Yaşamaq ehtirası

Həyata pərəstiş ruhun səfilləşməsi və insanın insani mələkələrini itirərək için-için çürüməsidir. Yaşama zövqü insanı ucaldan duyğular üzərinə çökmüş bir nəhəng, əzm və iradənin başına endirilmiş bir çəkicdir. Yaşamaq ehtirası fərdi səfilləşdirən bir mərəz və cəmiyyətin boynuna keçirilmiş bir kəmənddir. Fərd bu mərəzdən xilas olacağı, toplum da bu kəməndi boynundan atacağı ana qədər, millət məfluc (iflicli) və bəxtsiz, vətən də bir "qocalar evi"ndən ibarətdir.

Yaşama zövqü, daha doğrusu, yaşamaq üçün yaşamaq hansı milləti çənginə almışsa, onun ağlını başdan çıxarmış, azdırmış, sonra da yerlə-yeksan etmişdir. Bu "dövvaru qəddar"ın (daim dövr edən qəddar) əlinə düşüb sağ çıxan, onun iqliminə baş vurub əriyib getməyən az qala yox kimidir.

Bəli, bu gün yalnız tarixin səhifələrində görə bildiyimiz qədim qövm və millətlər, məhz bu ictimai gemoroitlə qan itirə-itirə vücudlarına qor düşmüş kimi əriyib getmiş və geridə əsəfli, hüzünlü bir röya buraxmışlar.

Buyurun, ibrət səhifələri ilə Pompey! Buyurun, qədim Misir! Buyurun, Roma! Buyurun, Əndəlüs! Nəhayət, buyurun, nəhəng Osmanlı imperiyası... Bəli, daim eyni taleyin yollarında və bir-birinə bənzər fəlakətlərlə, həm də geriyə dönməmək üzrə silinib gedən bu mədəniyyət və bu millətlər zövqün, səfanın, rahat və rəhavətin öldürücü cazibəsi ilə əvvəla bihuş olub özlərindən getdilər. Sonra da bir dağıntı yığınına döndülər.

Ah! Kaş ki, keçmişi bütün dəhşəti ilə təsəvvür edib bu dağıntı yığınını görə bilsə və bu üst- üstə yıxılışdakı ahu-nalələri eşidə bilsə idik!. Əfsuslar olsun! O bəsirət kimdə var? Hanı o ürfan..? İndiyə qədər neçə nəfər bu bir-birinin arxasınca gələn dərslərdən ibrət aldı..?

Tarixi təkərrürlər (təkrarlar) bir-birini təqib etdi. Səfahət və mənəvi-ruhi tənəzzül daim yeni fəlakətlər doğurdu. Və mədəniyyətlər qurmuş böyük millətlər müqavimət göstərmədən, səssiz-səmirsiz tarixə gömüldü. Əslində, başqa aqibət də qeyri-mümkündü. Çünki ruhlarına duyurulan həqiqətləri çoxdan unutmuş, çoxdan min bir dəyişikliyə məruz qalmış və özlərindən uzaqlaşmışdılar. Sonra da bir istidrac (Haqqı və həqiqi dəyəri olmadığı halda və qabiliyyətsizliyinə baxmayaraq, insanın çox nemətə məzhər olması və bu səbəblə küfr və üsyana davam etməsi ilə əzab və İlahi qəzəbin yaxınlaşması.) olaraq bol-bol nemətlərə məzhər oldular. Artıq xəyallarında daim yaşama sevdası, könüllərində rəngarəng zövq və həyatın hər nemətindən istifadə etmə həyəcanı hökm sürürdü. Bu sərxoşluq və bu hissizliklə "əbədi" yaşaya bilməzdilər və elə də oldu. Göy parça-parça üzərlərinə töküldü. Yer bütün qeyz və nifrəti ilə onların üzərinə şığıdı.

İyrənc hamamları, lüks sarayları ilə müstəhcənin (ədəbsiz, iyrənc) qoynunda can verən Pompey necə açıq bir dil, necə ibrətamiz bir mənzərədir! Kaş ki, Əndəlüsə yeni bir ruh, yeni bir məna aparanlar bu dili anlayıb, bu mənzərədən dərs ala idilər.! Bəs bu Misirin, Romanın, Əndəlüsün kirəcləşmiş, qatlaşmış çöhrəsində öz taleyini oxuma imkanı olan Osmanlı? Bəli, heç olmasa, o, sarayların divar və tavanlarına qızıl düzmədən, qu tükündən hazırlanmış döşəklərdə gəcələmədən, ipək geyimlər və bərq vuran formaları ilə “qəmzə” satmadan imtina edərək, özünü yeniləyib ataları kimi ordularının başında ölkə sərhədlərinə qayıda bilsə idi.! Əfsuslar olsun! Dönmədi... Və hökmdarın "əsgəri-humayun"dan ayrılıb saraylara qapandığı zaman, fəaliyyətsiz qalan dövlət məmurları da için-için bir-birini gəmirməyə başladı. Rahatın və rəhavətin qoynunda şam kimi əriyən dövlət adamlarının bu ağrılı-acılı halı əsgərə də sirayət edib onu da çürütdü. Artıq bir vaxtlar gülbanglara sığmayan qüdsilər ocağı, o əfsanəvi müəssisə bəzi səfil istək və arzulara məftun, gərginləşdikcə-gərginləşir və hər səfər də öz dövlətinin, öz sarayının və öz hökmdarının başına boşalırdı.

Bu, əsrlərlə Asya və Afrikaya hökm edən, Qərbi tutub yolları özünə bağlayan uca və möhtəşəm bir dövlətin çürüməsi idi ki, artıq bundan sonra o da, "əzəmətli, bəxtsiz; şanlı, talesiz" dövlətlər sırasına qarışırdı.

Ah, o nə fəciəli təxribat, o nə ümidsizcə sönüşdü!

"Xəyalımdan keçərkən indi; fikrim hərc-mərc oldu;
Səlahəddini-Əyyubilərin, Fatehlərin yurdu".
(M. Akif)

Qaranlıq və uzun illərin şahid olduğu, yığın-yığın fəlakətlər içində çırpınan və yıxıla-yıxıla yol gedən bu günün bəxtsiz nəsilləri ancaq keçmişdən ibrət götürməklə gələcəyi qura biləcəklər. Yoxsa onlar üçün də eyni aqibət qaçılmaz və müqəddərdir. Ah, kaş ki ibrət alına idi...! Əfsuslar olsun ki, hələ həyatımızın baharında ikən, bizdən əvvəlkiləri batıran eyni çirkaba, üstəlik göz görə-görə girib boğulduq və yeni dirilişin eşiyində ikən, ölümə dəvət göndərməyə başladıq. Yəni rahata, firavan həyata dalaraq, bu torpaq və bu ölkənin insanlarını tamamilə unutduq. Cənnətə aid rahat yaşayışı götürüb buraya gətirdik və bədənin həzzindən başqa heç nə düşünməyən nəfsin əsirinə döndük. Şövqlə addımladığımız qüdsilər yolundan geri dönüb, ən böyük iş və vəzifələri dünyanın aldadıcı süs və zinətinə fəda etdik. Bəli, bir dünya malı üçün Oxçular təpəsini tərk etdik...[1]

"Əfsuslar olsun! Aldandıq. Bu dünya həyatını daimi zənn etdik. O zənn səbəbi ilə də tamamilə hədər etdik. Bəli, bu güzərani-həyat bir yuxudur, bir röya kimi keçdi. Bu təməlsiz ömür də çay kimi axıb gedər." Və biz min cür paradoksla üst-üstə yaralanarkən, özümüzə aid hər şeyi itirərkən, üstəlik Bəlx hökmdarı kimi, dəbdəbəli saraylarda, möhtəşəm taxt və yumşaq döşəklərdə, sevgiliyə vüslət nəğmələri söyləməklə özümüzü aldadacaqsaq, bir gün bizə də: "Damda dəvə axtarılmaz!"[2] deyənlər çıxacaq.

Bu düşüncələrimizi, hər kəsin qənimətə tələsdiyi, hər şeyin rahat və rəhavətə fəda edildiyi bir dövrdə maddi-mənəvi həzlərini və füyuzat hisslərini unutmağa hazır olan müqəddəs nəslin nəzərinə çatdırırıq.


[1] Uhud müharibəsində Peyğəmbərimizin (s.ə.s.) oxçulara nə olur-olsun tərk etməməyi tapşırdığı məşhur təpə.

[2] Bəlx hökmdarı İbrahim ibn Ədhəm bir gün sarayında yatarkən damda səs-küy eşidir, nə olduğunu soruşanda damdakı adam itirdiyi dəvələrini axtardığını deyir. Padşah: "Damda dəvə axtararlar?" -deyə cavab verir. Onu irşad etmək üçün bu yolu seçən Haqq dostu da: "Bəs ipək döşəklərdə Allahın rizası axtarılarmı?" -deyə cavab verər. Bu sözün təsiri ilə padşah Haqqın rizası yolunda dünya səltənətini tərk edir.

Sızıntı, Dekabr 1981

Pin It
  • tarixində yaradılmışdır.
Copyright © 2024 Fəthullah Gülən Veb Saytı. Bütün hüquqları qorunur.
fgulen.com tanınmış türk alim və mütəfəkkiri Fəthullah Gülənin rəsmi saytıdır. Bu ünvan fgulen.com saytına məxsusdur.