İnanırsansa, biganə qala bilməzsən!

Rəsuli-Əkrəm Peyğəmbərimizin (sallallahu əleyhi və səlləm) bütün ömrü insanlığın düçar olduğu maddi-mənəvi səfalət və zəlalətin iztirabını çəkməklə keçdi.

O hələ peyğəmbərliklə sərəfraz olmadan əvvəl müəyyən vaxtlarda inzivaya çəkilir, Hirada qonaq qaldığı gecələrdə insanlığın dərdlərini düşünürdü.

Peyğəmbərlik vəzifəsi verildikdən sonra isə bütün bu məsuliyyətlərin hər biri Onun qəlbində iztiraba çevrilmiş və ruhunda dəli fəğantək özünü büruzə verməyə başlamışdı. Çünki O, imanın dadını hiss etmiş, inancın hüzur dolu ab-havasını ruhi-mənəvi ənginliyi ilə duymuş və axirətin vəd etdiklərini haqqəl-yəqin dərk etmişdi. Dolayısilə, artıq O istiqamətini itirən insanlara rəhbərlik etmək, zülmətə düşənlərə işıq olmaq və əbədi səadət qapısını onlara da göstərmək üçün daim çırpınırdı.

Məsələyə Peyğəmbərimizin mərifət üfüqü və həssasiyyəti nöqteyi-nəzərindən baxanda, Onun çəkdiyi iztirabı daha yaxşı görmək olar. O, Meracda Cənnət nemətlərinə qovuşmağın necə bəxtəvərlik, Cəhənnəmə yuvarlanmanın isə necə böyük bədbəxtlik olduğunu görmüş, insanları əbədi xüsrandan, fəlakətdən xilas edərək sonsuz səadətə çatdırmaq üçün dünyaya qayıtmışdı. O, insanlara onları gözləyən təhlükələrdən xəbər verir, onlara qurtuluşa gedən yolu göstərirdi, lakin insanların çoxu Onun çağırışlarına biganə yanaşır, öz (insani) mahiyyətindən bixəbər yaşayırdı.

Nəbilər Sultanı (əleyhissəlatu vəssələm) insanları bu halda gördükcə, özünə qəsd edərcəsinə iztirab içində qıvrılır, o həssas ruhu bəşəriyyətin dərdi ilə inləyirdi. Dərd və iztirab dözülməz həddə çatanda isə Haqq Təalanın həm tədil (orta yolu, doğrunu göstərən), həm də təqdir ifadələri imdadına yetişirdi. Allah (cəllə cəlaluhu) bir gün Ona "(Həbibim) Şübhəsiz ki, sən istədiyini doğru yola yönəldə bilməzsən. Amma Allah istədiyini doğru yola yönəldir" (“Qasas” surəsi, 28/56) buyuraraq inandırmağın şəni-rübubiyyətə aid olduğunu xatırladır, başqa gün "Onlar iman gətirmirlər deyə özünü həlakmı edəcəksən?" (“Şuəra” surəsi, 26/3) ayəsi ilə də xatırlatma məzmununda iltifat edirdi.

Ona inananlar sənə gözaydınlığı olacaq

Haqq Təala Həbibi-Əkrəminə həm tədil və tənbeh, həm də təqdir və iltifat mahiyyətli xitabı ilə belə buyurur: "Biz Quranı sənə ona görə nazil etmədik ki, məşəqqət çəkəsən" (“Taha” surəsi, 20/2). Yəni Quranı sənə bəxtsiz, talesiz bir insan olasan deyə nazil etməmişik. Əmrlərimizə görə məlul, məhzun və mükəddər olmağını istəmirik. Bu Kitabı nazil etməklə Səni gücün çatmayan yükün və ağır bir məşəqqətin altında qoymağı da istəmirik.

Həmçinin Quranı Sənə insanlarla münasibətdə çətinliklə üşləşəsən və ona (Qurana) inanmırlar deyə üzüləsən deyə də göndərməmişik. "(Onu Allahdan) qorxanlar üçün ancaq nəsihət, xəbərdaredici kimi (nazil etmişik)" (“Ta ha” surəsi, 20/3). Sənin vəzifən təbliğ və təmsildir, insanları inandırmaq şəni-rübubiyyətə aiddir. Quranı qərəzli olmayan, ondan istifadə etməyə meyilli olan, potensila olaraq insanın qəlbində xəşyət, həyəcan hissi oyandıracaq şeyləri eşitdiyi zaman içi xəşyətlə dolub-daşan və mənəvi dəyərlərə hörmət hissini tamamən itirməmiş insanlara xəbərdarlıq edəsən deyə nazil etdik. Sən bu ilahi bəyanın işığında insanlara yol göstərəcəksən, onun rəhbərliyini qəbul edib onun yolu ilə gedənlər də səadətə qovuşacaqlar. Ancaq Onu qəbul etməyənlərə zorla qəbul etdirmək Sənin vəzifən deyil. Üzülmə, o nəsibsizlərə görə sən talehsiz və bəxtsiz olmayacaqsan. Çünki qəlbi xəşyətlə dolu nə qədər talehli insan Haqqın səsinə səs verəcək, Ona inananlar Sənə gözaydınlığı olacaq.

Üstəlik bu ayədə bir müjdə də verilir. Bu Quranı nazil edən Allah onunla vəd etdiyi şeyləri də şübhəsiz həyata keçirəcəyini bəyan edir. Mahiyyət etibarilə bu ayəni yalnız Peyğəmbərimizin həyəcanını tədil etmək və Ona xəbərdarlıq etmək üçün nazil olmuş ilahi bəyan kimi götürmək nöqsan, hətta yanlış olar. Bəli, burada tədil və xəbərdarlıqla yanaşı, ciddi təqdir və iltifat da var. Haqq Təala, sanki, Rəsuli-Əkrəmə "Həbibim, insanlar bu ilahi bəyanı dinləyib ona könül vermir və inanıb rəhbərliyində əbədi səadətə can atmırlar deyə o qədər üzülür, o qədər kədərlənirsən ki, az qala şam kimi əriyəcəksən. Sənin bu uca və zəriflərdən zərif ruhun gələcəkdə elə bir qaynağa çevriləcək ki, könlündə azca xəşyət hissi olan hər kəs qəlb badəsini doldurmaq üçün ona can atacaq. Elə isə, Sən təbliğ vəzifəni yerinə yetir, təqdiri Allaha burax, özünə bu qədər əziyyət vermə!" deyir. Bu həm ülvi bir iltifat, həm sonrakı nəsillərə iztirab insanına xas ruh ənginliyi nümunəsi, hədəfi, həm də Quran həqiqətlərinin huşyar könüllərdə taxt quracağı haqda bir müjdədir.

Digər tərəfdən, bu ayə bizə də nəfsani istəklərdən, şəxsi mənafelərdən və gələcək əndişəsindən tamamən uzaqlaşaraq daim Rəbbin hüzurunda olma hissi ilə hərəkət etməyi əmr buyurur. Həmçinin xəşyət hissi ilə dolu olaraq daim ilahi bəyana açıq yaşamağı və hər kəsə sonsuzluq iksiri içirməyi yeganə qayə bilməyi eyham edir.

Bəli, əgər Allah Təala haqq və həqiqətin nə demək olduğunu azca sənin ruhuna da hiss etdiribsə, sən artıq yoldan keçən adi bir insan kimi hərəkət edə bilməzsən. Çünki hər bir insan müəyyən səviyyədə mərifət əldə edir. Sən hansı səviyyənin insanısansa, mütləq ona layiq olmalısan, ondan aşağı düşə bilməzsən. Əgər imanının gücü səni hər an Allahı görür kimi təmkinli hərəkət eməyə məcbur edirsə və ya heç olmasa hər an Onun nəzarətində olduğunu dərk edərək hərəkət edirsənsə, o üfüqə çatıb harəm dairəsinə girdikdən sonra daha qapının ağzındakı insan kimi yaşaya bilməzsən. Sən artıq ağlından keçən xəyalları belə hesaba çəkməlisən.

Xülasə

  • Peyğəmbərimiz (s.ə.s.) Meracda Cənnət nemətlərinə qovuşmağın necə bəxtəvərlik, Cəhənnəmə yuvarlanmanın isə necə böyük bədbəxtlik olduğunu görmüş, insanları əbədi xüsrandan, fəlakətdən xilas edərək sonsuz səadətə çatdırmaq üçün dünyaya qayıtmışdı.
  • Nəbilər Sultanı (əleyhissəlatu vəssələm) insanların bu halını gördükcə, özünə qəsd edərcəsinə iztirab içində qıvrılır və o həssas ruhu bəşəriyyətin dərdi ilə inləyirdi.
  • Allah Təala haqq və həqiqətin nə demək olduğunu ruhumuza azacıq hiss etdiribsə, biz artıq yoldan keçən adi bir insan kimi hərəkət edə bilmərik. Səviyyəmizə layiq olmalıyıq.

Peyğəmbərlər yoluna iztirab gərək

Axirətə inanan insan öz istək və ehtiyaclarına baxmadan, insanların xoşbəxtliyini planlaşdıran, mənsub olduğu cəmiyyət üçün naxış-naxış hüzur və xoşbəxtlik lahiyələri hörən, insanlığın dərdləri ilə alışıb yanan, onların dərdindən özünü unudan insandır.

O, başqalarının səadətini o qədər düşünən insandır ki, dünyanı öz nəfsinə zindan edib şam kimi əriyir. Artıq fikir çəkməmək onun əlində deyil, o, yaşatmaq üçün yaşayan bir fədakardır. O, Bədiüzzamantək "Gözümdə nə Cənnət sevdası, nə də Cəhənnəm qorxusu var, millətimin imanını salamat görsəm, Cəhənnəm odunda yanmağa razıyam" deyərkən qəlbinin səsinə tərcüman olur.. ya da əllərini açıb Həzrəti Əbu Bəkir kimi, "Bədənimi o qədər böyüt ki, Cəhənnəmi doldursun, başqalarına yer qalmasın!" harayı ilə eyni ruhu səsləndirir. Bu gün belə şəxsən "Allahım, bircə insanın hidayəti üçün hər gün əlli dəfə ölməyə razıyam!" deyən “qarasevdalılar” tanıyıram. İndi bu Quran tələbələsinin sözünü, Bədiüzzamanın səmimi fəryadını və Siddiqi-Əkbərin yalvarışını yüzə, minə, hətta bir milyona vurun, sonra da Peyəmbərimizin iztirabını anlamağa çalışın.

Ancaq insanlığın qurtuluşu üçün belə bir iztirabı hər kəsdən gözləmək doğru deyil. Kimi sadəcə "Lə iləhə illəllah Muhammədur-Rəsulullah" iqrarının adamıdır. O, özünə əbədi səadəti qazanmaqla məşğuldur. Belə bir insan haqqında da sui-zənn etmək və onu zəlalətdə görmək böyük bir xətadır. İnşaallah, o da qurtular. Lakin kimisinin də gecə-gündüzü haqq və həqiqəti hər kəsə çatdırma plan və layihələri ilə keçir. Yatağa uzananda belə, "Neyləyim ki, Allahın adını bütün dünyaya çatdırım.." fikri, iztirabı ilə qıvrılır. Məhz bu insanlara Haqq Təalanın xüsusi təvəccöhü lütf olunacaq və Allah onları Peyğəmbərlərlə birlikdə həşr edəcəkdir.

Ötən söhbətlərdə də deyildiyi kimi, Əsvəd b. Yezid ən-Nəhai vəfat edəndən sonra bir dostu onu yuxusunda görür: "Orada səninlə necə rəftar etdilər, səni necə qarşıladılar?" deyə soruşur. Həzrəti Əsvəd: "Vallah, elə davrandılar ki, sanki peyğəmbərliklə aramda dörd barmaqlıq məsafə vardı" cavabını verir. Bəli, peyğəmbərlik yolu olan irşad və təbliğin fədakar yolçuları axirətdə Peyğəmbərlərdən sonra gələcəklər. Dolayısilə, Şahı-Geylani, İmam Rəbbani, Məhəmməd Bahauddin Nəqşibənd və ya İmam Qəzzali kimi böyüklər də eyni sözü desəydi, yalan olmazdı.

Həftənin duası

Ey Rəbbimiz! Dünya, axirət və bu iki diyarın keçidi olan qəbir aləmi haqda əndişələrimizə dərman ol.. dualarımıza cavab ver.. ümidlərimizi puça çıxarma..

Ya Rəbb! Yenə qapına gəldik. Qəlbimizi Sənə açırıq, rizana talib arzu və ümidlərimizi qəbul et. Nə olar, saleh qulların niyazı kimi, bizim dualarımızı da qəbul et!.

Sözün cövhəri

Əsas olan qəlbin dərinliyi, vicdanın genişliyi və himmətin ucalığına məzhər ola-ola dayaz görünmək, adi bir mömin kimi hərəkət etmək, ancaq görünəndən daha dərin olmaqdır..

Allaha etimad edib böyük şeylərə talib olmaq və böyük şeylərin arxasınca düşmək, ancaq özünü kiçik görmək, kiçik göstərmək və adi bir insan olmaq, hətta onların ən kiçiyi olduğuna inanmaqdır... Görünmə və tanınma hissinə qəlbdə yer olmamalıdır, bu hərəkət, davranış və görünüşü qəlbdən üstün tutmaq deməkdir.

Pin It
  • tarixində yaradılmışdır.
Copyright © 2024 Fəthullah Gülən Veb Saytı. Bütün hüquqları qorunur.
fgulen.com tanınmış türk alim və mütəfəkkiri Fəthullah Gülənin rəsmi saytıdır. Bu ünvan fgulen.com saytına məxsusdur.