Müsibətlərin hikməti və “Son nəfəsədək!”

Fəthullah Gülən: Müsibətlərin hikməti və “Son nəfəsədək!”

Bəla və müsibətlərin hər biri Allaha aparan yoldur!..

  • Savablar təkcə bir deyil, çox müxtəlif məcralardan axıb gəlir. O baxımdan, ürəyimizcə olmayan, xoşumuza gəlməyən bir şeylə üzləşəndə məsələyə: “Bu dəfə ilahi təcəlli başqa məcradan axır. Bu dəfə savab hovuzuna savablar başqa məcradan tökülür. Bu dəfə biz Cənabi-Allahın riza və xoşnudluğuna başqa yollarla yaxınlaşırıq. Bu yollarla Həzərti Ruhi-Seyyidil-Ənamı (sallallahu aleyhi vəsəlləm) xoşnut atməyə çalışacağıq!” şəklində yanaşmalıyıq.
  • Əsl səbir bəlanın səbəbini bilmədən edilən səbirdir. İnsanlığın İftixarı Peyğəmbərimiz (sallallahu aleyhi vəsəlləm): “Əsl səbir müsibət baş verən anda göstərilən səbirdir” buyurur. “Bax, bu hadisə mənə filan şeyi öyrətdi. Gözüm açıldı. Beləcə almaz kömürdən ayrıldı. Bu yolla mömin münafiqdən seçildi...” deyib hadisələri şərh və analiz etdikdən sonra: “Səbir etməyimə dəydi!” demək özü də bir səbirdir. Ancaq insanın zərbənin təsiri ilə sarsıntı keçirdiyi anda, müsibətin səbəbini bilmədən səbir etməyi başqa şeydir. Belə bir insan ən mübarək (bərəkətli) ibadətlərdən daha çox savab qazanar. Bir həmlədə, bir nəfəsə kamilliyin ən yüksək zirvəsinə ucalar. Mələklərin cərgəsinə girər. Bəla və müsibət kimi insanın kamilliyini artıran başqa bir şey yoxdur.
  • Allah dərdli insanlı sevir. Belə insanların iniltisi ilahi dərgahda ən şirin dua, təzərrö və niyazlardan daha nafiz, daha məqbuldur. O səbəbdən nigaran olmamalı, təzərrö və niyazlarla Ona yönəlməli... Fərdi ruhi-mənəvi həyatınıza hücum çəkən “virus”ları, problemləri, dərdləri, xəstəlikləri insanı Allah-taalaya təzərrö və niyaza, Ona yönəlməyə sövq edən İlahi bir iltifat bilin. O, sizin iniltinizi eşitməyi, təzərrö və niyaza sövq etməyi murad edir.

Nəfsdən qurtulmaq istəyən yüksək bir məfkurəyə könül versin!

  • İlehi-kəlimətullah və ruhunuzun abidəsini yüksəltmək uğrunda çəkilən zəhmətlərdən başqa bütün əməklə boşunadır. Ola bilər ki, burada bunun bəhrəsini görərsiniz; sizi alqışlayar, təqdir edər, kütlə psixologiyası ilə insanlar şüursuzca arxanızca gedə bilərlər... Ancaq bunun heç birinin Allahın dərgahında arpa qədər də olsun qiyməti yoxdur! Dünyalaratən qiymətli bir şey varsa, bu, Allah yolunda mücahidədir. “Kim son nəfəsinədək Allah yolunda cihad edərsə, yəni insanların qəlbləri ilə Allah arasındakı mövcud maneləri aradan qaldırmaq üçün çalışarsa, o, əsl cihad yolundadır!” Bəzi şeylər gözünüzə gözəl, şirin görünə bilər, ancaq İlahi dərgahda bunların bir qiyməti yoxdur.
  • Əgər bu yoldasınızsa, - Bütün qardaşlarımızın, dostlarımızın, tərəfdarlarımızın, sevənlərimizin və münəvvər və münəvvir yeni nəslin idealı budur, inşaallah, Allahın izni ilə, – son nəfəsədək, əyri yollara girməyəcəksiniz. İnsan yüksək bir məfkurədən yapışmalıdır, onu həyata keçirməyə çalışmalıdır ki, nəfsin toruna düşməsin.
  • Əgər bir idealınız yoxdursa, xəbəriniz olmadan nəfsin, eqonun toruna düşə bilərsiniz. Belələri ilk öncə mənfəətpərəst eqoistə çevrilir. “Bunun mənə xeyri (mənfəəti) nədir?” şüuru ilə hərəkət edir. Millətdən mənfəət, xalqdan mənfəət, dindən mənfəət, sizdən mənfəət... əgər bunlarda bir mənfəəti yoxdursa, ona zərrə dəyər vermir. “Hamısını dağıtmaq, bu müəssisələri bağlamaq lazımdır! Niyə? Çünki bunda mənim xeyrim yoxdur!” deyir. Sonra daha da dərinə gedir, Allah qorusun, hər şeyi özündən bilir, yəni eqosantristə çevrilir. Bir az da dərinə gedir; narsistə çevrilir. Belələrinin gözü heç kimi görmür. Hətta xayali düşmənlər tapıb ömrünü ona-buna nifrət saçmaqla hədər edir. Necə yaşayırsa elə də ölür, necə olürsə, elə də dirilir!

Səbir – qurtuluşun sirli açarı

  • Başına bəla və müsibət gəlməyən insan yoxdur. Sizin taleyiniz də budur. Bir söz var: “(Hər Musanın bir foronu), hər fironun bir musası var”. Həzrəti Musaya qarşı çıxan firon idi. Həzrəti İbrahimə qarşı çıxan Nəmdur idi. İnsanlığın İftixarı Peyğəmbərimizə (sallallahu aleyhi vəsəlləm) qarşı çıxan isə Nəmrudlar, fironlar, neçə-neçə bəlalar idi. Rəşid Xəlifələrə də həmçinin... Əbdülqadir Geylani, İmam Qəzali həzrətləri də az əzab çəkməmişlər. Bu dünyada fironsuz bir dövr olmamışdır. Yezidlər, Həccaclar həmişə olmuşdur... Məzlumlar cərgəsində dayanan səhabə və tabiun isə canını dişinə tutaraq səbir etmişlər. Kim səbir edər, dişini sıxar, dözərsə, Allahın izni və inayətilə, zəfəryab olar, umduğuna çatar. “Səbir qurtuluşun sirli açarıdır”.
  • “Boş deyilik! (“Elə-belə Hərəkat deyilik, ha” mənasında – tərc.)” deyən “boş” adamdır. Görülən bu gözəl və faydalı işləri özümüzdən bilib – insan zəif varlıqdır, ağlmıza gələ bilər – “Deyəsən bizim də əlimizdən bir iş gəlir!” desək, çox çəkməz Allah üzümüzə “sillə çəkər”. Hər şeyi Ondan bilməliyik. “Deyəsən bizim də əlimizdən bir iş gəlir!” deyən adam, Allah eləməsin, eqoizmə bir yol açmış olar. Hər günahın içində küfrə gedən bir yol var. Xəbəriniz olmaz, günaha, küfrə girərsiniz. Haq yoldan bir addım uzaqlaşar, şeytana bir addım yaxınlaşarsınız. Hər bir addım növbəti addımı doğurar. İkinci addım birincidən, üçüncüsü isə ikincidən də asandır.

Ondan bir at, bir qılınc, bir də qalxan qaldı.

  • Böyük zəfər və uğurların əsas səbəbkarı Cənabi-Allahdır. Bunu şəxslərdən bilmək o şəxsləri maddi-mənəvi zəhərlənməsinə yol açır.
  • Xalid ibn Vəlid dünyalara dəyər sərkərdə idi. Allah (cəllə cəlaluhu) iki böyük imperiyanı onun qılıncı ilə diz çökdürmüşdür. Əsgərlər Xalidə o dərəcədə bağlı idi ki, onsuz addım atmazdılar. Yərmük müsəlmanlar üçün ölüm-qalım müharibəsi olmasına baxmayaraq, xəlifə Həzrət Ömər (radiyallahu anh) döyüşdən əvvə onu vəzifədən uzaqlaşdırmışdır. Əmri elan edən Məhəmməd ibn Məsələmə Həzrəti Xalidin başındakı sarığı boynuna dolayıb onu bu vəziyyətdə xəlifənin hüzuruna çıxarmışdı. Həzrət Ömər: “Ey Xalid, Allah şahiddir ki, səni çox sevirəm. Ancaq xalq bütün zəfərləri səndən bilir. Halbuki zəfərləri ehsan edən Allahdır. Xalqın şirkə düşməsinə yol verə bilmərəm. Buna görə də səni vəzifədən uzaqlaşdırıram”, - deyir.
  • Həzrəti Xalid ibn Vəlid ruhunun üfqunə qanad açıb üçdu... Ondan bir at, bir qılınc, bir də qalxan qaldı. Başqa şeylər düşünənlərin, vay halına!.. Təkəbbürlənən eqoistlərin, eqosantristlərin... ələ imkan keçən kimi villalar, saraylar tikənlərin... vay halına!..

Elə bir sevgiliyə könül ver ki, qürub etməsin, daim könlünü şad eyləsin!..

  • Fani dünyaya aldanmayın. Əziz Mahmud Hüdayi həzrətləri necə də gözəl deyir: “Yalançı dünyaya adlanma yahu / Bu dərnək dağılar divan əylənməz / İki qapılı bir viranədir bu / Bunda qonan köçər, qonaq əylənməz”. Alvarlı Efə həzrətləri isə deyir: “Əcəb bir qaruban xana bu dünya / Gələn gedər, qonan köçər bu eldən / Vəfası yox, səfası yox fani xülya / Gələn gedər, qonan köçər bu eldən”.
  • Faniyə bel bağlamayın ölümlü dünyadır.. “Afitabi-hüsnü-huban aqibət eylər üfül / Mən mühibbi Lə Yəzalim, “lə ühibbül-afilin”. (Günəşə bənzəyən gözəl üzlülər də bir gün qürub edər. Bu səbəbdən mən fani gözəlləri deyil, qürub etməyən Əbədi Gözəli sevirəm”. Günəş üzlü sevgililər bir gün hökmən qürub edir, günəş çöhrəli gözəlləri “aqibət eylər üfül”. Mən zail olmayana (əbədi olmayana) vurğunam, məftunam, aşiqəm; qurub edənləri sevməm. Üz döndərib qaçanları sevməm.
  • Alvarlı Efə həzrətləri deyir: “Elə bir dildarə dil ver, eyləyə dişad səni / Elə bir daməni tut ki, edə bərmurad səni!” Yəni elə bir sevgiliyə könül ver ki, könlünü şad etsin. Elə bir ətəkdən yapış ki, səni muradına çatdırsın. Cənabi-Allahdan qeyri kim sizi murada çatdırar?! Ona görə də, eybi yoxdur, qoy sizin qardaşlarınız kasıb olsunlar.. qoy villası, sahilyanı evi, sarayı olmasın... el-aləmin minlərlə dollar maaşla işlədiyi yerlərdə bir qarın toxluğuna, üstəlik də fəhlə kimi çalışsın... Eybi yoxdur, çünki dünya fanidir, burada əbədi qalan olmayıb. “Dünya keçicidir, burada qalınmaz / Nə qədər mal olsa, murad alınmaz / Qafil olma saqın, geri dönülməz / Yeri dünya, yeri, sonun virandır / Mədəd, bundan sonra axırzamandır”.
  • “Mala, mülkə məğrur olma, demə “Varmı mən kimi?! / Bir müxalif rüzgar əsər, sovurar xırman kimi”. Kimlər sovrulmadı ki?! Neçə-neçə Süfyanlar cəhənnəm quyusuna atıldılar... “Mindirərlər cansız ata, endirərlər zülmətə / Nə ana var, nə ata, örtüb pünhan edərlər / Nə qövm var, nə qardaş, nə eşin var, nə yoldaş / Məzarına bir cüt daş, qoya nişan edərlər”. Bax, sən busan!.. “Dünya malı əldə ikən, düşmənlərin dost olar / Əldə bir şey qalmayınca dost belə düşmən olar”. Elə bir yara könül ver ki, dostluğun əbədiyyən sürsün və bu dostluğun sənə bir faydası olsun. Allahdan başqa, daha sonra Ruhi-Seyyidil-Ənam Peyğəmbərimizdən, Qurandan, Həzrəti Ruhi-Seyyidil-Ənam Peyğəmbərimizin yolundan başqa dost yoxdur.

Son fəfəsədək!

  • Bilirsiniz ki, özümü yaxşı hiss etmirəm... Söhbət etməyə niyyətim yox idi. Dostlar xahiş etdilər... “Görəsən, Cənabi-Allah mənə məzəmmət edərmi?” deyə fikrimi dəyişdim. Mərhum Yaşar Tunagur Xoca danışmışdı: Xüsrəv Xoca – Yaşar Xoca və bir neçə tanış ondan dərs alıb – çox yaşlı olmasına baxmayaraq yatağında da olsa dərs verməyə davam edir. Ancaq ömrünün son günlərində kitabı əlinə almaqda belə çətinlik çəkir. Tələbələri bəhanə gətirərək kitabı əlindən almağa çalışsa da, o buna razı olmur.
  • Yaşar Xoca və bir qrup tələbə hər gün evinə gedib Xüsrəv Xocadan dərs almağa davam edir. Bir gün dərsdən çıxanda həyətdə qaynayan qazan və boş bir tabut görüb məəttəl qalırlar. Axirətə şək-şübhəsiz inanan bir insan olaraq Xoca Xüsrəv bunu belə izah edir: “Universitetdə oxuyan qızım vardı, bu gün vəfat etdi”.
  • Xüsrəv Xoca əngəllərə baxmayaraq dərs verməyə davam edir. Bir gün artıq gücü çatmır əlindəki kitab sürüşüb yerə düşür. Xoxa əlini açır və: “Allahım, məni bağışla. Daha taqətim çatmır!” deyir və hönkür-hönkür ağlayır.
  • Mən danışdığım şeyləri əhəmiyyətsiz görsəm də, qulaq asanların başını ağrıtdığını düşünsəm də, dostlar əksinə düşünür. Onların xətrinə, heç olmasa savab hesab etdikləri bir şey “olsun” deyə gəldim bura. Allahın hesabından çəkindiyimdən, – günortadan əvvəl, günortadan sonra nələr çəkdiyimi Allah bilir – o böyük insan kimi “Öləndə heç olmasa bu işin başında ölüm” düşüncəsi ilə gəldim, bu düşüncə ilə başınızı ağrıtdım.

Pin It
  • tarixində yaradılmışdır.
Copyright © 2024 Fəthullah Gülən Veb Saytı. Bütün hüquqları qorunur.
fgulen.com tanınmış türk alim və mütəfəkkiri Fəthullah Gülənin rəsmi saytıdır. Bu ünvan fgulen.com saytına məxsusdur.