Səbirli mühacirlər və “dərin möminlər”
Sual: 1) Bizə gələn məlumatlara görə, müəyyən ölkələrə hicrət edən bəzi yoldaşlar yerli xalqa isinişə bilmir, oraların adət-ənənələrinə, həyat tərzinə öyrəşə bilmir, nəticə etbarilə onlarla qaynayıb-qarışmaqda çətinlik çəkir və öz mühitindən kənara çıxa bilmirlər. Xidmətə könül verən bir insan üçün qarşı tərəfin keyfiyyəti və onlara isinişib-isinişməməsi nə qədər əhəmiyyətlidir? Bu istiqamətdə feili və ya qövli (söz və davranış) olaraq nə etmək mümkündür?
- Mədəni mühiti tamam fərqli olan nadir yerlərdə bəzi yoldaşların yerli adət-ənənələrə, həyat tərzinə öyrəşə bilməməsi, bu səbəbdən də yerli xalqla qaynayıb-qarışmaqda çətinlik çəkməsi mümkündür. Ancaq unutmayaq ki, sevginin açmadığı qapı yoxdur. Xidmət ərləri hər kəsə sevgi ilə qucaq açmalı, könülləri fəth etmək üçün hər cür doğru yola baş vurmalı və bu mövzuda lazımi fədakarlığı ortaya qoymalıdır. (01:08)
- Allah (cəllə cəlaluhu) kainata Rəhman ismi-şərifi ilə təcəlli edir, mömin, kafir, mülhid, ateist, deist – fərq qoymadan hərə kəsə ruzisini verir. İlahi əxlaqla bəzənməli, hər kəsə əl uzatmalı və bir mənada həmişə “verən” olmalıyıq. (03:26)
- Hər bir insan Allah-taalanın sənət əsəridir, buna görə də sevilməyə layiqdir. Allah-taala insanın ürəyini çox geniş yaratmışdır, odur ki, orada hər kəsə yer tapılar. Möminlər ilk növbədə Allahı, sonra Onun hörmətinə digər inananları sevər, digər insanlara da (ki, onlar da Allahın sənət əsəridir) sırf Onun üçün ehtiram göstərərlər. Haqq xətirinə hər kəsə və hər şeyə qayğı göstərər, bütün varlığa sırf Onun isim və sifətlərini müxtəlif çalarlarda əks etdirdiyinə görə ehtiramla yanaşar və "Hər şey Səndəndir" deyib ilahi sənət əsərlərini heyran-heyran tamaşa edər. (05:39)
- İnsan ürəkdən istəməsə belə, qarşı tərəfə yaxınlaşmalı və uca həqiqətləri onlara çatdırmağa çalışmalıdır. Qarda-qışda dəstəmaz almaq kimi nəfsin xoşuna gəlməsə də, yerinə yetirilən ibadətlər daha çox savab qazandırır. O cümlədən xoşumuza gəlməsə belə, fərqli mədəniyyətlər içində dişimizi sıxıb səbir etməklə çoxlu savab qazanarıq. (09:09)
- İnsanlığın İftixarı (sallallahu əleyhi və səlləm) bir yerə təşrif aparanda: "Allahım, bu diyara bolluq verməklə bizə ruzi lütf et. Vəba kimi xəstəliklərdən bizi qoru. Bizi bu diyarın xalqına, bu məmləkətin salehlərini də bizə sevdir. Allahım, buranı bizim üçün bərəkətli et" duasını edərdi. Allah Rəsulu (s.ə.s.) könülləri fəth etmək, qəlblərə sevgi toxumları səpmək üçün həm səbəblərə riayət edər, məsələn, həmişə insanlarla dialoqda olar, əlaqələri tamam kəsməmək üçün pərdəni yırtmaz, Cənabi-Allaha əl açıb onların sevgisini diləyərdi. (10:15)
- Feili dua ilə, yəni səbəblərə riayət etməklə yanaşı, yerli xalqı sevmək və onların sevgisini qazanmaq üçün Cənabi-Allaha əl açıb yalvarmalıyıq ki, bu da qövlü duadır. Biz də Rəsuli-Əkrəmin (sallallahu əleyhi və səlləm) bu duasını oxumalı, "Allahım, o məmləkətin salehlərini bizə, bizi də onlara sevdir" deməliyik. Hətta bu duanı hər gün dəfələrlə etməliyik: Allahım! Kəlimətullahı və kəlimətül-haqqı (Allahın kəlamını) dünyanın hər yerində bir daha ucalt. Bizim qəlbimizi və bütün qullarının qəlbini imana, İslama, Qurana və iman xidmətinə isindir və bizi bu yolda xidmət edənlərdən eylə. Bizi göy və yer əhlinə sevdir. Bizi müxlis, müxlas, müttəqi, vəralı, zahid, müqərrəbin, Rəbbindən məmnun və Rəbbi də ondan məmnun, Səni sevən və dərgahında sevilən, həyalı, təvazökar, Quran əxlaqı ilə bəzənmiş bəndələrindən elə. Peyğəmbərimiz Həzrəti Məhəmmədə, ailəsinə və bütün səhabələrinə də salət və salam eylə! Amin! Sonsuz amin! (10:30)
- Allah Rəsulu (sallallahu əleyhi və səlləm) "Allahım, məni öz gözümdə kiçik, insanlar gözündə isə (verdiyin vəzifə səviyyəsində) böyük göstər" deyə dua edərdi. Taifdən qayıdanda da etdiyi bu dua Haqq dostlarının dilindən düşməmişdir: "Allahım, gücsüzlüyümü, zəifliyimi və insanlara həqir görünməyi Sənə şikayət edirəm. Ey Rəhman və Rəhim Allahım! Sən zəiflərin, acizlərin Rəbbisən. Mənim də Rəbbimsən, məni kimin ümidinə qoyursan? Pis sözlü, çirkin üzlü yadların, yoxsa yolumu kəsən düşmənin? Əgər mənə qəzəbli deyilsənsə, üzləşdiyim möhnətin, başıma gələn bəlaların dərdini çəkmərəm. Ancaq əfvin daha gözəldir. İlahi, qəzəbinə düçar olmaqdan Sənin zülməti işıqlandıran Nuruna sığınıram. İlahi, Sən razı olanadək əfvinin intizarındayam! İlahi, güc və qüvvət yalnız Sənin əlindədir".(12:37)
Sual: 2) “Muminun” surəsinin 60-61-ci ayələrində xeyirxah işlər görəndə belə qəlbləri tir-tir əsən insanlardan bəhs edilir və siz bir məqalənizdə belə insanları "dərin möminlər" adlandırırsınız. Sözügedən ayələrin izahını və "dərin möminlər" ifadəsinin mənasını bizimlə bölüşə bilərsiniz? (15:00)
- Sualın əsasında duran ayələr belədir: "Rəbbinin hüzuruna qayıdıb hesaba çəkiləcəklərinə görə, verməli olduqlarını verərkən belə qəlbləri tir-tir əsməkdədir. Yaxşı işlər görməyə tələsən (bir-biri ilə yarışan) və bu işlərdə öndə gedənlər məhz onlardır". (“Muminun” surəsi, 60-61) (15:23)
- “Muminun” surəsinin ilk ayələri sualda verdiyiniz ilahi kəlamla sıx bağlıdır. Belə ki, bu ayələrdə həqiqi və kamil möminin xüsusiyyətləri belə sadalanır: “Həqiqətən, möminlər qurtuluş, xoşbəxtlik və nicat tapmışlar! O kəslər ki, namazlarında böyük ehtiram və təvazökarlıq içindədirlər! O kəslər ki, lüzumsuz işlərdən üz döndərərlər. O kəslər ki, zakat verərlər (hətta zəkat vermək üçün çalışırlar). O kəslər ki, namusunu, ayıb yerlərini günahdan qoruyurlar. Ancaq zövcələri və cariyələri ilə yaxınlıq edərlər. Onlar (zövcələri və cariyələri ilə görəcəkləri bu işdən ötrü) qınanmazlar. Bundan artığını istəyənlər həddi aşanlardır. O möminlər ki, əmanət və əhdə əməl edərlər. Namazlarına riayət edərlər (həmişə vaxtlı-vaxtında namaz qılarlar). Onlardır (bilin) varis olanlar. Firdövs cənnətinə varis olanlar, orada əbədi qalanlar!”
- Bu gün dərin dövlət, dərin ordu, dərin hüquq və s. dərin qurumlar var. Əgər mömin dərinləşə bilməsə, bu qədər “dərinlər”in qabağında tab gətirə bilməz. Məhz “Muminun” surəsində, xüsusilə də, sözügedən ayələrdə dərinləşmə yolları göstərilir. (18:40)
- "... verməli olduqlarını verərkən belə qəlbləri tir-tir əsməkdədir" ifadəsi ilə bağlı Həzrəti Aişə (radiyallahu anha) anamız deyir: "Bu ayə nazil olanda “Burada adları çəkilənlər, zina edən, oğurluq edən, içki içənlərdi?” deyə Rəsulullaha sual verdim. İnsanlığın İftixarı “Xeyr, ey Aişə, ayədə namaz qılıb oruc tutub sədəqə verdiyi halda, qəbul olub-olmamasından qorxan, tir-tir əsən insanlar nəzərdə tutulur”, buyurdu". Bu cür düşünən insanları, zənnimcə "dərin möminlər" və ya "kamil insanlar" adlandırmaq olar. Hədisdə də gördüyümüz kimi, "dərin möminlər" daim xeyirxah, saleh əməllər işləsələr də, bu əməllərin qəbul olub-olmaması barədə həmişə qorxu içində olarlar, əməllərinə heç vaxt güvənməzlər. Ancaq bu qorxu heç vaxt ümidsizliyə səbəb olmaz, əksinə onları daha çox çalışmağa, daha çox xeyirxahlığa sövq edər. (21:45)
- "Yaxşı işlər görməyə tələsən (bir-biri ilə yarışan) və bu işlərdə öndə gedənlər məhz onlardır" bəyanında başqasında olan kamil bir xüsusiyyətə qibtə etmək, bu kamil xüsusiyyətə yiyələnməyə cəhd göstərmək və xeyirxahlıqda yarışmaq mənasına gələn "tənaafüs" diqqətə çatdırılır. Ayə həmçinin bu fani və cazibədar dünyanı əldə etmək uğrunda bir-biri ilə didişən insanlara bir mənada: “Əslində siz əbədi səadətə qovuşmaq və sonsuzluq şərbətindən içmək üçün bir-birinizlə yarışmalısınız” deyir. Bu xeyirxahlıq yarışında qibtə və həsədə zəmin hazırlayan rəqabətə yer yoxdur. Bu yarışda rəqabət hissi və “filankəsi ötüm” düşüncəsi olmaz, olmamalıdır. Bu yarışın əsasında "Geri qalmayım, heç olmasa bu insanlar qədər mən də səy göstərim, mən də bu gözəlliklərə çatım" düşüncəsi dayanır. Bircə mükafatı arzu edərlər ki, o da Allahın rizasıdır. Ondan da böyük bir mükafat yoxdur. (26:35)
- Osmanlı dövründə zəkat və sədəqə daşları cəmiyyətin nə qədər pak, mənəviyyatın nə dərəcədə təmiz və Haqq rizasına nə qədər bağlı olduğunu göstərən bariz nümunədir. Bildiyiniz kimi, zəkat və sədəqə pulları həmin daşların üstünə qoyulur, ehtiyacı olanlar da nə qədər ehtiyacı varsa, oradan götürüdü. Beləcə verən riya və süma təhlükəsi ilə üzləşməmiş, götürən də minnət altına düşməmiş olurdu. Verən insan Allah Rəsulunun ləli-cövhər kəlamlarından bilirdi ki, gizli verilən sədəqə suyun odu söndürdüğü kimi, Rəbbin qəzəbini söndürür. Allah Rəsulu (sallallahu əleyhi və səlləm) ərşin altında kölgələnən yeddi dəstə insandan bəhs etmişdir ki, onlardan biri də "sağ əlinin verdiyini sol əli bilməyən"lərdir. Bu hədisi belə başa düşmək də olar: "sağınıza verdiyinizi solunuzdaki bilməsin". Yəni siz bir nəfərin cibinə səssiz bir şey qoyun, amma solunuzdakı adamın bundan xəbəri olmasın. Sədəqə daşlarına qoyulan pullar, eyni zamanda o insanların xarakterini də əks etdirir, onların Allah rizasına nə qədər bağlı insanlar olduğunu göstərir. Bu gün bizim vəzifəmiz sırf Allah rizası üçün iman, mərifət, məhəbbət və eşqü-iştiyaqda dərinləşdikcə dərinləşməkdir. (29:33)
- Qəlbin Allah qorxusundan və Ona ehtiram hissindən tit-tir əsməsinə "vəcəl" deyilir. “Vəcəl”in kökündə sidq və sədaqət dayanır. Sidq insanın əməl və davranış vəhdətini qoruyub saxlaması, təhlükəli anlarda və yalan danışmaqla canı qurtarmaq mükün olanda belə zahir-batin təzadından gizli-aşkar uzaq olması, belə bir iş tutanda da Haqqa yönəlib haldan-hala düşməsi və inir-inir inləməsidir ki, Həzrəti Cüneyd, "Sadiq gündə qırx dəfə haldan-hala düşər, riyakar isə, qırx il iztirabsız yaşar, bir dəfə yerindən tərpənməz", deyir. (34:34)
- tarixində yaradılmışdır.