Həyatına qısa baxış
O, həmişə sürətli və düzgün qərarlar vermiş, heç bir qərarı uğursuz olmamışdı. Yuxarıda bunu əyani misallarla ətraflı izah etmişik. Ələlxüsus da, Uhud və Hüneyndə necə sürətli və düzgün qərarlar verdiyini, ordusunu mütləq məğlubiyyətdən şanlı bir zəfərə apardığını vurğulamışdıq.
Cəsarət və şücaət Onun fitrətində idi. Təkbaşına uzun, çətin və keşməkeşli bir yola çıxmaqla sanki, bütün bəşəriyyətə meydan oxumuşdu. Nə şəxslərdən, nə də qövmlərdən qorxmadan, çəkinmədən yoluna davam etmişdi. Hətta bəzən ordusu pərən-pərən olanda atını mahmızlayıb zərrə qədər qorxmadan düşmənin üstünə yerimişdi.[1]
Hətta Həzrət Əli (r.a.) kimi cəsur qəhrəman: "Biz döyüş meydanında qorxanda Allah Rəsulunun arxasına sığınar və orada özümüzü arxayın hiss edərdik", – demişdi.[2]
Rəsulullah bir gün bir ağacın altında istirahət edirdi. Cəsur bir düşmən Ona yaxınlaşdı və qılıncını qaldırdı. Elə endirəcəkdi ki, Allah Rəsulu gözlərini açdı. Bu cürətli adam Allah Rəsuluna: "İndi səni mənim əlimdən kim xilas edəcək?" – dedi. Peyğəmbərimiz isə arxayın-arxayın: "Allah!" – deyə cavab verdi. Kafir Allah Rəsulunun bu ovsunlayıcı cəsarətindən ürpərdi və qeyri-ixtiyari qılınc əlindən yerə düşdü. Bu dəfə qılıncı Allah Rəsulu götürüb eyni sualı ona verdi. Həmin adamın artıq aman diləməkdən başqa çarəsi qalmadı.[3]
Budur Allah Rəsulunun böyük cəsarəti və ağlasığmaz təslimiyyəti!
Mədinədə bir gurultu eşidilmişdi. Hər kəs həyəcan və qorxu içində küçələrə axışmış, nə baş verdiyini anlamağa çalışmışdı. Bir az sonra uzaqdan toz qalxmışdı. Toz-duman dağılınca da İki Cahan Sərvəri görünmüş,"Qorxulu bir şey yoxdur!" – deyib camaatı arxayın eləmişdi.[4]
Gurultunu birinci O eşitmiş, Əbu Talhanın (r.a.) atına atlayıb sürətlə səs gələn tərəfə getmiş, nə baş verdiyini öyrənmiş və geri qayıtmışdı. Hətta Əbu Talhanın o zorla yeriyən atı belində Allah Rəsulunu görüncə sevincindən dördnala götürülmüşdü.[5] Hər kəsin içinə vəlvələ salan bir səsin üstünə təkbaşına gedən Allah Rəsulu adi insanlardan fərqli bir xariqüladəlik nümayiş etdirməkdədir.
Mağarada Həzrət Əbu Bəkir (r.a.) Onun başına bir iş gələr deyə narahat olmuş, O da: "İki adam haqqında nə narahatsan? Halbuki onların üçüncüsü Allahdır (cəllə cəlaluhu), – deyib sadiq dostunu sakitləşdirmişdi.[6] Hicrət ərəfəsində mühasirəyə alınan evindən çıxaraq vəhşi düşmənlərin arasından keçib getməsi də bir cəsarət nümunəsidir.
Onun həmişə sarsılmaz və möhkəm bir iradəsi vardı. Bu iradənin kürəyini yerə vurmaq mümkün deyildi. Çünki Allah-Təala ilahi məşiyəti (iradəsi) ilə Rəsulunun iradəsinə qüvvət vermişdi.
[1] Buxari, "Cihad" 52; Müslim, "Cihad", 28.
[2] Əhməd ibn Hənbəl, "Əl-müsnəd", 1/86; İbn Əbi Şeybə, "Müsənnəf", 6/426, 7/354.
[3] Buxari, "Cihad" 84; "Məğazi" 31.
[4] Buxari, "Ədəb",39; Müslim, "Fədail", 48.
[5] Buxari, "Ədəb",39; Müslim, "Fədail", 48.
[6] Buxari, "Fədailül-əshab", 2; Müslim, "Fədailüs-səhabə", 1.
- tarixində yaradılmışdır.