Fəthullah Gülən tərəfindən yazılmışdır. "Herkül nəğmə" göndərildi
395-ci nəğmə: “Möminin həqiqətə münasibəti”
Yeri gələndə “Mən” deyib özünü ortaya qoymaq insanın fitrətində var, yəni Allah insanı bu cür fitrətlə yaradıb. Ona bir tərəfdən iradə, şüur, hiss, qəlb, digər tərəfdən də şəhvət, kin, nifrət kimi duyğular bəxş edib.
İnsanın mahiyyətində var olan “mənəm-mənəmlik”, şəhvət, qəzəb, inad və hərislik kimi hislər təlim-tərbiyə ilə əbədi həqiqətlərə və üxrəviliyə yönəldilsə, hər biri yüksək fəzilətə çevrilə bilər. Bu duyğularına hakim olmağı bacaranlar nəfsə və şeytana köləlik zillətindən qurtular. Elə din də mahiyyətimizdə mövcud olan xeyirə meyilli toxumları cücərdib böyütmək, şərə meyilli pis çəyirdəklərin zoğ atmasına imkan verməmək üçün nazil olmuşdur. Həmçinin din ona görə gəlib ki, insan mahiyyətində var olan şər meyillərin qarşısını almaqla pis xüsusiyyətlərin boy atıb xarakterinə çevrilməsinə mane olsun və yaxşı cəhətlərini inkişaf etdirib həqiqi insanlıq zirvəsinə ucalaraq Cənnətə layiq məqama yüksəlsin.
Ənaniyət “mən” mənasına gələn “ənə” sözündən törəmişdir. Ənəni nəfs mənasında da işlədənlər olub ki, bu da bir mənada insanın həqiqi kimliyi, həqiqəti, bundan da əhəmiyyətlisi öz mahiyyəti də daxil olmaqla bir çox həqiqəti ölçüb-biçməsində mühüm amil (vahidi-qiyasi), tənahi içində Namütənahiyə baxan doğru sözlü bir şahid və açılmaz görünən mənəvi qapıların sehrli açarıdır. Allah bu açardan istifadə edə bilənlərə varlıq, əşya və əsrarı-üluhiyyətə aid elə dərin sirlər açar ki, “ənə” (mən və eqo da deyə bilərsiniz) bu sayədə onun ən nurani bir dərinliyi halına gələr və “Kənzi-Məxfi”-nin (Gizli xəzinənin) fəsih lisanı olar. Onu bilməyən və mahiyyətindən xəbərdar olmayanlara gəlincə, onlar üçün “ənə” elə bir qəyya və elə bir girdabdır ki, indiyə qədər neçə-neçə igidləri udub, necə güclüləri yerə sərib, nə xanlar devirmiş nə xanümanları yerlə bir etmişdir. Yüksələnlər “ənə”nin əcz və fəqr qanadları ilə yüksəlmiş, ilişib yolda qalanlar da təkəbbürün, qürurunun və iddialarının qurbanı olmuşlar.
İnsan mahiyyətinə xas duyğulardan biri də şəhvətdir. O, insanın məşru yollarla istəyini təmin etməsi və nəslin çoxalması üçün verilib. Buna görə də bir tərəfdən ona düşkünlükdən, yəni ifratdan, digər tərəfdən isə təcərrüd (evlənməmək, subay qalmaq)etməkdən, yəni təfritdən çəkinərək orta yolu tutmaq lazımdır ki, o da halal çərçivədəki zövqlərlə kifayətlənib haram istəklərdən uzaqlaşmaqla mümkündür.
İnsanda mövcud olan şər duyğulardan biri də inadkarlıq hissidir. Çox vaxt boş bir inadkarlıq ucbatından insanlar bir-birinə düşmən kəsilir, aralarında böyük mübahisə və münaqişələr baş verir, hətta bir-birini öldürürlər. Halbuki, inadkarlıq hissini iradəsi ilə cilovlayan insan heç vaxt haqq və həqiqətdən ayrılmaz. Belə bir adamın yolunu nə tamahkarlıq hissi, nə məqam və mənsəb hərisliyi, nə şan-şöhrət düşkünlüyü, nə də rahatlıq arzusu kəsə bilər. O, iradəsini ortaya qoyaraq haqq yolundan qətiyyən ayrılmaz. Beləcə zərərli hiss sayılan və nəfsin bir parçası olan inad duyğusu o insanda haqda səbat göstərmək və həqiqətə təslim olmaq şəklində özünü hiss etdirər. Beləliklə, şeytani hiss sayılan inadkarlıq duyğusu xeyirə yönəlib insanın mələki tərəfinə keçmiş və onun mənən kamilləşməsinə xidmət etmiş olur.
Musab ibn Ümeyr həzrətləri (radiyallahu anh) Uhudda Allah Rəsulunun (sallallahu aleyhi vəsəlləm) önündə qılınc çalırdı. Bir qolu qopanda o biri qolunu uzadır, onu da itirəndə “bircə başım qaldı” deyib kin-nifrətlə qalxan qılıncların ağzına başını uzadır. Ondakı inad çirkin bir xüsusiyyət deyil, haqda səbat idi.
Peyğəmbərimiz (s.ə.s.) hər məsələdə səhabələri ilə məşvərət edərək onların düşüncə və fikirlərini alır, planladığı hər işi xalqın rəyinə verir və onun hissiyyat, duyğu və təmayüllərini təməl sütun kimi istifadə edərək qərar verdiyi işlərə müqavimət baxımından ayrı bir güc qazandırırdı. Yəni planlanan işlərə hər kəsin ruh və fikirlə iştirakını təmin edərək lahiyələrini ən möhkəm təməllər üzərində həyata keçirirdi. Hətta, əshabının görüş və fikirlərinə daha çox əhəmiyyət verərək, onlara görə hərəkət etdiyi də az olmayıb. Məsələn, Uhud döyüşündən əvvəl Allah Rəsulu (əleyhissaltü vəssələm) əshabı ilə məşvərət etmişdi. Özü Mədinədə qalıb müdafiə döyüşü aparmağın tərəfdarı idi, lakin məşvərətdə Mədinədən kənara çıxıb meydan müharibəsinə girmək qərarı verildi. Nəbilər Sərvəri bu qərara uyğun olaraq Uhuda getdi. Seyid Kutubun verdiyi mükəmməl şərh bu məqamda yerinə düşür: “Allah Rəsulu 70 nəfərin şəhid ediləcəyini deyil, Mədinədə daş-daş üstə qalmayacağını bilsəydi belə, yenə də məşvərətə əməl etmək üçün Uhud döyüşünə gedəcəkdi”.
Rəsuli-Əkrəm Peyğəmbərimiz (sallallahu aleyhi vəsəlləm) Hudeybiyyənin ağır şərtlərini izzət-nəfsinə toxunsa da, qəbul etdi. Bu geri addım atmaq demək deyildi. Məsələnin həllində qarşı tərəfin hislərini də nəzərə almaqdı. Üzaqgörənlik edib gələcək naminə düzgün mühakimə aparmaqdı... inadkarlıq etməməkdi, qürura qapılmamaq, qırıb dağıtmamaq və problemləri gələcəyə saxlamamaqdı.
Həzrəti Ömər "əl-vəqqaf indəl-haqq" ünvanı ilə anılmışdır. Bu təbir "həmişə düzgünlüyün tərəfində olan, haqq və ədalətdən ayrılmayan, özünə zidd olsa da, haqqa mütləq boyun əyən, Kitabullahın hökmünə qəlbən razı olan və haqq qarşısında qəzəbini cilovlamağı bacaran insan" deməkdir. Həzrəti Ömər hislərinə o qədər hakim insandır ki, yumruğunu qaldırıb düşmənin gözünə vurduğu anda belə haqq xatirinə qəzəbini boğub qollarını yavaşca aşağı salmağı bacarır. O, Məscidi-Nəbəvinin genişlədilməsi də daxil olmaqla, heç bir işi şəxsi qərarı ilə görməmiş, demək olar ki, hər bir məsələdə möminlərlə məsləhətləşmiş, Quran, Sünnə və İcmaya zidd bir qərarla qarşılaşanda da dərhal öz fikrindən əl çəkməyi bacarmışdır. Budur səmimi möminlərin və əhli-təqvanın yolu!
Həzrəti Ömər (r.a.) nikah ərəfəsində müəyyənləşdirilən mehr miqdarına məhdudiyyət qoymaq istəyirdi. (Bu, Ömərə xas bir yanılma olub bizim üçün yanılma da sayılmaz. Çünki bu məsələ ailə qurmağı asanlaşdırmaqda əhəmiyyətli olduğundan ağlı başında olan hər idarəçi bu barədə düşünmüşdür. O, bu fikrini mehir miqdarının evliliyə mane olmaması üçün irəli sürmüşdü. Bir xütbədə qərarını açıqlayan Hz. Ömər (r.a.) adını belə bilmədiyimiz bir qadından bu sözləri eşidir: “Ya Ömər! Bu mövzuda Peyğəmbərimizdən eşitdiyin bir bəyan, sənin bilib bizim bilmədiyimiz bir sözmü var? Çünki Cənabi-Allah Quranda “Və ətəytüm ihdəhünnə qintaran...” (“Nisa” surəsi, 4/20) buyurur. Demək ki, qəntər-qəntər (1 qəntər = 1200 dinar istənilən qədər) mehr vermək olar”. Həzrəti Ömər qadının etirazını haqlı görür, öz-özünə “Yaşlı bir qadın qədər də dinini bilmirsən” deyərək fikrindən daşınır və haqqa boyun əyir.
Sizin kimi, ömrünü Qurana, imana, milli məfkurəmizə və uca qayəyə həsr etmiş insanlar, irəli addım atdıqları kimi, yeri gələndə öz səhvlərindən geri addım atmaqdan da çəkinməməlidir. Xətalardan dönmək üçün geri atılan addım irəli atılan addımdan on qat fəzilətlidir. Uca Peyğəmbərimizin, Rəşid xəlifələrin həyatı göz qabağındadır... Allah xətrinə, bəs bizə deməzlər ki, “Siz kimin ümmətisiniz, kimi təmsil edir, nəyin arxasınca gedirsiniz!?”