Əsl liderə xas xüsusiyyətlər
Bir hərb dahisi bütün hərbçi məziyyətləri ilə yanaşı, həm də bir liderdir. Ona görə də bir liderə xas bütün xüsusiyyətlər hərbi liderdə də olmalıdır. Bu xüsusiyyətləri bir neçə maddədə verməyə çalışacağıq:
1. Hər bir lider ardıcıl və düzgün qərarlar verməyə qabil olmalıdır. Qərar vermək görüləcək işin əsasıdır. Ancaq qərar yerli-yerində və vaxtında verilməyə bilər. İstər gec, istərsə də vaxtından əvvəl verilmiş qərarlar heç vaxt düzgün qərar sayılmır. Ona görə də bir liderin qərarı vaxtında və düzgün verilməsi ilə fərqlənir.
Elə həyati məqamlar var ki, gərək lider o anda ani qərarlar qəbul etsin. Əsl lider məhz belə məqamlarda sıravi insanlardan fərqli olduğunu göstərir. O, iti zəkası ilə dərhal qərar verər və qərarı da düz yerinə düşər. Halbuki tələsik verilmiş əksər qərarlar düzgün olmur. Çünki düzgünlük və tələsmək bir-birinə ziddir. Bir-birinə zidd iki xüsusiyyətin, yəni dərhal və düzgün qərar vermə qabiliyyətinin bir insanda olması çətindir. Məhz bu xüsusiyyətlərə malik insanlar lider hesab olunur.
2. Hər bir lider fitri və anadangəlmə şücaət və cəsarətə malik olmalıdır. Cəsur olmayan lider ola bilməz. Lider qorxmaz, cəsur və ürəkli olmalıdır. Gün gələr, tək-tənha, köməksiz qalar, ancaq fitri cəsarəti ilə zillətdən xilas olmağı bacarar. Məfkurəsini və idealını təkbaşına yaşatmaq məcburiyyətində qalanda belə arxasında minlərlə ardıcılı varmış kimi hərəkət etməyi bacarmalıdır ki, amalına çata bilsin.
Bəli, lider əsla ölümdən qorxmamalıdır. Hər şeydən qorxub çəkinən bir insan gizlənməkdə "lider" olsa da, sövq və idarəçilikdə əsla lider ola bilməz...
3. Lider dönməz iradəyə malik olmalıdır. O, nə qərarından dönər, nə də inancından güzəştə gedər. Ümid onun sadiq dostu, ümidsizlik isə yuxusuna belə girməyən düşmənidir. O, coşğun ruha sahib olmalı və qarşısına Cəhənnəm də çıxsa, onu rahatlıqla keçməyi bacarmalıdır. Yoxsa kütlələri başqa cür öz ardınca apara bilərmi? Bəli, lider dönməz və sarsılmaz iradəyə malik insandır.
4. Lider məsuliyyətini dərk edən insandır və məsuliyyət hissi onun xarakterinin ayrılmaz bir parçasıdır. Hər kəs dağılıb getsə belə, tək-tənha qalsa belə, o, yenə də ağır məfkurə yükünü məsuliyyət hissi ilə çiyinlərinə götürüb təkbaşına aparmağa çalışar. Bəli o, özünün bu qədər məsuliyyət daşıdığına inanır. Heç bir maneə onun bu inancını, düşüncəsini zəiflədə bilməz. Məsuliyyət hissi onların xarakterinə çevrilmişdir.
5. Lider uzaqgörən olmağa və zamanın fövqündə dayanmağa məcburdur. O, illər sonra baş verəcək bütün hadisələri, keçmişin hadisələri qədər aydın sezən və bu anlayışla hökm verən insandır. Yoxsa bu gün dediklərini sabah və sabahkı hadisələr təkzib edirsə, ağlı başında olan insanların onu ciddi qəbul etməsi mümkün deyildir.
Lider irəlini görməlidir ki, verdiyi qərarlar da son və qəti olsun. Yoxsa, hadisələrin müxtəlifliyinə görə qərar vermək məcburiyyətində qalar ki, bu da ardıcılları arasında daima fikir ayrılığına səbəb olar və parçalanmalara, təfriqələrə gətirib çıxarar. Bir liderin ətrafında birləşib bir camaatı[1] meydana gətirən insanlar tez-tez dəyişən qərarlar nəticəsində camaat keyfiyyətini itirərsə, ayr-ayrı fikir və düşüncələrin təsiri ilə hərəkət edən fərdlərə çevrilər. O halda lider fərasət və bəsirətin əkiz qardaşı olmalıdır...
6. Lider ruhən əzmli, mətin olmalıdır. Onun sağlam xarakteri imkan verir ki, heç bir hadisə qarşısında halını dəyişməsin. Ən böyük uğura imza atanda belə məğlub bir insan kimi təvazökar davranar, məğlubiyyətlə üzləşəndə isə öz nəfsini hesaba çəkər.
Lider nəfsanilik "səddini" aşan və yolun başındakı sadəliyini ömrünün sonuna qədər davam etdirən bəxtiyar insandır. O, həyatını musiqi ahəngi kimi yaşayar və işə hansı pərdədə başlamışsa, həmin pərdədə də yekunlaşdırar. Hətta Mustafa İsmailin Quran tilavəti kimi, yaxşı bir lider ömrünü daha yüksək "pərdə"də başa vurar. Mərhum Mustafa İsmail Qurani-Kərimi nadir rastlanan bir üsulla oxuyurdu. Çox vaxt tilavətini başladığı pərdədə deyil, daha güclü pərdədə bitirərdi. Zənn edirəm ki, belə bir qabiliyyət az insana nəsib olur.
Şübhəsiz, bir lider bu xüsusiyyətə yiyələnmək üçün əngin təvazöyə malik olmalıdır. Ki, ilk günlərini və ilk yoldaşlarını unutmasın!
7. Lider insan sərrafıdır. O, tərəfdarlarını, məfkurə yoldaşlarını hər kəsdən yaxşı tanıyır. Kimdən harada, nə qədər və nə məqsədlə istifadə edəcəyini, kimə hansı işi tapşıracağını bilməyən və bunda müvəffəq olmayan bir insandan nəinki yaxşı bir lider, heç adi idarəçi də çıxmaz.
Lider bir işi ən yaxşı bacaran, ən yaxşı müəyyən edən və iş tapşırdığı insanları axıra qədər həmin işdə saxlaya bilən, bu qərarından dönməyə məcbur olmayan insandır. Belə bir lider bir mənada istedad və qabiliyyətlərin məhək daşıdır və səhv etmə payı da bəşər olduğunu xatırladacaq qədər azdır.
8. Lider rəiyyətinin hər fərdini sevən və onlar tərəfindən də eyni dərəcədə sevilən müstəsna insandır. O, rəiyyətini elə sevir ki, hər kəs özünü ona ən yaxın sayır. O, rəiyyətinə, rəiyyəti də ona tam etibar edir.
9. Lider heç vaxt qınaq, məzəmmət və tənqid ediləsi bir iş görməz. Elə bir əməli, işi, sözü yoxdur ki, gələcəkdə tənqidlərə tuş gəlsin. Onun dünəni bu günü qədər aydındır. Bəli, kim onun keçmişini hansı qərəzli və ya xoş niyyətlə araşdırır-araşdırsın, kiçik qüsur da tapa bilməz. Bütün dünya düşmən olsa, böhtan və yalana əl atmadıqca onun iffət və ismətinə toz qondura bilməz. O, daima doğru yolda olar.
10. Lider hərtərəfli insandır. O, hər məziyyəti ilə cəmiyyət içində seçilir. Onun xarakter dünyasında zəiflikdən əsər-əlamət yoxdur.
Dünya tarixində iz qoymuş əfsanəvi liderlər vardır. Lakin onların heç birində yuxarıda sadalanan xüsusiyyətlərin hamısını görmək mümkün deyil. Hətta bir neçəsini belə özündə cəmləyən lider sayı olduqca azdır. Makedoniyalı İsgəndər, Hannibal, Napoleon, Hitler, Fateh, Yavuz, İldırım, Cəlaləddin Xarəzmşah, Səlahəddin Əyyubi, Tariq ibn Ziyad və qırx il ruslara qarşı mübarizə aparan Şeyx Şamil kimi böyük dahi və liderlər, əlbəttə, böyük şəxsiyyətlərdir, ancaq yuxarıda verdiyimiz məziyyətlər prizmasından qiymətləndirsək, Liderlər Sərvəri Həzrət Məhəmməd Əleyhissalamın adı çəkilən yerdə onlar nə karədir ki?!
Bəli, yer üzündə bütün bu məziyyətləri ən kamil səviyyədə və qüsursuz olaraq özündə cəmləyən bircə lider və rəhbər vardır ki, o da sözsüz, Həzrət Məhəmməd Mustafadır (s.a.s.). Elədir, çünki O, Rəsulullahdır. Bütün işlərini Allahın inayəti ilə həyata keçirmişdir.
[1] Kütləni, birliyi – red.
- tarixində yaradılmışdır.