Taksim Gəzi Parkı hadisələri və problemlərin kökü
Yol peyğəmbərlərin yoludur. Peyğəmbər varislərinin, övliyanın, əsfiyanın yoludur. Sələflərimizin yoludur. Dünya dövlətləri arasında müvazinət amili olan, dövlətlər quran, ruh və məna kökləri ilə bəslənən ulu əcdadımızın yoludur.
Gördüyünüz kimi, (o yolu tutmadığımıza görə də) problemlərin öhdəsindən gələ bilmirik. Bir yerdə bir haqsızlığı aradan qaldırmaq üçün yüz cür haqsızlıq, yüz cür zülm edirik. Yüz cür etisafa (zülm, haqsızlıq, təcavüzə) səbəb oluruq. Kini, nifrəti körükləyirik. Qarşısıalınmaz məsələlərin ortaya çıxmasına gətirib çıxarırıq.
İndi də, gördüyünüz kimi... Allah bilir, bundan betəri də var... “Kitabul-fitən vəl-məlahim”də Peyğəmbərimizin (sallallahu aleyhi vəsəlləm) verdiyi xəbərlər nöqteyi-nəzərdən baxsaq, daha betəri də var... Bu, onun yanında bir nümunədir. “İnsanlar bir-birinin canına qıyacaq, nə qatil niyə öldürdüyünü, nə də qətlə yetirilən niyə öldürüldüyünü biləcək”. Xalqın malına, canına qəsd ediləcək, dalbadal tələfat olacaq, ancaq bu olan-keçənlərin heç bir məntiqi açıqlaması olmayacaq, heç bir izahı verilməyəcək, aydınlaşdırılmayacaq. Beləcə işlər güdaza gedəcək... “Kitabul-fitən vəl-məlahim”... hədis təfərrüatı ilə təsvir edir. Onlarla müqayisədə, hər halda bu hadisələr mikro planda cərəyan edir.
Bu kimi hadisələrə əhəmiyyət verməmək “ağıllı Mehmet”in işinə oxşayır. Uçurumdan aşağıya düşmək üçün qırx adam əl-ələ verir. Birdən hamı yerə çaxılır: otuz doqquzu olür, qalan bir nəfər də əzik-üzük olur. Soruşurlar: “Ağıllı Mehmet, nə oldu?”, “Soruşma, az qala qəza olasıydı”... Biganə, düşüncəsiz insan məsələyə belə yanaşır...
Bu tərəfdə də o biriləri... Niyə döyürlər? Niyə öldürürlər? Niyə ziyan verirlər? Nə günahı var o insanların, şüşələrini sındırırlar, tələbə yataqxanalarına, pansionlara, evlərə, məktəblərə, universitetlərə, hətta bank şöbələrinə molotov kokteyli atırlar!.. Bu cür məntiqsizlik, qeyri-insanilik baş alıb gedir.
İndir əgər: “Məsələ elə bu cürdür... Heç kim hüquqlarının müdafiəsinə qalxmayıb!” desəniz, orada olan bəzi günahsız insanlara, onların səmimi istəklərinə qarşı saymazlıq edərsiniz. İlk növbədə biz onlara biganə qalmışıq. Onların bizim biganəliyimizin ucbatından bu hala gələn nəsillərdir. İkincisi, bəzi ağlabat istəkləri var. Həqiqətən “Park... ağacları kəsmək olmaz, istirahət yeri olduğu kimi qorunub saxlanmalıdır!” deyə bilərlər, məsələyə bu prizmadan baxa bilərlər... Ətraf mühitin mühafizəsinə qalxa bilərlər, “Yaşıllığı məhv edirsiniz” deyə bilərlər... Ancaq sonra cızıqdan çıxıb özləri yaşıllığa ziyan vurarlar... Bir mövzuda biganəlik, məsələnin mahiyyətini anlamamaq, başqa tərəfdə ifrat və ya təfritlərə səbəb ola bilər, Allah eləməsin...
Ancaq bir mənada bizim zəif yönlərimizdən, bəzi günahsız insanların zəif yönləri kimi qəbul edilən adi tələblərindən sui-istifadə etmək istəyən, qulaqlarını şəkləyib ümumi ab-havanı sezməyə çalışan daxili və xarici ünsürlər var... Qulaqlarını şəkləyib ətrafı dinşəyən məxluqlar var, qulaqlarını tərpədib səsləri tutmağa çalışırlar... Hiss edən kimi də (bundan sui-istifadə edirlər). Hazırda dünya mediası Türkiyənin əleyhinə xəbərlər yayır; burada da, başqa yerlərdə də belədir, Avropada da... Elə bir qiyamət qopub. Suriyədə qiyamət qobur, tükü tərpənən yoxdur. İraqda qiyamət qopur, eyninə alan yoxdur. Dünyanın bir çox yerində kamikadzelər bomba partladır, vecinə alan yoxdur... ancaq Türkiyə başqa. Türkiyə regionda güclü potensiala malik bir dövlətdir... müəyyən nailiyyətlər əldə etmiş bir dövlətdir... müəyyən səviyyəyə çatmış bir dövlətdir... O xoşniyyətli istəklər irəli sürülür, bəziləri o xoşniyyət tələblərdən sui-istifadə edir, onları müəyyən ideologiyalara alət edir... başqaları da bundan öz manafeyi üçün hərtərəfli “faydalanır”... Bir tərəfdə bizim qafilliyimiz, bizim cahilliyimiz, bizim korluğumuz... O biri tərəfdə isə gözünü bizdən çəkməyən müəyyən kəsimlər yenə kürəyimizi yerə vurmağa çalışır... Bu idi olub-keçənlər.
Bu da mənzərə... Bunu Peyğəmbərimiz xəbər verir. İnsanları ruh və məna köklərindən qoparsanız belə olacaq, bunu xəbər verir...
Məsələyə bu aspektdən baxanda, zənnimcə biz də öz yanaşma tərzimizi, baxış bucağımızı bir də gözdən keçirməliyik. Görəsən qəbahət bu məsələlərə biganə yanaşan, əhəmiyyət verməyən, “odur, budur” deyib yola verəndədir? Yoxsa küçələri xarabalığa çevirənlərdədir? Ya da bütün günah sistemdədir? Yaxud da bizim yaxşı nəsil yetişdirməməyimizdən qaynaqlanır? Onlara canla-başla sahib çıxmamağımızdan irəli gəlir? Onda sistemi gözdən keçirmək lazımdır. Düşüncələrimizi bir də gözdən keçirməliyik. Bunu biz eləmişiksə, məncə, güzgüyə baxmalı, özümüzü hesaba çəkməliyik ki, daha betəri ilə qarşılaşmayaq.
Tərbiyə sistemimizi gözdən keçirməliyik. Kimdir o uşaqlar? Kimin uşaqlarıdır o küçələrdə məntiqsiz, başlı-başına hərəkət edənlər? Bu cür haqq-hüquq davası olmaz! Dava haqq davası olsa, bir yerə yığılarlar, düşüncələrini dilə gətirərlər, açıq şəkildə deyərlər... ağıllı başlı, insan kimi, təhsilli, savadlı insan kimi, sonra da dağılışıb gedərlər. Başa düşən düşər. Başa düşmyənlərə isə təkrar çatdırarlar... Bir mənada təşkilatlanarlar... Madam, seçkilər var, bu işi xalqa həvalə edərək, seçkiyə həvalə edərək bu məsələ üçün canla başla iş görərlər... Gecə-gündüz çalışıb-çabalayarlar... İnsanları inandırarlar... “Bunu bəyənirik, filan şeyi bəyənmirik” deyərlər... Bəyəndikləri varsa, ona səs verərlər... Onu da bəyənməsələr, səbir edib gözləyərlər, növbəti dəfə onun əvəzinə başqasını seçərlər...
Demək ki, əslində nə eləmişiksə, öz-özümüzə etmişik. Məsələ kökdədir... torpaq çirkləndiyinə görə, münbitliyi qalmadığına görə, atmosferi, ozon təbəqəsini deşdiyimizə görə, günəş şüaları əyri düşdüyünə görə, hər şey əleyhimizə cərəyan etdiyinə görə bu cür qeyri-qanuni hadisələr baş verir və bu hadisələri törədən nəsillər ortaya çıxır. Bunları düzəldənədək, başqa sözlə, insan problemini həll edənədək problemlər çözülməyəcək. Biz öz-özümüzə baxmalıyıq. Əslində bunun baiskarı bizik. Sistemi gözdən keçirə bilməmişik: “Neyləyək ki, bu nəsillər özünü tənqid etməyi bacaran, nəfsini sorğu-suala çəkməyi bilən nəsil olsun? Əsl insan kimi yetişsin. Təxribata təxribatla deyil, əksinə təxribata təmiratla cavab verən bir nəsil kimi!”... Bunu heç fikirləşməmişik...
Quran buyurur ki: “Siz özünüzə baxın! Siz hidayətə, düz yolda, istiqamətdə olandan sonra heç kim sizə zərə verə bilməz.” (“Maidə” surəsi, 5/105)
Sizin istiqamətiniz (düz yolda olmağınız), haqpərəstliyiniz, vifaq-ittifaqınız ən təhlükəli şeyləri belə neytrallaşdıra, təsirsiz hala gətirə bilər. Biz özümüzə baxmadıq. Hidayət yolunda, düz yolda olub-olmadığız baxmadıq. Sərgərdan nəsillər yetişdi. Doğru nədir, səhv nədir bilməyən nəsillər yetişdi... Bizim isə tükümüz də tərpənmədi, oturub bu mənzərəni seyr etməklə məşğul olduq. Çox vaxt əhəmiyyət vermədik. “Bir ovuc” dedik onlara... Və onlar azğın insanlar kimi ora-bura hücum çəkməyə başladılar.
Onlara acımaq, şəfqət etmək lazımdır. Çünki insani dəyərləri tapdalayırlar... Öz dəyərlərini tapdalayırlar... Bu gün olmasa da, gələcəkdə bu insanları islah edən sistemlər qurmaq lazımdır. Neyləyək ki, bunlar əsl məcralarını tapsınlar? Əhsəni-təqvimə namizəd olduqlarını necə xatırladaq ki, insanlıq kimi ortaq məxrəcdə birləşə bilək? İnsanlara, insani dəyərlərə zərər verməsinlər. Ölkəyə zərər verməsinlər. Yadların bizim zəif cəhətlərimizdən istifadə edib ölkəmizi çətin sınaqlarla üz-üzə qoymasına zəmin hazırlamasınlar.
Siz zəiflik göstərsəniz, yadlar bundan istifadə edər. “Hazır zəifləmişkən” deyib – Osmanlının başına külüng vurub parçaladıqları kimi, bugünkü çirkin mənzərəyə zəmin hazırladıqları kimi- ölkəmizi parçalarlar. Ancaq bu parçalanmada bizim zəifliyimiz, bir-birimizlə didişməyimiz əsas amili təşkil edir.
Bu gün vəziyyət belə olsa da, məncə, ağıllı fikir memarları, elm adamları, pixoloqlar, pedaqoqlar bir araya gələrək bu istiqamətdə planlar tərtib etməlidir. Neyləyək ki, insanlığını itirmiş nəsillər insaniyyət cizgisində birləşsinlər? Necə eyləyək, Söyüddəki ruhla böyük dövlət idealını yenidən mənimsəsinlər, Allahın izni, inayəti ilə?
Olub-keçənlərə biganə qalmaq yanğına, müharibəyə biganə qalmaq kimidir... Cahiliyyə dövrünün şairi, səhv eləmirəmsə İmruul-Qeys deyir: “İki şey var ki, siz başladarsanız, ancaq istədyiniz yerdə dayandıra bilməzsiniz: yanğın və müharibə”. Biz bunun hər ikisini gördük. Günlərin bir günü yanğın törədərsiniz... bunu istər məcazi, istər həqiqi mənada götürün, hazırki hadisələrin də yanğından bir fərqi yoxdur... Həmçinin müharibə... Macərapərəst, dövlət idarəsindən başı çıxmayan adamlar Qara dənizdə Rus donanmasına iki bomba ataraq möhtəşəm bir dövləti tarümar etdilər. Üzrlü sayın, düzü tərbiyəmiz bizdən sələflərin yaxş cəhətlərini anmağı tələb edir, ancaq mən bunu heç cürə bağışlaya bilmirəm... Müvazinə ünsürü olan bir dövlətin dağılmağına səbəb olanları bağışlaya bilmirəm. Allaha hesab versinlər. “Cəhənnəmə getsinlər” demirəm, Allaha hesab versinlər. Çünki o, çox əhəmiyyətli idi. İnsanlığın İftixatı Peyğəmbərimiz haqda Volterin bir pyesini səhnələşdirmək istəyəndə – ki Əbdülhəmid dövründə Osmanlıya “xəstə dövlət” deyirdilər, “Le sultan ruj” deyirdilər, fransızlar uydurmuşdular, “Qızıl sultan” deyirdilər - bir ultimatum göndərilir, pyes səhnədən yığışdırılırdı... “Bütün Hindistanı ayağa qaldıraram, üstünüzə göndərərəm” deyirdi... “Xəstə” olduğu vaxtlarda bir aslantək nərə çəkir, düşmənin ürəyinə qorxu düşürdü. Belə bir dövləti dağıtdılar, tarmar etdilər. Bugünkü vəziyyətimizin kökündə bu dayanır. Müharibə başladı, amma onu istədiyiniz vaxt dayandıra bilmədiniz. Sel kimi hər şeyi qabağına qatıb apardı...
Yanğın və savaş... başladan siz olsanız da, hər istəyəndə qarşısını almaq mümkün deyil. Harda dayanasıdırsa, gedib orada dayanar. Bu baxımdan məsələ böyümədən bu qığılcımı söndürün. Yoxsa böyüyər qarşısını ala bilməzsiniz... Yanğın söndürənlər belə aciz qalar. Ona görə də yanğın kiçik də olsa, məncə, bütün yanğınsöndürənlərə səslənməliyik: “Yetiş imdada, yanğın va!” “Səfineyi-qəlbimə alovlu bir qor atdın, ey dost / Bülənd avaz ilə dersin, baxın dəryada yanğın var!” (Suzi) Əgər dəryalar da od tutubsa, bu millətin vay halına. Şayəd elm ocaqlarına bombalar atılırsa, günahsız insanlar öldürülürsə, kimsə qaz bombalarından boğulursa, gözləri kor olursa, buna baxmayaraq bəziləri bunu görməzliyə vurursa, Allah eləməsin yanğın böyüyər.
Mən xalqın xarakterinin bu qədər pozulduğuna inanmıram, ən pis insanının belə... Ancaq əks tərəf, sizin dünyada bir müvazinə ünsüru olmağınızı istəməyənlər bundan istifadə edə bilərlər. Kim istifadə edə bilər? Şərqinizdəki, cənubi-şərqinizdəki, cənubunuzdakı, qərbinizdəki istifadə edər. Problemlərlə dolu bir ölkəmiz var. Onlardan biri belə, hər tərəfi qarışdıra bilər. Ortada gizli, açıq-gizli bir ittifaq var. Addım atmağınızı istəməyən bir ittifaq var. Siz özünüzə təsəlli verin: “Filan yerdə bahar... Filan yerdə bahar.” Xəbəriniz yox, buz kimi payız küləyi əsir... Buz kimi...
Ağıllı hərəkət etmək lazımdır, ən kiçik hadisələri belə çox böyük görmək lazımdır, ağıllı tərpənib onları həll etmək lazımdır. Qarışqa hücumuna məruz qalmısınızsa, “qarışqadır da” deyib yola verməyin. Qarışqadır bu, sizin yağ küplərinizə, bal küplərinizə qədər soxula bilərlər, zəhərləyib çirklədərlər oraları, bunları kiçik görməyin. Mənfi hadisələrə biganə qalmaq zəif ağlın, zəif məntiqin, zəif mühakimənin əlamətidir. Hər şeyi olduğu kimi görmək çox vacibdir. Məhz o zaman düzgün layihələr, faydalı planlar ortaya qoyma imkanı əldə edərsiniz.
Ömrünü gələcəyi abad etməyə, əhya etməyə, “basu-badəl mövt”ü həyata keçirməyə həsr edən “addanmış ruhlar” bu məsələdə çox təmkinli olamlıdır, çox təmkinli... Çünki çiynimizdə apardığımız şey əvvəlki nəsillərdən qalan bir əmanətdir. Şəxsinizə xəyanət eləsələr, sizə qarşı cinayət işləsələr, bəlkə də, buna əhəmiyyət verməzsiniz, amma millət haqqı eyni zamanda Allah haqqı deməkdir. Ona xəyanət etməyə, xəyanətə məruz qoymağa, xəyanətə göz yummağa haqqımız yoxdur. Bunun hesabı o tərəfdə çox ağır olar. Bir millətə, böyük bir millətə xəyanət sayılan müəyyən hadisələr qarşısında qollarımızı açıb: “Buradan keçid yoxdur”, şairin dediyi kimi “Qələbəliklər, burası çıxmaz soqaq” demiriksə, Allah eləməsin, problem böyüyər, əmanətə xəyanət etmiş olarıq. Halbuki bizim vəzifəmiz hal-hazırda nə qədər məsuliyyət daşımağımızdan asılı olmayaraq, gələcək nəsillərə, etibarlı nəsillərə bu əmanəti təslim edənədək onu can kimi, şərəf kimi, namus kimi qorumaqdır. Ondan sonra Allahın işidir, biz bilmərik. “Zalımlara bir gün dedirdər Qüdrəti-Mövla / Tallahi ləqad asərəkəllahu aleynə” (Ziya Paşa) (Həzrəti Yusifə nə qədər zülm verildiyini unutma. Allahın qüdrəti bir gün zalımlara Həzrəti Yusufun qardaşlarının dediyi kimi “Şübhəsiz Allah səni seçib bizdən üstün etdi” (“Yusuf” surəsi, 12/91) dedirdər.)
Çox dua oxuyun fitnələrdən uzaq olmaq üçün... “əl-Qulubud-Daria”nı bölüşdürün. “Əshabi-Bədr”i oxuyun, onlar ruhani, səmavi varlıqlar kimidir... bilirik, inanırıq, dəfələrlə şahid olmuşlar: Allah müxtəlif problemlərin həlli üçün onları yollamışdır. Çözülməz sandığımız problemlər Allahın izni ilə həll olunmuşdur.
Biz özümüzü düzəltmədikcə, - bəlkə, bu sözlərim belə bihudədir - əlimizdən bir şey gəlməz...
Osman Tarıdan eşitmişdim: İlk Milli Məclisin millət vəkilləri arasında Tahir Əfəndi adlı bir şəxs olub. Alim, fazil insanlardan imiş. Digər millət vəkilləri meydanlarda alovlu nitqlər söyləyəndə Tahir Əfəndi bir küncdə həmişəki kimi susqun-susqun oturarmış. Bir gün tərəfdarları israrla, "Əfəndi, sən də bir şeylər danışsana. Hər kəsin vəkili nitq söyləyir, hər kəs öz vəkiliylə fəxr edir. Sən də bir danış, qürur hissi duyaq!.." deyirlər. Tahir Əfəndi az, ancaq mənalı danışan bir insan idi. Onlara belə cavab verir: "Möhtərəm camaat, unutmayın ki, siz "müntəxib" (seçici)siniz. Mən isə "müntəxab"am (seçilənəm). Gedəcəyimiz yer isə; "müntəxabün ileyh" (seçilmişlərin yeri, Millət Məclisi)dir. Sizin etdiyiniz işə də "intixab" (seçki) deyilir. İntixab isə "nuxbə" sözündən gəlir. Nuxbə “qaymaq” deməkdir. Unutmayın ki, bir şeyin altında nə varsa, qaymağı da ondan olar, döşəməsində nə varsa, tavanına da o çıxır. Qatığın üstündə qatıq qaymağı, südün üstündə süd qaymağı, zəyin üstündə də zəy qaymağı olar."
Buna qulaq asandan sonra dedim: Tahir Xoca, bu sənin kəramətindir. Bu vaxta qədər Peyğəmbərimizin (sallallahu aleyhi vəsəlləm) “Siz necəsinizsə, elə də idarə olunursunuz!” hədisini heç belə gözəl izah edən olmamışdı...
Bu məsələyə köklü həll yolları axtarmaq, çürümüş, dağıntılar altında qalmış bir nəsli yenidən əldən keçirmək, bərpa etmək lazımdır. Həzrəti Pisin sözü ilə desək “Əslərdir, yerlə-yeksan olmuş bir qalanın təmiri ilə mükəlləfik”. Əsrlər boyu hər gələn bir tərəfini dağıdıb. Biz məhz belə bir qalanın bərpası ilə mükəlləfik. Bunun məsuliyyəti ilə üz-üzə dayanmışıq. Bu məsuliyyətin böyüklüyünü yaxşı qavramalıyıq. Məsələ köklü şəkildə həll olunmazsa, işə nəslin islahı ilə başlanmazsa, o nəsillərə, o günahsız nəsillərə ruh və məna kökləri tanıdılmazsa, çatdırılmazsa, beyinləri əldən keçirilməzsə, neyronlarına ədəb-ərkan işlənməzsə, bu cür azğınlıqların ardı-arası kəsilməyəcək. Azğınlara, azğınlığa plansız-zadsız əks-reaksiya göstərmək onları körükləməkdən başqa bir işə yaramaz. Məsələyə köklü yanaşmaq lazımdır. Nədir bizim problemimiz? Bunu necə həll etmək, aradan qaldırmaq olar? Məsələyə bu cür yanaşmaq, peyğəmbər yolu ilə getmək lazımdır.
İnsanlığın İftixarı, bir barmaq işarəsi ilə ayı ikiyə bölən İnsanlığın İftixarı iyirmi üç il ərzində böyük əmək sərf etmişdir. Əllərini qaldırıb “Allahım, bütün qəlbləri islah et” desəydi, Allah həmin anda bricə qəlbi də imansız qoymazdı. Ancaq O, rəhbərdi, müəllimdi. İnsanları necə tərbiyə etmək lazımdır, nə qədər zəhmət çəkmək lazımdır, nə qədər iztirab çəkmək lazımdır, nə qədər baş sındırmaq lazımdır?.. Allah Rəsulu bunu əyani surətdə göstəmişdir... Bu işin yolu budur, bunu dəyişdirə bilməzsiniz. Bu, Allahın dəyişməz qanunudur. Ancaq insanların əksəriyyəti kordur, bunu görmürlər, bilmirlər... Yol budur, üsul budur... Şairi-şəhirin sözü ilə desək “Gerisi anqarya!” (Qalanı boş!) Ey illərlə sürünən nəsillər, “Ayağa qalx artıq, Sakarya!” Vəssalam.
- tarixində yaradılmışdır.