Bu gün Allaha qul olmanın bayramıdır

Mərhum Nəcib Fazil həqiqi mömini yaxşıca sıxlaşdırılmış şəkər qəlibinə bənzədib "Mömin bir qəlibə sığışdırılmış şəkər kimidir, dəryanı dadlandıracaq gücü var" deyərdi. Bəli, sağlam inanclı və inancını hərəkət və davranışlarına hopdura bilən insan ətrafı üçün rəhmətdir: o, bir mənada ətrafında olan hər kəsə və hər şeyə dad verir. O, elə bir şəkər qəlibidir ki, duzluluq səviyyəsi yüksək bir dənizə də atsanız, onu şərbətə çevirər.

Bunun kimi Bayram da qısa olmasına baxmayaraq, həftələrin, hətta ayların varidatını, xeyrini, bərəkətini və sevincini köksündə gizlədən bir zaman kəsimidir. Bayramda Cənabi-Haqqın - əlavə olaraq - elə təvəccöh, elə sürpriz ehsanları var ki, onu başqa on gündə, bəlkə də, bir ayda, bəlkə on ayda, bəlkə, bir neçə ildə əldə etmək mümkün deyildir. Bütün xeyir və həsənələr ancaq Allah Təalanın təvəccöhü ilə dəyər qazanır; məhz belə bir ilahi təvəccöhə ən böyük vəsilələrdəndir, bayram, bir ömrə dad verəcək qədər əngin ilahi lütflərə məzhər olma zamanıdır.

Sözsüz ki, bu (məzhəriyyət), Ramazanı layiqincə dəyərləndirən, bayramda da laübalilikdən uzaq olan insanlar üçün keçərlidir. Bayramı tətil bilən, bir aylıq aclığın intiqamını alır kimi əlinə keçəni yeyən və mübarək günlərdə müvəqqəti uzaqlaşdığı haramlara təkrar girən insanların bayramın müstəsna varidatından istifadə etməsi çox çətindir. Ancaq bayramda da Ramazanda olduğu kimi, təmkinini və təyəqqüzünü (ayıq-sayıqlığını) itirməyən, imsakla iftar arası mübahlardan əl çəkdiyi kimi ömür boyu da haramlardan uzaq gəzən və qulluğu dərk edən insanlar, məhz belə insanlar bu qısa zamana çoxlu xeyir və həsənə sığışdırmağa nail (məzhər) olurlar. Onlar üçün bayram Ramazanın müstəsna varisidir, yəni Ramazanda - savab və mükafat - nə vəd edilmişsə, bayramda da həmin şeyləri tapmaq, eyni səmərəni əldə etmək mümkündür. Necə ki, Qədr bir gecəyə sığışdırılmış xeyir və həsənəni köksündə gizlədir, bayram da elədir. Ancaq Ramazan günlərini və Qədr gecəsini Allaha qürbət (yaxınlıq) vəsiləsi bilib dəyərləndirmək əsasdır, bayramda isə qürbət (yaxınlıq) ümidi. "Allahın izni ilə, o qürbəti əldə etdik; sıravi idik, müşirliyə (marşallığa) yüksəldik" məzmunlu rica əsasdır.

Bayram əsla Ramazandan çıxma, oruclu günləri geridə qoyma və rahat, sərbəst yemə-içmə sevinci deyil. O, qulluq vəzifəsini əda etmə və Cənabi-Haqqın qüfranına (əfvinə, məğfirətinə) qovuşma ümidi ilə gələn könül inşirahıdır. Biz Ramazanın və oruclu günlərin geridə qalmasının deyil, xəta və günahların ağırlığından qurtulmağın bayramını qeyd edirik. Alvar İmamının "Mövla bizi əfv edə, bayram o bayram olar / Cürmü xətalar gedə, bayram o bayram olar" misraları ümumi duyğu və düşüncəmizi çox gözəl ifadə edir. Bəli, bizim bayramımız əvvəli rəhmət, ortası məğfirət və sonu da Cəhənnəm odundan qurtuluş olan Ramazani-şərifi layiqincə dəyərləndirib atəşdən xilas olma ümidi üzərində bina etdiyimiz bir bayramdır: ilahi mərhəmətin ənginliyi və o mərhəmətdən pay alma təmənnası üzərində bina etdiyimiz bir bayram!

Səadət saraylarındakı bayramlar

Hərçənd, oruc müqabilində vəd olunanları hələ almamışıq. Allahın xüsusi təvəccöhünü “maddi qəbuledicilərimiz”lə (duyğu orqanları ilə) və dünyəvi meyarlarla təqdir etmək də mümkün deyil. "Oruc sırf Mənim üçündür; onun mükafatını da Mən verəcəyəm" bəyanı ilə vəd olunan mükafatın keyfiyyətini də tam bilmirik və hələ o mükafatı da almamışıq. Lakin Allahın vədinə inamımız tamdır: O, vəd olunanı verəcək, həm də bitib-tükənməz xəzinələrin böyüklüyü nisbətində, umduğumuzdan da çox lütf edəcək. İnanırıq ki, bizi Ramazana qovuşduran, bir ay boyunca iftar sahur arası “qulluq naxışı” hörmə imkanını bəxş edən, əlimizdən gəldiyi qədər vəzifəmizi yerinə yetirməyə güc-qüvvət verib bizi bayramla görüşdürən Rəhman və Rəhim Allah gələcəkdə də daha məsud, daha xoşbəxt günlər nəsib edəcək. Məhz bu inancla bayramı qeyd edir və əbədi səadət saraylarında bizi gözləyən əsl bayramların xəyalları ilə coşuruq.

Digər tərəfdən, bizim bayramlarımız başqa mədəniyyətlərin karnaval və şənliklərindən çox fərqlidir. Hətta Bayramlarda belə möminlərin hal və hərəkətlərində laübalilik, azğınlıq və nizamsızlıqdan əsər-əlamət olmaz. Möminlərin nizam-intizamlı hərəkətlərində, təmkinli davranışlarında, dərin baxışlarında daim Qurana vaqifliyin, Quran dinləmənin ciddiyyəti var. Onlar həmişə olduğu kimi, bayramlarda da qəlb qapılarını Allaha və Peyğəmbərə açır, hörmət, sevgi və şəfqət mehvərində insanlarla münasibət qururlar. O bərəkətli günlərin bircə anını da hədər etməməyə çalışırlar.

Bildiyim qədər, Peyğəmbərimizin (s.ə.s.) dövründə bayram günlərində tətilə çıxmırdılar. İnsanlar yenə də gündəlik işlərini görürdülər. Xütbəli bayram namazının qılındığı günü, yəni Bayramı digər günlərə nisbətən daha fərqli keçirirdilər, sonra bir-birinə təbəssüm edir, fəqir-füqəranın üzünü güldürür və dost-tanışı süfrəyə dəvət edirdilər. İndiki bayramlar bir az da bizim öz adət-ənənələrimizin rənginə boyanıb. İndi bu mübarək gün istirahət günü elan edilir. Qəbir ziyarətlərinə daha çox əhəmiyyət verilir. Qohum-əqrəba ziyarətləri, hal-əhval tutmalar bayrama bambaşqa dərinlik verir. Ana, ata və övladların münasibətləri daha da möhkəmlənir. Yetim və qocalar evlərində qonaq gözləyən və arayıb-axtaranı olmayan insanlara baş çəkirlər, onları sevindirirlər. Bununla geniş mənada silei-rəhm edirlər... Cənabi-Allahın əfv və məğfirətini qazanma ümidi əsas olmaqla yanaşı, əslində dinlə zidd olmayan, bəlkə də, kökü dindən gəlsə də, zahirən adət-ənənələrimizdən qaynaqlanan şeylər də bayrama fərqli mənalar qatır.

Xülasə

  • Bayram qısa olsa da, həftələrin, hətta ayların varidatını, xeyrini, bərəkətini və sevincini köksündə gizlədən bir zaman kəsimidir. Bayramda Cənabi-Haqqın - əlavə olaraq - elə təvəccöh, elə sürpriz ehsanları var ki, onu başqa on gündə, bəlkə də, bir ayda, bəlkə on ayda, bəlkə bir neçə ildə əldə etmək mümkün deyildir.
  • Bu (məzhəriyyət) Ramazanı layiqincə dəyərləndirmiş, bayramda da laübalilikdən uzaq duran insanlar üçün keçərlidir. Onlar üçün Ramazanda - savab və mükafat - nə vəd edilmişsə, bayramda da həmin şeylərə nail olub eyni səmərəni əldə etmək mümkündür.
  • Hətta Bayramlarda belə möminlərin hal və hərəkətlərində laübalilik, azğınlıq və nizamsızlıqdan əsər-əlamət olmaz. Möminlərin nizam-intizamlı hərəkətlərində, təmkinli davranışlarında, dərin baxışlarında daima Qurana aşinalığın, Quran dinləmənin ciddiyyəti var. Onlar həmişə olduğu kimi, bayramlarda da qəlb qapılarını Allaha və Peyğəmbərə açar, hörmət, sevgi və şəfqət mehvərində insanlarla münasibət qururlar.

Kaş Ramazan bitməyəydi

Əslində, Allahın hər günü mübarəkdir. Lakin bu mübarək günlər insanların dəyərləndirməsi sayəsində müstəsna bərəkət qazanıb zamanın altın diliminə çevrilir. Ancaq Ramazan ayı Cənabi-Haqqın müstəsna şəkildə altına (qızıla) çevirdiyi bir zaman kəsimidir. O, başdan-ayağa mərhəmət və qüfran ayıdır.

Ramazanın bütün müsəlmanlar üçün xüsusi və müstəsna yeri var. Buna görə də hər bir müsəlman Ramazanı fərqli dəyərləndirmək istəyir. Kimisi Məkkə-Mədinə kimi qüdsi məkanlara gedərək, kimisi də qaldığı yerdə daha çox ibadət edərək ona bir dərinlik qatmağa çalışır.. çalışır və niyyətinin xalisliyi nisbətində Allah Təalanın lütfünə məzhər olur.

Lap kiçik olanda keçirdiyim Ramazan günlərini yaxşı xatırlamıram. Ancaq 7-8 yaşlarında idim. Heç unuda bilmirəm, Ramazanın on doqquzuncu günü susuzluğa dözə bilmədim, başımı bir su çuxuruna soxub doyunca su içdim. İftarlar və sahurları başqa bir aləm olardı; təravihlər ona (təravihə) yenidən başlamanın sevinc və təravəti ilə coşqu ilə əda edilər və ətrafda əks-səda doğurardı. Hazırda, məncə, ruhən daha dərin, daha əngin hiss olunan o təravihlər o günlərdə müəyyən səviyyədə də olsa bir təravih nəşvəsini hiss etdirərdi. Bütün bu fərqli hislər və xüsusən iftar vaxtlarında uşaqların dama çıxıb "azan, azan" deyə haray salması ruhumda böyük izlər buraxmışdır.

İnsan bu dünyada ola-ola Ramazanda bir ay boyunca, sanki, cənnət yamaclarında səyahət edir. Hər gün cümə yamaclarına can atıb Haqq camalını seyr etmə yarışı kimi, iftar saatını gözləmə də Cənabi-Haqqın camalının seyrini gözləməyi andırır. Bir ay boyu sahura qalxmaq həşrdə dirilib qalxma duyğusunu hiss etdirir vicdanlarda. Buna görə də Ramazan bayramları bir sevinc və şadlıq günü olsa da, bütün bu hiss və sezişlər gedir deyə o günləri hüznlə keçirirəm.. və “Kaş Ramazan bitməyəydi” deyirəm.

Digər tərəfdən, Ramazan bir aylıq qısa müddət olsa da, on bir aylıq vərdişlərimizə üstün gəlir və onları unutdurur. “Zamanın ən qiymətli kəsimi mənəm” deyir və bizə on bir aydan daha çox təsir edir. Zamana tamamilə hökm edir. Onun bu əngin qiymət və dəyəri təkcə ona xas oruc və təravihlərdən irəli gəlmir. O, eyni zamanda bir Quran ayıdır, buna görə də Cənabi-Allah bizə rəhmət və bərəkəti ilə daha da yaxın olur. O, gecənin müəyyən vaxtında yer səmasına enir və "Mənə tövbə edən yoxdurmu, tövbəsini qəbul edim?! Məndən bir şey istəyən yoxdurmu, istədiyini verim?!.." deyir, deyir və Ramazanın hər gecəsində bizə - təsəvvüf ifadəsi ilə - bir qürbət yaşadır.

Bütün bunlar (hallar) vicdanımızı, lətifeyi-Rəbbaniyyəmizi, hiss və şüurumuzu bürüyür, onları həqiqi seyrə, Rəblə mülaki olmağa (görüşmək, qovuşmaq) hazırlayır.

Həftənin duası

Ey Rəbbimiz! Ey yeganə qoruyucumuz! Bizi hər an qoru və siyanət et. Ey sevdiyi qullarını tək qoymayan Mövlamız! Sən bizim üçün “lütfkar” ünvanına layiq yeganə Zatsan. Ey ən gözəl qoruyucu olan Rəbbimiz, ey cəlal və ikram Sahibi! Bu möhtac qullarını riayət və inayətinlə insi və cinni şeytanların girə bilmədiyi siyanət qalasına apar.. ətrafımızı mühafizə sədləri ilə əhatə et.. bizi bəd niyyətli düşmənlərin şərindən hifz elə!

Sözün cövhəri

Münafiq bütün işlərini şəxsi mənafeyinə görə nizamlayar. Lazım gəlsə, mənafeyi üçün çəkinmədən hər cür təxribata əl ata, münkir və mülhidlərə dəstək ola və bir müfsid, bir anarxist kimi hərəkət etməyi eyib saymaya bilər. Onlar hər məsələyə nəfsanilik yönündən yanaşar, hər şeyi eqoizmə görə dəyərləndirər. Onların ölçüləri xarab, meyarları nataraz, kriteriyaları da yanlışdır; ağı qara görər, gözələ çirkin deyər, işığa söyər, nura müharibə elan edər və hər məsələdə asan yola - təxribata əl atmaqla güclü görünməyə çalışarlar.

Pin It
  • tarixində yaradılmışdır.
Copyright © 2024 Fəthullah Gülən Veb Saytı. Bütün hüquqları qorunur.
fgulen.com tanınmış türk alim və mütəfəkkiri Fəthullah Gülənin rəsmi saytıdır. Bu ünvan fgulen.com saytına məxsusdur.