Hüzur topluluğu
Hüzur, hər məhfildə haqqında söz açılan və əsla vəslinə yetmək mümkün olmayan əlçatmaz bir məhbub oldu. Əsasən, bu dərd meyxanasında daim hüzursuzluqdan şikayət edilmiş və hüzura həsrət nəğmələr söylənilmişdir. Lakin hər dövrdə meydana gələn yeni hüzursuzluqlar bir əvvəlki dövrün həsrətini çəkdirmiş və " Xəyalı cahana dəyər" dedirtmişdir...
Hüzur və hüzursuzluq indiyə qədər tarixin "gərgin" çöhrəsində gecə-gündüz dövranı kimi dövr etmiş, heç cür izafi cizgidən aydınlıq və qətilik qazana bilməmişdir. Necə qazansın, bura həqiqi hüzur və hüzursuzluğun yeri deyil, ancaq yoludur. İlk İlahi hədiyyələri dəyərləndirənlər və istedad şamlarını alovlandıranlar, iradənin haqqını vermiş nura və hüzura vasil olmuşlar. Könül və vicdanlarında aydınlıq və hüzura... Yaradılışın sirrini qavraya bilməyənlər mələkələrini şər naminə inkişaf etdirənlər və səfil arzularına zəbun olanlar isə zülmətə, amma mütləq zülmətə və hüzursuzluğa düçar olmuşlar.
Mütləq hüzursuzluq inananlar və həqiqət yolunda olanlara aid deyil. Onlar hər hüzursuzluq və narahatçılığın arxasında belə bir ümid və əmin-amanlıq bəşarəti alar və hadisələri gülərüzlə qarşılarlar.
İman və ümid hüzurun ilk şərtidir. Vicdani ucalığa nail ola bilməmiş, orada öz Cənnətini qura bilməmişlərin hüzurla dolması qeyri-mümkün olduğu kimi, gələcəyi ümidlə gözləyən və xoşbəxt gələcəyin həzzi ilə könlündə Cənnətlər quranların da hüzursuz olması mümkün deyildir.
Beləliklə, millət olaraq bütün çırpınışlarımız, cəhdlərimiz insanımızı belə bir hüzur topluluğu halına gətirmə istiqamətində olmalıdır. Xəsis və səfil duyğulardan arınmış, uca aləmlərə doğru pərvazlanan bir hüzur topluluğu... Asudə vicdanlı fərdləri ilə, əmin-amanlıq və səadət qəmzəsi satan ailələri ilə; sülh və sabitlik vəd edən milləti ilə bir hüzur topluluğu...
Bəli, hüzur əvvəla fərddə başlar, ailədə kiçik bir ictimai bütünlüyə qovuşar və nəhayət, cəmiyyətin bütün təbəqələrinə hökm edəcək səviyyəyə gələr.
Elə isə, yaxşının, gözəlin, ümid və əmin-amanlığın gəlməsini düşünərkən də, işə fərdlə başlama məcburiyyətində olduğumuzu qətiyyən unutmamalıyıq. Çünki ailəni meydana gətirən o olduğu kimi, cəmiyyətin əsası və bir parçası da odur. Parçaları günahlardan təşkil olunmuş bir topluluq heç bir xeyir, heç bir bərəkət, heç bir ümid və səadət vəd etmir. Hər xeyir və səadət, əmin-amanlıq və hüzur mənlik və şəxsiyyətin sirlərini qavramış, zehni və ruhi dərinliyə varmış fərdlərin ətrafında halələnir. Eyni zamanda belə sağlam bir əsas halına gələn fərd, yaxşı bir ailə parçası və mükəmməl bir vətəndaş olma mahiyyətini də qazanmışdır.
Belə uca qamətli fərdlərdən təşəkkül etmiş ailələrin qurduqları yuvalar Cənnət guşələrini xatırladar. Bu səadət dolu yuvalarda ana-ata və övlad olma dünyaya gəlməklə başlamadığı kimi, ölümlə də bitməz. İlahi aləmlər və ondan da o tərəfi bu bitməyən oyun üçün işıqlarla bəzədilmiş, ən ürəkaçan rənglərlə bəzədilmiş rəng və səs harmoniyası şəklində onlar üçün hər an yeni səhnələr hazırlayır. Buna görə də, zaman o sağlam təməli aşındıra bilmədiyi kimi, onları bir-birinə möhkəm bağlayan hörmət və şəfqəti solduramayacaqdır. O xaneyi- "əbəd-müddət" sürüb gedəcəkdir. Son dərəcədə ahəngli və rəsanətli (sağlam, möhkəm, davamlı) olan bu yuva gələcək vəd edən bir millətin də təməl əsasıdır. Millət bu əsasın fəzilət və nəzahəti ilə (paklığı) varlığını davam etdirər və dərinləşər. Bu qaydadan kənara çıxanda da, bütün həyatiliyini itirər. Ailədə var olmayan millət, millət olma mahiyyətini də itirmişdir. Hər yönü ilə sevgi, hörmət, həmrəylik və yardımlaşma millətin varlığına ailədən əks edər və belə bir millət millətlərarası müvazinətin, dünya da sülh və əmin-amanlığın şahid və nəzarətçisi səviyyəsinə yüksələr, əşya və hadisələrə hökm etmə səviyyəsinə çatar.
Bu topluma aid bünövrədəki tənasüb, tərbiyədəki vəhdət və könüllərdəki başqalarının dərdləri ilə də dərdlənmə hissi parçaları elə möhkəm bir-birinə bağlar ki, bir hüceyrədəki iztirab bütün orqanizmdə dərin bir inilti meydana gətirər, parçalarda hasil olan həzz eyni zamanda, eyni üzvlərdə ləzzətlərə səbəb olar.
Belə bir toplumda təbəə (əhali, vətəndaş) dövləti və dövlət xadimlərini çiyinlərində daşıyar. Dövlət və dövlət xadimləri də təbəəsinə fəxri xidmətçilik edər; mərhəmətli bir çoban, şəfqətli bir ata kimi, səadət və həzzini güddüyü və idarə etdiyinin səadət və hüzurunda görər.
Belə bir toplumda müdir işçinin yanındadır; yeməyində, geyməyində və məşru bütün istəklərində.. bir ailənin üzvləri kimi, yediyindən yedirər, geydiyindən geydirər və taqətindən artıq iş yükləməz. İşçi isə, o da işin və işverənin yanında; sərvət və müdir düşmənliyindən uzaq, səy və cəhdin nümunəsi olma yolundadır. İşin ən gözəlini görərkən, qan-tər içində cəhd edib boğuşarkən, mənəvi aləmlərdən alqışlandığını və Haqq qatında təqdir edildiyini bilər, etdiyi hər şeyi könül razılığı ilə edər.
Belə bir toplumda bütün müəssisələri ilə maarif fəzilət duyğusunu inkişaf etdirər; sevgi və mürüvvət qapılarını açar; nəslinə, insanlığa şəfqəti və hər kəslə uzlaşmağı öyrədər. Onu mərhəmətsiz əməllərdən, səfil duyğulardan, insanlığın üzqarası olmaqdan və hər cür qabalıqdan qoruyar xüsusilə, müqəddəs məfhumlarına qarşı hörmətlə yetişdirər.
Və nəhayət, belə bir toplumda ədliyyə ədalət fəlsəfəsi ilə hökm edər, zalımın, təcavüzkarın təqibçisi, günahsızın və məzlumun himayəçisi olar.
Biz, bütünlüklə nəsillər olaraq, əsrlərdən bəri gözlənilən bu ideal toplumu axtarır və belə bir dirçəlişə səbəb olacağını zənn etdiyimiz hər çarəyə baş vururuq. Kim bilir, bu yolda hələ nə qədər çırpınacağıq.
Sızıntı, Avqust 1979
- tarixində yaradılmışdır.