Sadiqlərin yolunu tutun!..

Fəthullah Gülən: Sadiqlərin yolunu tutun!..

Sədaqət Allahla bağlanan bir müqavilə, bir sözləşmə və bir ruhi-mənvi anddır. Buna, başlanğıc etibarilə və bir mənada nəzəri və ya ənfusi (mənəvi aləmə aid) sədaqət də demək olar. Verilən sözü hərfiyyən yerinə yetirmək isə sədaqətin əməli (feili) yönünü təşkil edir.

Sidq və sədaqət

Ruhi-mənəvi andı – sədaqəti əmələ və aksiyona çevirməyə insan özü ilə təzaddadır. Bir tərəfdən Allaha sədaqətini izhar edən, digər tərəfdən Onun buyruqlarına əks hərəkət edən insan sadiq davranmır və dönüklük edir.

Sidq doğru sözlə yanaşı, dürüst davranışı da ehtiva edən, hər cür uydurma bəyan və hərəkətlərdən uzaq durmaqla səsləşən geniş bir istilahdır. Bu istilah insanın batini-zahiri, gizli-aşkar bütün hal və hərəkətlərində eyni istiqamətdə olması, həqiqətə zidd olan hər şeylə əlaqəsini kəsib həyatını doğruluq çərçivəsində planlaması mənalarını da ehtiva edir.

Sədaqət söz və davranışları ilə yanaşı duyğu, düşüncə, təsəvvür və niyyətlərdə də doğru olmaq, haqq və həqiqətə ürəkdən bağlı qalmaq, dostlara qarşı daima vəfa hisləri dolu olmaq, heç bir halda xəyanət və üzüdönüklük etməmək, könül bağları ilə bağlandığı yerlərdən ayrılmamaq, riya, sünilik, maddi-mənəvi mənfəət kimi pisliklərdən arınaraq xalis niyyətlə Allahın yolunu tutmaq kimi mənaların hamısını ehtiva edən ali bir kəlimədir.

Təbuk səfəri

Təbuk səfəri Şamda toplalan qırx min nəfərlik Roma ordusuna qarşı Rəsuli-Əkrəm Peyğəmbərimizin (sallallahu aleyhi vəsəlləm) başçılığı ilə keçirilən hərbi səfərdir. Bu hərbi səfərin son mənzili Ərəb yarmadasının şimalında Mədinə ilə Şamın ortasında yerləşən suyu və xurma bağları bol olan Təbuk olduğuna görə belə adlandırılmışdır. Müsəlmanların ciddi hərbi hazırlıqla gedib döyüşsüz qayıtdıqları bu səfərdə ilk dəfə güclü və nizami İslam ordusu təşkil edilmiş, romalılara müsəlmanların gücü nümayiş etdirilmiş, beləcə hərbi və siyasi zəfər qazanılmışdılar.

İsti hava, quraqlıq, qıtlıq, uzaq məsafə və düşmən ordusunun gücünü nəzərə alan müsəlmanlar döyüşün çox çətin keçəcəyini düşünərək səfərə çıxmışdılar. Allah Rəsulu (aleyhi əkməlüttəhaya) zəyif-güclü bütün müsəlmanları cihada səsləmiş və xalq arasında ümumi səfərbərlik əhval-ruhiyyəsinin yayılmasına zəmin hazırlamışdır.

Münafiqlər hər bir məsələyə nəfsanilik nöqteyi-nəzərdən yanaşıb hər bir şeyə eqoizm aspektindən qiymət verdikərinə görə tez-tez fəsad törədir, həm səfərə hazırlıqda, həm də səfərdə fitnə törətməkdən əl çəkmirdilər. Səksən nəfərə yaxın münafiq səfərdən boyun qaçırmaq üçün bəhanələr gətirmiş və Rəsuli-Əkrəmdən icazə almışdılar. Bəziləri isə qənimət ələ keçirmə ümidilə orduya yazılmış, yenə də yol boyu fitnədən əl çəkmirdilər.

Səfərə qatılmayanlar, bəhanə gətirənlər və doğruluqdan ayrılmayanlar

Mömin olmasına baxmayaraq azacıq etinasızlıq ucundan islam ordusundan gen düşənlər də vardı. Kab ibn Malik, Mürarə ibn Rəbi və Hilal ibn Üməyyə də “çataram” deyib ağır hərəkət edən, amma Təbuk kərvanını əldən qaçırdıqdan sonra bir də ona çatma imkanını əldə edə bilməyən və üzrlü bir səbəb omamasına baxmayaraq səfərə qatılmayan möminlərdən idi.

Döyüşə hazır, nizami və güclü İslam ordusunun hər növ döyüş təhlükəsini gözə alaraq Təbuka gəlməsi psixoloji baxımdan müsəlmanların lehinə idi. Hicaza hücum çəkib İslam coğrafiyasını yerlə-yeksan etməyə gələn İrakli və əsgərləri möminlərin cəsarətini görüb çox qorxmuş, dəhşətə qapılmış və döyüşməkdən imtina etmişlər. Peyğəmbərimiz (sallallahu aleyhi vəsəlləm) Təbukda 20 günə yaxın qaldıqdan sonra böyük səhabələrlə məşvərət edərək qayıtmağa qərar vermişdi.

Kainatın Fəxri Peyğəmbərimiz səfərdən qayıdandan sonra Təkub qəzvəsində iştirak etməyib Mədinədə qalanlar bir-bir gəlib üzr istəmiş və and verərək qatılmama səbəblərini açıqlamışlar. Peyğəmbərimiz də sözlərini qəbul etmiş məsələnin həqiqətini və onların niyyətini Allaha həvalə etmiş və onlar adına isteğfar çəkmişdi. Təkcə Rəsuli-Əkrəmin hüzuruna gələn Kab ibn Malik və iki səhabə bəhanə gətirmədən hər şeyi olduğu kimi danışmış və haqlarında verilən hökmü gözləməyə başlamışdılar.

Kab ibn Malik Aqabədə İnsanlığın İftixarına beət etdən, Bədir istisna olmaqla bütüb qəzvələrdə iştirak edən, qılıncı qədər sözü, sözü qədər də qılıncı iti bir insandı. Ancaq imkanı ola-ola və üzlü bir səbəbi də olmadığı halda Təbukl səfərinə qatılmamışdı. İndi hadisəni siyər kitablarından Kabın öz dilindən dinləyək:

Kab ibn Malikin Hicranı

"Hər kəs müharibəyə dəvət edildi. Çünki mübarizə çətin olacaqdı. Düzdür, Allah düşmənlə qarşılaşmağı murad etmədi. Belə olacağı bildirilmiş və ya bildirilməmişdi, amma Allah Rəsulu bu müharibəyə xüsusi əhəmiyyət verirdi.

Hər kəs kimi mən də hazırlıqlarımı tamamladım. Hətta o günə qədər heç bir hərbə bu qədər yaxşı hazırlaşmamışdım. İki Cahan Sərvərinin əmri ilə ordu hərəkətə gəldi. Mən öz-özümə "necə olsa, gedib çataram" deyə ordu ilə birlikdə çıxmadım. Heç bir işim də yox idi. Lakin özümə güvənim məni ləngidirdi. Bu gün, sabah, o biri gün deyə-deyə günlər gəlib keçdi. Artıq Allah Rəsuluna gedib çatmaq mümkün deyildi. Gözləməkdən başqa çarəm yox idi və gözlədim. Hər saat gün qədər uzun və iztirablı keçirdi.

Nəhayət, Allah Rəsulunun dönüş xəbəri hər tərəfə yayıldı. Onsuz da, hər dəfə belə olurdu. Mədinə hər dəfə Onun dönüşünə yaxın canlanırdı. Hər kəsin üzündə bir sevinc, təbəssüm vardı – Allah Rəsulu qayıdırdı.

Nəhayət, vaxt yetişdi. Ordu Mədinəyə girdi. Peyğəmbərimiz də həmişə olduğu kimi, əvvəlcə məscidə gedib iki rükət namaz qılmış, sonra da xalqla görüşməyə başlamışdı. Hər kəs dəstə-dəstə məscidə gəlir, ziyarət edir və səfərə getməyənlər də gəlmədiklərinin səbəbini deyirdilər. Mənim vəziyyətimdə olanların çoxu bəhanə gətirdi və Allah Rəsulu da bəhanələrini qəbul etdi. Mən də eyni şeyi edə bilərdim. Çünki inandırma və danışıq¬ qabiliyyətimə görə çoxundan üstün idim. Amma heç bir üzrlü səbəbim olmadığı halda, Allah Rəsuluna necə yalan söyləyə bilərdim? Etmədim, edə bilmədim. Üz-üzə gəldik, İki Cahan Sərvərinin incik təbəssümü ürəyimi dəlib keçdi. Və: "Harada idin?" – dedi. Həqiqəti olduğu kimi danışdım. Başını çevirib dilinin ucu ilə: "Qalx, get!" – dedi.

Çölə çıxdım. Qövmüm başıma yığışıb: "Sən də bir bəhanə söylə, xilas ol!" – dedi. Bir anlıq ağlıma yatdı. Lakin birdən özümə gəldim və soruşdum: "Mənim vəziyyətimdə olan varmı?" "Var", – dedilər və iki ad söylədilər. İkisi də Bədir döyüşündə iştirak etmiş adlı-sanlı səhabələrdən idi: Mürarə b. Rəbi və Hilal b. Ümeyyə. Bəli, onlar da heç bir bəhanə gətirmədən doğrunu söyləmiş və mənim vəziyyətimə düşmüşdülər. Əstəğfürullah, intizar yoluna qədəm qoymuşdular. Mənim üçün nümunə götürüləsi insanlar idi ikisi də. Mən də onların yolunu tutdum, bəhanə gətirmək fikrindən daşındım.

Üçümüz haqqında Rəsulullahın əmri elan edildi. Artıq heç bir Müsəlman bizimlə görüşüb danışmayacaqdı. Digər iki səhabə evlərinə çəkilib gecə-gündüz ağlayırdı. Onların arasında ən gənc və qüvvətli mən idim. Küçəyə, dükan-bazara çıxır və namaz vaxtlarında da məscidə gedə bilirdim. Ancaq heç kim məni dindirib danışdırmırdı. Vaxtımın çoxunu məsciddə keçirirdim. Bə¬zən Allah Rəsulunun bir təbəssümünü görmək üçün uzun müd¬dət gözləyirdim. Əfsus, hər gün evə hicranla dönürdüm: üzündən təbəssüm əskik olmayan o uca insan bir dəfə də olsun, mənə baxıb təbəssüm etmirdi. Salam verir, "görəsən dodaqları tərpənəcəkmi" deyib gözlərimi dodaqlarına dikirdim. Ancaq dodaqları xəfif də olsa, qımıldanmırdı.

Çox vaxt namazda gözümün ucu ilə Ona baxırdım. Namaza başladığım vaxt mənə baxırdı. Namazımı bitirincə isə dərhal gözünü məndən qaçırırdı. Düz əlli günüm beləcə keçdi. Bütün insanlar və hər yer mənə elə yadlaşmışdı ki, özümü qürbət ölkədə hiss etməyə başlamışdım.

Mən əmim oğlu Əbu Qatadəni çox sevirdim və bilirdim ki, o da mənim xətrimi istəyir. Bir gün onun bağçasının hasarından atlayıb yanına getdim. Salam verdim, salamımı almadı. Soruşdum: "Allah üçün söylə, mənim Allah və Rəsulunu sevdiyimə inanmırsanmı?" Yenə səs çıxmadı. Sualı üç dəfə təkrar etdim. Üçün¬cü-sün¬də: "Allah və Rəsulu bilir", – dedi və uzaqlaşdı. Dünya başıma yıxılmışdı. Əbu Qatadədən bu sözü heç gözləmirdim. Gözlərim doldu, hıçqıra-hıçqıra ağladım.

Növbəti bir imtahan

Yenə bir gün təkbaşına Mədinə küçələrində gəzib-dolaşarkən bir nəfərin məni axtardığını eşitdim. Adamlar işarə ilə məni göstərmişdilər. Adam yanıma gəldi, əlində bir məktub vardı. Məktub mənə göndərilmişdi, Qassan Məlikindən idi. Məlik məni öz ölkəsinə dəvət edirdi. Məktubunda: "Eşitdim ki, sahibin səni atıb. Bi¬zim¬ yurdumuza gəl, bizim yanımızda sənin kimilərin qədir-qiyməti yüksəkdir..." kimi sözlər yazılmışdı. "Bu da bir imtahandır", – dedim və məktubu cırıb oda atdım.

Qırxıncı gün idi. Allah Rəsulu bir adam göndərmişdi. Gələn şəxs "qadınlarınızdan uzaq durun" deyirdi. "Boşayım, nə edim?" – dedim. (Ah, vəfasına qurban olduğum insan!) "Yalnız uzaq dur!" – dedi və getdi. Xanımı ata evinə göndərdim. Bu vaxt Hilalın həyat yoldaşı gedib qulluğunda durmaq şərti ilə icazə istəmişdi. Hilal yaşlı idi, özünə baxa bilmirdi. Və Allah Rəsulu onun xanımına icazə vermişdi. Bəziləri xanım üçün icazə istəməyi mənə də məsləhət gördülər. Qəbul etmədim. Çünki Allah Rəsulunun belə bir təklifi necə qarşılayacağını bilmirdim.

"Mən doğruluğumla xilas oldum"

Bir müddət də belə keçdi və əlli gün oldu. Artıq dözə bilmirdim. Dünyam qaralmış, qəbir kimi dar olmuşdu. Həmişəki kimi, evimin damında sübh namazını qılıb oturmuşdum. Bir nəfərin ucadan adımı söylədiyini eşitdim. Səs "Müjdə, Kab!" deyirdi. Məsələni anlamışdım. Dərhal səcdəyə qapandım. O gün sübh namazından sonra Allah Rəsulu əfvimizi elan etmişdi. Məscidə qaçdım, hər kəs ayağa qalxmış, məni təbrik edirdi. Talha boynuma sarıldı, üzümdən-gözümdən öpdü. Sanki yenidən Əqabədə idim. Allah Rəsulunun hüzuruna gəlib əlini tutdum. O da əlimi tutdu. O an Cənnətlə müjdələnsə idim belə, bəlkə də, bu qədər sevinməzdim. Allah Rəsulu: "Allah sizi bağışladı", – buyurdu. Və haqqımızda nazil olan ayəni oxudu:

"Həmçinin (Təbuk döyüşündən) geri qalmış üç nəfərin də (tövbələrini qəbul etdi). Belə ki, dünya onlara dar olmuş, ürəkləri (qəm-qüssədən) sıxılmışdı. Onlar Allahdan (Allahın əzabından) yalnız Onun Özünə sığınmağın mümkün olduğunu başa düşdülər. Şübhəsiz ki, Allah tövbələri qəbul edəndir, rəhmlidir!" (Tövbə surəsi, 9/118)

O, ayəni oxuyandan sonra Rəsulullaha xitabən: "Ya Rəsulullah, mən doğruluqla xilas oldum. Bundan sonra nə qədər ömrüm var, doğrudan başqa bir şey söyləməyəcəyimə söz verirəm", – dedim".

Bəli, peyğəmbərlik həqiqəti sidq adlanan doğruluq çarxı və əsası üzərində fırlanır. Bütün peyğəmbərlər doğrunu söyləyir. Bu, bir zərurətdir. Çünki qeyb aləmindən əmrlər alıb bəşərə çatdıran bu şəxslər kiçik bir yanlışlığa yol versələr, hər şey alt-üst olar. Biz bütün həqiqətləri onlar vasitəsilə öyrənirik. Bu isə elə həssas məsələdir ki, zərrə qədər yanlışlığa tab gətirməz.

Allah-Təala belə buyurur:

"Əgər o (Peyğəmbər) özündən bəzi sözlər uydurub Bizə isnad etsəydi, Biz ondan mütləq şiddətli intiqam alardıq! Sonra onun şah damarını qoparardıq! Və heç biriniz də (Bizim əzabımızı) ondan dəf edə bilməzdi". (Haqqa surəsi, 69/44-47)

O, ilahi əmr və qadağalar qarşısında qəssal əlində bir cənazə kimi idi. Vəhy Onu istədiyi tərəfə çevirir, O da o istiqamətə yönəlirdi. Ən yüksək zirvəyə çatanda belə bu həssaslığı zərrə qədər azalmamışdı. Əksinə daha da dərinləşmiş və əlçatmaz üfüqlərə yüksəlmişdi.

Pin It
  • tarixində yaradılmışdır.
Copyright © 2024 Fəthullah Gülən Veb Saytı. Bütün hüquqları qorunur.
fgulen.com tanınmış türk alim və mütəfəkkiri Fəthullah Gülənin rəsmi saytıdır. Bu ünvan fgulen.com saytına məxsusdur.