Gül xatirinə dözdüyümüz tikanlar və haqq-ixlas əlaqəsi

Fəthullah Gülən: Bam teli: Gül xatirinə dözdüyümüz tikanlar və haqq-ixlas əlaqəsi

Çay süfrəsində həqiqət damlaları: “Bağban bir gül üçün min xara (tikan) təmənna (minnət) eylər!”

  • “Maraq elmin müəllimi”, dolayısilə, mərifət, məhəbbət və iştiyaqın da vəsiləsidir. (00:39)
  • Siz, inşAllah, dünyanı abad etməyə namizəd görünürsünüz. Bir yolun yoçusuyuq deyə şişirtmə söz söyləməkdən qorxuram. Mübaliğə üstüörtülü yalandır. “Onlar sizsiniz” deyə bilmərəm, amma “O işə namizəd deyilsiniz” deyib haqqınızda təhqiramiz sözlər işlədə də bilmərəm. Hər şey Allahın (qüdrət) əlindədir, ölüdən dirini, diridən ölünü çıxaran Odur”. (02:45)
  • Sizin vəzifəniz əsrlərdir, hər tərəfi zədələnmiş - hasarlarında yarıqlar açılmış, bütün bürcləri dağılmış bir qalanı təmir etməkdir. (03:39)
  • Şair deyir: “Bir bağ görməsə tərbiyə, tumar. Kol-kos basar, tikanlıq olar”. Gülüstan, baharistan, bostan olmağa qadir bir qəlb, bir iradə, bir cəmiyyət tərbiyə görməsə, tikan tarlasına dönər. (04:17)
  • Şeytan kin və qeyzini belə dilə gətirmişdir: “Sən məni (Adəmə səcdə etmədiyimə görə) azdırıb yoldan çıxartdığın üçün mən də Sənin düz yolunun üstündə oturub insanlara mane olacağam! Sonra onların yanına qarşılarından və arxalarından, sağlarından və sollarından gələcəyəm (soxulacağam) və Sən onların əksəriyyətini şükür edən görməyəcəksən!” (“Əraf” surəsi, 7\16-17). Yaxşı bəs, şeytanın sağdan, soldan, öndən və arxadan gəlməsi (soxulması) nə deməkdir?” (05:35)
  • Rəsuli-Əkrəm Peyğəmbərimiz (sallallahu aleyhi vəsəlləm) səhər-axşam bu duanı oxuyar, ümmətinə də tövsiyə edərmiş: “Allahım, önümdən-arxamdan, sağımdan-solumdan və üstümdən (gələn təhlükələrdən) məni qoru. (Yerə batırılaraq) altdan həlak olmaqdan əzəmətinə sığınaram.” (07:25)
  • Şeytanın köməkçisi fasiləsiz tələ qurduğu kimi, eyni ali duyğuları bölüşdüyünüz insanlar da bəzən həsədin qazdığı quyuya, rəqabətin toruna düşə, bəzən də bilmədən zəlalətin hiyləsinə aldanaraq, Allah qorusun, sizə düşmən kəsilə bilərlər. (Bizim vəzifəmiz:) Bütün bunları görməzlikdən gələrək heç bir şey omamış kimi yola davam etmək... təbəssümlə sovuşdurmaq... Quranın “Furqan” surəsində qeyd etdiyi kimi “Salam... Salamat qalın!” deyib getmək... eyni tərzdə cavab verməklə zülmə əl atmamaq... kənar məsələlərə əsas məsələ kimi baxmamaq, əhəmiyyət verməmək... (08:00)
  • “Yar üçün əğyara minnət etdiyim ayb eyləmə/ Bağban bir gül üçün min xara xidmətkar olur” (Füzuli) (09:13)
  • “Yansam da ocaq kimi, aləmə eyləməm izhar / Yaxma məni atəşlərdə, ey çərxi-cəfakar!” (Ketencezade). Bəli, “Əğyar odunda yandırmayandan sonra, nə edirsən et, qəm izhar etməm.”
  • Fikriniz-zikrinizi, enrjinizi bir işə yönəltsəniz, müvəvvəqiyyət əldə edərsiniz, Allahın lütfü sizinlə olar. Parçalansanız, bölünsəniz, fikir dağılar, gücünüz hər işə çatmaz. Necə deyərlər: iki əlimiz var, dörd, hətta səkkiz olsaydı, yenə də könül verdiyimiz bu məsələnin öhdəsindən gələ bilməzdik.
  • İradəmizi maya kimi çalıb o nəhəng ilahi məşiət, ilahi iradə və ilahi qüdrət ümmanına vuraq. Molla Nəsrəddinin kimi “Birdən tutsa!” deyərək... İndiyədək Onun qapısına səmimi yönələn bircə insan da əliboş qayıtmamışdır. Başqa qapılarda yorulanlar da əlləri ətəyindən uzun geri dönmüşlər. (13:40)
  • “Nə dünyadan səfa tapdıq, nə əhlindən ricamız var / Nə dərgahı Xudadan başqa bir ilticamız var” (Nəfi) (15:27)
  • “Kaş sevdiyimi sevsə, qamu xəlqi-cahan / Sözümüz cümlə həman qisseyi-canan olsa..!” (Daşlıcalı Yəhya) (16:30)
  • Allah Rəsulu Peyğəmbərimiz “Qul Rəbbi ilə dünya arasında sərbəst buraxıldı. O, Rəbbini seçdi” fərman buyurmuş və “Rəfiqi-əla” şövqü ilə əbədi aləmə köç etmişdir. Həzrəti Mövlana da ölümü toy gecəsi, sevgiliyə qovuşma gecəsi kimi tərif edir və bunu “şəbi-arus” adlandırır. Bu baxımdan Nəcib Fazilin sözü ilə desək: “Ölüm gözəl şeydir, budur pərdə arxasından xəbər / Heç gözəl olmasaydı, ölərdimi Peyğəmbər?” (17:17)
  • Gör nə gözəl sözdür: “Əgər dünya bircə nəfər üçün əbədi olsaydı, burda qalan Allah Rəsulu (sallallahu aleyhi vəsəlləm) olardı.” (18:50)

Sual: “İyirmi birinci ləma”da ixlasın üçüncü əsası kimi“Bütün gücünüzü ixlas və haqda görməlisiniz. Bəli, güc haq və ixlasdadır” düsturu verilir. Bu düsturda ixlasla yanaşı, haqqın da diqqətə çatdırılmasının hikməti nədir, ixlasla haqqın əlaqəsini izah edərsinizmi? (19:09)

  • Ləfzi-Cəlalə, Ləfzi-Calal və İsmi-Əzəm da adlananan “Allah” sözü bizə özünü “Əsmai-hüsna” ilə tanıdan və bənzərsiz sifətləri ilə zehin, məntiq və mühakiməmizdə müəyyən bir çərçivə cızan, bütün əsmanın Müsəmmeyi-əqdəsi, bütün kamil vəsflərin Mövsufi-münəzzəhi, üluhiyyət taxtının maliki və rübubiyyət ərşinin bənzərsiz sultanı Zati-əcəlli-əlanın adıdır. Seyyid Şərifin də dediyi kimi, “Allah” ləfzi “min xəysü hüvə”dir, yəni Zati-İlahiyənin xüsusi adıdır və üsuliddin üləmasının fikrincə, Zatının ismidir. (19:43)
  • Haqq sözü məsdər formada olub həm bir vəsf, həm də əsmai-hüsnadan bir isimdir. Dəyişməz, mütləq həqiqi varlıq, bir nəsnənin həqiqi mahiyyəti (mahiyyəti-nəfül-əmriyə), batilin əksi... kimi mənaları (bunlar ilk ağlıma gələnlərdir) var... pay, hissə, nəsib, vəzifə bu sözə yüklənən digər mənalardır. Əslində o, həqiqi, nisbi, izafi və fərziyyəvi bütün haqların yeganə mənbəyi və kainatda mövcud haqq gerçəyinin də əsası və təməlidir. (21:10)
  • Qısaca vücudun vəhdəti mənasına gələn “vəhdəti-vücud” daha çox təsəvvüfçülərin toxunduğu bir məsələdir. “Vəhdəti-vücud” əksəriyyətin fikrincə (təsəvvüfi mənada) zövq və hal məsələsi olsa da, bəziləri ona fəlsəfi don geyindirərək fərqli mənalarda yanaşmaq istəmişlər. Bəziləri isə onunla vəhdəti-mövcud, “monizm” arasındakı fərqi seçə bilməmişlər. Müsəlmanların düşüncə dünyasında mühüm bir yerə malik olan “vəhdəti-vücud” anlayışı çox vaxt ifrat və təfrit fikirlərə məruz qalmışdır. Əslində tamamən Allahın Zatı ilə bağlı olan bu düşüncə sistemi bəzən kifayət qədər ifadə və söz çatışmamazlığından, bəzən gözlə görünən bu aləmə tətbiqindən üzə çıxan nöqsanlardan, bəzən də fəlsəfi xüsusiyyətə malik “panteizm”lə bənzərliyindən həm indiyədək başqa cür anlaşılmış, həm də müxtəlif anlayışların formalaşmasına zəmin hazırlamışdır. Sünnə yolunun müdavimləri isə nə vəhdəti-vücuda, nə də vəhdəti-şühuda meyl etmişlər. Onlar kəsrətdə vəhdəti müşahidə etmiş, Həzrəti Zatı sifət və əsmai-hüsna nöqteyi-nəzərindən, masivanı da (Allahdan qeyri hər şey) onun keyfiyyət və xüsusiyyətləri ilə birlikdə götürmüş, Həzrəti Haqqın ali bir varlıq olduğunu, nisbi həqiqətlərin də Onun tərəfindən xəlq edildiyini və varlığını Onun sayəsində davam etdirdiyini düşünmüş, bütün düşüncə dünyasını kənar təsirlədən qorumuş, üluhiyyət həqiqəti ilə üst-üstə düşməyən sözlərdən uzaq olmuşlar. (21:30)
  • Cənabi-Allahın zat, şüun (icraat), sifət, əsma, əsər və feillərinə dair təcəlliləri ilə yanaşı, sufilər əlavə olaraq camali və cəlali təcəllilərindən də bəhs etmişlər. Təcəlleyi-Camal: Allahın lütf, ehsan, şəfqət, mərhəmət... kimi isim və vəsflərində müşahidə edilən “əhədi” təcəllidir. Təcəlleyi-Cəlal: Vacibi-Vücud olan Allahın əzəmət, cəbərut (əzəmət) və uluğunu özündə əks etdirən və ismi-zatın (yəni Allah isminin) cilveyi-əzəmi sayılan “vahidi” təcəllilərdir. Mühəqqiqlər birincisinin əsasən Rahim ismi ilə, ikincisinin də Rahmən ismi ilə bağlı olması məsələsində həmfikirdirlər.
  • Mərhum Mehmet Akif “Haqq” ismini əsmanın başlıca ismi sayır və belə deyir:

    Xaliqin namütənahi adı var, ən başı Haqq,
    Nə böyük şey qul üçün haqqı tutub qaldırmaq,
    Hani Əshabi-kiram ayrılalım derlərkən,
    Mütləq sureyi vəl-Asrı oxurmuş, bu nədən?
    Çünki gizlidir o böyük surədə əsrari-fəlah,
    Başda imanı-həqiqi gəliyor, sonra səlah,
    Sonra haqq, sonra səbat, budur quzum insanlıq,
    Dördü birləşdimi yoxdur sənə xüsran artıq.

    (25:00)
  • Allah-taalanın Haq isminin təcəllisi, bir mənada, dünyada haqqı bərqərar etmək şəklində təzahür edir və ədalətin bünövrəsidir; ədalət haqqın üstündə bina edilir. Ən kiçik məxluqdan ən böyüyünədək hər şeyin haqqına riayət etmək çox mühümdür. Buna “ehqaqi-haqq” da deyilir ki, bu ifadə haqq yiyəsinə haqqını vermək və hər haqqa üsulunca riayət etmək mənasına gəlir. (26:23)
  • İslamiyyətin prinsiplərinə görə güc haqqa tabe olmalı və haqq heç vaxt gücə fəda edilməməlidir. Dinimiz hər kəsi haqqa hörmətə səsləmiş, həmişə haqqın himayədarı olduğunu göstərmişdir. Bugünədək ictimai, iqtisadi, idari və siyasi həyatda çox vaxt güc haqqa düşmən kəsilmişdir. Gücü əsas götürən zorakı qüvvələr həmişə öz mənafeyini güdmüş, həyatı mübarizə və müharibə meydanı kimi görmüş, qüvvəsi çatdığı qədər başqalarının hüqununa əhəmiyyət verməmiş, hətta bir çox insan hüquqlarını tapdalamış və dəli kimi qılıncını göyə qaldırıb “Mən güclüyəm!” deyə hayqırmışdır. Əksinə haqqı əsas düstur kimi götürənlər imkan daxilində şəxsi mənafe əvəzinə, “Haqq rizası” və “fəzilətə” üstünlük vermiş, bütün haq-hüquqları Haqq isminin təcəlliləri sayaraq onlara hörmətlə yanaşmış, ayrı-seçkilik etmədən bütün insanları qardaş kimi qucaqlamış, daima onların köməyinə tələsmişdir. (27:20)
  • Həzrəti Ömər (r.a.) nikah ərəfəsində müəyyənləşdirilən mehr miqdarına məhdudiyyət qoymaq istəyirdi. (Bu, Ömərə xas bir yanılma olub bizim üçün yanılma da sayılmaz. Çünki bu məsələ ailə qurmağı asanlaşdırmaqda əhəmiyyətli olduğundan ağlı başında olan hər insan bu barədə düşünmüşdür.) O, bu fikrini mehir miqdarının evliliyə mane olmaması üçün irəli sürmüşdü. Bir xütbədə qərarını açıqlayan Hz. Ömərə (r.a.) adını belə bilmədiyimiz bir qadından bu sözləri eşidir: “Ya Ömər! Bu mövzuda Peyğəmbərimizdən eşitdiyin bir bəyan, sənin bilib bizim bilmədiyimiz bir sözmü var? Çünki Cənabi-Allah Quranda “Və ətəytüm ihdəhünnə qintaran...” (“Nisa” surəsi, 4/20) buyurur. Demək ki, qəntər-qəntər (1 qəntər = 1200 dinar istənilən qədər) mehr vermək olar”. Həzrəti Ömər qadının etirazını haqlı görür, öz-özünə “Yaşlı bir qadın qədər də dinini bilmirsən” deyərək fikrindən daşınır və haqqa boyun əyir. (28:15)
  • (Rəvayətlərə görə Həzrəti Ömərin yuxarıda keçən fikrinə uyğun nazil olan ona yaxın Quran ayəsi var. İbn Hacərə görə on beş, İmam Suyutiyə görə isə bu sayı iyirmi birdir. Buna “Müvəfəqəti-Ömər” deyirlər.) Həzrəti Ömərin bir çox təvafüqu olsa da, o, təkcə üçünü xatırlayır. Etdiyimiz yaxşılıqlar ilahinin elmində və mələklərin dəftərlərində qeydə alındığına görə insan yaxşılıqlarının katibi olmamalı, onları yaddaşında saxlayıb tez-tez işarə və eyhamlarla üzə vurmamalıdır. Əldə edilən fəzilət, məziyət və nailiyyətləri unutmağı bacarmaq təqdirəlayiq bir unutqanlıqdır. İnsan dünyanı fəth etsə belə, can olub hər tərəfə həyat üfləsə, insanlığı dirçəltsə belə, gördüyü işləri yaddaşından yerli-dibli qazıyıb atmalı, heç vaxt xatırlamamalıdır. Xətaları, səhvləri, günahları unutmaq isə böyük bir müsibətdir. Yetmiş yaşına gəlsə də, ölüm döşəyinə düşsə də, altmış il əvvəl, həddi-büluğa çatmamış etdiyi xətanı belə unutmamaq, onun xəcalətini çəkmək... bax burda unutmamaq çox əhəmiyyətldir. (31:10)
  • “İxlas” risaləsində Hz. Ustad buyurur: “Bütün gücünüzü ixlas və haqda bilməlisiniz. Bəli, güc haqq və ixlasdadır”. (33:08)
  • Həzrəti Pir deyir: “Nicat və xilasın yolu ancaq ixlasdadır. İxlası əldə etmək çox mühümdür. Bir zərrə ixlaslı əməl batmanlarla ixlassız əməldən üstündür. İxlas sırf ilahi əmrə görə hərəkət etməklə, ilahi rizanı düşünməklə və İlahinin işinə qarışmamaqla əldə edilir.” (35:14)
  • “Mağara hədisi” kimi də məşhur olan bir hədis var: Üç nəfər gecəni keçirmək üçün bir mağaraya sığınır. Dağdan qopub gələn bir qaya parçası mağaranın ağzını bağlayır və onlar içəridə naçar qalır. Mağarada qalan bu üç nəfər sıra ilə ən məqbul saydıqları əməllərini dilə gətirərək onların hörmətinə Allahdan kömək diləyir. Birinci adam deyir: “Yaşlı valideynlərim vardı. Onlara qayğı göstərir, axşam düşəndə onlardan əvvəl nə ailəmi, nə də heyvanlarımı yedirib-içirirdim. Bir gün odun dalınca uzaqlara gedəsi oldum. Evə qayıdanda hər ikisi də yatmışdı. Onlar üçün süd sağdım. Ancaq onlar hələ də oyanmamışdılar. Onlardan əvvəl ailəmin və heyvanların yeməyini verməyə könlüm razı olmadı. Oyatmağı da rəva bilmədim. Gecikdiyim üçün uşaqlarım yanımda qıvrılırdılar. Mənsə əlimdə süd qabı onların yuxudan oyanmasını gözləyirdim. Bir də gördüm səhər açıldı. Allahım, əgər bunu sırf Sənin üçün eləmişəmsə, yolumuzu kəsən bu qayadan bizi xilas elə!” Daş bir qədər aralanır, amma çıxa bilmirlər. İkinci adam: “Allahım! Əmimin bir qızı vardı. Onu hər kəsdən çox istəyirdim. Ondan kam almaq istədim, amma mənə üz vermədi. Qıtlıq ilində əlimə fürsət düşdü. Əgər mənə gəlsə, yüz iyirmi dinar verəcəyimi söylədim, məcburən qəbul etdi. Ancaq arzuma çatmağa az qalmış “Allahdan qorx, namusuma dəymə!” dedi. Onun çox sevməyimə baxmayaraq bu sözdən sonra ona əlimi vurmadım, verdiyim pulu da geri almadım. Allahım, əgər bunu Sənin rizan üçün eləmişəmsə, bizi bu müsibətdən qurtar!” deyərək bu əməlini Allaha ərz edir. Üçüncü adam isə belə dua edir: “Rəbbim, bir işçim vardı. Digər işçilərimin zəhmət haqqını verdiyim kimi onun da haqqını vermək istədim, ancaq o, verdiyim məvacibi az gördü və “Mən bunu götürə bilmərəm” deyib çıxdı getdi. Bir qoyuna razılaşmışdıq. O gedəndən sonra qoyunu ayırdım. İllər ötdü və bu bir qoyundan sürü əmələ gəldi. Bir gün həmin adam qapımı döydü və məndən haqqını istədi. Mən də həmin sürünü göstərib “Bunlar sənin haqqındır” dedim. “Mən kasıb adamam, məsxərəyə qoyma!” dedi. “Vallah zarafat etmirəm, aparmadığın o qoyun doğub törədi, bir sürü oldu. Götür apar, sənindir” dedim. Şad oldu, sürünü qabağına qatıb apardı. Rəbbim, bunu mən Sənin üçün eləmişdim. Əgər bundan razısansa, mağaranın ağzını aç!” Bu duadan sonra qaya parçası tamam çəkilir, mağaranın ağzı açılır və hamısı çölə çıxırlar. (35:36)
  • İxlas və səmimiyyət mömin xüsusiyyətidir. Həzrəti Ustad ixlasın əhəmiyyətindən bəhs edərkən mömin xüsusiyyətlərinin əhəmiyyətini və Cənabi-Allahın bu xüsusiyyətlərə dəyər verdiyini vurğulayaraq deyir: “Haqsızlar belə haqsız işlərindəki ixlas və səmimiyyətlərindən güc əldə edirlər. Bəli, bu hizmətimizdir gücün haqq və ixlasda olduğunu göstərən bir dəlildir. Bu hizmətimizdə var olan azacıq ixlas bu fikrimizi sübut edir və öz-özlüyündə bir dəlilə çevrilir.” (40:57)

Pin It
  • tarixində yaradılmışdır.
Copyright © 2024 Fəthullah Gülən Veb Saytı. Bütün hüquqları qorunur.
fgulen.com tanınmış türk alim və mütəfəkkiri Fəthullah Gülənin rəsmi saytıdır. Bu ünvan fgulen.com saytına məxsusdur.