Göz yaşları
Haqq rəhmətinin insan gözündə damlalara dönməsidir göz yaşları.
Dilin, duyğunun və könlün əl-ələ, üz-üzə birləşdiyi, iç-içə girdiyi anın çiçəklənməsi üzərində jalədir göz yaşları...
Cənnət hurilərinin qulaqlarındakı sırğalar, göz damlalarının yanında torpaq qədər dəyərsiz qalır..!
Heybət, qorxu, hörmət və sevgi kimi insanı təsirləndirən, könlünü alovlandıran və ürəkdən səfil arzuları sıyırıb atan, ülvi hisslərin ruhu tamamilə sardığı anın bəyanıdır göz yaşları..
Bulud-bulud yüksəlib, Haqq rəhmətinin ətəklərində dodaq gəzdirən, bu fani aləmin əbədiyyətə məzhər firuzələridir göz yaşları...
Bu yalan ölkəsində, belə pərvazlanmalarla ərşə yüksəlib, nazlı- nazlı lahut aləminin qapısını döymək başqa axı hansı faniyə müyəssər olmuşdur..?
Əsərində sirlərini izləmək, tapdıqca axtarışa həvəslənmək və Yunusun dili ilə: "Dəryada mahi (balıq) ilə səhrada ahu ilə (ceyranla)" Onu "anmaq", inləmək... Hər yerdə Onu sormaq və sonra çözülən hər düyün qarşısında buz kimi ərimək... Sel olub çağlamaq, başını daşdan-daşa vurub ağlamaq... Eynilə Yunus kimi, Cəlaləddin Rumi kimi, dövrün "Böyük Dərdli"si kimi yanmaq, qovrulmaq... Hansı səadət bundan daha şirin, hansı həzz bundan daha səmimi ola bilər?
Ananın ağlaması səmimidir; riyasız, saf və durudur. Onun hər iniltisində minlərlə neyin fəryadı gizlidir. Bala da ağlar. Həm də dünyaya gələr-gəlməz Ağ günə çıxacağına, səadətə qovuşacağına, yaxud başına gələcəklərə, unudulacağına, bəlkə də, atalarının günahına və cəmiyyətin korluğuna...
Ağ alınlı, ağ duvaqlı gəlinə ananın ən qiymətli hədiyyəsi ayrılıq göz yaşlarıdır. Gəlin qız həyatının sonuna qədər o çox saf, inci kimi göz yaşlarını unuda bilməz. Onları unutduğu gün ananı da unudar, atanı da...
Bir düşünün, gözü dolu bulud ana üzərimizə ağlamasa, necə olar halımız? Və ya o da dənizlər kimi xəsis olsa idi; günəş vurmadan incəlməsə, buxarlanmasa və göylərə uçmasa idi! Amma o elə deyil? Yaz deməz, qış deməz, bahar deməz, payız deməz daim ağlar...
Nəbinin dili ilə Haqq-Təala, millət şərəfini, vətən namusunu qoruyan gözə bərabər tutar ağlayan gözü. "Ağlamayan gözdən Sənə sığınıram", -deməmişdimi..? Eynilə şeytanın hiylələrindən, xəsis duyğulardan Allaha sığındığı kimi...
Vəlilərin,övliyaların nəzərində göz yaşları Cənnət bulaqlarından daha qiymətlidir. Çünki o damlalar "tamu"nu (cəhənnəmi, onun atəşini) söndürəcək bir iksir sayılır Rəhməti Sonsuzun qatında...
Haqqın o saf nəbisi Adəm (ə.s.) səadət badəsini göz yaşları ilə doldurub içmədimi?..
Dərdli Nəbi, Tufan Peyğəmbəri (ə.s.) o qətrələrlə aləmi selə vermədimi? Yaradılış sirlərinə ilk toxunan Allahın Xəlili (Hz. İbrahim) (ə.s.): "Hasbi, Hasbi" deyərək göz yaşları ilə atəşi "bərdu-salam"a (sərin və təhlükəsiz)çevirmədimi?
O çox incələrdən incə, Haqq əsrarının (sirlər) mərkəzləşdiyi, Faraklit (Əfəndimizin təhrif olunmamış İncildəki ismi, mənası “haqqı batildən ayıran) müjdəçisi Ruhullahın (Hz. İsa (ə.s.)) işi həmişə ağlamaq deyildimi?
Həzrəti Davudun (ə.s.) göz yaşı ilə dolu fəryadı idi ki, insanın daxili aləminin ən dərin bucağında lahuti ahəng və sızıltının adı olan Zəburu tilavət edərkən (oxuyarkən), ən incə könül telləri üzərində yüzlərlə mizrabın ahı eşidilirdi...
Və son dayanacaqda, ən doğru yolun başında, böyük müəmmanın Kəşşafı, yaradılışın özü əziz Ruh, kor düyün kimi bu sirri göz yaşları ilə açmadımı? Ta ana qucağında min bir niyaz ilə: "Ümmətim, Ümmətim..." dediyi andan, basu-badəl mövtə (öldükdən sonra dirilmə) və onun fövqünə qədər həmişə eyni şey üçün inləmədimi?
Şair İqbal, bir ali məclisdə, ruhların hüzurunda Nəbilər Sultanına: "Ən mötəbər hədiyyə" deyə bir bardaq şəhid qanı təqdim etmişdi. Mən o səmavi ali məclisə çağrılsa idim, günahına ağlayanların göz yaşlarını aparardım.
"Ağla ey gözlərim, gülməzəm ayrı,
Dost elinə varub, gəlməzəm ayrı."
Qovuşmaq üçün ağlamaq və qovuşmuş olmaq üçün ağlamaq...
Bu, bir yetimin, bir ümidsizin ağlaması deyil... Bu ağlama,bu inilti bütün-bütün bilməməkdən, özə, əslə, əsasa vara bilməməkdən və ya vüsalın sevincindən, hüzurun heybətindən doğulan bir yanğıdır. Nəticədə rəhmətin təbəssümü olduğu üçün də şirindir. Və yenə də bu ağlama-sızlama, tapıb bildiyini tapdırma və bildirmə yolunda olduğu üçün də hüsransızdır (zərərsizdir).
"Sular kimi çağlasan, Eyyub kimi ağlasan,
Ciyərgahı dağlasan, əhvalını sormazmı?" (Anonim)
Anadolu insanı bu mənada ağladı. Qurduğu mədəniyyətin palçığını bu göz yaşları ilə yoğurdu.
Göz yaşları ruh incəliyinin şahidləridir. İncə insan, üzünü göz yaşları ilə yuyan insandır. İçi sızlamayanlar, kirpiyi islanmayanlar kəm taleli qafillərdir. Bu incəlik bir həvari incəliyi də deyil. Şücaət və cəsarət göstəriləcəyi yerdə, o birdən-birə tunclaşar, poladlaşar; aşılmaz və bükülməz hala gələr. Budur, ən böyük dövlət xadimi Ömər, Peyğəmbər halqasında ən böyük dövlət xadimi.. şiddəti, qəzəbi və nifrəti ilə birlikdə, bir qəlbisınığın yanında, bir "üzü yerdə olanın" qarşısında uşaq kimi hıçqıra-hıçqıra ağlayır və ətrafını da ağladırdı.
O mənzumədə hələ nə qədər insan var ki, hayqırtısı aslanın canına vəlvələ salmış, meşəni titrətmiş, döyüş meydanlarında bir nərə ilə min xaniman yerlə-yeksan etmişdir. Lakin Haqqın hüzurunda, özünü hesaba çəkərkən o qədər incə bir hala bürünmüşdür ki, ancaq Cənnət huriləri bu incəlikdən xəbərdar ola bilirdi.
Uzun illərdən bəri nə qədər həsrət qaldıq göz yaşlarına..! Onu, bu vətənin daşından, torpağından, evindən, məbədindən soruşmaq lazımdır. Soruşmaq lazımdır bu dağlardan, daşlardan və üzərində uçan quşlardan... Və bütün tarixdən soruşmaq lazımdır, bağrına neçə damla göz yaşı düşdüyünü… Sonra məbədlərdəki sütunlara, geniş qübbələrə və ətrafdakı divarlara da nə zamandan bəri hıçqırığa həsrət olduqlarını sual etməli… Səccadələrdən də soruşmaq lazımdır neçə dəfə göz yaşları ilə islandıqlarını. Bu qədər daxili aləminə biganə, bu qədər könülə,qəlbə yad,laqeyd ikinci bir dövr göstərilə bilərmi...?
İndi sizlər,ey tarix boyunca ağlamağı unudanlar! Qəmsizlər, dərdsizlər və öz ağlamalı hallarına gülənlər! Gəlin, bu çıxılmaz yolun başında dayanıb əsrlik qəmsizliyimizə, dərdsizliyimizə son qoyub birlikdə ağlayaq! Cəhalətimizə ağlayaq! İtirdiklərimizdən bixəbər olduğumuza ağlayaq! Qüsurdan heykəl olmuş mahiyyətimizə, duyğularımızın ölməsinə və qafilləşən könlümüzə ağlayaq! Bu vəziyyətdə öləcəyimizə, öldüyümüz kimi diriləcəyimizə, boyunduruqlu və əli-qolu bağlı halda böyük imtahanda, ən böyük mərasimdə qrup-qrup keçəcək tarixin şanlı insanları arasında yer tapa bilməyəcəyimizə ağlayaq! Budaqdan qopan bir yarpaq kimi,yalqız enişimizə, ayaqlar altında əzilməyimizə, rəhmətdən məhrum qalmağımıza ağlayaq..!
Göylərə doğru göyərçinlər kimi qanad çırpaq və çox yüksəklərdə elə bir "ah" çəkək ki, səsimiz göz yaşlarından meydana gələn buludları hərəkətə gətirsin. Sonra od-alovumuzu söndürəcək o damlalar yağışlar kimi başımızdan aşağıya ensin və ərşə dirənən alovumuzu söndürsün! Kin və nifrət alovunu.. bütün dünya və axirət odunu...
Allahım! Səndən diləyir və istəyirik: Gözlərimizə yaş ver və bizi ağlat! Mərhəmətin üçün, Səndən uzaq olma həsrətini duya bilməməyimizə görə ağlat! Könlün çat-çat olmasına, əğyar atəşinə yanmasına elə ağlat ki, sinələr kabab olsun; ondan bir-bir fəryad çıxsın, mələyi və fələyi vəlvələyə salsın!!!
Məni də ağlat; gecə kimi qaranlıq ruhuma şəfqət et və ağlat! Ağlamalarıma belə ağlamağım lazım olduğu üçün ağlat! Bükülmüş bu qəddimə, solğun rəngimə, burulmuş boynuma və sınıq qəlbimə mərhəmət et və ağlat! Bu ən sakit anda, sızıltılara cavab verdiyin dəqiqələrdə qapqara könülümlə deyil, Səndən başqasına səcdə etməyən başımla Sənə dönür, titrəyən dodaqlarımla ağlatmağını diləyirəm.
Əfsuslar olsun ki: "Mərhəmət, mərhəmət",- deyəcəyim an bir pərdə kimi günahlarım qarşıma çıxır və içimdə qalaq-qalaq ümüdsüzlük meydana gətirir. Allahım! Mənim uzaqlığıma görə deyil, Sənin yaxınlığın hörmətinə ürəyimə riqqət ver və elə ağlat ki, özümü itirim, yolunda ar və şərəfdən keçim, ta ki: "Bu dəlidir",- desinlər...
"Gedib boynumda zəncir ilə o Rövzəyi-Paka o qədər ağlayım ki, görənlər məni divanə sansın." Bəlkə, düşən damlalardan biri eşqinə düşmüş olar; o damla mənim üçün ümmanlara bərabərdir. Şəhid qanı qədər əziz göz yaşları içində nəfəsim kəsilərkən varlıq sirrini mənə hiss etdir! Bu qərarsız könlümü doyur! Utancımdan üzümü gizlətməyə çalışım. Həbibinə görünmək istəməyim. Uca Rəhbərimdən qaçım. Sonra bir ali divan qurulsun. Mən zülfləri dağınıq, hıçqırıqları boğazında düyünlənmiş, üzüqara insanların getmədiyi o divana çağrılım, "Lə tüəxiznə" qalxanı ilə hüzura qovuşum. Kirlərimə göz yumub: "Bu da bizdəndir", - desinlər; dilənçiyə bir mülk bağışlasınlar! Çöl yolçusunu sevindirib bir bulud və bir mehlə imdadıma yetişsinlər! Sevincimdən orada bükülüb qalım! Göz yaşlarım içində boğulum...!
Sızıntı, Sentyabr 1979
- tarixində yaradılmışdır.