Ülfətin dərmanı
Sual: 1) "Ey bizim Kərim Rəbbimiz, bizə hidayət verdikdən sonra ürəklərimizə şəkk-şübhə salma və bizə dərgahından bir mərhəmət bəxş et. Şübhəsiz lütfü çox olan Vəhhab Sənsən, Sən!" (“Ali-İmran” surəsi, 3/8) məallı ayədə işlənən "ürəklərin şəkk-şübhəyə düşməsi"nə ülfət və ünsiyyət də daxildirmi?
- Əhatəli bir dua kimi həm namazda, həm də namazdan kənarda mütəmadi oxuduğumuz “Ali-İmran” surəsinin 8-ci ayəsi belədir: رَبَّنَا لَا تُزِغْ قُلُوبَنَا بَعْدَ إِذْ هَدَيْتَنَا وَهَبْ لَنَا مِنْ لَدُنْكَ رَحْمَةً إِنَّكَ أَنْتَ الْوَهَّابُ “Rəbb” ismi-şərifi sahib, malik, seyid, bəsləyən, yetişdirən, tərbiyə edən, mürəbbi mənalarına gəlir və hər bir aləmi bilavasitə Rübubiyyəti ilə təlim, tərbiyə, idarə edən və hər bir aləmdə tədbir görən Cənabi-Allahın adıdır. (02:15)
- Qəlb nə vaxt yoldan sapır-sapsın, bu, öz-özlüyündə bir müsibətdir. Ən acı müsibət isə hidayətdən sonra yoldan sapmaqdır. Həzrəti Ustadın da dediyi kimi, ixlasını zədələyən adam ixlas qülləsinin başında süqut edər və güman ki, çox dərin bir çuxura yuvarlanar. Çünki insan nə qədər çox ilahi lütflərə layiq görülmüşsə, düşdüyü çuxur da bir o qədər dərin olar. (03:00)
- Dilimizdə “dərgah”, “hüzur”, “nəzd” sözləriylə əvəz olunan, bir mənada "ində" kəlməsinin də mütəradifi (sinonim) sayılan "lədün" ifadəsini Cənabi Allaha istinad edəndə "Üluhiyyətin dərgahından xüsusi və heyrətamiz bir lütf, məğfirət və inayət " diləmə mənasına gəlir. (04:30)
- Vəhhab sözü mübaliğə formasında işlənmişdir və “bəxşiş və ehsanı sonsuz olan” mənasına gəlib Cənabi Allahın ismi-şərifidir. (05:23)
- Əslində "ülfət" sözü vərdiş etmək, dost olmaq, sevgi və paylaşmaq deməkdir. İnsanın əşya və hadisələrlə əlaqəsi, bu əlaqədən hasil olan mənaları, bu mənaların vicdanda buraxdığı izləri, bunun nəticəsində insanın davranışlarında öz əksini tapan müxtəliflik və nəhayət, ruhun dirilik, güc və həssaslığını itirməməsi nəzərdə tutulur. (06:30)
- Ülfət sözü müsbət mənada işləndiyi kimi, mənfi mənada da işlənir. Eşidib biləndən, görüb tanıyandan, düşünüb anlayandan və ya belə olduğunu zənn edəndən sonra məsələlərin vərdişə çevrilib insanın gözündə adiləşməsi də “ülfət” sözü ilə ifadə olunur. Müəyyən qədər görüb öyrənəndən, azca inanıb ürfanı əldə edəndən sonra marağın itməsi, dərin məsələlərə qarşı tamamən yadlaşmaq və heç bir şeydən dərs almamaq mənasına gələn ülfət mənəvi tənəzzül və hislərin ölməsi deməkdir. (08:28)
- Son dörd-beş əsrdir ki, Qurani-Kərim bizim ülfət və ünsiyyətmizin ucbatından qürbətdədir. Əgər şikayət edəsi olsa, vay halımıza, ‒ Allah şikayət elətdirməsin, ‒ "Mənə baxmadılar, məni görmədilər, anlamaq üçün cəhd və səy göstərmədilər!" deyib şikayət eləsə, bərzəxdə, məhşərdə, mizan başında halımız yamandır. (09:26)
- Ülfət məsələsi imana və iman əsaslarına da şamildir. Əgər insan iman həqiqətlərindən, məsələn, axirət və liqaullah məsələlərindən danışanda qəlbi və ruhu hərəkətə gəlmir və vicdanı titrəmirsə, demək ki, o da ülfət xəstəliyinə yoluxmuşdur. (11:45)
- Üstəlik ülfət insanın ibadət və davranışlarına da çökürsə, bu, eşq, vəcd və həyəcanın ölümü deməkdir. İnsan namaz, oruc, həcc və zəkat və s. ibadətləri sırf ailəsi, sələfləri etdiyi üçün adət-ənənə kimi yerinə yetirirsə, bu ibadətlər də ülfət və ünsiyyətə qurban getmiş sayılır, yerdə təkcə bir şey qalır, o da "kültür müsəlmanlığı (İslamın din kimi deyil, mədəniyyət kimi yaşanaması)". Belə insanda ibadət eşqi, məsuliyyət hissi, günaha nifrət etmə və peşmançılığa göz yaşı tökmə kimi fəzilətlər bir-bir sönüb gedər. (14:12)
- Möminlərdəki ülfət bilavasitə zeyğ (qəlbin sapması) sayılmır. Ancaq duyğu, düşüncə və əməlləri bu cür ətalət basanda bəzi “fırtınalar”a tab gətirmək çətinləşir. Bir Haqq dostu bu həqiqəti belə dilə gətirir: "Əgər Allah-taalanın qəzəbindən qorxursansa, dində sabit-qədəm ol, çünki ağac sərt küləklərdə ancaq kökləri möhkəmsə, sağ çıxa bilər". Odur ki, ülfət və ünsiyyət zeyğə açılan bir mənfəzdir. (17:00)
Sual: 2) Ülfət və ünsiyyət xəstəliyinin əlacı kimi təqdim olunan "format dəyişdirmə" üsulunu Allah-taala (c.c.) və ya Rəsuli-Əkrəmin (sallallahu əleyhi və səlləm) müəyyənləşdirdiyi məsələlərə necə tətbiq etmək olar? (20:26)
- Dinə və imana xidmət yolunda istifadə olunan vəsaitə müəyyən yeniliklər gətirmək olar: dövrə, şəraitə və şərtlərə görə bəzi şeylərin formatını dəyişdirmək olar. Əgər vaxtaşırı formatı dəyişdirməz və fərqli üsluba yer verməzsəniz, zaman keçdikcə həm özünüz ülfətdən yaxa qurtara, həm də qarşı tərəfin bezib-usanmasının qarşısını ala bilməzsiniz. (20:44)
- Allah Rəsulunun (s.ə.s.) dünyaya gəlişi və yer üzünü şərəfləndirməsi insanlığın yenidən dirilişi sayılır, Onun doğulduğu gün bizim üçün müqəddəs bayramdır. Çünki biz Rəbbimizi Onunla tanıdıq. Nemətə şükür etməyi Ondan öyrəndik. Yaradan və yaradılan arasındakı əlaqəni, qul və Məbud münasibətini Onunla anladıq. Bəli, gətirdiyi ilahi nurla bütün varlığa işıq saçan, nəzərləri axirət yamaclarına cəlb edib bütün bəşəriyyətə cənnət və cəhənnəmi tanıdan və əbədi səadət yollarını açan Allah Rəsulunun (s.ə.s.) doğumu bütün bəşəriyyətin və kainatın bayramıdır. (22:18)
- Son illərdə "Müqəddəs Doğum" adı ilə keçirilən tədbirlər "əfali-mükəlləfin" deyil. Yəni “Müqəddəs Doğum” tədbirləri fərz, vacib və sünnət kateqoriyasına daxil deyil. Ancaq bu mübarək gün və gecələrdə Rəsuli-Əkrəmi (sallallahu əleyhi və səlləm) yad etmək, Onun dünyaya gəlişini xatırlamaq və nurəfşan yolunu anlayıb başqalarına da anlatmaq neçə-neçə gözəlliyə qapı aça bilər. (24:05)
- Hirada yönəliş, Sevrdə sultanlıq, Hicrət və Bədir kimi hər hadisə bir vəsilə kimi dəyərləndirilməli, Rəsuli-Əkrəm (sallallahu əleyhi və səlləm) bütün dövrlərdə hərtərəfli anladılmalı, bəlkə də, insanların ülfət içində boğulmaması üçün format dəyişikliyinə əl atılmalı, ancaq nəyin bahasına olur-olsun O, mütləq hər kəsə tanıdılmalıdır. (24:23)
- İstər mövlud oxuyanda, istərsə də böyük və əhatəli mövlud tədbirlərində monotonluğa imkan verilməmidir. Bu gün mövlud mərasimləri o qədər monotonlaşıb ki, adi insan belə tədbirdə sırada nəyin olduğunu, nədən sonra nəyin gələcəyini əvvəlcədən bilir. Müsiqidə üslub və bir-birindən gözəl məqamlar belə monotonluğa, ülfətə qurban gedir. Eyni ahənglə başlayıb eyni ahənglə bitən bir mövlud, üstəlik oxuyan həyəcansız oxuyur, dinləyən də şövqsüz dinləyirsə, başdan-başa darıxdırıcı və sıxıcı olar. Halbuki, o misralar çox gözəldir, mövzular çox dərindir, təəssüf ki, məna zəif üsluba məğlub olur. Bunları bəstələyənlər çox gözəl və faydalı iş görüblər, onların yeri cənnət olsun. Məncə, bu cür tədbirlər ayda və ya ən gec ildə bir dəfə keçirilməlidir. Eyni şeylər təkrarlanmamalı, mövzular daha da dərinləşdirilməli, zənginləşdirilməli. Bildiyiniz kimi, bir nəğməni, bəlkə də, iyirmi bəstəkar iyirmi cür bəstələyir və müxtəlif tərzlərdə oxunur. Hər bəstəkar nəğməyə ayrı bir gözəllik verir və beləcə, o misralar yeni təravətlə insanlara təqdim olunur. Bu müxtəlifliyə "təsrif" gözü ilə baxmaq olar, hər birinin yeni səs, yeni söz, yeni tərz, yeni üslub və yeni ifa ilə ortaya qoyulması kimi də. (26:11)
- İbadətlər "təəbbüdi"dir, yəni Allah əmr etdiyi üçün, Onun təyin etdiyi vaxtda, müəyyənləşdirdiyi formada və Onun rizasını qazanmaq niyyəti ilə yerinə yetiriləndə, ya da sırf Allah qadağan etdiyi üçün bəzi şeylərdən imtina ediləndə, əməllər ibadət olur. Quran necə öyrədib, Peyğəmbərimiz necə göstəribsə, o cür yerinə yetirsək , Peyğəmbərimizin öyrətdiklərini dəyişdirmədən, artırıb azaltmadan olduğu kimi əda etsək, ibadətlərimiz də ibadət olaraq qalar. Bəli, formatını Allah və Rəsulu müəyyənləşdiribsə, bir dəyəri var. Əks halda, öz məntiqinizə görə bir ibadəti çətinləşdirsəniz də, müşkülləşdirsəniz də, bir dəyər daşımaz. (28:28)
- Təəbbüdi və dəyişilməz ibadətlərdə ülfət və ünsiyyəti aradan qaldırmaq üçünsə, dərinliyini artırmaq mümkündür. İzz ibn Abdissalam, İmam Qəzali, Həzrəti Bədiüzzaman kimi böyük insanların baxış bucağından namaz, oruc, həcc və zəkata yanaşan insan bu yolla o təəbbüdi əməllərin mahiyyətindəki şirə, bal və qaymağı üzə çıxara və ülfətdən qurtula bilər. (32:55)
- tarixində yaradılmışdır.