Kəlimətullah
Sual: Qurani-Kərimdə Həzrəti İsa haqda "kəlmə" ifadəsi işlənir. Bəzi ayələrdə də “kəlimətullah”ın ucalığından, əbədiliyindən və heç kimin və ya heç nəyin onu dəyişdirə bilməyəcəyindən bəhs olunur. Hədisi-şərifdə isə, ancaq “kəlimətullah” uğrunda mübarizə aparanların Haqqın yolunda olduğu bildirilir. O cümlədən “kəlimətullah”ın şanını ucaltmaq üçün Allaha dua edir və istəazələrdə yenə də “kəlimətullah”ı zireh, sipər kimi yad edirik. Sözügedən ayə, hədis və dualarda keçən "kəlimətullah" nə mənaya gəlir və bu söz dualarda insanda hansı düşüncələri oyatmalıdır?
- Kökü ərəbcə olan “kəlmə” sözünün lüğəvi mənası ən kiçik söz və ya cümləni meydana gətirən ünsürlərdən biri anlamına gəlir. Ərəb qrammatikasında “kəlmə” üç hissəyə - isim, feil və hərfə bölünür. “Kəlimətullah” ifadəsinin tərkibindəki “kəlmə” söz, ayə, hökm, əmr və tövhidi təsdiq kimi müxtəlif mənalar verir. (01:25)
- Quranda üç yerdə (“Ali-İmran”, 3/39, 45; “Nisa”, 4/171) Həzrəti İsa haqda “Allah tərəfindən bir kəlmə” ifadəsi işlənir. Allahın “kəlam” sifətindən gələn vəhylər istisna olmaqla, bütün məxluqat və onlardan ibarət kainat kitabı da cismani kəlmələrdən meydana gələn mücəssəm bir kitabdır. Bu kitabın hər bir cümləsi, hər bir kəlməsi məxluqdur, yəni sonradan yaradılmışdır. Ayələrdə Həzrəti İsanın möcüzəvi şəkildə atasız yaradılmasından, “kun-fəyəkun fabriki”ndə emal edilməsindən bəhs olunur, yəni Allah “ol” demiş, o da “olmuşdur”. Həm bu möcüzəvi yaradılış öz-özlüyündə cildlərlə məna ehtiva etdiyinə, həm də verilən əmr kəlam növündən olduğuna görə, Həzrəti İsaya “Allahın kəlməsi” ünvanı verilmişdir. (02:22)
- Bir dəfə Cənabi-Allahın kiçik şeylərlə məşğul olması haqda sual verilmişdi. “İzzət və əzəmət istər ki, əsbab/səbəblər pərdədari-dəsti-qüdrət ola ağılın nəzərində. Tövhid və cəlal istər ki, əsbab əlini çəksin təsiri-həqiqidən” cümləsini izah edərək bəzi məqamları çatdırmağa çalışırdım. Söhbət əsnasında “baxışı yaradan da, hissi yaradan da, nitqi yaradan da Allahdır”, - deyib heyvanın bayıra getməsindən danışdım: “Bu hərəkəti də Cənabi-Allahın qüdrət və iradəsindən kənarda götürə bilmərik, lakin Allah heyvanın quyruğunu və s-i. işlərinə pərdə etmişdir”, - dedim. Bu örnəyi əvvəllər də bir neçə dəfə vermişdim. Ancaq Cənabi-Allahın zatı, sifətləri və əsması haqda misal verəndə ən qüdsi şeylərdən nümunə seçmək lazımdır. Ülvi örnəklər dura-dura bu cür uca həqiqətləri çirkin nümunələrlə izah etmək doğru deyil. Əslində sayğı və ədəb də bizdən bunu tələb edir. Mən bu örnəyi çəkib mövzunu izah edirdim ki, birdən-birə bir “danadişi” haradansa peyda oldu. Qəfil bir ayağını üst dodağıma, o birini də alt dodağıma keçirdi və bərk-bərk ağzımı sıxmağa başladı. Elə bil başıma qaynar qazan əndərdilər. Ani hərəkətlə tutub bir kənara atdım və söhbətə davam etdim. Necə oldusa, danadişi yenə peyda oldu, elə bilirdim uzağa atmışam. İkinci dəfə də eyni şəkildə ayaqlarının birini alt, birini də üst dodağıma keçirdi. Onda anladım və inandım ki, Zati-Üluhiyyət barədə örnəklər belə çox müqəddəs, çox nurani və çox pak olmalıdır. Madam ki, Cənabi-Allah Zatını təqdis və tənzih etmək üçün ağılın qarşısına səbəbləri pərdə etmiş, daim təmiz olanı göstərmişdir, biz də bu paklığa riayət etməliyik. (05:25)
- Quran ecazkar üslubla kainat, cisim və insan həqiqətinə fərqli baxış tərzini ortaya qoymuşdur. Bu baxış tərzi ilə o, bütün varlığı və varlıq aləmi çərçivəsində insanı bir bütöv kimi götürür və hər bir zərrəni yerbəyer edib nizamlayır. Hissələrin vahidlə əlaqəsini, vahidin hissələrlə münasibətini ən incə detallarına qədər müəyyənləşdirir... Və bu əzəmətli “kitab” və möhtəşəm “sərgi” barədə insanın ən xırda suallarına belə cavab verir. Quran sayəsində bütün varlıq aləmi bir kitab, hər bir məxluq bir kəlmə kimi oxunur. Bir ayədə belə buyurulur: “Əgər Rəbbimin sözlərini yazmaq üçün dəryalar mürəkkəb olsaydı və bir o qədər də ona əlavə etsəydik, dəryalar tükənərdi, Rəbbimin sözləri bitməzdi!” (“Kəhf” surəsi, 18/109). Bəli, Cənabi-Allahın kəlam sifətindən təcəlli edən kəlmələr olduğu kimi, qüdrət sifətindən təcəlli edən cismani kəlmələr də vardır. Xüsusilə, hər bir canlı varlıq möcüzəvi yaradılış və mahiyyətində müşahidə edilən ilahi sənət etibarilə rəbbani bir kəlmədir. Allah-taalanın elmi isə sonsuzdur. “Sonlular” nə qədər çox olur-olsun, şübhəsiz, “sonsuza” çatmaz, çata bilməz. Bir də Cənabi-Allahın namütənahi isimləri və bu isimlərin namütənahi təcəlli yeri vardır ki, həmin isimləri və bu isimlərin təcəlli yerlərinə aid kəlmələri də namütənahi saymaq olar. Gözə görünən, görünməyən aləmləri və məxluqatı düşünəndə görürsən ki, dənizlər mürəkkəb, ağaclar qələm olsa, bunu yazıb qurtara bilməz. (10:15)
- Allahın kəlmələri təbdil olmaz və heç kim onları dəyişdirə bilməz. Yəni nə dünyada, nə də axirətdə heç kim Allahın hökmünə zidd hökm verə və ya ilahi hökmü dəyişdirə bilməz, bu, mümkünsüzdür. Bəli, Allah-taalanın hər bir vədi haqdır, gerçəkləşəcəkdir. Kəlimətullah “Allahın kitabı” mənasına da gəlir, yəni onu kimsə təhrif edib dəyişdirə bilməyəcək. (12:14)
- “Lövh” sözü yastı, düz, üstündə yazı yazılan bir cisim deməkdir. “Lövhi-məhfuz” isə Allahın maddi-mənəvi, canlı-cansız hər şeyi qeydə aldığı mənəvi bir lövhə və ya bütün bu məsələlərə nəzarət edən ilahi elmin ünvanı kimi qəbul edilir. Burada təbəddül, təğəyyür mümkünsüz olduğuna görə, “Lövhi-məhfuz” adlandırılmışdır. Alimlər lövhi-məhfuzla yanaşı, “Allah istədiyi şeyi məhv, istədiyini də sabit saxlayar (məhvü-isbat) və kitabın əsli (ümmül-kitab) Onun yanındadır” (“Rəd” surəsi, 13/39) ayəsinə söykənərək bir də “Lövhi-məhvü-isbat”dan bəhs edirlər. Bəli, Allah istər təkvini (fiziki), istər şəri qanunları olsun, ali hikmətinə binaən istədiyini silir, dəyişdirir, fərqli qəliblərə salır; həm fəza sistemləri arasında, həm də yer kürəsində müəyyən dəyişikliklər edir; ictimai coğrafiyada bəzi şeyləri dəyişdirir; bəzi xalqları yerlə-yeksan edib yerinə başqalarını gətirir; kiminə izzət, kiminə zillət verir; kimini güldürür, kimini ağladır... Və o qəhhar qüdrəti ilə bütün kainatı, bütün yer kürəsini cəmali və cəlali təcəlliləri ilə lövhi-məhvü-isbatın təcəlli yeri edib müşahidlərin müşahidəsinə təqdim edir. O, təkvini qanunlar kimi, şəriət qanunlarında da bəzi hökmləri ləğv edərək yenisi ilə əvəzləyir, vaxt-vədəsi çatanda da “Mən bu gün sizin dininizi kamil etdim. Sizə olan nemətimi tamamladım. Sizin üçün din olaraq İslamı bəyənib seçdim” (“Maidə” surəsi, 5/3) bəyanı ilə dinini tamamlayır. (13:35)
- Həzrəti Ustad mövzunu bu şəkildə şərh və təsnif edir: “Qəza” Allahın (cəllə cəlaluhu) lövhi-məhfuzda, yəni əsas kitabda qoyduğu, təqdir etdiyi hökmlərin vaxt-vədə olanda qulun da iradəsini işlətməsi ilə həyata keçməsi, yəni qədərin icrasıdır. Ərəb dilində “vermə” kökündən gələn “Əta” Cənabi-Allahın vergisi, ehsanı, lütf və bəxşişi deməkdir. Lövhi-məhfuzdan başqa Allahın (cəllə cəlaluhu) bir də Lövhi-məhv və isbatı vardır. “Lövhi-məhfuz” “İmami-mübin” və ya “Ümmül-kitab” da adlanır ki, burada hökmlərin dəyişməsi və silinməsi mümkün deyildir. “Kitabi-mübin” də adlanan “Lövhi-məhv və isbat” isə Allahın (cəllə cəlaluhu) əta qanunu ilə bəzi hökmlərini dəyişdirib ləğv etdiyi kitabın adıdır. Əta qanunu qəzanı ləğv edir. Məsələn, bir bəndəni pis bir hadisə gözləyir. Ancaq bəndə Allahla (cəllə cəlaluhu) irtibata keçir, Ona yaxınlaşır ... və ya dua, sədəqə kimi Cənabi-Allahın məmnun olduğu bir əməl işləyib Ona yaxınlaşır və bu yaxınlığına görə də Allah (cəllə cəlaluhu) şanına layiq bir ətası ilə həmin hadisəni bəndəsinin xeyrinə çevirir. (13:52)
- Həzz düşkünlüyü, firavan həyat arzusu və dəbdəbə hərisliyi ucbatından yolundan dönən hizmət mürtədləri, əməl mürtədləri və ya əqidə mürtədlərinin ortaya çıxması həmişə mümkündür. Nə irtidad, nə də bu cür dindən çıxma hadisələri sırf keçmişə xas bir məsələ deyildir, tarix səhnəsində bir-bir yerlərini tutanlar gün gələcək əməlləri ilə birlikdə bir-bir yox olub gedəcəklər, yalnız O və Onun yüksəltdiyi dostlar qalacaq. Aşağıdakı ayə də bu həqiqəti təsdiqləyir: “Ey iman gətirənlər! Sizdən hər kəs dinindən dönsə, (bilsin ki) Allah (onun yerinə) elə bir qövm gətirər ki, (Allah) onları, onlar da (Allahı) sevərlər. Onlar möminlərə qarşı mülayim, kafirlərə qarşı isə sərt olar, Allah yolunda cihad edər və heç kəsin tənəsindən qorxmazlar. Bu, Allahın lütfüdür, onu istədiyinə verər. Allah (öz lütfü ilə) genişdir, (O, hər şeyi) biləndir!” (“Maidə” surəsi, 5/54) (15:50)
- Lüğətdə “Allahın kəlməsini ucaltmaq” mənasına gələn “ileyi-kəlimətullah”ın istilahi anlamı Allahın adını və ya İslam dininin tövhid əqidəsini layiqincə ucaldıb yaymaqdır. Bu termin “cihad” sözü ilə də paralel işlədilir. Peyğəmbərimiz “Allahın yolunda həqiqi cihad edən kimdir?” sualına: “Sırf Allahın adını ucaltmaq üçün (ileyi-kəlimətullah üçün) cihad edən Allah yolundadır”, - deyə cavab verir. Rəsuli-Əkrəmin (sallallahu əleyhi və səlləm) bu mövzuda xəbərdarlığı qəlbi titrədir: “Qiyamət günü əleyhinə hökm verilən ilk insan “şəhid” olacaq. Onu Allah-taalanın hüzuruna gətirəcəklər və ona bəxş olunan nemətləri göstərəcəklər. Hamısını tanıyacaq. Allah (cəllə cəlaluhu): “Bu nemətlərin əvəzində nə etdin?”deyə soruşacaq. O: “Sənin uğrunda şəhid olanadək vuruşdum” deyəcək. Allah-taala: “Yalan deyirsən! Sən “Nə cəsur, nə igid adamdır!” desinlər deyə döyüşdün. Dünyada istədiyin oldu, sən mükafatını aldın!” buyuracaq. Sonra əmr veriləcək, o insanı sürüyə-sürüyə Cəhənnəmə atacaqlar” (Müslim, İmarə, 152) Həmin hədisin arxasınca Allah Rəsulu (sallallahu əleyhi və səlləm) “desinlər” deyə elm öyrənən və öyrədən, “desinlər” deyə əliaçıqlıq edənləri də eyni aqibətin gözlədiyini xəbər verir. (20:41)
- Allahın adını könüllərə nəqş etmək, İslam dinini şanına layiq şəkildə ucaldıb hər yana yaymaq anlamına gələn “ileyi-kəlimətullah” möminin ən mühüm vəzifəsi və Cənabi-Allahın da ən sevdiyi əməldir. Allaha iman etmək və ileyi-kəlimətullah yolunda çalışmaq möminlik nişanəsidir. Əslində Allahın adı daim uca və alidir. “Onun adını ucaltmaq” ifadəsini öz idrak səviyyəmiz, üfqümüzü işıqlandırma baxımından işlədirik... ileyi-kəlimətullah deyəndə qaralan qəlbləri çirkdən, ləkələrdən təmizləyib Sahibi üçün hazır vəziyyətə gətirmək, könül taxtını Malikül-Mülkə, Məlikül-Müluka təqdim etmək və Yaradanla qul arasında mövcud maneləri aradan qaldırmaq mənalarını başa düşürük. Odur ki, ileyi-kəlimətullah imana çağırışdır, Peyğəmbərimizi (sallallahu əleyhi və səlləm), digər imanın əsaslarını və İslamiyyəti qəbul etməyə dəvətdir. İleyi-kəlimətullah Allahın uca adının hər yerdə eşidilməsi, bayraqtək dalğalanması və Məhəmmədi ruhun ən zülmət qaranlığı belə işıqlandırmasıdır. İleyi-kəlimətullah bilavasitə yüksək və çox uca olan “Lə iləhə illəllah Muhammədun Rəsulullah” həqiqətini yüksəltmək, göyqurşağıtək bütün dünyada hər kəsin görə bildiyi mövqeyə gətirməkdir. (24:47)
- Allahın rizasına aparan ən mühüm vəsilə ileyi-kəlimətullah yolunda olmaqdır. Odur ki, daim bu duanı edirik: “Allahım! Kəlimətullahı və kəlimətülhaqqı dünyanın hər yerində bir daha ucalt. Bizim və dünyadakı bütün qullarının qəlbini imana, İslama, Qurana və iman xidmətinə isindir və bizi bu işdən ayırma. Bizi göy və yer sakinlərinə sevdir və onlarda bizə qarşı rəğbət oyat. Bizi müxlis, müxlas, müttəqi, vəralı, zahid, Sənə yaxın, Rəbbindən məmnun və Rəbbi də ondan məmnun, Səni sevən və dərgahında sevilən, aqil, təvazökar, Quran əxlaqına yiyələnmiş bəndələrindən et. Peyğəmbərimiz Həzrəti Məhəmmədə, ailəsinə və bütün səhabələrinə də səlat və salam eylə! Amin! Sonsuz amin!” (26:17)
- Peyğəmbərimizin öyrətdiyi və səhər-axşam oxunan dualarda yer alan bu cümlələrlə Cənabi-Allaha sığınmaq çox əhəmiyyətlidir: “Cənabi-Allahın yoxdan var edib həyat bəxş etdiyi, böyüdüb hər yana yaydığı və yaradıb həyat verdiyi məxluqatın şərindən Allahın mükəmməl kəlmələrinə sığınaram.” (27:53)
- Səhər-axşam oxunan dualardan biri də budur. O, həm də gözdəymədə çox təsirli olur: “Şeytanlardan, zəhərli həşəratdan və nəzərdən Allahın mükəmməl kəlmələrinə sığınaram” (29:06)
- Rəsuli-Əkrəm (sallallahu əleyhi və səlləm) buyurur: “Kim hər gün səhər və axşam bu duanı üç dəfə oxuyarsa, ona heç bir şey zərər verməz”. “(Günə, gecəyə və hər işə) Allahın adı ilə başlayıram ki, Onun mübarək adı anılandan sonra nə yerdə, nə də göydə heç bir şey zərər verə bilməz, O, Səmi və Alimdir (hər şeyi eşidən və biləndir)” (Tirmizi, “Dəavat” 13). Bu hədisi rəvayət edən Əban ibn Osman (r.a.) qismən iflic olmuşdu. Bu hədisi ondan eşidən yoldaşı mənalı-mənalı ona baxınca Həzrəti Əban: “Niyə mənə belə baxırsan? Hədis həqiqətən dediyim kimidir, yalan demirəm. Mənim bu vəziyyətə düşməyimə gəlincə, həmin gün bu duanı oxumağı unutmuşdum. Allahın (cəllə cəlaluhu) hökmü belə imiş”, - demişdi. Güman ki, bu hadisəyə əsasən sözügedən duanın infakta qarşı qalxan olması fikri geniş yayılmışdır. (30:00)
- Bu dualarda keçən “kəlimətullahit-təmmə (Allahın mükəmməl kəlmələri)” ifadəsi ilə Quran ayələri, Allah-taalanın Quranda və ya Peyğəmbərimizin dili ilə öyrətdiyi dualar və İlahi isimlər nəzərdə tutula bilər. Əsmai-hüsna haqda ən səhih rəvayət Əbu Hüreyrənin rəvayəti olsa da, əksər alimlərə görə ilahi isimlər təkcə bu hədisdə rəvayət olunandan ibarət deyil. Əksinə həm Qurani-Kərimdə, həm də Sünnədə bilvasitə və bilavasitə toxunulan bir çox İlahi isim əksini tapıb. Ehtimal ki, doxsan doqquz mübarək əsmai-hüsna dua, təzərrö, niyaz və təvəccöh etibarilə xüsusi əhəmiyyət kəsb edir. Yoxsa, yuxarıda da işarə edildiyi kimi, doxsan doqquz əsma ilə yanaşı, yalnız bəzi şəxslərə bildirilən və heç kimə açılmayan müxtəlif isimlər də var. Hətta Quranda feil və sifət formasında yer alan isimlərlə yanaşı, bəzi hədis kitablarına görə 100-500, bəzi əhli-beyt qaynaqlarına görə isə 1000 əsma rəvayətlərdə keçməkdədir. Muhyiddin ibn Ərəbinin “Kəşfül-məna ən sirri-əsmaillahil-hüsna” adlı əsəri bu mövzuda mühüm mənbədir. O, əsas qaynaqların ruhuna xələl gətirmədən kəlmələrin köklərindən yararlanaraq müxtəlif isimlərin varlığından da bəhs etmişdir. Bunların hər biri o əngin “kəlimətullahit-tammə” çərçivəsinə daxildir. (32:00)
- Xülasə, təkvini qanunlarda kəlmələr .. şəri qanunlarda kəlmələr .. şanını ucaltmaqla məsuliyyət daşıdığımız kəlmələr.. və bəlkə də, əsas vurğulanası xüsus – uca kəlmələri ucaltmaq naminə ortaya qoyulan cəhd və səylər ... (34:16)
- tarixində yaradılmışdır.