Üslub, şəfqət və "final gecəsi"
Birinci hissə: “Üslub.. İllah üslub!..”
- Yalnız Allaha aid olan o nəhəng işləri öz adımıza çıxmasaq və fərdi ənaniyyətə qapılmamaqla yanaşı, “mənsubluq anlayışı (aidiyyət mülahizəsi)”ndan da uzaq olsaq, həm görülən işlər və əldə olunan uğurlar qat-qat artar, həm də həsəd və ya düşmənçilikdən irəli gələn təpkilər azalar. (01:11)
- Həzrəti Ustad buyurur: "Həqiqi mürşidi-alim qoyun olar, quş deyil; elmini hasbi (təmənnasız) verər. Qoyun quzusuna pak süd verir. Quş isə fərhinə (balasına) lüab-alüd (tüpürcəklə qarışıq) qayyını (qusuntunu) verir." (03:30)
- Udmadan əvvəl çeynəmək nədirsə, danışmadan əvvəl düşünmək də odur. (07:00)
- "Allah birdir!" kimi ən gözəl sözü çatdıranda və hər kəsin ehtiyacı olan İnsanlığın İftixarından (s.ə.s.) bəhs edəndə belə qarşı tərəfi nəzərə almalı və elə üslubdan istifadə etməliyik ki, əks-reaksiyalara səbəb olmasın. (09:15)
- Ömrü çayxanalarda keçən, siqaretdən xəstəliklərə düçar olanları, hətta bir mənada yavaş-yavaş intihar edənləri, bu gün ibtidai sinfə qədər bulaşmış narkotik bəlasına mübtəla olan insanları qurtarmaq və bu kimi şər əməllərin qarşısını almaq üçün istifadə olunan üslub və vasitələr də etina ilə seçilməlidir . (13:00)
- ‒Əsərlərdə "Batil şeylərin təsviri saf zehinləri bulandırar və cərhdir (yaradır)" deyilir. Ədəbdən bixəbər bir insan "Səfahət zərərlidir, insana yaraşmaz" deyir, amma onu süsləyib təsvir etməklə insanların zehnini alt-üst edir, “iştahını körükləyir”, həva və həvəsini oyadır ki, ondan sonra da nə ağıla, nə də hissə söz keçirmək olur. (15:35)
- Bir insana bir şey oxumadan əvvəl onun xarakterini düzgün oxumaq lazımdır. (16:10)
İkinci Bölüm: fərqlilik düşüncəsi və "final gecəsi" (19:19)
- Fərqimiz fərqliliklərin fərqinə varmamaq olmalıdır. Bir tərəfdən iman, mərifət, məhəbbət, eşq və iştiyaqdan doymamalı, daim "Yenə varmı?" üfüqünü axtarmalıyıq, digər tərəfdən də adi bir insan olduğumuza həqiqətən inanmalı və məhviyyəti əldən verməmliyik. (19:40)
- Həzrəti Əbu Hüreyrənin (r.a.) nəql etdiyi bir hədisi-şərifdə Rəsuli-Əkrəm (sallallahu əleyhi və səlləm) buyurur: "'İnsanlar həlak oldu!' deyən adam ən şiddətli həlaka məruz qalar." Bəli, istər fərdi ənaniyyət (eqoizm) səbəbiylə, istərsə də “mənsubluq anlayışı” ilə təkcə özünün və ya tutduğu yolun yolçularının nicat tapdığını, qalanlarının isə həlak olduğunu düşünən insanın özünün həlak olmasından qorx. Öz yolunu çox sevmək başqa, digər insanlara yuxarıdan baxmaq və onların yolunu əhəmiyyətsiz saymaq tamam başqa şeydir. (21:25)
- İnsan fərqlilik axtarmalıdır, amma özünə adiliyini qəbul etdirməlidir. Alvar İmamı "Allah bizi insan eləsin!" deyəndə və Həzrəti Pir "Nəfs hər şeydan yaman, vəzifə hər şeydən ali" həqiqətini səsləndirəndə bunu nəzərdə tuturdular. (24:23)
- Fədakar ruhlar buxarlaşan dənizlər, səmalarda gəzib-dolansa da gözü həmişə aşağılarda olan su qətrələri və gül bitirmək üçün ayaqlar altında əzilməyə razı olan torpaq kimi olmalıdır. Çünki bu yolun kökündə şəfqət dayanır. (26:40)
- İlahi Bəyanda rauf (çox acıyan, əsirgəyən, mərhəmətli) və rəhim kimi təsvir edilən Peyğəmbərimiz (sallallahu əleyhi və səlləm) insanların əbədi əzabdan qurtuluş məfkurəsinə o qədər ürəkdən bağlı, o qədər şəfqətli idi ki, Allah Təala Qurani-Kərimdə "Onlar bu Kitaba inanmırlar deyə, arxalarınca kədərlənib özünü həlakmı edəcəksən?" (“Kəhf” surəsi, 18/6) buyuraraq Onun bu iztirabını dilə gətirirdi. Həm xəbərdarlıq, həm də təqdir və iltifat məzmunlu bir başqa ayədə də Cənabi Allah Rəsuluna belə xitab edirdi: "Onlar iman gətirmədiyinə görə özünü həlakmı edəcəksən?" (“Şuəra” surəsi, 26/3). (29:09)
- Rəvayətlərə görə, ixlaslı bir müsəlman olan Abdullah b. Übeyyin oğlu Abdullah bir gün Rəsulullahdan xəstə atasına dua və istiğfar etməyi xahiş edir, Peyğəmbərimiz də razı olur. Bu hadisədən sonra "Onların bağışlanması üçün dua etsən də, etməsən də, (hətta) onlar üçün yetmiş dəfə bağışlanma diləsən belə, Allah onları əsla bağışlamayacaqdır. Çünki onlar Allahı və Onun Elçisini inkar etdilər. Allah günahkar insanları hidayət yoluna yönəltməz." (“Tövbə” surəsi, 9/80) ayəsi nazil olur. Yeddi, yetmiş və yeddi yüz rəqəmləri çoxluq anlamında işlənir. Bununla yanaşı, ədədlərin hər biri üçün fərqli hüdudlar təyin edilmişdir. Bunu nəzərə alaraq "Onda gərək mən yetmişdən çox istiğfar edim" deyən Rəsuli-Əkrəmə "Sən onlar üçün bağışlanma diləsən də, diləməsən də, fərqi yoxdur. Allah onları bağışlamayacaqdır. Şübhəsiz ki, Allah fasiq adamları doğru yola yönəltməz" (“Munafiqun” surəsi, 63/6) ayəsi nazil olur. Rəsuli-Əkrəmin "Onda gərək mən yetmişdən çox istiğfar edim" sözü, haşa, Onun ilahi əmri anlamaması manasına gəlmir (Qurani-Kərimi ən yaxşı anlayan Odur), əksinə bu, Onun ayəni şəfqət və rəfəti (əsirgəmə, acıma) ilə şərh etdiyini göstərir. (29:54)
- Bir gecə müşfiq Nəbi, kim bilir, hansı işarə və əndişədənsə, o qədər sarsılmışdı ki, o vaxtadək dilindən düşməyən Həzrəti İbrahimin "Ey Rəbbim! Onlar (bütlər), həqiqətən, çox insanı (haqq yoldan) azdırıblar. İndi kim arxamca gəlsə, o, şübhəsiz ki, məndəndir. Kim mənə qarşı çıxsa, (bilsin ki, tövbə edəcəyi təqdirdə) Sən (günahları) bağışlayansan, (bəndələrinə) rəhm edənsən!" (“İbrahim” surəsi, 14/36) duası ilə Həzrəti İsanın "Əgər onlara əzab versən, sözsüz ki, onlar Sənin qullarındır. Əgər onları bağışlasan, şübhəsiz ki, Sən Qüdrətlisən, Müdriksən!" (“Maidə” surəsi, 5/118) duasını yenə də səhərə qədər dayanmadan oxumuş, əllərini qaldırıb: "Allahım! Ümmətimi (bağışla), ümmətimi (bağışla)" deyə yalvararaq ağlamışdı. Allah-taala: "Ey Cəbrail! Məhəmmədin yanına get və Ona de ki: “Biz Onu ümməti barəsində razı edəcəyik və O, (bu məsələdə) əsla kədərlənməyəcək." buyurmuşdu. Məhz o gecə neçə vaxtdır çəkdiyi dərd, iztirab, etdiyi dua və tökdüyü göz yaşlarının, bir mənada "final gecəsi" idi. (33:20)
- Bu gün insanlığın hər şeydən çox şəfqətə ehtiyacı var. Şəfqət kimi sirli bir açarın aça bilmədiyi qapı yoxdur. Cənnət qapılarının açarı da şəfqətdir. (35:42)
- tarixində yaradılmışdır.