Əlçatmaz ululuq
O, hələ dünyanı şərəfləndirmədən atası vəfat etmiş, yetimliyi ta ana bətnindən başlamışdı. Başqa sözlə, ata köməyini və bu köməkdən doğan arxayınlığı heç vaxt hiss etməmişdi. Onun məfkurəsinin bir məqsədi də məhz iradəni gücləndirməkdi.
Altı yaşında da anası vəfat etmişdi. Halbuki ana qədər övlada şəfqət göstərən və ya uzun müddət öz köməyini, arxa-dayaq olduğunu hiss etdirən ikinci bir bəşər yoxdur. Uca Allah ana nəvazişini də Onun əlindən almışdı. Hadisələr Onu bərkdən-boşdan çıxarmış, iradəsini gündən-günə qüvvətləndirmişdi.
Səkkiz yaşında olanda babasını da itirmişdi. O baba ki, bütün Məkkənin və məkkəlilərin də arxası idi. Və bir ulduz kimi göylərdə qeyb olub getmişdi.
Allah (cəllə cəlaluhu) bu hadisələrlə Ona əsl arxasının Rəbbi olduğunu göstərir.. və buna kölgə salacaq hər şeyi Rəsulunun əlindən alırdı. Bəli, Onu məhz Uca Allah dəstəkləyəcək və səmavi inayəti ilə tərbiyə edib peyğəmbərliyə hazırlayacaqdı. Dayaqlarını bir-bir itirdikcə, çətinliklərlə qarşılaşdıqca, bəlkə də, Allah Rəsulu bəşər olduğundan sarsılırdı, ancaq gələcəkdə çiyinlərinə yüklənən o böyük vəzifənin öhdəsindən gəlmək üçün iradəsi qüvvətlənməliydi. O qədər güclənməliydi ki, bir gün bütün dünya ayaqları altından çəkilsə və boşluqda qalsa, zərrə qədər sarsılmasın, tərəddüd keçirməsin!.. Əgər belə bir şeyə məruz qalsaydı, heç nə olmamış kimi, yolundan dönməyəcəkdi.. Belə olmasaydı, Uhudda o qanlı çarpışmadan sonra düşməni təqib əmrini necə verəcəkdi? Onun sarsılmaz iradəsi vardı; həm özü, həm də səhabələri yaralı və yorğun olmalarına rəğmən, düşmənin arxasınca düşmüş, özü də ən öndə getmişdi...
Onun həyatının heç bir anında belə təşvişə və təlaşa rast gəlmirik. Ən cəsur səhabənin belə sağa-sola qaçışdığı ərəfədə yerindən bir addım da tərpənməmişdi. Bəli, Onda polad bir iradə vardı.
Məkkədə çəkmədiyi cəfa qalmamışdı, amma sarsılmamış, arxası, dayağı olan əmisi və xanımı dalbadal vəfat etsə də, zərrə qədər ümidsizlik və tərəddüdə düşməmişdi.
Taifdə daşlanmış, başı-gözü yarılmış halda geri dönərkən mələkdən bir təklif gəlmişdi: "Əgər Allah Rəsulu icazə versə, Cəbrail dağı taiflilərin başına yıxar". O an belə bədənini qana bulayan taiflilərə həlimlik göstərmiş, "Xeyr!" deyib mələyin təklifini qəbul etməmişdi.[1] Aman Allahım! İradənin qüvvəsinə baxın ki, bu qədər çətin vəziyyətdə belə qətiyyətindən zərrə qədər də əl çəkmir.
Bu liderlə ölümə sevə-sevə gedərsən, Onun yolunda hər şeyi fəda edərsən! Çünki insan belə bir liderlə yarı yolda qalmayacağını çox yaxşı bilir. Darda qalanda yoldaşlarını tərk etməkdən çəkinməyən, qərar və prinsiplərini rahatlıqla güzəştə gedən iradəsi kif atmış insanlar lider ola bilərmi?! Elələrinin arxasınca necə getmək olar?! Həməsrlərimizin xəyallarını puça çıxaran məhz bu cür "lider"lər deyilmi?
O, sarsılmaz məsuliyyət timsalı, canlı iradə qəhrəmanı idi. Ona nazil olan Quran dağlara ensəydi, dağlar parça-parça olardı.
O, İslamı təbliğ vəzifəsi ilə gəlmişdi. İnsanlara Allahın (cəllə cəlaluhu) adını, əmrlərini anladacaqdı. Bu, yumurta qabığı ilə okeanları boşaltmaq qədər çətin bir iş idi. Lakin Allah Rəsulu tərəddüd etmədən bu işi çiyninə götürdü.. insani məziyyətləri düzgün dəyərləndirdi və insanların könüllərində taxt qurdu.
İslamı təbliğ etmək Onun yaradılış qayəsi idi. Gözündə nə dünya vardı, nə də axirət. Cənnətlərin tamaşası, Qabi-qövseyn[2] ərməğanı belə Ona vəzifə məsuliyyətini unutdurmadı. Ulduzların səki daşı kimi ayağının altına sərildiyi səmalardan möhnət və məşəqqət dolu dünyaya qayıtdı və bizimlə birlikdə yaşadı. Çünki O, məsuliyyətini vücudunun bütün zərrələri ilə anlayan, hiss edən bir insan idi. Dərin məsuliyyət anlayışı Ona daim iztirab çəkdirirdi.
Sözü uzatmağa nə hacət! O, dünyaya gələr-gəlməz "Ümmətim, ümmətim!" deyəcək qədər məsuliyyət hissini dərindən yaşayan bir insandır. Onun məhşərdə ikiqat olması da bu məsuliyyətin bir davamıdır. Belə bir məsuliyyətə Ondan başqa kim tab gətirə bilərdi?! İlk insandan sonuncusuna qədər sanki bütün bəşərin məsuliyyəti Onun çiyinlərində idi.
Allah Rəsulu zaman və məkanın dar çərçivəsinə sığmayan düşüncə və fərasətə sahib idi. Hələ bu harasıdır? Onun baxışları əbədi aləmin yamaclarını seyr edirdi. Sağlığında dünyada dayanıb Cənnəti, Cəhənnəmi, Siratı və Məhşəri bütün təfərrüatı ilə təsvir edən O deyildimi? Onun sədaqətindən bəhs edəndə də israrla vurğuladığımız kimi, gələcəyə aid verdiyi xəbərlərin heç biri Onu yalançı çıxarmamışdı. O, nə demişsə, vaxtı və saatı gəldikcə bir-bir zühur etmişdir, bir qismi də zühur zamanını gözləyir.
Onun uzaqgörənliyini izah etmək baxımından Hüdeybiyyə sülhü çox əhəmiyyətlidir. Və zənnimcə, yuxarıda bu məsələyə təfsilatı ilə yer verə bilmişik.
[1] İbn Kəsir, "Əl-bidayə vən-nihayə", 3/137.
[2] Merac möcüzəsinin ən axırıncı və ən yüksək pilləsində Peyğəmbərimizin (s.a.s.) röyətə – Allahı görməyə, Onunla mükalimə etməyə layiq görüldüyü məqam – red.
- tarixində yaradılmışdır.