Yer üzü xəzinəsi və dil mədəni
Sual: "Ruzinizi torpağın dərinliyində axtarın" məallı hədisi-şərifi necə başa düşməliyik? Bu Peyğəmbər bəyanı möminlərə hansı vəzifələr yükləyir?
- Dünya "darül-hikmət"[1], axirət isə "darül-qüdrət"dir[2]. Axirətdə Cənabi-Haqqın Qadir ismi səbəb pərdəsi olmadan birbaşa təcəlli edəcək və orada tamamilə qüdrət hakim olacaq. Belə ki, axirətdə hər şey xariqüladə və qeyri-adi olacaq. Hədisdə də ifadə edildiyi kimi, murad edilən hər şey dərhal yerinə yetiriləcək və insan arzuladığı hər nemətə nail olacaq. Bu dünya isə hikmət aləmi olduğu üçün burada hər şey səbəblərlə örtülüdür. Çünki dünyada qüdrət hikmət pərdəsi arxasında zühur edir. Dolayısilə, biz dünyada əşya və hadisələri səbəblər pərdəsi arxasından tamaşa edirik. Halbuki bu pərdələrin arxasında, arxasının da arxasında əsas icraatçı yenə də Allahın Qüdrətidir. (00:48)
- Rəsuli-Əkrəmin (sallallahu əleyhi və səlləm):
اُطْلُبُوا الرِّزْقَ فِي خَبَايَا اْلأَرْضِ
"Ruzinizi torpağın dərinliyində axtarın" bəyanı əkinçilik sahəsi ilə yanaşı, mədənçilik və enerji qaynaqları baxımından da dəyərləndirilməlidir. Cənabi-Haqq bəşəriyyətin tələbatına görə yer kürəsinin müxtəlif təbəqələrində müxtəlif növ maddələr və mədənlər yaratmışdır ki, insan axtarıb araşdırsın, tapıb işlətsin və tələbatını ödəsin. (05:50) - İnsan dünyada sahibsiz deyil, o, dünyaya məqsədsiz göndərilməmişdir. Yer kürəsi insanın beşiyi və ana qucağıdır. O tamamilə bəşəriyyətin xidmətinə verilmişdir. (08:11)
- Bəşərin yerin dərin qatlarına enməsinin səbəbləri həqiqəti tapma və araşdırma həyəcan və şövqü deyil, əfsuslar olsun ki, iqtisadi və dünyəvi arzular, müstəmləkəçilik və hökmranlıq ehtirasıdır. Müxtəlif növ filiz yataqlarını axtararkən bəzən də yeni maddələr tapmışlar. Alternativ enerji axtarışları bu fəaliyyətin mühüm təkanverici qüvvəsidir. (10:08)
- Tədqiqat eşqi ilə yanan, fəaliyyətini həqiqətə və sonsuzluğa həsr edən elm adamlarımız öz ölkələrini qarış-qarış araşdırmalı və yer kürəsindən yaxşı istifadə etməlidirlər. (15:54)
Sual: "Ruzinizi torpağın dərinliyində axtarın" məallı hədis nöqteyi-nəzərindən "Mərifəti qəlbin dərinliyində və ruhun ənginliyində axtarın" buyurdunuz. "Dil mədəni" nə deməkdir? “Haqqın kənzən[3] bilinməsi” ilə nə nəzərdə tutulur? (17:17)
- İnsan yalnız cəsəddən ibarət deyil, onun zahiri cəhəti olduğu kimi, batini dərinliyi də var. Mərifət düşüncə və himmətlə[4], vicdan və iç təfəhhüslə[5] əldə edilən xüsusi bir bilikdir ki, elmdən fərqli məzmuna və möhtəviyyata malikdir. Elm oxuma, öyrənmə, araşdırma, tərkib[6] və təhlil[7] yolu ilə əldə edilən təcrübədir. Mərifət isə təfəkkür, hissiyyat və daxili müşahidə[8] ilə əldə edilən elmin əsasıdır. Məhz bu mənada mərifət qəlbin dərinliyində, ruhun ənginliyində və vicdan mexanizmində axtarılmalıdır. (17:33)
- Bir qüdsi-hədisdə Cənabi-Haqq: "Mən gizli bir xəzinə idim, tanınmaq istədim və məxluqatı yaratdım" buyurur. Allah daima özünü öz elmi ilə tanıyırdı. Qüdrəti ilə müəyyən təsərrüfü[9] vardı. Lakin o aləmlər başqa aləmlər idi. Allah-Təala bu səfər də fiziki aləmdə, maddə tərkibli bir dünyada özünü ifadə etmək və tanıtmaq istədi. Dolayısilə "Kənzi-məxfi" təbirini Zati-üluhiyyətin maddi aləmdəki təcəllisindən əvvəlki mərhələyə xas ifadə kimi qəbul edə bilərik. (23:30)
- İbrahim Haqqı Həzrətləri "Sığmam dedi Haqq ərzü-səmaya/Kənzən bilindi dil mədənində" misraları ilə "kənzi-məxfi"yə işarə edir və "Yer üzü və göylər Məni əhatə etməkdə aciz qaldı. Lakin Mən yumşaq xasiyyətli, həlim bir mömin qulumun qəlbinə sığdım" məallı
مَا وَسِـعَنِي سَـمَائِي وَلاَ أَرْضِي وَلَكِنْ وَسِعَنِي قَلْبُ عَبْدِي الْمُؤْمِنِ
mütəşabih[10] Peyğəmbər bəyanını xatırladır. (26:25)
Sual: Rəsuli-Əkrəm (sallallahu əleyhi və səlləm) "İnsanlar eynən qızıl və gümüş mədənlərinə bənzəyirlər. Cahiliyyə dövründə xeyirli (yaxşı) olan insanlar İslama girib dərinləşərək yenə ən xeyirli insanlardır" məallı hədisi-şərifdə insanları mədənlərə bənzədir. Bu təşbehin mənası nədir? İrşad və təbliğ məsləyində həmsöhbətin cövhərini kəşf etmə mövzusunda düşüncələriniz nədir? (28:33)
- İnsan potensialı hər şey olmağa namizəddir. İslam insanları götürüb müəyyən müddətdə, müəyyən qəliblərdə əridir, şəkilləndirir sonra da onları ruhları ilə bütünləşdirərək əsas mahiyyətinə ucaldır. Yəni mahiyyətlərində mövcud olan Haqqa ayinədarlıq[11] xüsusiyyətini qüvvədən (potensialdan) feilə (kinetikə) çevirir. Ancaq mədənlərin əsasını, xüsusiyyətini də qoruyur.. qızıl qızıl kimi, gümüş gümüş kimi, mis də mis kimi dəyişməz qalır... Fərq isə hər birinin təmizlənib saf hala gəlməsidir. (29:00)
- -Allah Rəsulu (sallallahu əleyhi və səlləm):
اَلنَّاسُ مَعَادِنُ كَمَعَادِنِ الْفِضَّةِ وَالذَّهَبِ خِيَارُهُمْ فِي الْجَاهِلِيَّةِ خِيَارُهُمْ فِي اْلإِسْلاَمِ إِذَا فَقُهُوا
"İnsanlar eynən qızıl və gümüş mədənlərinə bənzəyirlər. Cahiliyyədə xeyirli olanları İslama girib onda dərinləşərək yenə ən xeyirlidirlər" bəyanı ilə insanlardakı "potensial"a diqqət çəkir. (31:40) - İslam sayəsində almaz ruhlarla kömür tinətli insanlar bir-birindən ayrılmışdır. Məsələn, cahiliyyə dövründə yaşasa da, cəhalət görməyən Həzrəti Əbu Bəkir (radiyallahu anh) Rəsuli-Əkrəm (əleyhissalatu vəssalam) sayəsində ruhundakı mövcud almaz mədənini tamamilə ortaya çıxarmış, beləliklə saflaşıb təmizlənmişdir. Kömür ruhlu Əbu Cəhil isə Allah Rəsulunun süzgəcindən keçmədiyinə görə o quru vicdanı ilə qalmışdır. (32:50)
[1] Hikmət diyarı
[2] Qüdrət diyarı
[3] Xəzinətək
[4] Yüksək fikirlər, düşüncələr
[5] Diqqətlə araşdırma, tədqiq etmə, təhqiq etmə
[6] Bir neçə şeyi quraşdırıb birləşdirməklə mürəkkəb bir şey vücuda gətimə
[7] Bir şeyi hissələrinə (ünsürlərinə) ayıraraq tədqiq etmə
[8] Seyre edib anlamaq
[9] İdarə etmək
[10] Təşbehli
[11] Ayna tutan, öz üstündə göstərən
- tarixində yaradılmışdır.