Hər şey Ondan!..

Fəthullah Gülən: Bam teli: Hər şey Ondan!..

Çay süfrəsində həqiqət damlaları: nəfs mühasibəsi və İbrahim Ədhəm həzrətləri

  • Allah (cəllə cəlaluhu) və Rəsuli-Əkrəmin (salallahu əleyhi və səlləm) müəyyənləşdirdiyi mükəlləfiyyətlərdə insanın seçim haqqı yoxdur, mütləq yerinə yetirmək lazımdır. Ancaq başqa bir adamın da görə biləcəyi, yaxud da ilahi rizaya uyğun olub-olmadığını dəqiq bilmədiyimiz işlərdə seçim haqqımız ola bilər. Ola bilsin ki, insan bir işi görüb-görməmək mövzusunda qarışıq hislər keçirsin, Cənabi-Allah niyyətlərə baxır. (00:40)
  • Görəsən, hansı daha fəzilətlidir, bir işi istəyərək, yoxsa (şəraitsiz bir yerdə nöqsansız dəstəmaz almaq kimi) içdən gəlməsə də, vəzifə şüuru ilə görmək? Mənim də bu cür söhbət etməkdən xoşum gəlmir. İnsanların xatirinə edirəm, odur ki, bu işdə Allah rizasının olub-olmamasına şübhəm var. (02:55)
  • Görəsən, bizim ruhsuz, mənasız, səmimi olmayan sözlərimizdəndimi bu insanlar yerindən tərpənməməsi? Ciddi bir eşq, həyəcan yox.. ciddi bir hərəkət yox.. ciddi bir adanmışlıq yox... məfkurəyə özünü həsr edən yox.. ciddi bir təmənnasızlıq yox.. “Qoy mən burada dəfələrlə ölüb- dirilim, eybi yoxdur, təki müsəlmanlığa aid kiçik bir şey də ölməsin! Qoy min dəfə ev-eşiyim dağılsın, ailəm, övladlarım pərən-pərən düşsün, amma dinin ən kiçik bir əmrinə zərrə qədər xətər toxunmasın...” İnsanlar bu həyəcanla cuşa gəlmirsə, bunun səbəbini özümüzdə axtarmalıyıq. (05:01)
  • Cənabi-Allah Həzrəti İsaya:

    يَا عِيسى عِظْ نَفْسَكَ فَإنِ اتَّعَظَتْ بِهِ فَعِظِ النَّاسَ وَإلاَّ فَاسْتَحْي مِنِّي
    “Ey İsa! Əvvəla nəfsinə nəsihət et. Nəfsin bu nəsihətə itaət etdikdən sonra insanlara xeyirxahlıq et, əks halda Məndən utan”

    buyurur. (06:14)
  • Özünü hesaba çəkməyən insan bəzən taleyi günahlandırar, bəzən də başqalarını. Halbuki qəbahət özündədir, ondan meydana gəlir, ətrafa yayılır, başqalarına sıçrayır. İnsan özü ilə üzləşməli və daim: “Tövbə ya Rəbbi! Xəta rahına getdiklərimə (xətalı yolda getdiyimə görə). Bilib etdiklərimə, bilməyib etdiklərimə!” (M.Naci) deməlidir. Xüsusilə, bu eqoizm əsrində belə bir anlayışa çox ehtiyac var. Zira özünü belə bir məqamda görən, yəni qəbahəti şəxsində axtaran bir insan öz yerini bilər, əks halda zaman keçdikcə heç bir nöqsanını görməməyə başlayar. (08:30)
  • Özünü bir şey zənn edən ləşeydir (heç bir şey). Hər şey bir şeydir, ən alçaq, ən qiymətsiz şey belə, bir şeydir. Ancaq özünü bir şey sanan heç bir şeydir. Özünü ləşey görməlisən ki, ilahi dərgahda bir şeyə bərabər olasan. (11:20)
  • Rəvayətlərə görə, İbrahim Ədhəm (rahmətullahi əleyh) Bəlxin hökmdarı imiş. Bir gecə yumşaq yatağına uzanıb öz-özünə dua edirmiş: “Allahım, məni məiyyətindən məhrum etmə, bu aciz qulunu Firdövslə şərəfləndir. Allahım, məni peyğəmbərinə qonşu eylə!..” Birdən çardaqdan ayaq səsləri gəlir. Həzrət “Sən kimsən, kim var orada?” deyə səslənir. Çardaqdan gələn səs: “Narahat olmayın mənim ağam, sizə zərər vermərəm. Dəvəmi itirmişəm, onu axtarıram!” deyir. Həzrət təəccüblə: “Ay kişi damda dəvə axtararlar?” deyə sual edir. Eşitdiyi cavab ağlını başına gətirir: “Ay sərsəm, sən də Allahın məiyyətini yataqda axtarırsan! Heç yataqda Allahı, Peyğəmbəri axtarmaq olar?!” Bu sözlər İbrahim Ədhəmə kifayət edir. Deməli, qəlbi vicdanı ölməmiş insandı. O bir-iki cümlə onu oyadır, özünə gətirir. Həmin gün mal-mülkünü, taxtını-tacını tərk edib Məscidi-Harama üz tutur və qalan ömrünü ibadətə həsr edir. (12:15)
  • Bir gün İbrahim Ədhəm həzrətləri “Allahım Sənin uğrunda hər şeydən keçdim. Dünyada rəhmət təcəllilərini, axirətdə də Camalını görmək üçün yurd-yuvamdan keçdim. Artıq eşqin qəlbimi parça-parça etsə də, Səndən qeyri heç kimə meyl etməz” hisləri ilə dolub-daşdığı bir vaxtda mətafda (Kəbənin ətrafında təvaf edilən yerdə) oğlunu görür. Çox guman ki, oğlu da onu görüb tanıyır. Üz-üzə, göz-gözə gəlir, bir qədər baxışırlar. İllərin həsrəti onları bir-birinə çəkir. Yəqin ki, bu görüş Həzrətin içində tufan qoparır, qəlbində fırtına əsdirir və Haqq dostu az da olsa dünyaya meyil etdiyini hiss edir. İbrahim Ədhəm oğlunu həsrətlə qucaqlayanda qulağına bir səs gəlir: “İbrahim, bir qəlbdə iki sevgi olmaz!” İbrahim Ədhəmin ruhu lərzəyə gəlir, dilindən bir nida qopur: “Sənin sevginə mane olanı al, Allahım!” Və oğlu gözünün qabağında yerə yıxılıb canını tapşırır.. (16:00)
  • İbrahim Ədhəm həzrətləri minacatında ilk öncə “təşbib” (əvvəlcə sevgilidən söz açmaq, ona sonsuz sevgini dilə gətirmək və diləyi axıra saxlamaq sənəti) edib deyir:

    هَجَرْتُ الْخَلْقَ طُرًّا فِي هَوَاكَا وَأَيْتَمْتُ الْعِيَالَ لِكَيْ أَرَاكَا
    وَلَوْ قَطَعْتَنِي فِي الْحُبِّ إِرْبًا لَمَا حَنَّ الْفُؤَادُ إِلَى سِوَاكَا

    Ya Rəbbim! Sənin eşqinlə Səndən qeyri hər şeyi tərk edib hüzuruna gəldim. Səni görüm, Səni hiss edim deyə əhli-əyalımı yetim qoydum. Əgər məni qovarsan, vallah, qəlbim Səndən qeyrisinə meyl etməz, parça-parça etsən də yenə də “Sən” deyə inləyərəm!

    إِلَهِي عَبْدُكَ الْعَاصِي أَتَاكَا مُقِرًّا بِالذُّنُوبِ فَقَدْ دَعَاكَا
    وَإِنْ تَغْفِرْ فَأَنْتَ أَهْلٌ لِذَاكَا وَإِنْ تَطْرُدْ فَمَنْ يَرْحَمْ سِوَاكَا

    İlahi, asi qulun yenə qapına gəldi, dağlar qədər böyük günahlarını etiraf edib yalnız Sənə əl açır. Əgər Sən bağışlasan, şübhəsiz, bu, Sənin şanındandır, qovarsan, dərgahından məni Səndən qeyri kim əfv edər?!

    وَإِنْ يَكُ يَا مُهَيْمِنُ قَدْ عَصَاكَا فَلَمْ يَسْجُدْ لِمَعْبُودٍ سِوَاكَا
    Qapına gəlib Sənin şəfqətini uman bu aciz biçarənin günahlarını bağışla. Əməl dəftəri nə qədər üsyanla dolu olsa da, ey Mülhəmin, Səndə başqasına səcdə etmədi, etməyəcək.

    (17:31)

Sual: İndiyə qədər həyata keçirilən fəaliyyətlərin ərsəyə gəlməsi üçün minlərlə səbəbin bir araya gəlməli olduğunu və Müsəbbibül-əsbabdan başqa heç kimin, heç bir qüvvənin buna qadir olmadığını, dolayısilə əldə edilən nailiyyətlərə yiyə çıxmağın ağılsız bir hərəkət sayıldığını buyurursunuz. Hər şeyi özündən bilmə və özündən razılıq xəstəliyindən qorunmaq üçün bu həqiqəti təkrar izah edə bilərsinizmi?

  • Həzrəti Nuh və Həzrəti Musa (alə nəbiyyinə və aleyhissalətü vəssalam) kimi peyğəmbərlərin həyatına nəzər yetirsək, ilahi sövq və hifzi açıq-aydın görər, Müsəbbibül-əsbabın (Səbəbləri xəlq edən Allah) hər dövrdə Haqq yolunda xidmət edənlər üçün səbəbləri necə xəlq etdiyini müşahidə edəcəyik. (23:20)
  • Rəsuli-Əkrəmin (sallallahu aleyhi vəsəlləm) nurlu həyatına da baxsaq, Cənabi-Allahın hifz, inayət, sövq və səbəbləri (imkanları) xəlq etdiyini açıq-aşkar görərik. Qurani-Kərim müşriklər haqda buyurur: “(Ya Rəsulum!) Yadına sal ki, bir zaman kafirlər səni həbs etmək və ya öldürmək, yaxud da (Məkkədən) çıxardıb qovmaq üçün sənə qarşı hiylə qururdular. Allah da (onların bu hiyləsinə qarşı) tədbir tökdü. Allah tədbir tökənlərin ən yaxşısıdır!” (“Ənfal” surəsi, 8\30) Bəli, bu qədər hiylə və məkrli planlara baxmayaraq Allah Rəsulu (sallallahu aleyhi vəsəlləm) Cənabi-Allahın inayəti ilə risalət vəzifəsini layiqincə yerinə yetirmişdir.
  • Üqbə ibn Nafi Atlantik okeanına qədər bütün Afrikanı fəth etmiş və atını ərəblərin “Qaranlıq dəniz” adlandırdığı okeana sürmüş, sonra da: “Allahım, qarşıma bu dəniz çıxdı, çıxmasaydı, Sənin şərəfli adını dənizlərin o taylarına da aparacaqdım!” demişdi. Üqbə ibn Nafidən Osmanlı Söyüdün köksündə boy atıb cahan dövləti olanadək bütün İslam böyüklərinin həyatında bu ilahi hifz, sövq və inayəti görmək mümkündür. (26:30)
  • Həzrəti Pir ən qaranlıq günlərdə belə daim ümidli olmuş və yeni bir nəslin gələcəyini müjdələmişdir: “Ümidvar olun ki, bu istiqbal inqilabları içində ən yüksək və ən gur səda İslamın sədası olacaqdır” demiş, həmçinin: “Ümidim var ki, istiqbal səmavati-zəmini-Asiya / Bahəm olar təslim yedi-beyzayi-İslama!” kimi sözləri ilə hər kəsə ümid aşılamışdır. (27:48)
  • Bu günün qarasevdalıları əllərində yanan məşəl dünyanın hər tərəfini işığa çıxarmağa çalışırlar. Arxada olub öndə görünən bəzilərinin xətaları ucbatından bəzi yerlərdə müvəqqəti problemlər çıxsa da, onlar getdikləri yerlərdə rəğbətlə qarşılanırlar. Onların bu ölkələrə getməsindən yaxşı qarşılanmalarına və bu qədər uğurlara nail olmalarına qədər, demək olar, hər işdə o qədər səbəb və vəsilə bir araya gəlməliydi ki, bu da mümkünsüzdü, ancaq Müsəbbibül-əsbab səbəbləri xəlq etdi. (29:15)
  • Orta Asiyada buzların əriyib yolların açıldığı dövrdə Cənabi-Allah yenicə məzun olmuş dəliqanlılar lütf etdi. Bu “dəlilər” adını belə bilmədikləri ölkələrə qaça-qaça getdilər. (31:10)
  • Bir dövlət adamının da dilə gətirdiyi kimi “Vətən həsrəti çox çətindir”. Türkiyədə qaldığım yerlər var, tələbə yataqxanalarında kirə pulunu ödəyib yaşadığım yerlər var. Yadıma düşəndə gözlərim yaşarır, dərhal bu fikirdən uzaqlaşıb başqa hislərə dalıram. Yoxsa özümü saxlaya bilmərəm, göz yaşlarının Allaha şikayət olmasından qorxuram. Həmin gənclərin öz ölkələrində yaşama xəyalları ola bilərdi. Ancaq onlar bu xəyallara qapılmadılar, təşvişə düşmədilər. İlklərin adlarını yazıb külahıma qoydum və bir-bir çəkdim, kimə hara çıxdısa oraya getdilər. Getməyən, etiraz edən çıxmadı. (32:10)
  • Üstəlik ana-ataların arzu-istəkləri vardı: “Oğlum, səni oxutdum ki, yanımdan ayrılmayasan, mənə baxasan, mənim də gözüm üstündə olsun”. Onları necə razı saldılar, necə yumşaltdılar, necə yola gətirdilər, necə ayrıldılar? (33:38)
  • O yoldaşların üçdə ikisi nişanlıydı, nişanlılarını qoyub getdilər, neçə vaxtdan sonra gəlib apardılar yanlarına. (34:00)
  • Digər tərəfdən bütün bu fəaliyyətləri həyata keçirmək üçün iş adamlarına ehtiyac vardı. İslam institutunu qurmaq üçün fabrikləri bir-bir gəzdik. Ancaq bu, oradan əlli, burdan iyirmi lirə ilə olası iş deyildi. Dolayısilə, ilk dəfə dör-beş nəfərə “himmət” məsələsini açdıq. Daha sonra himmət hissi cücərdi, böyüdü, hətta bəzi fədakarlar bu məclislərdən xəbər tutmayanda “Məni niyə himmətə çağırmadın?” deyib gileyləndi. (35:06)
  • Bozyaxanın üst mərtəbəsində bir himmət məclisində söhbət etdim, hər kəs azdan-çoxdan öhdəlik götürdü. Utanırdım... özüm üçün istəmirəm... yığan başqa, yazan başqa, hesablayan başqa.. yenə də utanırdım. İstəməkdən utanan xasiyyətim var, amma hizmətin xətrinə ona da razı oldum. Təzəcə otağıma keçmişdim ki, yenicə təqaüdə çıxmış bir zabit qapını döydü, əlində də açarlar, “Hər kəs himmət etdi, mənim verməyə bir şeyim yoxdu, evimin açarlarnı gətirmişəm!”, dedi. Belə bir ruh vardı. (37:25)
  • Təkcə müəllim, ana-ata, gedilən ölkələrdə şəraitin olub-olmaması deyil... Anadolu insanı... dəfələrlə, bir mənada, bir millətin taleyini dəyişdirən Anadolu insanı... Bir daha dəyişdirsin Allahın izni və inayəti ilə... (38:30)
  • Qeyd etdiyimiz bütün bu səbəblər bir araya gəlməliydi ki, hazırkı fəaliyyətlər həyata keçsin. Ehtimali hesablamaya görə, bu milyonda bir mümkündü. Milyonda bir ehtimalı olan bir işi filanın dühası, filanın zəkası və iti fərasəti, ağlı, məntiqi, mühakiməsi, strategiyası ilə görmək mümkün deyil. Bu işdə Allahın (qüdrət) əli olmasaydı, bu məsələnin bu şəkildə ərsəyə gəlməsi qeyri-mümkündü. Hər şey Allahın inayət və riayəti ilə oldu. (38:58)
  • Xalid ibn Vəlid dünya şöhrətli bir sərkərdə idi. Allah (cəllə cəlaluhu) iki böyük imperatorluğu onun qılıncı ilə diz çökdürdü. Döyüşçülər Xalidə o qədər bağlanmışdı ki, başında Onu görməsə, hərəkət etmək istəmirdi. Buna baxmayaraq, Yərmük döyüşü kimi, müsəlmanların ölüm-dirim mübarizəsində Xəlifə Hz. Ömər (r.a.) onu vəzifədən azad etmişdi. Əmri gətirən Məhəmməd ibn Məsləmə Hz. Xalidin başındakı sarığı boynuna keçirib onu bu şəkildə xəlifənin hüzuruna aparmışdı. Hz. Ömər "Xalid! Allah şahid ki, səni çox istəyirəm. Amma xalq zəfərləri səndən bilir. Halbuki bizə bu zəfərləri lütf edən Allahdır. İnsanların şirk qoşmasına imkan vermək istəmirəm. Və buna görə də səni vəzifədən azad edirəm" demişdi. Hz. Xalid heç etiraz etmədən şərəflə ordusuna qayıtmış, sərkərdə deyil, ömrünün axırına kimi adi bir əsgər kimi mücahidəyə davam etmişdi. (39:55)
  • Bugünədək görülən işləri Cənabi-Allahın riayətindən, inayətindən və təvəccöhündən bilməliyik. Bu nemətlər bizim həmd və şükür hislərimizi hərəkətə gətirməlidir ki, şükrün bərəkəti ilə çoxalsın. Yoxsa başında olduğumuz müəssisələrin nailiyyətlərini özümüzdən bilsək, Allah bizi aciz gücümüz və iradəmizlə tək-tənha qoyar... və bugünədək çox ixlaslı əllərlə gələn bu mübarək əmanətə xəyanət etmiş olarıq. Heyifdir! (42:23)

Pin It
  • tarixində yaradılmışdır.
Copyright © 2024 Fəthullah Gülən Veb Saytı. Bütün hüquqları qorunur.
fgulen.com tanınmış türk alim və mütəfəkkiri Fəthullah Gülənin rəsmi saytıdır. Bu ünvan fgulen.com saytına məxsusdur.