Cənnətin qapılarını açan əməllər

Dünyada edilən ibadətlər, öhdəyə götürülən mükəlləfiyyətlər və çəkilən sıxıntılar o biri aləmdə çox fərqli mənalara bürünüb, fərqli mahiyyətdə sahibinin qarşısına çıxacaq.

Kiçik bir toxum böyük bir ağacın planını daşıdığı və torpağın bağrına əkiləndə böyüyüb həmin ağac şəklini aldığı kimi, bu dünyada edilən ibadətlər, dözümlə qarşılanan müsibətlər və qulluq istiqamətində ortaya qoyulan hərəkət və davranışlar da o biri tərəfdə böyüyüb boy atan və meyvə verən çəyirdək mahiyyətindədir. Burada söylənən hər bir təkbir, təhlil və təsbih torpağa düşmüş toxum kimi, axirətdə müxtəlif Cənnət nemətlərinə çevriləcək.

Hətta deyə bilərik ki, Cənnətdə növ-növ nemətlərin inkişafı (kamilləşməsi, mükəmmələşməsi) möminin dünyadakı əməlindən asılıdır. Buna binaən də Əhli Sünnəyə görə, hal-hazırda Cənnət bir nüvə şəklində mövcuddur. Cənnəti inkar etmək o müqəddəs Əhli Sünnə vəl-Camaat halqasından kənara çıxmaq deməkdir. Ancaq Cənnətin çəyirdəyin ağaca çevrilməsi kimi inkişaf edib kamilləşməsi və tamamlanması möminlərin əməlindən asılıdır. Əməllər davam etdikcə onun inkişafı da davam edəcək. Beləliklə, hər mömin həyatı boyu öz Cənnətini inşa etməyə, mükəmməlləşdirməyə və tamamlamağa çalışır. O yaşadığı müddətdə namazı, orucu, həcci, zəkatı və sədaqəti ilə öz Cənnətinə yeni-yeni dərinliklər qazandırır, rənglər qatır, onun rövnəqliyini artırır və nəhayət həşr olub axirətə gedəndə də onu tam inkişaf etmiş şəkildə qarşısında görəcək. Məhz bu zaman insanın əməlləri də öz səmərəsini verir və mömin onlardan istifadə edir, məsələn dünyada bir "Əlhamdulilləh" deyən orada bir Cənnət meyvəsi yeyir.

Məhz buna görə də Cənnətin də mərtəbələri vardır, Firdövs, Ədn, Nəim, Darul-Huld, Məva, Darussalam və İlliyyun adlanan bu mərtəbələrin hər birində də dərəcələr var ki, möminlər yaxşı əməllərinə müqabil ora girəcək və ya yüksələcək. Nur Müəllifinin ifadəsi ilə desək, darı-səadət (səadət diyarı) və əbədiyyət olan Cənnətdə dost dostla birgə ikən Rahmənirrahimin süfrəsindən hərə kəs öz istedadına (dərəcəsinə) uyğun pay götürür. İnsanlar ayrı-ayrı Cənnət mərtəbələrinə girsələr də, bu, onların birlikdə olmasına mane olmayacaq. Üstəlik Cənnətin hər mərtəbəsinin də bir çox dərəcəsi var, ayələrdə "Nəim cənnətləri" və ya "Firdövs cənnətləri" kimi ifadələrin cəmdə işlənməsi də məhz bu fərqli dərəcələrə işarə edir. Hər bir insan öz mərifət üfüqünün ənginliyi və istedadının inkişafı səviyyəsində Cənnət nemətlərini hiss etsə və dadsa da, Cənnətin hansı mərtəbəsində olur-olsun, hər mömin öz halından razı olacaq, həmin dərəcəni zirvə kimi hesab edəcək və daim qəlbən xatircəm olacaq.

Burada əməl çəyirdəyi, orada Cənnət meyvəsi

Bəli, axirətdə hər nemət bir mənada, bir əməlin savabı və o savabın təməssülündən (cisim şəklinə düşməsindən) ibarətdir, oranın əbədi lütfləri əməl toxum və çəyirdəklərinin sünbülləri kimi zühur edəcək. O biri tərəfdə oruc və namaz kimi ibadətlər elə bir mahiyyətə bürünəcək ki, möminlər hər birinin bir nemət şəklində qarşılarına çıxdığını görəndə "Allahım, bu nə nəfis bir lütfdür, namazıma bənzəyir, amma namaz deyil, üstündə orucumun şəbnəmi var, amma oruc deyil!.." deyəcəklər. Onları müşahidə edəndə hansı nemətin hansı saleh əmələ aid olduğunu başa düşəcəklər, lakin onların çox dəyişmiş, gözəlləşmiş və bambaşqa bir ehsana çevrilmiş olduğunu görəcəklər. Dolayısilə, Cənnət nemətini hər dəfə dadanda: "Bu, dünyada və ya bir az əvvəl Cənnətdə lütf edilən şeylərdəndir!" deyəcək, həm nemətlərin bənzərliyini, həm də nemətlərin müxtəliflik və təzəliyini hiss edəcəklər. Belə ki, bu həqiqət Qurani-Kərimdə belə bəyan edilir: “İman gətirib saleh əməl işləyənlərə müjdə ver ki, onlardan ötrü (ağacları) altından çaylar axan Cənnətlər vardır. Hər dəfə onun meyvələrindən onlara ruzi verildikcə: “Bu ki, əvvəlcə (dünyada) bizə verilən ruzidir!”– deyəcəklər. Halbuki onlara (dünyadakının eynisi deyil) oxşarı veriləcəkdir”. (“Bəqərə” surəsi, 2/25)

Əməl toxumlarının sərmədi (daimi, əbədi) lütflərə çevrilməsi və növ-növ meyvələr verməsi elə Cənnətə giriş əsnasında özünü hiss etdirəcək, çünki hər əməlin özünə məxsus bir qapısı olacaq və həmin əməllə bütünləşən mömin həmin qapıdan dəvət ediləcək. Əslində, saleh əməllər səkkizdən çoxdur, ancaq ehtimal ki, Cənnətin səkkiz qapısının adı ən əsas əməllərdən götürülmüşdür. Bir mənada Salat, Cihad, Rəyyan, Sədəqə, Həcc, (insanları çox bağışlayanlar üçün) Əfv, (axirətə hesabı verilməmiş günahlar saxlamayan mübarəklər üçün) Eymən və Zikir-Elm adlı qapılar Cənnətin ilk giriş qapılarıdır. Allah bilir, qəbul salonundan sonra böyük-kiçik hər gözəl əməl və gözəl əxlaq sahibləri üçün ayrılmış başqa-başqa qapılar da vardır.

Xülasə

  • Dünyada edilən ibadətlər, öhdəyə götürülən mükəlləfiyyətlər və çəkilən sıxıntılar o biri aləmdə çox fərqli mənalara bürünüb, fərqli mahiyyətdə sahibinin qarşısına çıxacaq.
  • Əhli Sünnəyə görə, hal-hazırda Cənnət bir çəyirdək şəklində mövcuddur. Ancaq Cənnətin çəyirdəyin ağaca çevrilməsi kimi inkişaf edib kamilləşməsi və tamamlanması möminlərin əməlindən asılıdır.
  • Nemətlər Cənnətə giriş əsnasında özünü hiss etdirəcək, çünki hər əməlin özünə məxsus bir qapısı olacaq və həmin əməllə bütünləşən mömin həmin qapıdan dəvət ediləcək.

Zillət yurdunun yeddi girişi

Möminlər əməllərinə, xüsusiyyətlərinə, xarakterlərinə və iradələrini layiqincə ortaya qoymalarına görə növ-növ İlahi nemətləri duya-duya və doya-doya fərqli-fərqli qapılardan Cənnətə girəcəkləri kimi, günahkarlar da küfr, şirk, zəlalət, inkar, inad, zülm və təmərrüdlərinin dərəcəsinə görə cürbəcür əzabları dada-dada və yana-yana fərqli çuxurlardan oda atılacaqlar.

Belə ki Qurani-Kərimdə məalən belə buyurulur: “(Cəhənnəmin) yeddi qapısı var. Hər qapıdan müəyyən bir dəstə girər” (“Hicr” surəsi, 15/44).

Cənnətin səkkiz, Cəhənnəmin isə yeddi qapısının olması Haqq Təalanın mərhəmətinin ənginliyinə və rəhmətinin qəzəbindən üstün olmasına da bir işarədir. Bir hədisi-şərifdə bildirilir ki, əslində bəzi Cənnətə girənlər üçün də Cəhənnəmdə bir yer var, amma Allah Təala əngin mərhəməti ilə onları oraya düşməkdən xilas edəcək. Bəli, Həzrəti Rəhmanu-Rəhim Cəhənnəmə layiq olub orada yeri olan bir zümrəyə mərhəməti ilə təcəlli edəcək və od çuxuruna açılan qapılarını bağlayaraq o böyük zümrəni də Cənnətinə qəbul edəcəkdir. Bir mənada, həmin zümrəyə aid olan Cəhənnəm qapısının əvəzinə Cənnətdə onlar üçün yeni bir qapı açılacaq və İlahi mərhəmətin təcəllisi kimi Səadət Yurdunda səkkiz, Zillət Diyarında da yeddi giriş qapısı mövcud olacaqdır.

Cəhənnəmin dərəkələri

İslam alimləri ayə və hədislərdə keçən ifadələrə əsaslanaraq azğınlığın növlərinə və dərəcələrinə görə, axirət əzabının da dərəkələri (aşağı dərəcələri) olduğunu bildirmiş və bunların Cəhənnəm, Laza, Sair, Sakar, Haviyə, Xutamə və Cahim adlanan yeddi başlıca qrupdan ibarət olduğunu demişlər.

Demək ki, əzabın da dərəcələri və növləri var, alovlusundan qor şəklində olanına, xalisindən qıpqırmızısına, bir uçurum formasında olanından alov topası olub qəlbləri yaxanına qədər müxtəlif Cəhənnəm növündən bəhs etmək mümkündür. Beləliklə, o biri aləmdəki əzabı təkcə çırthaçırt yanmaq və ərimək kimi başa düşməmək lazımdır; orada hicranın bənzərsiz bir əzabı, həsrətin fərqli bir iztirabı, firqətin tamam ayrı bir kədəri, imansızlığın tamam fərqli ələmi və əməlsizliyin başqa cür acısı olacaq. İslama hücum etmə, müsəlmanlara əziyyət vermə, onları daim təhdid və təhqir etmə kimi əməllər axirətdə sonsuz peşmançılığa və kədərə çevriləcək. Cəhənnəmliklər nədamət, hicran və əzabla qovrulacaq; onlar da hansı çirkin əməllərin hansı əzablara çevrildiyini məhz orada anlayacaqlar. Anlayacaq və "Filan möminə belə böhtan atmışdıq, filankəsə qəzet və televiziya vasitəsilə belə hücum etmişdik, dinin bu əmrini bu şəkildə təhrif və təkzib etmişdik! Heyhat, indi bunların hamısı bir iztirab mənbəyi kimi tökülüb önümüzə! Vay bizim halımıza!.." deyəcəklər.

Həftənin duası

Günahlarla kirlənmiş insanları dərhal cəzalandırmayan, həddini bilməzlərin ayıblarını görməzlikdən gələrək onlara mənəvi kirlərdən təmizlənmə fürsəti verən Mərhəmətlilər Mərhəmətlisi Rəbbimiz! İçimizdə şeytanın və daim pisliyi əmr edən nəfsin istəklərinə qarşı bir ürpərti oyat.. bizi hökmünə xoşnud olan, leysantək yağdırdığın lütfünə şükrlə coşan, Zatını və isimlərini yad etməkdən həzz alan və Sənə qovuşma arzusu ilə alışıb-yanan qullarından eylə!

Sözün cövhəri

İslam insan hüquqlarına böyük əhəmiyyət vermiş və onu təminat altına almışdır. Müsəlman din və millətindən asılı olmayaraq hər bir fərdin şəxsi haqlarına hörmət etməli və kiminsə haqqını tapdalamamağa xüsusi diqqət yetirməlidir. Çünki hər kəsin hesab təlaşı ilə tir-tir əsdiyi qiyamət günü sorğu-sualsız cənnətə girən şəhidlərin belə hesaba çəkildiyi yeganə məsələ qul haqqıdır. Bir insan başqasının haqqına giribsə, mütləq ondan halallıq istəməli və əvəzini ödəməlidir.

Pin It
  • tarixində yaradılmışdır.
Copyright © 2024 Fəthullah Gülən Veb Saytı. Bütün hüquqları qorunur.
fgulen.com tanınmış türk alim və mütəfəkkiri Fəthullah Gülənin rəsmi saytıdır. Bu ünvan fgulen.com saytına məxsusdur.