394-cü nəğmə: “2004-cü ildə MGK-nın (Milli Təhlükəsizlik Şurası) aldığı qərara hüsnü-zənnimin qol-qanadı qırıldı!..”
- Elə şeylər var ki, içinizə atırsınız, amma sinirmək mümkün deyil. Belə şeyl səbir edib içinizə salırsınız, udqunursunuz, rahat insanlar kimi dərhal ürəyinizi boşaltmaq istəmirsiniz. Çünki ürəyinizi boşaltsanız, çox adamın qəlbi sınacaq, çox adam rəncidə olacaq. Kiminsə ürəyi sınmasın deyə içinə salırsınız, onda da siz sınıq-sınıq olursunuz. Əsas məsələ budur.
- Bir mənada biz həmişə hüznü-zənnimizə qurban getmişik. Buna məsələdə dəfələrlə ağır zərbə almışıq. Bütün bunlara baxmayaraq, nə qədər mümkündürsə, hüsnü-zənn etmək və hüsnü-zənnə köklənmək lazımdır.
- Ancaq yenə də bir hədisin sözü ilə desək, “Bir mömin bir dəlikdən iki dəfə sancılmaz...” Hüsnü-zənn bəslədiyimiz məsələlərdə mütəmadi olaraq bəzi xoşagəlməz davranış və hərəkətlərlə qarşılaşmışıqsa, bu dəfə Həzrəti Pirin təqdim etdiyi meyarlar çərçivəsində “hüsnü-zənn və adəmi-etimad” (bir insan haqqında gözəl düşünməklə yanaşı, ona etimad etməmək ehtiyatı əldən verməmək) meyarına baş vurmuşuq. İnsanlar haqda pis fikirləşməmək, ən xoşagəlməz hadisələri belə mümkün qədər yaxşıya yozmaq və məntiqli bir izahını tapmaq, “Yəqin filan səbəbə görə belə edib” demək...
- İnsanlığın İftixarı Peyğəmbərimiz (sallallahu aleyhi vəsəlləm): “Ən gözəl ibadəti axtarırsınızsa, möminlər haqda hüsnü-zənn edin”, − buyurur.
- Təriqəti-Məhəmmədiyə haqqında yazılmış “Berika” əsərinin müəllifi İmam Xadimi: "Bir mömini əxlaqsız iş üstündə görsən, dərhal hökm vermə. Gözlərini ovuşdur, “Aman Allah, bu insan belə bir iş tutmaz, yoxsa səhvmi görürəm!” de, sonra bir də “Odur, görəsən?” deyə bax. Həmin adamdırsa, “Yəqin yenə səhv gördüm” de, bir də bax, bir də bax, gördüyünə inanma və gözlərini ovuşdurub yenə bax" – (deyir). Həzrəti İmamı çox sevirəm, ona dərin hörmətim var, amma məncə, bu sözləri artıqdır. Gözlərini on dəfə ovuşdurub baxmağa və bu işi araşdırmağa heç ehtiyac yoxdur. Çünki ilk dəfə görəndə insanın içində hələ də bir şübhə qalır və bu şübhə həmin adam haqqında müsbət qərar vermək üçün bir əsasdır. Əgər məsələ araşdırılsa, qəti qərar verməkdən başqa bir yol qalmaz. Dolayısilə, insan çirkin bir mənzərə ilə rastlaşanda təcəssüs, təşxis və təsbit etmədən (qısaca axtarıb araşdırmadan) o xoşagəlməz səhnələr qəlbinə axaraq fuad (qəlib) qazanında əriyib bir hökm qəlibinə girmədən dərhal dönüb oradan uzaqlaşmalı, "Allahım, günahkar bəndələrinə hidayət ver, məni də bağışla!.." deməli və gördüyünü də unutmalıdır.
- O vəziyyətdə də olsa, insanlar haqda hüsnü-zənn etmək lazımdır. CD-lər hazırlamaq, yaddaş kartlarına cürbəcür şeylər yükləmək, kiminsə heysiyyət, şərəf, namus və iffətinə aid bəzi şeyləri faş edərək onlara zərbə vurmağa və devirməyə çalışmaq... Caiz deyil belə şeylər, bir mömin belə şeylər etməməlidir...
- Qurani-Kərimin bəzi hökmləri dəqiq, açıq-aşkar ola-ola İnsanlığın İftixarı Peyğəmbərimiz Cənabi-Allahın hilmü-silmini (həlimlik, yumşaqlıq və barışıq, sülh, asayiş) nəzərə alaraq insanlarla həlim rəftar etmişdir. Madam, Allah Həlimdir... Madam Allah Rəsulunun ulu babası Həzrəti İsmail həlimdi... Hilm bütün xoşagəlməz şeyləri müsamihə ilə (gözəlliklə, yaxşılıqla) qarşılamaq deməkdir; ən pis hadisələrdə belə bir bahanə tapıb ondan sıyrılmaq, üzünü başqa tərəfə çevirmək, üstündə durmamaq, qarşı tərəfin axırına çıxmağa çalışmamaq deməkdir.
- Rəsuli-Əkrəm Peyğəmbərimiz (sallallahu aleyhi vəsəlləm) günah işlədikdən sonra suçunu etiraf edərək Allahın hüzuruna təmiz çıxmaq istəyən Maiz və qamidiyəli qadına: “Qayıt get, elə bir günah yoxdur ki, Allah əfv etməsin” deyib tövbə yolunu göstərmişdi. Ancaq onları israr etdiklərinə görə cəzalandırmış, daha sonra da biri haqqında: “Elə bir tövbə etdi ki, bu tövbə bu iki dağ arasının sakinlərinə paylansaydı, hamısına çatardı!”, digəri haqqında da: “Elə bir tövbə elədi ki, xərac alan bir mömin belə, bu tövbəni etsəydi, Allah onu bağışlayardı!” buyurmuşdu.
- Məsələnin ağlabatanlığı və Quran məntiqi sayəsində fərqli insanlar bu cameənin (camaatın, hərəkatın –tərc.) ətrafında birləşir... Dəyərlərinizi nümayiş etdirirsiniz, bəyənənlər götürür...
- Bu, yeni bir şey deyil, sizin gördüyünüz bu işin əleyhinə plan cızanlar heç vaxt əskik olmayıb. Ta Piri-Muğan dövründən bəri xeyirxahlıq naminə çalışıb-çabalarkən badalaq atanlarla, əngəl törədənlərlə üz-üzə gəlmisiniz.
- 2004-cü ildə təzyiq göstəriblər. Əgər bəziləri qeyri-ixtiyari və ya götür-qoy etmədən “Dəfələrlə bu məsələ ilə bağlı nazirləri dəyişdirdim, bu işi yerinə yetirin filan...” deyib bu prosesi davam etdirməsəydi... o vaxt verilən qərarları həyata keçirmə düşüncəsi olmasaydı... cəmiyyət bunu bu şəkildə başa düşməsəydi... İctimaiyyət hal-hazırda məsələni bu cür anlayır: “Deməli, onda belə qərar veriblər və o işdə səlahiyyətli şəxsləri dəyişdirə-dəyişdirə bu qərarı həyata keçirməyə çalışıblar”... Bu sözlər deyilməsəydi, hüsnü-zənn edib bu cür düşünməliydim: “Bu qərar o dövrün şərtlərində alınıb. O dövrün şərtlərini bilmirik, o hadisənin içində olmamışq ki, məsələnin arxa planını və fəlsəfəsini görə bilək”. Davam eləməsəydi, arxası gəlməsəydi, məsələyə bu cür yanaşardım... Ancaq bu məsələni təsdiq edən bəyanatlar verdilər... Belə halda, cəmiyyətin vicdanı qarşısında daha mənim deyəsi sözüm yoxdur.
- Əksinə olsaydı, bilirsiniz, necə baxardım bu məsələyə? Hüdeybiyə sülhü kimi... Deyərdim ki: “Bir problem çıxarmamaq üçün, məsələni tamamilə çıxılmaz vəziyyətə gətirməmək üçün, səlahiyyəti itirməmək və uzaqlaşdırılmamaq üçün müvəqqəti edilən bir güzəştdir. Verilən qərarı icra etməməklə qərar qüvvədən düşüb”. Bu gözlə baxar, hüsnü-zənnlə abı-havanı yumşaldar və ictimaiyyətə də bu cür çatdırmağa çalışardım. İndi isə, deyilən sözlər, görülən işlər... Şəxsən qol-qanadım qırıldı, qol-qanadım qırıldığı kimi, dilimə də qıfıl vuruldu. O vaxt belə dedilər, arxasınca təkidlə işin üstündə durdular; “Atdığınız imzalara əməl edin!”, filan dedilər... Əgər bunlar qeyri-ixtiyari, səhvən, kiminsə təhriki ilə söylənən sözlər deyilsə... Bu, onun-bunun deyil, mənim qol-qanadımı qırdı... Hüsnü-zənn bəsləməyə mane olur.
- Bütün bunlara baxmayaraq mən yenə düşünürəm ki: “Görəsən, bu məsələni belə, hansı bir hüsnü-zənlə izah edə bilərəm?” Bu ana qədər hələ ki bir şey tapa bilməmişəm.
- Bu işlərlə məşğul olarkən əsl görüləsi işlər ikinci plana keçəcək. Məsələn ümumilikdə orta məktəblərdə oxuyan şagirdlərin 35%-i spirtli içki qəbul edir. Bu təhlükə 7-8-ci sinif şagirdləri səviyyəsinə qədər enib. Məktəblilərin 30%-i siqaret çəkir, 15-20%-i narkotik vasitələrə aludə olub. Və bu təhlükə getdikcə yayılır. Türkiyənin əsas problem budur – gələcək nəslin siqaret çəkən, içki içən, narkotikdən istifadə edən nəsillər olması. Bizim bunlarla mübarizə apardığımız həngamda, metastaz olmağa meyilli xərçəng xəstəliyi kimi gələcək nəsillər üçün bu cür ciddi təhlükə dura-dura, çox üzr istəyirəm, belə xırda-xuruş məsələlərlə məşğul olmaq bir növ mühümmə ilişib onlarca əhəmmi görməzlikdən gəlməyə bənzəyir. Düzü bunu anlamaqda çətinlik çəkirəm.
- Necə ki hüsnü-zənn əsasdır, eləcə də sui-zənnə imkan verməmək lazımdır. O möminlər də özləri haqqında sui-zənnə səbəb olacaq şeylərdən uzaq durmalıdırlar. Gördükləri tədbirlər ağlayatan olmalı, Quran məntiqi ilə üst-üstə düşməlidir. Əsasən biz də bu yanlışlıqlara münasibət bildirərkən nə sui-zənn etməli, nə də haqqımızda sui-zənn edilməsinə zəmin hazırlamalıyıq. Elə buna görə də tədbirli və təmkinli olmalıyıq.
- Bəzi dostlarımız bizi süküta çağırır. Halbuki o bəzi dostlarımıza desəniz ki: “Bu məsələdə siz də bir susun!” Görün onda nə deyirlər: “Haqsızlıq qarşısında susan dilsiz şeytandır”. Bunu bizə Uca Peyğəmbərimiz buyurur.
- Keçən söhbətdə də deyildiyi kimi, siz təhsil ocaqları açmaq, toplumunuza xidmət etmək və milli-mənəvi dəyərlərimizi dünyada yaymaq kimi fəaliyyətlərinizi ağılın, məntiqin və mühakimənin bir tələbi olaraq Kitab və Sünnə ilə yoxladıqdan sonra bu məsələləri yanlış görürsünüzsə, o yolda getmək Haqqa qarşı hörmətsizlikdir. Lakin Kitab, Sünnə, İcmayi-ümmət, Qiyası-Füqəha və zamanın təfsiri ilə üst-üstə düşən bir yolu tutmusunuzsa, demək, haqq yoldasınız. Filankəs-bəhmənkəs yolunuzu kəsir, müxətlif vasitələrlə əngəl olur deyə bu haqq yoldan dönsəniz, Haqqa qarşı hörmətsizlik etmiş olarsınız. Dolayısilə, Allaha, Kitaba, Sünnəyə qarşı da hörmətsizlik edərsiniz. Gördüyünüz işlərdə Allahın sevmədiyi, Peyğəmbərin qabul etmədiyi\etməyəcəyi və milli-mənəvi dəyərlərimizə zidd olan nədir? Universitetə hazırlıq kurslarınızda yoxsa narkotik vasitələrdə, siqaretdən, spirtli içkilərdən istifadə olunur? Yoxsa bəhimiliklə məşğuldurlar? Əgər bunlar olsaydı, mən də: “Qapılarına qıfıl vurun, çəkilin, siz yaxşılıq yerinə pislik edirsiniz!” deyərdim. Əgər bütün bu sadalanan hallar yoxdursa və öz dəyərlərimizə yönəlmisinizsə, haqq yoldasınız və bu yoldan dönmək nahaq bir iş olar. O halda belə bir məsələni müdafiə etmək yerinə susmaq dilsiz şeytanlıqdır.
- Qüvvət haqda olmalıdır, haqq qüvətdə yox. Qüvvət haqqa tabe olmalıdır. Qüvvətin ən əhəmiyyətli tərəfi haqqı təmsil etməkdir. “Qüvvət məndədir!” deyə “mən istədiyimi edərəm” düşüncəsi insanı çox vaxt haqsız şeylərə sövq edə bilər.
Bu bölüm ilk olarak www.herkul.org'da yayınlandı.
- tarixində yaradılmışdır.