərlər. Bunu eləməyə də, heç kimin haqqı yoxdur. Bizim vəzifəmiz Allahı, Peyğəmbəri (s.a.s.), Quranı və dini sevdirməkdir, bu da bizim doğru yolda olmağımızdan asılıdır. Əks halda Səadət əsrindən tutmuş bugünədək bütün möminlər Allahın hüzurunda ondan şikayətçi olarlar, “Biz bu əmanəti nöqsanız, zədələmədən, xələlsiz-xətərsiz ötürdük, amma onlar onu xəlbir kimi dərmədeşik etdilər, halalı haram saydılar, insanları dindən soyutdular, şikayətçiyik, Allahım!” deyərlər. (19:28)
  • Dünyanın zövqü-səfası, mal-mülkü, zənginliyi şayəd məşru (halal) deyilsə, Allahın qadağalarına ziddirsə, hesabı müşkül görünürsə, batsın yerə hər şey, bizi də batırsın... əksinə məşrudursa, Allah sizə o istiqamətdə daha böyük işlər lütf eyləsin... (21:52)
  • Sədaqət, ya Hu!.. Bəli, təkrar edək: “Möminə sədaqət yaraşır görsə də ikrah \ Doğruların yardımçısıdır Həzrəti Allah”. Doğru olmayana vah, vah!... Xüsusən də o tərəfdə... (22:20)
  • Yavuz Bülənt Bakilər bəy Türk Dili Olimpiadalarında: “Osmalı böyük bir dövlətdi. Sözü kəsərli idi. Ancaq o dövrdə belə bu qədər böyük fəaliyyətlər həyata keçirilməmişdi”, − demişdi. O baxımdan bu, çox ciddi bir məsələdir. Onu da unutmayaq ki, bu, Rəbbin bir ərməğanıdır və insanları seçib bu işə yönəldən də Odur. (23:18)
  • Türkiyənin cənub-şərq bölgəsində ocaq başında dəmir döyən bir dəmirçi ilə qarşılaşan Toma Mişel (Thomas Michell) ondan bu qədər işləməsinin səbəbini soruşur və bu cavabı alır: “Filan ölkədə bir məktəbə baxıram, ona görə də çoxlu çalışmalıyam!” Onu ən çox təsirləndirən hadisə məhz budur. (24:56)
  • Bozyaxada yuxarı mərtəbədə keçirilən “himmət toplantısı”nda söhbət etdim, hamı az-çox nəsə verməyə boyun oldu. Utanırdım... Özüm üçün istəmirəm... yığan ayrı, yazan ayrı, hesab tutan ayrı idi... yenə də utanırdım. Təbiətim belədir, bir şey istəyəndə utanıram, amma hizmətin xatirinə buna da razı oldum... Otağımdaydım, köhnə bir hərbçi qapını döydü, əlində də bir topa açar, “Hər kəs himmət etdi, mənim verməyə heç nəyim yoxdu, evimin açarlarını gətirmişəm!” dedi. Belə bir əhval-ruhiyyə vardı. Bu elə bir hisdir ki, Allaha inanmasanız, mümkün deyildir. Əgər Anadolu insanı milli-mənəvi dəyərləri ilə dünyanın 150 ölkəsinə gedib fəaliyyətlərini davam etdirirsə, bilin ki, bu, həmin düşüncənin bəhrəsidir. (27:00)
  • Hansı iş olur-olsun, xatib xütbədə doğru danışmalı, vaiz kürsüdə doğru danışmalı, imam namazı doğru qıldırmalı, oruclu orucunu doğru tutmalıdır... İş adamları, sərmayədarlar, sənayeçilər də, müxtəlif işlərlə məşğul olanlar da şərait əl verdiyi qədər (ümumi problem, məşəqqət, qaçılmaz çətinlik istisna olmaqla) doğruluqdan ayrılmamalıdır. Allah onlara indiyə qədər verdiyinin on qatını da lütf edər. Bir tərəfdən də iş sistemini dövrün tələblərinə uyğun qurmalıdırlar; harama girmədən, ağılla hərəkət etməlidirlər; mövcud sərmayə kifayət eləmirsə, birləşməli, böyük layihələr həyata keçirməlidirlər. Bakir Afrikaya, bir mənada bakir sayılan Braziliyaya, Argentinaya getməlidirlər, investisiya qoymalıdırlar. Həm Türkiyə zənginləşməlidir, həm də oralardakı təhsil və irşad fəaliyyətlərinə arxa çıxmalıdırlar. Yəni Allahın köməkliyi ilə, az şeylə çox iş görməlidirlər. (30:44)
  • Həyatını Hizmətə həsr edən insanlar da o qardaşların etimad, güvən və etibarını sarsıtmamaq üçün “Varım ol Dosta verdim, xanümanım qalmadı \ Cümləsindən əl yudum, pəs dü cahanım qalmadı.” (Əhmədi) misralarında deyildiyi kimi, həsbi, diyərqəm, gözü-könlü tox olmalı, dünyaya necə gəliblərsə, elə də getməlidirlər. Onların bankda pulu-filanı olmamalı, onlar torpaq alıb-satmamalı, “Mənim də bir evim olsun” fikrinə düşməməlidirlər. Əksinə belə düşünməlidirlər: “Vəzifəm hizmətdir, ev-eşiyim olmamalıdır! Yoxsa bizə güvənən insanları aldatmış, etimadını sarsıtmış olaram. Etimad sarsılarsa, dünyanın dörd bir tərəfinə yardım əlini uzadan o fədakarlar da tərəddüd keçirərlər, “Yoxsa bu adamlar öz mənfəətləri üçün çalışırlar?” deyərlər. Bank hesabımızı, kartımızı, boxçamızı yoxlayanlar “Bunlar lütün biri imiş ki!” deməlidirlər. (32:25)
  • Doxsanıncı illərdə professor Səbahəddin Zaim Orta Asiyaya gedən iş adamlarının (əksəriyyətinin) təhsil könüllüləri qədər uğur qazana bilməməsinin səbəblərini belə izah etmişdi: “Türkiyədə məktəb sistemi oturuşmuşdu, müəllimlərimiz, rəhbər tələbələrimiz vardı. Üstəlik Türkiyədə sistemin fəlsəfəsini də mənimsəmişdilər. Ona görə sistemi burdan götürüb orada qurduq, uğurlu alındı. Ancaq Türkiyədə sərmayə, sənaye, ticarət sahəsində hələ öz düşüncəmizə uyğun sistem qurulmamışdı. Bu səbəbdən başqa ölkələrə belə bir sistem aparmağa imkanımız olmadı.” (35:13)
  • TUSKON-dakı dostlarımız (Allah işlərini şükrə layiq etsin, birini min etsin...) o sistemi Türkiyədə müəyyən səviyyədə oturtdular... inşallah, gün gələr, tam oturar... o sistemi Türkiyədə sağlam, böyük iqtisadi böhranlara belə tab gətirən, sarsılmaz əsaslar üzərində oturtsalar, Allahın köməkliyi ilə, onu olduğu kimi dünyanın hər tərəfinə aparmaq mümkün olacaq. Hal-hazırda bu iş müəyyən səviyyədə görülür. Böyük maraq və etimad var. Dostların dediyinə görə, dövlət rəhbərləri, ya da ölkələrin sənaye və ya ticarət nazirləri “Biz layihələrimizi sizinlə həyata keçirmək istəyirik!” deyirlər. Allah bizi qardaşlarımızla, onları da bizimlə utandırmasın. İnşallah, utandırmayacaqlar, həmişə belə davam edəcək, həmişə etimad qazanacaqlar. Bu iş müəyyən səviyyədə oturuşub. Ancaq dünya brendinə çevrilmək üçün vaxt lazımdır. Hətta başqalarını da bu işə qoşaraq bəzi layihələri dost qurumlarla birlikdə həyata keçirərlər. Sonra dünya markasına çevrilərlər və hər kəs onlar haqda “İş görəndə ancaq bu adamlarla görəsən!” deyərlər. Bunun üçün də müəyyən vaxt lazımdır. (38:00)
  • Xülasə, Rəsuli-Əkrəm Peyğəmbərimiz (sallallahu aleyhi vəsəlləm) buyurur: “Nicat (qurtuluş, müvəffəqiyyət, qalibiyyət) doğruluqdadır.” Doğruluğa sadiq qalsaq və insanlar bizi bu cür tanısa, Allahın köməkliyi ilə, doğruluğa aparan bütün qapılar taybatay açılacaq... top-tüfənglə deyil, mancanaqlarla deyil... şəxsən sizin qapı toxmağına toxunmağınızla açılacaq... “tıq-tıq” səsini eşidənlər, Allahın köməkliyi ilə, “Buyurun, sizi gözləyirdik!” deyəcəklər... (44:15)

Pin It
  • tarixində yaradılmışdır.
Copyright © 2024 Fəthullah Gülən Veb Saytı. Bütün hüquqları qorunur.
fgulen.com tanınmış türk alim və mütəfəkkiri Fəthullah Gülənin rəsmi saytıdır. Bu ünvan fgulen.com saytına məxsusdur.